Ölkəmizin qanunvericilik bazası müasir dövrün tələbləri çərçivəsində yaradıcılıqla təkmilləşdirilir

 

Hər bir ölkənin gələcəyini, inkişafını təyin edən əsas amillərdən biri, daha doğrusu birincisi onun qanunvericilik bazasının müasir tələblər çərçivəsində dövri olaraq təkmilləşdirilməsidir. Bu mənada demokratik cəmiyyətin atributu olan vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən Konstitusiyanın mövcudluğu müstəqil dövlətlərin tarixi nailiyyəti kimi qiymətləndirilir.

Qürurla deyə bilərik ki, müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu müasir dövrün tələblərinə tam cavab verməklə yanaşı, onlarca dövlətə nümunə təşkil edəcək səviyyədədir. Təsadüfi deyil ki, dünyanın aparıcı politoloqları da son illərdə dövlətimizin əldə etdiyi qlobal nailiyyətlərin, sosial-iqtisadi və ictimai-siyasi uğurların təməlində məhz ölkəmizin yüksək səviyyəli Konistitusiyasının dayandığını açıq şəkildə ifadə edirlər. Onlar bir fakta da diqqət çəkərək qeyd edirlər ki, 9 milyonluq bir ölkəyə 15 ildə 95 milyard dollarlıq sərmayə yatırılıbsa və bunun 50 faizini xarici investorlar gətiriblərsə, deməli, bu ölkənin çox uğurlu daxili və xarici siyasəti mövcud olmaqla yanaşı qanunvericilik bazası da müasir tələblərə cavab verir.

Müstəqil Azərbaycan Respublikasının bu səviyyəyə yüksəlməsi türk dünyasının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ölkəmizdəki ictimai-siyasi sabitliyin təmin olunması, dövlət müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi, xarici siyasətin milli maraqlara uyğunlaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması ulu öndərin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qeyd olunan məsələlərin reallaşması üçün əsas hüquqi baza rolunu oynadı. Bu sənəd 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktından sonra müstəqil dövlətimizin ikinci ən böyük tarixi nailiyyəti hesab edilir. Təsadüfi deyil ki, hələ 1996-cı ilin fevral ayında Azərbaycanda rəsmi səfərdə olan avropalı parlamentarilər etiraf etmişdilər ki, "qoca qitə"dəki ölkələrin heç birinin konstitusiyasında Azərbaycan Konstitusiyasında olduğu qədər humanist prinsiplər yoxdur. Əsas insan hüquq və azadlıqlarının qorunmasına aid bütöv bir fəslin (50-dək maddə) yer tutduğu bu mükəmməl sənədi oxuyan avropalılar səmimiyyətlə etiraf edirdilər ki, bu ölkə cəmiyyət həyatının bütün sahələrində həqiqi bir inkişaf yoluna çıxacaqdır. Çünki bu ölkəyeni qəbul edilmiş Azərbaycan Konstitusiyasının müəllifi olan bir insan rəhbərlik ediro sənəddə sivil, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu kursunun icrası üçün zəruri olan bütün müddəalar vardır. "Əgər bu Konstitusiya bu şəkildə icra edilərsə, Azərbaycan tezliklə beynəlxalq ictimaiyyətin ən nüfuzlu subyektlərindən birinə çevriləcəkdir". Avropalılar tamamilə haqlı idilər. Heydər Əliyev Konstitusiyası Azərbaycanı çox qısa bir müddətdə beynəlxalq aləmin ən layiqli üzvlərindən birinə çevirdi.

Ölkəmizdə dövlət quruculuğu prosesinin uğurla başa çatdırılmasında Konstitusiyanın nə qədər böyük rol oynadığını izah etməyə ehtiyac yoxdur. Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması, dövlətçiliyin milli-ideoloji düşüncə tərzinə çevrilməsi prosesi ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının prinsipial müddəaları əsasında həyata keçirilmişdir. Əsas Qanun müasir dünyada geniş yayılmış hakimiyyət bölgüsü, Konstitusiya nəzarəti, siyasi plüralizm, insan hüquqlarının qorunması prinsiplərinə əsaslanır. Əsas Qanun yüksək və birbaşa hüquqi qüvvəyə malik olmaqla ölkəmizdə qanunların aliliyinə hörmətlə yanaşma prinsipini müəyyənləşdirmişdir. Ötən müddət ərzində Konstitusiya cəmiyyət üçün müstəsna əhəmiyyətini göstərməklə yanaşı, ictimai münasibətlərin, sosial-iqtisadi tərəqqinin, cəmiyyətdə siyasi mədəniyyətin, demokratik təfəkkürün güclənməsi, ən əsası vətəndaşların həyat tərzində əsaslı dəyişikliklərin baş verməsi keyfiyyətcə yeni mərhələdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə yaranmış sosial ehtiyacı da qabarıq şəkildə üzə çıxarır.

