Neft Akademiyasının tələbəsi dünya çempionu oldu

 

Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi parataekvando üzrə dünya çempionu olub və Azərbaycana növbəti qızıl medal gətirib. Bu hadisə ilə bağlı dünən akademiyada geniş tədbir keçirildi.

 

ADNA rektoru, akademik Siyavuş Qarayev çıxış edərək bildirdi ki, son illərdə ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə sosial-iqtisadi sahədə deyil, həyatımızın bütün sahələrində, o cümlədən idmanda böyük uğurlar qazanır. Dövlət başçısı səviyyəsində idmanın inkişafına qayğı göstərilir. Bu isə son nəticədə idmançılarımızın ayrı-ayrı yarışlardan, olimpiyaparalimpiya oyunlarından qələbələrlə qayıtmasını şərtləndirir.

Rektorun sözlərinə görə, bu yarışlarda ADNA da mütəmadi olaraq öz məharətini göstərir. Bu il noyabrın 22-də Latın Amerikasındakı Santa-Kruz şəhərində keçirilən parataekvando üzrə üçüncü dünya çempionatında ADNA-nın iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin üçüncü kurs tələbəsi Nicat Müslümov uğurla çıxış edərək 68 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb. Bu qələbə münasibətilə uzaq Latın Amerikasında Azərbaycanın bayrağı dalğalanıb, himni səslənib. Rektor Nicatın keçən ilin sentyabrında Moskvada keçirilən parataekvando üzrə Avropa çempionatında Avropa çempionu olduğunu da qeyd etdi. Siyavuş Qarayev yeni qələbəsi münasibətilə Nicat Müslümovu təbrik etdi, ona gələcəkdə təhsildə və idmanda daha böyük uğurlar arzuladı.

Dünya çempionu, ADNA tələbəsi Nicat Müslümov çıxış edərək qazandığı qələbədə təhsil aldığı ali təhsil ocağının bütün kollektivinin, rektorun, professor-müəllim heyətinin payı olduğunu bildirdi. Çünki akademiya onun paralimpiya oyunlarına lazımınca hazırlaşması üçün hər cür şərait yaradıb. Dünya çempionu gələcəkdə də ölkəmizə bu cür qızıl medallar gətirmək üçün səylə çalışacağını bildirdi.

ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov Nicatı qazandığı qələbə münasibətilə təbrik etdi, ona rəhbərlik etdiyi təşkilatın mükafatını təqdim etdi.

Respublika Milli Paralimpiya Komitəsinin icraçı direktoru Şaiq Həmidov, Azərbaycan futbolunun əfsanəsi, ADNA-nın müəllimi Ələkbər Məmmədov da Nicat Müslümovu qələbə münasibətilə təbrik etdilər.

 

Paşa ƏMİRCANOV,

 

Xalq qəzeti.- 2012.- 1 dekabr.- S. 5.