Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II zirvə görüşündə müştərək fəaliyyətə böyük töhfələr verdi

 

Ortaq tarixə və mədəniyyətə malik olan türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələr genişlənir. Ölkəmiz türkdilli dövlətlərlə həm qarşılıqlı ikitərəfli münasibətlər çərçivəsində, həm də beynəlxalq təşkilatlar, birliklər formatında yaxın işbirliyi qurur, əməkdaşlığı dərinləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, biz türkdilli xalqlar, ölkələr arasında birliyin daha da güclənməsinin tərəfdarıyıq. Çünki bu, hər bir türkdilli dövlətin iqtisadi inkişafına, onun beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmlənməsinə böyük töhfə verir.

Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan - bəzisi tranzit ölkə, bəzisi isə enerji mənbəyi və təbii ehtiyatlarla zəngin məkan kimi Avropanın, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yəni türkdilli ölkələrin böyük siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrə aid güclü potensialı vardır. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də məhz həmin potensialı birlikdə işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni töhfələr verməkdir. Məmnuniyyətlə deyə bilərik ki, biz bu prosesdə xüsusi fəallıq nümayiş etdirir, daim öndə gedirik. Sevindirici haldır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində də təşkilata üzv ölkələr uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verirlər. Bunun ən son nümunəsi Bişkekdə keçirilən zirvə görüşüdür.

Əvvəlcə onu qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən sammiti ərəfəsində Bakıda türkdilli ölkələrin iqtisadiyyat nazirlərinin 2-ci görüşü keçirilmişdi. Zirvə toplantısına hazırlıq məqsədi ilə təşkil edilən görüşdə rəğbətlə vurğulandı ki, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 55, 5 faiz, 2012-ci ilin 6 ayında isə 35 faiz artmışdır. Ölkəmizdə yeni Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun tikintisi regionumuzun ixrac potensialının artmasına səbəb olacaqdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan dünya əhəmiyyətli möhtəşəm transmilli layihələr regionun, o cümlədən türkdilli ölkələrin iqtisadi inkişafına əsaslı töhfələr verməkdədir. Qazaxıstandan və Azərbaycandan enerji daşıyıcıları Türkiyəyə, oradan da dünya bazarlarına çıxarılır. Türkiyə ilə Azərbaycan arasında Transanadolu Qaz Boru Kəmərinin inşasına dair imzalanmış saziş, həm də digər türkdilli ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Çünki məhz bu layihənin həyata keçirilməsi nəticəsində Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni enerji dəhlizi açılacaqdır.

Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu reallığı bir daha ifadə edərək demişdir: "Dövlətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəaliyyətlərini əlaqələndirirlər. Bu mənada Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini xüsusi qeyd etmək olarbu, bizim böyük qələbəmizdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə enerji və nəqliyyat-kommunikasiya sahəsində həyata keçirilən genişmiqyaslı layihələr bütövlükdə regionun mənzərəsini dəyişmiş, Xəzər regionunu beynəlxalq enerji mərkəzlərindən birinə çevirmişdir. Dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə həyata keçirilən investisiya layihələri nəticəsində Xəzər, Qara dəniz və Aralıq dənizlərini əhatə edən neftqaz kəmərləri vasitəsilə dünya bazarlarını zənginləşdirən alternativ layihələr yaradılmışdır".

Türkdilli Ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında regionun ən ağrılı problemi olan Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Bildirilmişdir ki, bu münaqişə uzun illərdən bəri, həm də MDB-nin və dünyanın təhlükəli münaqişə ocaqlarından biri olaraq qalır. Bu gün məhz bu problemin həll edilməməsi regionda sülhsabitliyin inkişafına mane olur. Beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə müşayiət olunan və 20 ildən artıqdır ki, davam edən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həll edilməmiş qalır. Hərbi təcavüz nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Ermənistanda yaşayan 250 min soydaşımız doğma yurdlarından qovulmuşdur. Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində maksimum səy göstərir, ancaq rəsmi İrəvanın problemin həllində qeyri-konstruktiv mövqe tutması problemin tənzimlənməsinə mane olur. BMT Təhlükəsizlik Şurası işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Ermənistan bu sənədlərə də məhəl qoymur. Ona görə bir daha bəyan edildi ki, region ölkələri, xüsusilə də türkdilli dövlətlər Türkiyə kimi münaqişənin Azərbaycanın ərazi bütövlüyüsuverenliyi çərçivəsində həllinə maksimum səy göstərməlidirlər.

Avqustun 23-də Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ikinci zirvə görüşündə də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olmuşdur. Toplantıda çıxış edən Azərbaycanın Baş naziri Artur Rasizadə demişdir ki, hər sahədə dinamik inkişafı qarşısına məqsəd qoyan ölkəmizin əsas problemi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı bu gündavam etməkdədir. Rəsmi İrəvanın mütəmadi olaraq həyata keçirdiyi təxribatlar ucbatından münaqişənin həllində əhəmiyyətli dəyişikliklər mümkün olmamışdır. Azərbaycanın Baş naziri Artur Rasizadə çıxışında son illər Azərbaycanda həyata keçirilən mühüm iqtisadi, sosial və digər infrastruktur layihələri barədə də söhbət açmışdır. Regional layihələrdən bəhs edən Artur Rasizadə demişdir ki, Bakı - Tbilisi - Qars dəmir yolunun tikintisi ilə yeni İpək Yolunun əsası qoyulmuşdur. Bu, Azərbaycanı Türkiyə və Avropa ilə, Avropanı Azərbaycan və Orta Asiya ölkələri ilə birləşdirəcək polad magistral olacaqdır. Bu nəqliyyat dəhlizinin ölkələrimiz üçün çox böyük strateji əhəmiyyəti vardır.

