Türkiyənin Kastamonu şəhərində XVI Türk Dünyası Günləri keçirilir

 

Türkiyənin Kastamonu şəhərində Əhməd Yasevi Vəqfinin, yerli bələdiyyənin və valiliyin təşkilatçılığı ilə XVI Türk Dünyası Günləri keçirilir. 

Azərbaycan, Türkiyə, Makedoniya, Bolqarıstan və Şimali Kiprdən şairlərin, yazıçıların və folklor qruplarının iştirak etdikləri tədbirin açılışında çıxış edən Kastamonu valisi Ərdoğan Bektaş bildirmişdir ki, Qazi Mustafa Kamal Atatürkün bu vilayətə gəlməsinin 87-ci ildönümü ilə eyni vaxta təsadüf edən XVI Türk Dünyası Günlərinin keçirilməsi əlamətdar hadisədir.

Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzinin sədri Özcan Pəhləvanoğlu demişdir ki, türk dünyasının həmrəyliyinin və birliyinin getdikcə möhkəmlənməsi Balkanlarda və Yaxın Şərqdə yaşayan türkləri çox məmnun edir. Türkdilli dövlətlərin bu həftə Bişkekdə keçirilmiş zirvə görüşündə mədəniyyət və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair qəbul edilən qərarlar mühüm əhəmiyyət kəsb edir.

Sonra Əhməd Yasevi Vəqfinin təşkil etdiyi türk dünyası kitab və rəsm sərgisinin açılışı olmuşdur. XVI Türk Dünyası Günlərinin iştirakçıları Azərbaycandan, Bolqarıstandan, Şimali Kiprdən və digər ölkələrdən şair və rəssamların əsərləri ilə tanış olmuşlar.

Tədbir çərçivəsində "Balkan müharibəsinin 100-cü ildönümü" mövzusunda elmi konfransfolklor qruplarının, habelə tanınmış türk müğənnisi Fərhad Köçərin konserti olmuşdur.

Qeyd edək ki, Azərbaycan nümayəndələri Kastamonuda keçirilən bu tədbirdə mütəmadi olaraq iştirak edirlər. Kastamonulular da ölkəmizdə keçirilən konfransfestivallarda fəal iştirak edirlər. Bu yaxınlarda Kastamonu Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində keçirilmiş beynəlxalq simpoziumda iştirak etmişdir.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 26 avqust.- S. 5.