Elimizinelmimizin xilaskarı, xalqımızın əbədi lideri

 

 

Məhz ulu öndərin böyük    qüdrətli dühası, siyasi müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan  XX əsrin sonlarında yenidən parçalanmaqdan, dünya şöhrətli alimlər yetişdirmiş elmimiz laqeyd münasibətdən, iqtisadiyyatımız məhvedici tənəzzüldən xilas olmuşdur.   Azərbaycanın XX əsrə bəxş etdiyi və haqlı olaraq öyündüyü böyük və təkrarsız düha sahibi, xalqımızın görkəmli oğlu, ölkəmizin müstəqilliyi və azadlığı, haqq işi üçün bütün həyatını həsr etmiş mətin mübariz, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev 30 ildən çox Azərbaycana rəhbərlik etmişdir. Bu böyük şəxsiyyət bütün varlığı ilə bağlı olduğu doğma xalqı ilə elə qaynayıb-qarışmışdı ki, bu günnurlu siması, unudulmaz xatirəsi ilə yaddaşlarda, qədirbilən insanların   qəlbindədir.

 

1969-cu ildən – Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk günlərdən başlayaraq 1983-cü ilə kimi görünməmiş inkişaf yolu keçmiş Azərbaycan 80-ci illərin sonlarında dağılmaqda olan imperiya tərəfindən törədilən çaxnaşmaların, dövləti idarəetmə mexanizmində baş verən aşınmaların, iqtisadiyyat və siyasət sahəsində yaranan “çatlar”ın təsirindən, həmçinin o dövrdə respublikamıza başçılıq edən rəhbərlərin səriştəsizliyi ucbatından çox ağır iqtisadisiyasi təhlükələrlə üzləşməli olmuşdu. O zamankı təsadüfi respublika başçılarının heç birində Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti və iradəsi, yüksək beynəlxalq nüfuzu, dövləti idarəetmə səriştəsi olmadığından onlar mütiliklə Kremlin göstərişləri əsasında hərəkət edir, əslində heç bir fəaliyyət göstərmədən itaətkarcasına gözləmə mövqeyi tutur və respublikamızın taleyüklü məsələlərində yanlış qərarlar qəbul edərək, ölkəni uçuruma sürükləyirdilər.

 

O dövrlərdə 7 minə yaxın işçisi olanSintezkauçukİstehsalat Birliyinin baş mühəndisi işləyirdim. 1993-cü ilin may ayının əvvəlində tanışlıq üçün “EP-300” kompleksinə gələn eks-prezident Əbülfəz Elçibəylə mənim yaxşı tanıdığım Elman adlı bir fəhlə arasında zavodun yüzlərlə kimyaçısının iştirakı ilə açıq havada aparılan dialoq bu gün də yaddaşımdadır. Zavodla tələm-tələsik tanışlıqdan sonrakiçik bəylər”in müşayiətilə xidməti maşınına tərəf addımlayan Elçibəyi uzaqdan eşidilən bir səs dayanmağa məcbur etdi:

 

- Mənim sizə sözüm var, bir dəqiqə dayanın.

 

Elçibəy səsə tərəf döndüsoruşdu:

 

Nə istəyirsiniz?

 

- Vəziyyət gündən-günə ağırlaşır. Respublikanı idarə edə bilmirsiniz. Heydər Əliyevi dəvət edin, ölkəni, dövlətçiliyi xilas etmək lazımdır.

 

- Biz onu nə işə dəvət edək?

 

- Parlamentə sədr...

 

- Dəvət etmişik, gəlməyib.

 

Cavabında həmin fəhlənin daha qətiyyətli, inadkar səsi eşidildi:

 

İsrarla, təkidlə dəvət edin, yaxşı dəvət etsəniz, gələr.

 

– Mütləq dəvət edəcəyik. – deyə Ə.Elçibəy onu əhatə edən fəhlələrlə sağollaşıb maşına tərəf döndü.

 

Bəli, bu istək, bu arzu təkcə bir fəhlənin yox, xalqımızın böyük əksəriyyətinin qəlbində əminliklə formalaşan arzu, istək və düşdüyü ağır vəziyyətdən çıxış yoluna səsləyən üsyankar bir çağırış idi. Nəhayət, dahi rəhbər, xalqını bütün varlığı ilə sevən Heydər Əliyev daha çox Vətənin, onu intizarla gözləyən, ona ardı-arası kəsilməyən teleqramlarla müraciət edən milyonların çağırışına səs verərək Azərbaycan rəhbərliyinə qayıtdı.