Məmnunedici haldır ki, zirvə görüşündə Azərbaycanın türk dünyasının birliyi istiqamətində gördüyü əvəzsiz işlər də xatırladılmışdır. Qırğızıstan Prezidenti Almazbek Atambayev "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"ni bir daha yada salaraq bildirmişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycanın qədim diyarı olan Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşündə həyata vəsiqə almışdır. Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Şura çərçivəsində iqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyinə diqqət yetirmiş, mədəni sahədə əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunmuşlar. Görüşdə Şuraya daxil olan ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlığın, birgə əlifbanın və dərsliklərin, qurum çərçivəsində Türk Akademiyasının yaradılması kimi mühüm məsələlərin müzakirə olunması gələcəkdə türk dünyası arasında birliyin daha da möhkəmlənəcəyindən, inkişaf edəcəyindən xəbər verir.

Zirvə görüşü regionu, bütövlükdə Avrasiya ölkələrini maraqlandıran çox mühüm bir hadisəylə də yadda qalmışdır. Türkiyə - Gürcüstan - Azərbaycan - Xəzər dənizi - Qazaxıstan - Qırğızıstan - Çin dəmir yolu layihəsi üçün razılıq əldə olunmuşdur. Bu razılaşmanın həyata keçirilməsi, sözün həqiqi mənasında Mərkəzi Asiya və ümumilikdə, Asiya regionu üçün deyil, Avrasiya, həmçinin dünya üçün əhəmiyyətli iqtisadi, siyasi nəticələr doğura, inkişafa, iqtisadi yüksəlişə səbəb ola bilər. Görünən isə odur ki, bütün iştirakçı tərəflər sammitdə qəbul olunan bu qərarın həyata keçirilməsinə böyük maraq göstərirlər. Şuraya üzv olan ölkələrin dövlət başçılarının bəyanatları da belə deməyə əsas verir. Məsələn, Qırğızıstan Prezidenti Almazbek Atambayev bildirmişdir ki, bu nəhəng layihənin həyata keçirilməsinə çalışacağıq. O demişdir: "Zirvə görüşündə müzakirə edilən bütün məsələlər ətrafında yekdil rəyə gələ bildikheç bir mübahisəli məqam olmadı. Bu, böyük uğurdur". Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də həmkarının mövqeyini dəstəkləyən siyasi terminlərdən istifadə edərək demişdir ki, biz münasib vaxtlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin nəqliyyat nazirləri və gömrük orqanları rəhbərlərinin görüşünün keçirilməsi və bu məsələlərin daim diqqətdə saxlanılması, ətraflı müzakirələrin aparılması, bu məqsədlə protokolun hazırlanması və həyata keçirilməsi üçün nəqliyyat nazirlərinin görüşlərinin təşkili barədə qəti qərar qəbul etdik.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin hökumətləri arasında dörd sənədin imzalanması zirvənin məhsuldar keçdiyindən xəbər verirdi. Həmin sənədlər Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları və Türk Akademiyasının təsis edilməsi haqqında sazişlər və Türk Şurasının ikinci zirvə toplantısının Bəyannaməsidir. Şuraya sədrlik Qazaxıstandan Qırğızıstana keçmişdir. Qərara alınmışdır ki, növbəti zirvə görüşü 2013-cü ildə Bakıda keçiriləcəkdir. Bu sammitdə TDƏŞ-ə üzv olan dövlətlər arasında mühüm siyasiiqtisadi məsələlərin müzakirəsi nəzərdə tutulur. Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəsmi bayrağının təqdim olunması böyük tarixi hadisə kimi yadda qaldı. Çünki bayraq, dövlətlərin, müəyyən beynəlxalq təşkilatların, qurumların simvolu olduğu kimi birliyin, həmrəyliyin, sıx dostluğun, maraq birliyinin, birgə məqsədlərin, hər məsələdə bərabər hüquqlu əməkdaşlığın da rəmzi hesab olunur. Bu, türk birliyinin möhkəmlənməsi istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri kimi qəbul edilir. Bayraqda Şuraya üzv olan Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın dövlət atributlarının ayrı-ayrı elementlərinin əks olunması da dediklərimizi təsdiq edir. Bayrağın əsas fonu Qazaxıstan bayrağına uyğun olaraq, mavi rəngdədir. Mavi fonun mərkəzində Türkiyə bayrağındakı kimi aypara təsvir olunur. Ayparanın önündə isə Azərbaycan bayrağındakı ulduz yer alır. Bayrağın arxa hissəsində Qırğızıstan bayrağındakı günəş şəfəqləri əks edilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun qeyd etdiyi kimi, təsis edilən bayraq türk dövlətlərini və xalqlarını daha da yaxınlaşdıracaqdır.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ikinci zirvə görüşü türk dünyasının gələcək iqtisadi, siyasi inkişafının sürətləndirilməsi, birliyin gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Zirvə toplantısı, həm də türkdilli xalqların ortaq mədəniyyətinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin, tarixi köklərinin qorunub saxlanması istiqamətində mühüm addım kimi qəbul edilə bilər. Dövlət və hökumət başçıları, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulamış, əlaqələrin genişləndirilməsini vacib hesab etmişlər. Dünya iqtisadiyyatında böhran yaşanmasına baxmayaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrində sabit iqtisadi artımın müşahidə olunması və bu ölkələrin toplam ÜDM-nin 1 trilyon dolları ötməsi də əməkdaşlığın sağlam zəmin üzərində davam etdiriləcəyinə zəmanət verir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 5.