NİZAMİ GƏNCƏVİ: müdrikliyin zirvəsində

Nizami Gəncəvi 870

 

Dünya mədəniyyəti xəzinəsinə möhtəşəm düha, nəcib qəlb və qüdrətli ustad qələminin vəhdətindən yaranan Xəmsə kimi əzəmətli, misilsiz abidə bəxş edən Nizami Gəncəvi bəşər ədəbi-fəlsəfi fikrinin müdrikliyi ilə zaman və məkan tanımayan unikal fenomenlərindəndir.

 

Mirzə Fətəli Axundzadə haqlı olaraq yazırdı ki, Nizaminionun kimi şairləri peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün fövqündə olub, filosofanə xəyal və ilham sahibləridir. Belə şairlərin vəsfində deyilmişdir: İlahiyyat aləmində sıralar düzülərkən qabaqda peyğəmbərlər, arxada isə şairlər durmuşlar. Nizami yaradıcılığı orta əsrlər Yaxın Şərq intibah mədəniyyətinin zirvəsi olub, mütərəqqi ideya məzmunu və sənətkarlıq xüsusiyyətləri ilə Şərq ədəbiyyatını yeni məcraya salmış, özündən sonra gələnlərə güclü təsir göstərmişdir. Xəmsəyə və ya onun ayrı-ayrı poemalarına farstürk dillərində çoxlu sayda yazılan nəzirələr, əslində, şairlərin öz istedadlarını, məharətini göstərməsinin spesifik vasitəsinə çevrilmişdi. XVII əsrin sonlarından başlayaraq, AvropaRusiyada onun əsərlərinə maraq artmış, Y.Hammer, A.Russo, Q.Auzli, A.Şprenger, V.Baher, Ş.Ryö, Q.Ete, Pizzi, Horn, E.Broun, Vilson, A.Krımski, Y.Bertels kimi görkəmli şərqşünas alimlər onun irsini tədqiq etmiş, əsərlərinin Avropa dillərinə tərcümələri onu Qərb ölkələrində məşhurlaşdırmışdı. Qəsidələrindən birində Nizami Əgər bütün elmlərin sözləri libasını dəyişərsə, mənaları saxlamaqla başqa don geyinər, şeirin elə bir üslubu var ki, bir dildən çevrilsə, tərcümə etmək nədir, onu heç yazmaq da olmaz deyə nəzm tərcüməsini mümkün hesab etmirdi. Bununla belə, onun böyük dühası bu sınağa da, A.Krımski demişkən, tab gətirmişdir. Poemalarından nümunələrlə Hammerin alman dilinə yöndəmsiz, bəzən hətta dürüst olmayan tərcümələri vasitəsilə tanış olan dahi Höte Nizaminin zərif, yüksək zəkalı ruhunu duya bilmiş, onu yüksək qiymətləndirmişdi. Bu günşairin əsərləri bütün dünyada maraqla oxunur, yazıçıları, şairləri ilhamlandırır, adi oxucuları həyəcanlandırır, düşündürür, zövq verir.

 

Bəs onun müdrikliyinin cazibə sirləri nədədir? Səkkiz əsr üzərində baş sındırılan məsələ barəsində bizim də bəzi mülahizələrimiz var. Yazdıqlarında rasionalirrasional, realmistik, ictimai və məişət, hikmət və sadə sağlam ağıl, şüurlu və şüuraltı, təsvir və simvol, tarixuydurma, həqiqət və nağıl, zahiri gözəllik və psixoloji dərinlik məqamları bir-birilə çulğaşaraq onun irsinə, mənalarına çoxtəbəqəli və yaxud çoxmərtəbəli səciyyə verir. Buna görədir ki, onu hamı başa düşə bilir, lakin öz şüur və mədəni səviyyəsinə uyğun başa düşür. Kimi onun qurduğu maraqlı süjetdən, çoxsaylı hadisələrin gözlənilməz gedişatından ləzzət alır, kimi qəhrəmanlarının keçirdiyi duyğulardan, həyəcanlardan təsirlənir, kimi axıcı şeiriyyətinə valeh olur, aforizmə çevrilmiş kəlamlarını söyləməkdən xoşlanır, kimi mistik pərdənin arxasına keçməyə hazırlaşır, kimi sözlərin, fikirlərin mənalarını kəşf etməkdən zövqlənir, kimi də köhnə əlyazmalar üzərində zəhmət çəkib şairin əsərlərinin tənqidi mətnini hazırlamaqla tədqiqatçılara kömək edir.