 

Xalqımızı daim xoşbəxt, ölkəmizin hər bir guşəsini abad və gözəl, sosial-iqtisadi və mədəni cəhətdən inkişafda görmək istəyən ulu öndər Azərbaycana rəhbərlik etdiyi illər ərzində Vətənə sədaqətlə xidmət etdi, ölkəmizin tərəqqisi naminə çox geniş, titanik fəaliyyət göstərdi.  Bu gün ötənlərə diqqətlə nəzər salarkən inanmalı olursan ki, ümummilli liderimiz, fenomen şəxsiyyət olan Heydər Əliyev doğma xalqı üçün nə eləmək istəyirdisə, bunu 1969-cu ilin iyul günlərində deyil, ondan xeyli öncə, bəlkə də, ilk gənclik illərində götür-qoy etmiş, düşünüb-daşınmışdır.

 

Həmin yüksək quruculuq illərini göz önünə gətirdikdə, hətta bu gün heyrətlənməmək olmur — Azərbaycanın xalq təsərrüfatının bütün sahələrində böyük ruh yüksəkliyi ilə çox geniş, əzəmətli işlər görülürdü. Sənayenin metallurgiya, maşınqayırma, kimya, energetika, tikinti və digər sahələrində yenidənqurma işləri vüsət alır, kənd təsərrüfatının ən vacib sahələrində rekord  nailiyyətlər qazanılır, üzüm plantasiyaları genişləndirilir, meyvə-tərəvəz məhsullarının istehsalı görünməmiş sürətlə artırdı.

 

Sənayenin güclü təkanla və sürətli inkişafı respublikanın bütün şəhər və rayonlarının sənaye potensialının artması ilə müşayiət olunurdu. Bakıda Dərin Özüllər Zavodunun, Yeni Bakı Neftayırma Zavodunda yüksək texnologiyaya malik ELOU-AVT qurğusunun, Bakı Kondisionerlər və Sumqayıt Kompressor zavodlarının tikilməsi – bütün bunlar dahi rəhbərin ali məqsədinə - Azərbaycanı yaxın gələcəkdə yüzillərin arzusu olan müstəqilliyə, azadlığa qovuşacağı günə  hazırlamağa  xidmət edirdi.

 

Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun, Ali Hərbi Məktəbin yaradılması, Zaqafqaziyada ən iri elektrik enerjisi mənbəyi olan nəhəng Mingəçevir DRES-in, Sumqayıtda yenimüasir, yüksək səmərəliliyə malik “EP-300” və “Polimir-120”  qurğularının  tikintisi Heydər Əliyevin uzaqgörən siyasətinin real bəhrəsi idi.  Əslində, Kremlin iqtisadi-siyasi ideologiyası ondan ibarət idi ki, əsas, son məhsulların istehsal olunduğu aparıcı, müasir zavodlar ancaq Rusiyanın öz ərazisində tikilməliydi və belə də edilirdi. Misal olaraq deyim ki, o dövrdə SSRİ-də 6 yerdə “EP-300” kompleksi tikilmişdionlardan yalnız biri Rusiya Federasiyasından kənarda–Azərbaycanda inşa edildi, özünün nefti olan başqa respublikalarda buna imkan verilmədi. Arqumentlərin sonuncusu - “EP-300” kompleksi üçün guya Azərbaycanda müvafiq əlverişli ərazinin olmaması fikri ortalığa atıldıqda bu bəhanəni kəsmək üçün Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin və SSRİ Neft-Kimya Sənaye Nazirliyinin rəhbər nümayəndələrini və mütəxəssislərini Sumqayıta dəvət edib, onlarla birlikdə indiki “EP-300” kompleksinin ərazisini addım-addım gəzərək, öz iddiasının əsaslı olduğunu qətiyyətlə sübut etməsi bilavasitə mənim gözlərim qarşısında baş vermişdi. Yalnız ondan sonra həmin kompleksin Sumqayıtda tikilməsinə razılıq verildi və layihələnmə işlərinə başlanıldı. Bu, həm Bakının ekoloji probleminin köklü həllinə, həm də respublika iqtisadiyyatının sıçrayışlı inkişafına zəmin yaratdı.

