N.NƏRİMANOV: "Heç kim güllələnməsin..." (əvvəli qəzetin 23 avqust 2012-ci il tarixli sayında)

 

(əvvəli qəzetin 23 avqust 2012-ci il tarixli sayında)

 

XI ordunun xüsusi şöbəsinin böyük hərbi müstəntiqi A.Qubin".

 

Ürəkağrısı ilə köksünü ötürən Nərimanov dedi:

- Altı bəndin hamısının iftira olduğu məlumdur. Mən bunlar barədə daxili işlər naziri Həmid Sultanov və Hərbi-Dəniz Komissarı Çingiz İldırımla məsləhətləşdim. Sizin əməkdaşınız A.Qubinin yazdıqlarının yalan olduğunu onlar da təsdiq etdilər. Digər bir sənəddə oxuyuruq ki, Gəncə üsyanı vaxtı general Şıxlinski Bakıda olub. Bunu keçmiş birinci Gəncə süvari diviziyasının qərargah rəisi polkovnik Vasili Sokolovdan aldığınız dindirilmə protokolunda açıq-aydın yazmısınız.

Canüzücü, yalan və iftiralarla dolu protokolları oxuyub qurtardıqdan sonra Nəriman Nərimanov xüsusi şöbə rəisi Semyon Pankratovu vəzifəsindən azad etdi. Şübhəsiz ki, bu qədər cinayətdən sonra onun özü güllələnməyə məhkum olundu. Bu barədə 1920-ci il mayın 30-da menşevik Gürcüstanında dərc olunan "Qruziə" qəzeti daha dəqiq məlumat verir. Qəzet yazır: "Fövqəladə komissiya qırğına ehtiyatla başlamışdır, lakin sonradan sərt şəkildə fəaliyyət göstərərək ucdantutma həbslər etdi. Komissiya xüsusilə matros Pankratovun rəhbərliyi altında "daha müvəffəqiyyətlə" işləmişdir. Lakin Nərimanovun Bakıya gəlişindən sonra Semyon Pankratov aradan götürüldü".

Azərbaycana "azadlıq" gətirən XI ordu 79 nəfər hərbçimizi 1920-ci il iyunun 6-da həbs edib, Nargin adasında məhz matros Semyon Pankratovun sərəncamı ilə güllələmişdir. Onların arasında Gəncə general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər polis idarəsinin rəisi Quda Qudiyev, milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və başqa Azərbaycan ziyalıları vardı.

 

* * *

 

Nərimanov nə qədər yorğun olsa da, indi başından bir fikri qova bilmirdi. Bu qırğınlardan sonra qalan iki generalımızı necə qorumalı?..

Köməkçisi Nurməmmədi çağırıb bir fincan çay istədi.

- Başım bərk ağrıyır, - dedi və sonra generalların harada olmasını soruşdu. Şahsuvarov cavab verdi ki, onların üst-başı pis gündə idi. Neçə günlük türmə həyatından çox sınıxıblar. Belə görkəmdə özləri də sizin qəbulunuza gəlmək istəmədilər. Bilirdim ki, Pankratovla söhbətiniz uzun çəkəcək. Evlərinə göndərdim. Amma, yoldaş Nərimanov, etibarlı bir nəfər mənə zəng edib xəbər verdi ki, generalları izləyirlər. Deyəsən başlarında yenə qovğa var.

- Mənim adımdan daxili işlər komissarı Həmid Sultanova zəng elə, hər ikisinin Nikolayev küçəsindəki mənzilinə gözətçi qoysun. Özün də get onlara baş çək, həm də xəbər ver ki, səhər saat 10-da onları gözləyəcəm.

Həmid Sultanov, Muxtar Hacıyev, Çingiz İldırım və bəzi yaxın adamlar, Nərimanovun Azərbaycana gəlməsinə sevinən digər yaxın adamlar ona bildirmişdilər ki, gələn Qırmızı ordunun sıralarında çoxlu saydı daşnak əsgəri və zabiti var. Onlar da havadarları Levon Mirzoyana, Anastas Mikoyana, Sərkis Danilyana, Serqo Orconikidzeyə arxalanıb minbir fəndlə, yerli-yersiz burjuy, müsavatçı damğası ilə Azərbaycanın oğul və qızlarını həbs edir və güllələyirlər. Xüsusilə, Gəncə üsyanından sonra azərbaycanlılara düşmən gözü ilə baxırlar.

