London Olimpiadası: İdmanımızın növbəti təntənəsi

 

Başa çatmaqda olan avqust ayı dünyada möhtəşəm London Yay Olimpiya Oyunlarının yaşatdığı idman həyəcanı ilə yadda qaldı. 205 ölkənin 31 idman növündə 302 dəst medal uğrunda mübarizəsinə Azərbaycan idmançıları da qoşulmuşdu. Oyunlarda müstəqil dövlətimizin idman şərəfini layiqincə qoruyan təmsilçilərimiz tarixi nailiyyətə imza atdılar. İdmançılarımızın əldə etdikləri bu nəticələr, əslində, gözlənilən idi. Getdikcə inkişaf edən və güclənən Azərbaycanda həyatın bütün sahələrində, eləcə də, idmanda baş verən inkişaf möhtəşəm qələbə üçün möhkəm zəmin yaratmışdır. London Olimpiadası idmanımızın növbəti təntənəsi oldu.

Müsahibimiz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovdur.

- Raqif müəllim, London Yay Olimpiya Oyunlarını yığmamız möhtəşəm qələbə ilə başa vurdu. Yarışların yekunları ilə bağlı təəssüratınızı bilmək maraqlı olardı.

- Azərbaycan yığması London Olimpiadasında tarixi uğura imza atdı. Yarışlarda 10 medal - 2 qızıl, 2 gümüş, 6 bürünc medal əldə edildi. Yığmamız bu nəticə ilə Avropa ölkələri arasında 15-ci, İslam dövlətləri arasında 3-cü, MDB dövlətləri arasında 5-ci, Qafqazda isə 1-ci oldu. Qazanılan nailiyyətlər bir daha göstərdi ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük qayğı var. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, təlim-məşq toplantıları öz bəhrəsini verdi. 53 idmançı ilə 16 idman növündə təmsil olunan komandamızın hər 5 üzvündən 1-i nəticə göstərdi ki, bu da 205 ölkə arasında 11-ci göstəricidir. Yığmamız medalların sayına görə 23-cü, qızıl medalların sayına görə 30-cu sırada qərarlaşdı. Şübhəsiz, bu nəticələr gözlənilən idi. Əldə edilən uğurlar Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyaların, cəmiyyətlərin birgə və uğurlu fəaliyyətinin nəticəsidir. Bu nailiyyətlər, həm də onunla əlamətdardır ki, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümünə, MOK-un yaranmasının 20-ci ildönümünə və "İdman ili"nə təsadüf edir.

- Bəzi idmançılarımız qələbəyə çox yaxın olsalar da, medal qazana bilmədilər...

- Bəli, medallarımızın sayı daha çox ola bilərdi. Bir sıra idman növlərində atletlərimiz medala çox yaxın idilər. 23 idmançımız ilk onluqda qərarlaşdı. Bu göstəricilərə görə Azərbaycan 21-ci yeri tutdu. Medalçılar sırasına düşməsələr də, akademik avarçəkmə, bədii gimnastika, ağırlıqqaldıranların ilk 5-liyə düşməsi deməyə əsas verir ki, layiqli əvəzedici heyət yetişir. 205 ölkədən cəmi 85 ölkə medal qazanıb. Yalnız 50-dən çox ölkə qızıl medal əldə edib. Bu yığmamız üçün böyük göstəricidir.

Olimpiadanın ilk günlərində özlərini mətbuat işçiləri adlandıran bəziləri hadisələri qabaqlayaraq, yığmamızın uğursuzluğa düçar olduğunu, idmançılarımızın heç bir nəticə əldə edə bilməyəcəyini deyir, mənfi rəy yaratmağa çalışırdılar.

Biz tənqidin əleyhinə deyilik, lakin tənqid sağlam olmalıdır. Tənqid elə olmalıdır ki, bundan idmançı nəticə çıxarsın, nəinki psixoloji gərginliyə düşsün, ruh düşkünlüyü yaransın. Onun valideyinləri, tərəfkeşləri, azarkeşləri, ən başlıcası isə gələcəyi var. İdmanda məğlubiyyət də, qalibiyyət də olur. Əsas odur ki, ümumi nəticələr yüksək olsun.

Atletlərimiz yarışlarda əldə etdikləri möhtəşəm qələbə ilə bir daha sübut etdilər ki, hər bir azərbaycanlı gənc ölkəsinin güclü, qüdrətli olduğunu dərk edirbu inam hissi onlara əlavə stimul verir. Milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunan gənclərimiz olimpin zirvəsinə inamla yüksəldilər. Qüdrətli Azərbaycanın layiqli təmsilçilərinin ölkəmizin dövlət himnini səsləndirmələri, bayrağını dalğalandırmaları həmin şəxslərə layiqli cavab oldu.

London Olimpiadasında əldə edilən yüksək nailiyyətlər bir daha sübut etdi ki, cəmi 20 ildir ki, müstəqil ölkə kimi yaşayan Azərbaycanda həyatın bütün sahələrində yüksək tərəqqi var. Xalqımız dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır və dünyada mövcud olan ən mütərəqqi təcrübə tətbiq edilir. Bütün bunlar Azərbaycan vətəndaşlarında sevinc hissləri oyadır. Azərbaycan seçdiyi yolla inamla irəliləyir. Qoy gənclərimiz daha iradəli, daha mübariz olsunlar. O zaman qələbələrimiz daha da çox olar.

- Ən güclülərdən ibarət Olimpiya yığma komandamızda daha çox gənc idmançılar yer almışdı. Bu cür seçim növbəti Olimpiya oyunlarında öz təsirini göstərəcəkmi?