Azərbaycan Konstitusiyasında Avropa demokratiyasını və türk-müsəlman ədalətini özündə əks etdirən prinsiplər cəmləşdirilmişdir. Eyni zamanda "Biz Şərqdən bəhrələnərək, Qərbdən öyrənərək, öz milli-mənəvi dəyərlərimizə əsaslanaraq inkişaf edəcəyik" - deyən Heydər Əliyev ilk Azərbaycan Konstitusiyasının daha çox milli-mənəvi dəyərlərimiz əsasında qurulmasını təmin etmişdir. Bu mənada, ulu öndər Azərbaycan Konstitusiyasının dünyanın heç bir analoji sənədinə bənzəmədiyini vurğulamışdır: "Mənim fikrimcə, bu layihə demokratik prinsipləri əks etdirən sənəddir. Biz demokratiya, dövlətçilik istiqamətində müstəqil dövlət qurmaq sahəsində böyük yol keçmiş ölkələrin konstitusiya yaratmaq, konstitusiya inkişafı təcrübəsindən istifadə etməyə çalışmışıq. Bir çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin konstitusiyalarını çox diqqətlə öyrənmişik. Təbii ki, həm də tarixi, milli adət və ənənələri əsas tutaraq, millitarixi keçmişimizə dərin hörmətimizi ifadə edərək, öz konstitusiyamızın layihəsini hazırlamışıq. Bu, bizim - müstəqil Azərbaycanın Konstitusiyasıdır və belə hesab edirəm ki, dünya təcrübəsində olan bir çox şeyləri əks etdirsə də, heç bir başqa konstitusiyaya bənzəmir. Bu, bizim konstitusiyamız, Azərbaycan Konstitusiyasıdır və mən bunu çox mühüm, tarixi nailiyyət hesab edirəm. Bu konstitusiyanın yaradılmasına öz töhfəmi verməyə imkanım olduğuna görə sevinirözümü xoşbəxt sanıram". Ölkəmizdə dünya səviyyəli Konstitusiyanın qəbul edilməsi nəticəsində Azərbaycanın geridə qalan illərdə Ermənistanın işğalçı dövlət olduğunu beynəlxalq səviyyədə təsdiqlənməsinə nail oldu. Halbuki, ilk milli Konstitusiyamızın qəbul edilməsinədək beynəlxalq aləmdə nəinki Ermənistanın işğalçı dövlət olduğunu dilinə gətirən yox idi, hətta bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı ittiham edənlər də var idi. Məhz bu məqama diqqət çəkən ulu öndər Heydər Əliyev demişdir: "Bu Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verən bir sənəddir. Azərbaycan ərazisinin bölünməzliyini dünyada bir daha təsdiq edən, Azərbaycanda hakimiyyətin hansı bir qrup tərəfindən olursa-olsun, mənimsənilməsinin qarşısını alan bir sənəddir. Ona görə də bu bizim Qarabağ məsələsini, Ermənistanla Azərbaycan arasında olan münaqişə məsələsini də həll etməyə kömək edəcəkdir".

Ölkəmiz dərin iqtisadi böhrandan çıxmaqla, yeni əsrin ilk illərindən başlayaraq mərhələ-mərhələ yeni iqtisadi uğurlara imza atmaqla böyük tarix yazmış oldu. Bir neçə il ardıcıl olaraq adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı göstəricilərinə görə bütün dünyada lider ölkə kimi qəbul olunduq. Halbuki, dövlət sərhədlərimizin o biri tərəfində - Ermənistanda sosial-iqtisadi böhran nəinki aradan qalxmır, üstəlik gündən-günə dərinləşir. Azərbaycan 1996-cı ildən etibarən, xüsusən, 2003-cü ilin oktyabrından sonra cəmiyyət həyatının bütün sahələrini elmi şəkildə işlənilib hazırlanmış Dövlət proqramlarının icrası nəticəsində inkişaf etdirir, region, hətta Avropa ölkələri üçün əlçatmaz uğurlara imza atır. Ermənistan isə 1996-cı ildən indiyədək - 16 ildir ki, "Metsamor" atom elektrik stansiyasının təmiri üzrə dövlət proqramını reallaşdıra bilmir. Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadiyyatının 80 faizini formalaşdıra bilib, Ermənistan isə SSRİ dövründən qalan iqtisadi imkanların təxminən 85 faizini ya satıb, ya borc əvəzinə ödəyib, ya da qarətçi dövlət məmurları tərəfindən talan edilib. Bu gün regionun aparıcı dövləti olan Azərbaycan bütün dünyada söz sahibinə çevrilib. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Rəsmi Bakının iştirakı olmadan bölgədə heç bir layihə reallaşdırılmır. Ermənistan isə bütün sosial-iqtisadi layihələrdən təcrid olunmuş vəziyyətdədir. Azərbaycanın tərəqqi və inkişafının təməlində Heydər Əliyev dövlətçilik prinsipləri və Prezident İlham Əliyevin prinsipiallığı, ədalətli idarəçilik normaları dayanır. Ermənistanın bütün bədbəxtliklərinin təməlində isə dövlət başçılarının prinsipsizliyi və ədalət hissindən məhrum olmaları dayanır.