1920-ci il aprelin 27-də yeni gələn bolşevik hökuməti Çingiz İldırımı Hərbiyyə və Bəhriyyə komissarı vəzifəsinə təyin etdi. Aprelin 30-da 8 saylı əmrlə o, özünə müavin general Əliağa Şıxlinskini götürdü. Çingiz İldırımın sənəti inşaat mühəndisi olduğuna görə hərb işini o qədər də yaxşı bilmirdi. Sonralar Ə.Şıxlinski xatirələrində yazırdı: "Komissar mənim yanıma gəlib, onun müavini vəzifəsini qəbul etməyimi təklif etdi. Mən razı oldum. Onda o, gülümsəyərək mənim paqonlarımı göstərib dedi:

- Bunları çıxarmaq lazımdır.

Mən belə cavab verdim:

- Madam ki, sizinlə işləməyə razılıq verirəm, bu, o deməkdir ki, məndə hər şeydən əvvəl daxili bir dəyişiklik əmələ gəlir; bu isə əlbəttə, zahiri əlamətdən daha əhəmiyyətlidir. Ə.Şıxlinski "Xatirələrim", Bakı, 1984-cü il, səh. 191-də).

İki ay yeddi gün Hərbi-Dəniz komissarı vəzifəsində işləyən Çingiz İldırım gördü ki, bolşeviklər keçmiş milli ordunun əsgər və zabitlərini məhv edib dağıdırlar. Onda hərbi müşavirədə sərt şəkildə bolşevik rəhbərlərinə bildirdi ki, siz açıq-açığına bizim ordunu dağıdırsınız. Niyə və nəyə görə, səbəbi məlum deyil. Axı, aprelin 27-də biz kommunistlər Azərbaycan Parlamentinin fövqəladə iclasına qərar təqdim etmişdik. Səs çoxluğu ilə qəbul edilən 8 şərtin birinci bəndində: "Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycanın tam müstəqilliyi qorunub saxlanılacaqdır". 7-ci bəndində isə "Azərbaycan ordusu olduğu kimi qalacaq". Bu gün ordunu dağıdan, zabitlərimizi güllələyən yoldaşlar bu vədi, bu bəndləri niyə unudublar?

Sizin ordunu qırıb-çatmağınız Azərbaycan xalqının, Azərbaycan bolşeviklərinin arasında bərk narazılıq yaradır. Xalq bolşevik hökumətinə inamını itirir. Əgər belə davam edərsə, mən bu vəzifədən istefa verəcəm".

İyulun 4-də elə həmin müşavirədə Çingiz İldırımı etibarsız komissar kimi vəzifəsindən çıxartdılar. Əvəzində onların marağını sadiq qul kimi həyata keçirən Əliheydər Qarayevi iyulun 26-da Azərbaycan Hərbi-Dəniz komissarı təyin etdilər. Əliheydər Qarayevin təyinatından bir az sonra müavin Əliağa Şıxlinski də istefa verdi. Əliağa Şıxlinski bilirdi ki, Əliheydər Qarayevin Hərbi-Dəniz işlərindən zərrəcə başı çıxmır. Deyilən məsləhəti də eşitmək istəmir. Hətta, həmin vaxtlarda Azərbaycan ziyalıları Qarayevə qəddarlığına görə istehza ilə "səfeh malçişka" ayaması vurmuşdular.

Əliheydər Qarayevin təyinatından sonra Azərbaycanda qarətlər, sərxoş rus və erməni əsgərlərinin özbaşınalığı, sürgünlər, güllələnmələr daha da artdı.

1939-cu ildə kommunist rejimindən idarə etdiyi təyyarə ilə birgə qaçıb canını qurtaran təyyarəçi-zabit Məmməd Altunbəy Türkiyədə qələmə aldığı "Azadlığa uçan türk" kitabında Əliheydər Qarayevin qəddarlığı haqqında yazır:

"Gəncə basqınından sonra yeni gələn bolşeviklərin ən yaxşı adamı olmuş Əliheydər Qarayev öz millətinə ermənidən və rusdan daha çox zülm etmişdi. Ruslar bir sıra azərbaycanlının öldürülməsində, sürgün və həbs edilməsində məhz Əliheydər Qarayevin köməyindən istifadə etmişlər. Hətta, iş o yerə çatmışdı ki, Gəncədə bir-birinə qarğış edənlər "Əliheydər Qarayevin qəzəbinə gələsən" - deyərdilər. Əliheydər Qarayev çox zalım, qəddar bolşevik nökəri və amansız bir adam idi".