 

Kremldə uzun illər kök salmış siyasibosslarla müəyyən vacib  məsələlərin həlli zamanı qətiyyət göstərməyə, şübhəsiz ki, yalnız Heydər Əliyev kimi hərtərəfli hazırlığa — geniş və zəngin erudisiyaya, qeyri-adi siyasi intuisiyaya, güclü, fenomenal təfəkkürə malik bir şəxsiyyət qadir ola bilərdi. Aralarına “kənar” adamın düşməsini genetik vəzifə qorxusu və qısqanclıqla qarşılayan Kreml “sahib”ləri ilə mübarizəyə girişən şəxsin müsəlman olması faktorunun da hər halda, onun xeyrinə olmadığı nəzərə alınarsa, Heydər Əliyevin öz üzərinə nə qədər ağır, çətin, eyni zamanda, risqli bir missiya götürdüyü aydın olar.

 

Ulu öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə tikilən bir sıra sənaye obyektləri kimi ötən əsrin 70-ci illərinin sonlarında Mingəçevir SES-dən sonra Bozdağın ətəyində ikinci bir elektrik stansiyasının — DRES-in tikintisinə başlanılması da nəhəng işlərdən idi. Həmin dövrdə respublikada elektrik enerjisinin qıtlığı o qədər də hiss olunmurdu. Ancaq dahi rəhbər Azərbaycanın o günlərini yox, gələcəyini düşünürdü. Məhz onun qətiyyəti, DRES-in tikintisinin vacibliyini fundamental şəkildə əsaslandıra bilməsi Moskvanı çox iri həcmdə kapital qoyuluşu tələb edən nəhəng obyektin inşasına razılıq verməyə məcbur etmişdi.

 

Bakıda Dərin Özüllər Zavodunun inşasına başlamağa da ulu öndərimiz məhz Azərbaycanın gələcəyini, dənizdən neft hasilatını artırmağın labüdlüyünü nəzərə alaraq qərar vermişdi. Dahi rəhbərin özününbir vaxt qeyd etdiyi kimi, əgər vaxtilə həmin zavod tikilib istifadəyə verilməsəydi, yəqin ki, “Əsrin müqaviləsi” hesab edilən beynəlxalq neft kontraktının reallaşması xeyli uzanar, ya da heç mümkün olmazdı. Bu gün ulu öndərimiz Heydər Əliyevə böyük minnətdarlıq hissi ilə qeyd etməliyik ki, onun təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq neçə ildir ki, uğurla fəaliyyət göstərir.  Çoxları üçün hələ dünən inanılmaz bir əfsanə kimi görünən bu nəhəng neft magistralı bütün dünya ictimaiyyətinin nəzər-diqqətinin yönəldiyi reallığa çevrilmişdir.

 

Qeyd olunduğu kimi, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən müdrik bir uzaqgörənliklə ölkə sənayesinin bütün sahələrinin, o cümlədən neft-kimya sənayesinin də kompleks inkişafı üçün bütün qüvvəsi ilə çalışırdı. Məhz ulu rəhbərin təkidi ilə ölkənin kimya sənayesində mütərəqqi avadanlıq və texnologiyaların tətbiqinin genişləndirilməsi nəticəsində ölkədə bir sıra kimya məhsullarının    kauçuksulfanolun, sintetik qətran və mineral gübrələrin istehsalı təxminən 2 dəfə artmışdı. Bir-birinin ardınca iri istehsal sahələri  istifadəyə verilirdi. Yeni inşa edilən hər bir sənaye obyektinin gələcəkdə Azərbaycan iqtisadiyyatında oynayacağı rolu nəzərə alan müdrik rəhbər tikintinin qısa zamanda, keyfiyyətlə başa çatdırılmasını təmin etmək məqsədilə işləri gündəlik nəzarətdə saxlayır, dövlət strukturlarının rəhbərlərini tikintiyə təhkim edirdi. Hər bir yeni kimya istehsalatı və sexinin tikintisi ümumxalq tikintisi hesab edilir, lazım olan bütün resurslar maksimal həcmdə həmin obyektə cəlb olunurdu.

 

Ulu öndərin təşəbbüsü ilə Superfosfat zavodunda dənəvər superfosfat sexinin, Sintetik kauçuk zavodunda “EP-300”, “Üzvi sintez”də “Polimir-120” istehsalatlarının inşasının Ümumittifaq tikintisinə çevrildiyini sumqayıtlılar yaxşı xatırlayırlar. İttifaq səviyyəli həmin obyektlərin tikintisinin vaxtında və keyfiyyətlə başa çatdırılmasında Heydər Əliyevin Kremldə böyük siyasi və şəxsi nüfuza malik olmasının müstəsna əhəmiyyəti var idi.