Təkrar qeyd edirik ki, ölkəmizin bütün bu uğurları ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində ərsəyə gəlmiş ilk milli Konstitusiyamızın mükəmməlliyinin, müasirliyinin və möhtəşəmliyinin nəticəsidir. Bütün bunların belə olacağını sanki, əvvəldən bilən ulu öndər ümidvar olduğunu bildirmişdi ki, 1995-ci ildə qəbul edilən Konstitusiya uzunömürlü olacaqbir çox illər, onilliklər boyu Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, iqtisadi-siyasi inkişafını müəyyən edəcəkdir. Və zaman ulu öndərin həmin ümidlərini doğrultdu. Müstəqil Azərbaycan bütün dünyada əsas insan hüquqlarının tam şəkildə qorunmasını təmin edən ölkə kimi, mətbuat üzərindən senzuranı götürən dövlət kimi yeni nüfuz qazandı və sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycan ölüm hökmünün ləğvinə nail olan ilk Şərq ölkəsi olaraq Əsas Qanunda insan hüquq və azadlıqlarına əbəs yerə böyük önəm vermədiyini sübut etdi. Bütün bu amillər Azərbaycanın Avropa ailəsinə inteqrasiyasını sürətləndirdi və yeni əsrin ilk ilində Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi, insan hüquqları ilə bağlı əsas beynəlxalq konvensiyalara qoşuldu, bu sahədə üzərinə mühüm öhdəliklər götürdü.

Respublikamızda aparılan hüquqi islahatlarda insan hüquqları həmişə öncül sıralarda olub. Müstəqillik dövründə ilk Konstitusiyamızın qəbul edilməsindən keçən illər ərzində cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli demokratik islahatlar aprılmış, o cümlədən ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, insan haqlarının daha etibarlı qorunması üçün yeni üçpilləli məhkəmə hakimiyyəti yaradılmış, hüquq-mühafizə sisteminin fəaliyyətinin demokratik dəyərlərlə uzlaşdırılması üçün göstərildiyi kimi, beynəlxalq standartlara uyğun qanunlar və məcəllələr qəbul edilmişdir. İctimai-siyasi həyatda baş vermiş bütün bu yeniliklər milli qanunvericiliyimizin konstitusion prinsipləri ilə bilavasitə bağlı olduğu üçün ölkəmizin Konstitusiyasına da müvafiq dəyişikliklər edilməsi mühümlabüd olmuşdur. Buna görə də referendum yolu ilə 2002-ci il avqustun 24-də müəyyən dəyişikliklər edilmiş Konistitusiyamız, sözün həqiqi mənasında, beynəlxalq standartlara cavab verən normativ-hüquqi bir sənəd oldu. Həmin referendumla Konstitusiyaya insan hüquq və azadlıqlarının daha səmərəli təminatına xidmət edən, obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

2009-cu ilin martın 18-də baş tutan Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi ölkədə həyata keçirilən islahatların mahiyyətindən irəli gəlirdi. Respublikamızda gerçəkləşdirilən iqtisadi-siyasi islahatlar müasir dövrün tələbləri səviyyəsində yeni reallığın ortaya çıxmasını və nəticədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edirdi. Referendum nəticəsində 29 maddədə 41 əlavə və dəyişikliyin aparılması, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarına əlavə təminat yaratdı. Konstitusiyadakı əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosial yönümlü siyasətin daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət edirdi. Məsələn, Konstitusiyanın 12-ci maddəsində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir" göstərilmişdir. Referendum nəticəsində bu maddəyə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" formasında mühüm dəyişiklik edilmişdir. Bununla Azərbaycan dövləti hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsini mühüm öhdəlik kimi üzərinə götürərək həyata keçirdiyi sosial yönümlü islahatların konstision təminatını gücləndirir. Konstitusiyanın 15-ci maddəsinin 2-ci hissəsinə edilən dəyişikliyə görə dövlət sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. Referendum aktı lahiyəsində Konstitusiyanın 25-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, "Dövlət irqindən, milliyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Bu, hər kəsin insan hüquq və azadlıqlarının bərabərliyinə təminat verən ümumi norma şəklində verilmişdir. Bunun kimi onlarca misal göstərmək olar.

Bütün bunlar Azərbaycan Konstitusiyasının həqiqətən də yüksək ali keyfiyyətlərə malik olduğunu göstərir. Bütün bunlar həm də onu göstərir ki, müasir dünyanın ən nüfuzlu siyasətçilərindən olan Prezident İlham Əliyev öz dövlətçilik və idarəçilik təcrübəsində Heydər Əliyev siyasi kursunun bütün istiqamətləri kimi hüquq islahatlarını və xüsusən, Konstitusiya hüququ məsələsində əldə edilmiş bütün uğurları yaradıcılıqla davam etdirir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 26 avqust.- S. 1.