Nərimanov heç vaxt gözləmədiyi, ağlına belə gətirmədiyi vəziyyətə düşmüşdü. Neyləməli, indiki vəziyyətdə bu iki generalı necə qorumalı sualı ona rahatlıq vermirdi. Dərdini deməyə sirdaş, sadiq dost axtarırdı. Kiminləsə dərdləşmək, ürəyini boşaldıb məsləhət almaq istəyirdi. Uzun götür-qoydan sonra qəti qərara gəldi. Bu qarışıq vaxtda onları Bakıda qorumaq mümkün olmayacaq.

* * *

Səhəri gün tezdən onları qəbul edib xeyli söhbət elədi. Respublikada bu günkü vəziyyətin çətinliyindən danışdı. Haqsız həbs olunanlardan, özbaşınalığın baş alıb getməsindən, mərkəz Moskvanın onu bir xeyli gec göndərməsindən təəssüfləndiyini bildirdi. Ağsaqqal kimi hörmətlə birinci Səməd bəy Mehmandarova müraciət etdi:

- Səməd bəy, Gəncə hadisəsindən sonra hiss edirdim ki, qəzalarda vəziyyət o qədər də yaxşı deyil. Yerlərdən çoxlu şikayətlər gəlirdi. Şikayətlərin hamısı da Qırmızı ordunun yerli əhali ilə pis davranışı barədə idi. Məktublardan bir neçəsini yerində yoxlamaq üçün xüsusi komissiya ilə bölgələrə səfər etdim. Yevlaxda, Şəkidə, Zaqatala və başqa yerlərdə Qırmızı ordunun əsgər və zabitlərinin özbaşınalığını bəzi yüksək rütbəlilər adi hal kimi qəbul edir. Mən bunlara dözməyib onları tənbeh edir və cəzalandırırdım. Ordan birbaşa sizin ata-baba yurdumuz Şuşaya getdim. İnanın, orada vəziyyəti lap acınacaqlı gördüm. Ona görə də götürüb mərkəzə şikayət xarakterli belə bir teleqram vurdum:

"Respublikanın kəndlərinə səfərim zamanı mənə kütləvi şikayətlər daxil oldu və indi də bunlar davam edir. Kəndlilər şikayət edirlər ki, inqilab komitələri, ərzaq agentləri və XI ordu hissələrinin nümayəndələri tərəfindən onların sonuncu tikələri əllərindən alınır.

Mən hesab edirəm ki, bu inqilab komitələrinin öz işlərinə laqeyd və öz vəzifələrinə cinayətkarcasına yanaşması deməkdir. Bu irad XI ordu hissələrinə aiddir və qısa müddətdə bu biabırçılığa son qoyulmalıdır".

Moskvada Azərbaycanın səlahiyyətli müvəkkili Behbud bəy Şahtaxtinski bizim şikayət xarakterli daha bir məktubumuzu RSFR XKS sədri V.İ.Leninə çatdırıb. Orda da XI ordunun köməyi ilə Ermənistan sərhədindəki müsəlman əhalisinin tərksilah edilməsini, daşnak hücumlarının təhlükəsi qarşısında qoymasını yazmışıq. Yazmışıq ki, inqilab komitələrinə elə bir səlahiyyət veriblər ki, Azərbaycan hökuməti ilə qətiyyən hesablaşmır, ordu hissələrinin komandirləri müstəmləkəçilik siyasəti yeridirlər. Şuşada olanda "ordu klubu" deyilən bir binaya baş çəkdim. Əsl kef məclisinin şahidi olum. Qarabağ xanı Mehdiqulu xanın mülkünün böyük zalında xalı-xalçanın üstündə əyləşən sərxoş zabitlər erməni qadınları ilə musiqi dinləyir, rəqs edib, çalıb oynayırlar.