 

Ulu öndərimiz xalqın təkidi və tələbi ilə 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra da ölkə kimyasının inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. 1998-ci ildə Yaponiyaya tarixi səfəri zamanı kimya sənayesinin elektrik enerjisinə olan tələbatının tamdolğun ödənilməsi məqsədilə həmin ölkənin rəhbərləri ilə Sumqayıtda ən yeni texnologiyaya malik, unikal enerji kompleksininanaloqu olmayan Buxar-generator qurğusunun kreditlə alınaraq, inşa edilməsi üçün razılıq əldə etmiş və 2001-ci ildə kompleks tam istifadəyə verilmişdir. Dahi rəhbər öz ideyasının bəhrəsi olan həmin qurğunun təntənəli açılış mərasimində iştirak edərək, kimyaçılara qiymətli töhfəsini vermişdir. Sumqayıtlılar xalqımızın vətənpərvər oğlunun Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə Yaponiyadan alınan kreditlə tikilən nəhəng enerji kompleksinin açılışında söylədiyi dərin məzmunlu nitqini, onun müdrik tövsiyələrini minnətdarlıqla xatırlayırlar.

 

Bəli, yalnız Heydər Əliyev dühası Azərbaycanın müstəqilliyinin tarixi qaçılmazlığını, labüdlüyünü hələ xeyli əvvəlcədən dahi siyasətçi intuisiyası ilə duyaraqbuna görə də ölkə sənayesinin, o cümlədən kimya sənayesinin perspektiv inkişafına qlobal mövqedən yanaşaraq, bu günün doğura biləcəyi problemləri ilahi fəhmlə duyaraq, onları hələ 70-ci illərdə həll edə bilmiş, Azərbaycanın müstəqilliyinə irəlicədən böyükgeniş hazırlıq görmüşdü.

 

Azərbaycan tarixinin Heydər Əliyev epoxasının ən önəmli səhifələrindən biri ümummilli  liderimizin rəhbərliyi dövründə elmimizin, incəsənətimizin, mədəniyyətimizin beynəlxalq aləmə çıxarıla biləcək bir səviyyədə inkişaf etməsidir. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində o zamankı respublika rəhbərliyinin elmə laqeyd, soyuq münasibəti nəinki ölkəni dərin tənəzzülə düçar etmişdi, hətta məhvə doğru aparırdı. Ən qorxulusu həm də o idi ki, elmə, elm adamlarına biganə münasibət böyüməkdə olan gənc nəslin biliyə olan marağının azalmasına, zəifləməsinə aparırdı. Bu, xalqın elmi düşüncəsinə kənardan deyil, öz içərimizdən vurulmaqda olan ağır bir zərbə idi. Çünki elmsiz bir milləti heç nə köləlikdən qoruya bilməz və o, nəinki heç nə əldə edə bilməz, hətta nail olduqlarını da asanlıqla itirə bilər. Heydər Əliyev bizi bu ağır faciədən də vaxtında xilas edə bildi.

 

Xalqımız üçün xüsusi qürur doğurur ki, dahi rəhbərimizin layiqli siyasi davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərimizin bütün sahələr üzrə  əsasını qoyduğu uğurlu işləri bugünün artan tələbləri səviyyəsində, həm də yüksək sürətlə davaminkişaf etdirir. İndi Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış,  ölkəmizlə bağlı dünya proseslərinə siyasiiqtisadi təsir imkanları genişlənmişdir. Bu gün respublikamızda ictimai-siyasi mühitbütün kateqoriyalardan olan insanların sosial vəziyyəti, yaşayış səviyyəsi daha da yaxşılaşır, bütövlükdə cəmiyyətimiz  güclü  sosial-iqtisadi inkişaf dövrünü yaşayır. İndi hər bir azərbaycanlı  bütün aydınlığı ilə dərk edir ki, ölkəmizin hər bir sahədə əldə etdiyi uğurlarda ulu öndərimizin hələ 1969-cu ildən başlayaraq doğma xalqının xoş sabahı naminə gördüyü ölçüyəgəlməz quruculuq işlərinin, onun titanik fəaliyyətinin əvəzsiz rolu vardır. Heç şübhəsiz ki, dahi rəhbərin Vətən və xalq qarşısında böyük xidmətləri nəsil-nəsil minnətdarlıqla xatırlanıb yad ediləcək, ulu öndərimizin qayğıkeş və nurlu siması, xalqımızın xoş sabahı naminə gördüyü ölçüyəgəlməz işlər heç zaman yaddaşlardan silinməyəcəkdir.

 

 Əbülfəz BABAYEV,

texnika elmləri doktoru, professor,

Beynəlxalq Mühəndislik Akademiyasının Nyu-York Elmlər Akademiyasının akademiki

 

Xalq qəzeti.- 2012.- 12 dekabr.- S. 11.