Heydər Əliyev siyasi kursu: innovativ və kreativ inkişafa aparan yol

 

 

Bu,  bir həqiqətdir ki, böyük xalqların-istər ingilislərin, istər fransizların, istər almanların, istərsə də italyanların dahi müasirləri yoxdur. U.Çerçil, Ş.de Qoll, K.Adenauer və de Qasperi mənsub olduqları millətlərin dünya tarixinə ötən əsrin ikinci yarısında bəxş etdikləri nadir şəxsiyyətlər idilər. F.D.Ruzveltdən sonra ABŞ-da da dahi “kəsiri” mövcuddur. Azərbaycan xalqı kiçik də olsa, bu baxımdan unikaldır. Onun dahi müasiri vardır. Həmin düha Heydər Əliyevdir. Məhz bu dahi şəxsiyyətin xarizmatik liderliyi sayəsində mövcudluğu təhlükə altında olan dövlətçiliyimiz permanent xaos və böhran məngənəsindən çıxarılmış, ümummilli fəlakətin-vətəndaş müharibəsinin qarşısı alınmış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyulmuş və atəşkəs rejiminin tətbiqinə nail olunmuşdur.

 

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

 

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın”- deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi  mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

 

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,-deyən möhtərəm Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

 

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən  çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığınının bir daha şahidi olduq.

 

Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belorusda fəaliyyət göstərirdi.

 

“Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?” - bu sözləri mərhum Heydər Əliyev 2003-cü il aprelin 21-də Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

 

Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını “əsaslandırmağa” çalışırdılar. Amma ulu öndər bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.

 

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri  addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

 

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində  bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Akademik Ramiz Mehdiyev  Heydər Əliyev fenomeni ilə bağlı tədqiqatlarında çox düzgün olaraq qeyd edir ki, “akademik Aqanbekyanın M.Qorbaçovun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ilkin razılıq verilməsi barədə bəyanatı və bununla da münaqişənin ilkin qığılcımının közərməsi məhz Heydər Əliyevin Siyasi Büro üzvlüyündən istefasından cəmi üç həftə sonra baş verdi”.

 

Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

 

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü.  Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.

 

1993- ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

 

Dayanıqlı və dinamik inkişaf tempinə əsaslanan bu modeli 3 mühüm parametrlə xarakterizə etmək olar: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması

 

Məhz ulu öndərin siyasi iradəsi və səriştəli rəhbərliyi altında Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı konsepsiya və proqramlar- ‘’Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)’’, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul olunmuş və uğurla həyata keçirilmişdir.

 

Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil edirdi.

 

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-  dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

 

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu  cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “yeni neft diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.

 

Azərbaycan qısa zaman kəsiyində demokratik inkişaf yolunda da ciddi uğurlara imza atdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

 

Məhz bu möhkəm özül əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradıldılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edilmiş, on minlərlə insan amnistiya edilmiş və böyük sayda məhkum bağışlanmış, senzura ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edilmişdir.

 

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.

 

Azərbaycan xalqı artıq 9 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir.  Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 9 il ərzində özünün milli dövlət quruculuğu  idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu illər ərzində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır.

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar  hazırlanır və onlar uğurla icra edilir. Belə Dövlət Proqramlarından “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)”) , “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər)",  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı (2011-2013-cü illər)”,  “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və s. qeyd etmək olar. Ümumən, Azərbaycanda belə məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır.

 

Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 55-ci, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir. Böyük Britaniyanın nüfuzlu HSBC bankının “2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı” adlı proqnozuna əsasən,  2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcəkdir. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməmişdir.

 

Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci ilə-müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, “ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması” üçün ediləcəkdir.

 

Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.

 

20 il əvvəl Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də  BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqlənmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları  nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.

 

Elman NƏSİROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru

 

Xalq qəzeti.- 2012.- 13 dekabr.- S. 4.