Nərimanov bolşeviklərin güllələdiyi 12 Azərbaycan generalının dadına çata bilməməsinə heyfslənib dedi ki, onların hər birini yaxşı tanıyırdı. Səməd bəy başını qaldırıb ilk dəfə onun üzünə baxdı. Kövrək, hüznlü səslə:

- Heç bilirsinizmi general Əbdülhəmid bəy Qaytabaşının neçə yaşı vardı, cəmi otuz dörd. Çox istedadlı cavan bir sərkərdəni Azərbaycan xalqı itirdi. Otuz doqquz yaşı tamam olmamış general Həbib bəy Səlimov isə heç evlənməmişdi. Hər dəfə ona ata ərkilə deyəndə ki, niyə evlənmirsən, ömür-gün keçir, oğul; bircə cavabı olardı: "Səməd bəy, qoy dünyamız düzəlsin, sonra...". Bu da düzələn dünyanın sonu, - deyib, göz yaşını ağ dəsmalına hopdurdu.

 

Nəriman Nərimanov:

- Əli ağa, - dedi, - sizi hansı günahınıza görə ittiham etdiklərindən xəbəriniz var? Matros Semyon Pankratov o qədər qara yaxıb ki, guya ağqvardiyaçı Denikini Azərbaycana çağıran siz olmusunuz. Həbs olunma sənədlərinizdə o qədər cəfəngiyat yazılmışdı ki...

Sədr sözünü bitirməmiş çılğın təbiətli Əliağa Şıxlinski soruşdu:

- Ay Nəriman, niyə bizə başağrısı verirlər. Siz Azərbaycana gələnə qədər bizi üç dəfə həbs ediblər. Qoy güllələsinlər canımız qurtarsın. Nə qədər bitli-sirkəli türmələrdə çürümək olar?

 

Nərimanov günahkar adamlar kimi:

- Əli ağa, - dedi, - görünür, sən özünü qiymətləndirə bilmirsən. Axı, səni hamı "rus artilleriyasının allahı" adlandırır. Biz onu da başa düşməliyik ki, bizim xalq üçün bir generalı yetişdirməyə əlli il vaxt lazımdır! Bəs onda niyə biz öz generallarımızı güllələməliyik?

Sonra Səməd bəyə müraciətlə:

- Özünüz, - dedi, - bu saat respublikadakı vəziyyəti bilirsiniz, hazırkı vəziyyətə ziyalılarımızın, əsgər və zabitlərimizin əleyhinə qəsd-qərəzlik var. Mən bunu sizdən gizlətmirəm. Ona görə belə qərara gəlmişəm ki, sizi bir illiyə, burda sabitlik olana kimi, Moskvaya, Lenin yoldaşın sərəncamına göndərim. Əgər razısınızsa... Hərçəndi, burada daha çox lazımsınız. Yenə deyirəm, vəziyyət belə tələb edir. Başqa çarəmiz yoxdu.

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov onların razılığını alandan sonra V.İ.Leninə yazdığı məktub və keşikçi dəstəsilə ayrıca vaqonda hər iki generalı Moskvaya göndərdi. Nərimanov məktubunda yazırdı:

 

"Əziz Vladimir İlyiç!

Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdır. Bu məktubu Sizə təqdim edən məşhur generallar - Mehmandarov və Şıxlinski də onların arasında idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, bu generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə kimi və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək, çünki onlar, hərbi mütəxəssis olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri - Şıxlinski Nikolay ordusunda "artilleriyanın allahı" sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər. Sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır.

Kommunist salamı ilə: N.Nərimanov, 01 avqust 1920-ci il".

Qayğıkeş Nəriman Nərimanov hər iki generala iyulun 31-də öz imzası ilə belə bir vəsiqə də vermişdir:

"Bu vəsiqənin təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan İnqilab Komitəsi tərəfindən gələcəkdə döyüş cəbhəsinə yola düşmək üçün Moskvaya - RSFSR inqilabı Hərbi Şurasının sərəncamına göndərilir.

Bütün hərbi və mülkü idarələr, ayrı-ayrı şəxslər yol boyu Əli ağa Şıxlinski yoldaşa mənzil başına maneəsiz çatmağa və ona qanuni kömək göstərməyə çağırılır.