- Yığmamızda orta yaş həddi 23 idi. Oyunlar komandanın tərkibində mübarizə aparan bir çox gənc idmançı üçün də təcrübə nöqteyi-nəzərindən yadda qaldı. XXXI Yay Olimpiya Oyunlarında nəticə qazanmaq daha asan olacaq. Sevindirici haldır ki, gənclərimiz yarış təcrübələrinin azlığına baxmayaraq, dünyanın ən titullu idmançılarına qalib gəldilər. Olimpiya çempionumuz Toğrul Əsgərov, bürünc mükafatçılarımız Valentin XristovTeymur Məmmədov hələ çox gəncdirlər. Onlar karyeralarının ikinci, üçüncü olimpiadalarında da iştirak edib yüksək nailiyyətlər əldə edə bilərlər. Olimpiadada iştirak edib medal qazana bilməyən atletlər arasında da çoxlu gənc və istedadlı idmançı var. Biz onlardan da gələcəkdə böyük nailiyyətlər gözləyirik.

Yığma komandamızda legionerlər də fəaliyyət göstərirlər. Bu idmançılar da bizim idman ənənələrimizdən bəhrələnir, peşəkarlıqlarını artırır, yığmanın tərkibində Azərbaycanın idman şərəfini qoruyaraq, himninin səsləndirilməsi, bayrağının uca zirvələrdə dalğalanması üçün çalışırlar. Eyni zamanda, müxtəlif dövlətlərin komandalarında da azərbaycanlılar mübarizə aparır, yüksək nailiyyətlər qazanırlar. Soydaşlarımızın nəticələri qəlbimizi iftixar hissi ilə doldurur. Gələcəkdə dünya azərbaycanlılarının idman oyunlarını təşkil etmək olar və əminəm ki, bu oyunlarda rəqabət kifayət qədər yüksək olacaq.

- Olimpiya hərəkatının sürətlə inkişafı oyunların yüksək səviyyədə keçirilməsi üçün zəmin yaradır. London Olimpiadasının özəlliyi barədə nə deyə bilərdiniz?

- Bütün olimpiadalar özəllikləri ilə fərqlənir. Hər bir dövlət çalışır ki, növbəti olimpiadada daha yüksək nəticələr əldə etsin. Ölkəmiz inkişaf etdikcə, olimpiadadan-olimpiadaya gənclərimizdə qələbə əzmi yüksəlir, nailiyyətlərimiz daha da çoxalır. Yarışların rəqabət səviyyəsini xüsusi qeyd etmək istərdim. Mübarizə gərginləşib və bu mübarizə həm olimpiya oyunlarını maraqlı edir, həm də qazanılmış nailiyyyətin dəyərini artırır.

Olimpiya oyunları zamanı, xüsusən, Britaniyadan, onun ayrı-ayrı şəhərlərində yaşayan azərbaycanlıların azarkeşlik etməsi, idman zallarının çıxacağında idmançılarımızı gözləməsi atletlərimizə əlavə stimul verirdi. Oyunlar zamanı ölkəmizin Britaniyadakı səfirliyi vasitəsilə dövlət xətti ilə orada təhsil alan tələbələrin dəstəyi öz müsbət nəticəsini verdi.

- Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ayrı-ayrı növlər üzrə paytaxt və bölgələrimizdə bir sıra mötəbər yarışlar keçirilir. Bu amilin yığmamızın uğurla çıxış etməsinə təsiri barədə nə deyə bilərsiniz?

- Son illər idmanın maddi-texniki bazasının gücləndirilməsi - inşa edilən idman qurğuları, olimpiya idman kompleksləri ölkəmizdə idman tədbirlərinin və yarışlarının keçirilməsinə geniş imkan yaradır. Azərbaycanın beynəlxalq səviyyəli yarışları keçirmək sahəsində artıq böyük təcrübəsi var. Bunu dünya idman təşkilatlarının rəsmiləri də dönə-dönə etiraf edirlər. Bu səbəbdən də tez-tez ölkəmizdə belə yarışlar reallaşır. Məşqçilərimizin, hakimlərimizin belə tədbirlərdə iştirakı onların təcrübəsini daha da artırır. Gənclərimiz artıq hər bir şəraiti olan müasir tipli idman qurğularında təlim-məşqlər keçirlər. Doğma divarlar arasında təşkil edilən mötəbər yarışlarda böyük nailiyyətlər qazanırlar. İdmançılarımız fizikitexniki hazırlıqla yanaşı, psixoloji cəhətdən də oyunlara tam hazır idilər. Bu gün Azərbaycan idmançıları dünyanın ən öndə gedən ölkələrinin idmançıları ilə mübarizələrdən qalib çıxırlar.

- London həyəcanı davam edir. Paralimpiyaçılarımızın medal şanslarını necə qiymətləndirirsiniz?

- Paralimpiyaçılarımız London Yay Paralimpiya Oyunlarında Pekin Paralimpiya Oyunlarına nisbətən daha geniş tərkibdə, daha çox idman növündə təmsil olunacaq. Ötən oyunlarda təmsilçilərimiz 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanmışdılar. Budəfəki yarışlarda 22 paralimpiyaçı 6 idman növündə Azərbaycanı təmsil edəcək. Xalqımız böyük həyəcan içərisində paralimpiyaçılarımızın çıxışlarını izləyəcək. Əminik ki, paralimpiyaçılarımız da olimpiyaçılarımız kimi yeni rekorda imza atıb, idman salnaməmizə yeni tarix yazacaqlar.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 6.