Əli ağa Şıxlinski yoldaşa olan əşyalar və ərzaq məhsulları müsadirə və rekvizisiya oluna bilməz

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov İdarəsi işləri rəisi .............. imza".

Bu minvalla hər iki general Azərbaycanda olan daşnak-bolşevik təhlükəsindən xilas oldular. Onlar bir il iki ay Moskvada yaşayıb Ali Topçuluq məktəbində müəllim işlədilər.

1921-ci il noyabrın 18-də hər iki generalı Nəriman Nərimanov xahiş və minnətlə Bakıya qaytara bildi.

 

* * *

 

Bəli, istəyirsiniz adınız baqi qalsın, tək özünüz üçün, öz nəfsiniz üçün yaşamayınız, ümumi və müştərək məqsədə çalışınız.

Nəriman Nərimanov yalnız bu iki məşhur generallımızı bolşevik qətlindən xilas etməmişdir. Az müddət Azərbaycan Respublikası Xalq Komissarları Sovetinin sədri olanda general Firidun bəy Vəzirovu, general-qubernator Xosrov bəy Sultanovu, polkovnik Gəray bəy Vəkilovu və onlarla hərbçiləri, ziyalıları güllələnməkdən xilas etmişdir.

1920-ci il bolşevik-daşnak işğalından sonra Bakıda qalmağa ehtiyat edən Məmməd Əmin Rəsulzadə Lahıca getdi. Həmin il may ayının 16-da Moskvadan Bakıya gələn Nəriman Nərimanov M.Ə.Rəsulzadənin də bolşevik-daşnak təhlükəsindən xilas olması üçün təşəbbüs göstərmişdir. Məmməd Əmin Rəsulzadə lStalinlə ixtilal xatirələri" əsərində (səh. 23-də) bu qayğını etiraf etmişdir. O, yazır:

"Kommunist" qəzetinin 1920-ci il iyun ayı nüsxəsində Azərbaycan Sovet hökumətinin sədri doktor Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı: "Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət (qorunması) altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik".

Həmin kitabın 24-cü səhifəsində yenə Məmməd Əmin Rəsulzadə yazır: "...Başda doktor Nəriman olmaqla Sovet Azərbaycanın bütün nüfuzlu şəxsləri "Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!", - demişdi.

Həmin dövrdə Nəriman Nərimanov ziyalılarımıza da qayğısını əsirgəməmişdir. Məşhur alim-ədəbiyyatşünas Salman Mümtazın qızı Şəhla xanım atası ilə bağlı şahidi olduğu əhvalat haqqında yazır:

"1920-ci ilin əvvəllərində atama yaxın bir dostu deyib ki, Biləcəridə kimdəsə nadir bir əlyazma var. Atam tələsik evə xəbər verib gedib. O, vağzala gələndə qatar tərpənib. Yüyürüb bir əlilə vaqonun dəstəyindən tutub. İkinci əli dəstəyə çatmayıb və qatar onu sürüyüb. Camaat xəbər tutub qatarı saxlatdırıb.

Fayton səsi gələndə darvazaya yaxınlaşdım. Gördüm ki, atamın paltarı cırılıb. Tozun içindədir. Onu faytondan bir neçə nəfər qucağında düşürüb evə gətirdi. Bir aydan çox yataqda qaldı. Sonra çətinliklə gəzdi.

1921-ci ildə yenə Biləcəriyə əlyazmaların dalınca gedəndə isə atam yatalaq xəstəliyinə tutulmuşdu. Bunu eşidən Nəriman Nərimanov bizə gəlmişdi. O gedəndən sonra atama baxmaq üçün həkim təhkim etdi, evimizdə vanna otağı düzəltməklə yanaşı telefon da çəkdirdi. Nərimanov işinin çoxluğundan atamın yanına gələ bilmirdisə də, hər gün telefonla atamdan xəbər tuturdu. Nəriman Nərimanov atamı "Şərqin ədəbiyyat açarı" adlandırmışdı (Şəhla xanım Mümtazzadə "Xatirə" məqaləsi, "Ədəbiyyat və incəsənət" qəzeti, 30 noyabr 1974-cü il).

 

 

Şəmistan NƏZİRLİ,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2012.- 26 avqust.- S. 4.