 

Nizamidə nəinki bir beyt, heç bir söz də elə-belə, boş yerə deyilmir, dərin məna yükü daşıyır, nə bədiiliyə, nə fikrə, nə də məzmuna xələl gətirir. Əsərin ümumi vəhdətinə tabe olan hər bir beytin özü bütöv bir mənzərə yaradır. Lakin bu dərinliyi fəth etmək tələb olunur. XV əsrdə Əbdürrəhman Cami Nizaminin əsərlərinə yazdığı şərhlərinin sonunda burada 600-dən artıq yeri anlaya bilmədiyini etiraf edəndə axirət günü, o biri dünyada Nizamini yaxalayıb tutmaq və həmin qaranlıq yerlərin izahını ondan soruşmaq lazım gələcəkdir, deyə özünə təskinlik verirdi. İndi artıq heç kəsə gizli deyildir ki, anlaşılmaz yerlərin üzərindən pərdəni götürmək, Nizamini anlamaq üçün həmən o uzaq XII yüzillikdə baş verən tarixi hadisələri, epoxanın elmi biliklərinin xarakterini, məişətini, adətlərini bilmək üçün isə müxtəlif dillərdəki orta əsr mənbələrini araşdırmaq lazımdır. Çünki onun əsərləri özüOrta əsrlər Şərqinin elmini və mədəniyyətini, məişətini özündə əks etdirir.

 

Şairin müdrikliyinin daha bir sirri onun, sözün müstəqil mənasında və bütün aspektlərində götürülən bəşəriliyində, humanizmindədir. Dağıntılar gətirən ara müharibələrinin, qarışıqlığın adi hal olduğu, zəifin, acizin, məzlumun zalımların, despotların ayaqları altında tapdandığı bir dövrdə Yaxın və Orta Şərqin əqli mühiti və mənəvi atmosferi çoxlu istedadlı nümayəndələri ilə tanınan müxtəlif cərəyanlarla təmsil edilmişdi: bir tərəfdən, saraylarda yaşayan, poetik söz oynatma texnikasına mükəmməl yiyələnmiş şairlərin ayrı-ayrı hökmdarların, ağaların vəsfində ağlasığmaz təşbeh, metaforalar icad edən mədhiyyəçiliyi, digər tərəfdən, keçmiş cəngavərlərdən danışan qəhrəmanlıq dastanları, bir tərəfdən, gerçəkliyə pessimist, dinə şübhə ilə yanaşan skeptik, digər tərəfdən, insana təskinlik verən dini əsərlər, bir tərəfdən, hər cür əxlaq normalarından imtina edib, hansı yolla olursa-olsun dünyadan həzz almağa və digər tərəfdən, insanı bu fani dünyaya uymamağı, ondan uzaqlaşmağa, mistik-asketin yolu ilə gedib, daxilində öz mənini öldürməklə Allaha qovuşmağa çağıran təriqət ədəbiyyatı geniş yayılmışdı.

 

Hegelin təbirincə desək, epoxanın özünüdərki olan Nizaminin fəlsəfi poeziyası zamanın ümumi ruhunu özündə əks etdirsə də, bu ədəbi-ideya istiqamətlərindən çox fərqlənirdi. O, nəinki öz əsrini, hətta sonrakı əsrləri də qabaqlayaraq, cəmiyyətin tərəqqisinə kömək edən, həyat və məişətlə bağlı mühüm ictimai-siyasi, fəlsəfi problemlər qaldırır, insanı, onun taleyi, daxili mənəvi aləmi, psixologiyası, fikir və xəyalları, əzablı və sevincli duyğuları ilə birlikdə düşüncələrinin mərkəzinə keçirir. Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya nədir dəyərin?!, Kainatda hər şey cəzbə bağlıdır, filosoflar bunu eşq adlandırır - deyə hamını insanı əkinçini, kərpickəsəni, dərvişi, çobanı, filosofu, aşiqi, məşuqu, atanı, ananı, qocanı, cavanı, kişini, qadını, zəncini, çinlini, yunanı... fərqi yoxdur, hamını sevməyə dəvət edir, şahlara ədalət yolunu göstərir, müharibələrə etiraz edir. Nizami fəlsəfəsində həyat bütün təzahürlərində, əzabları, həyəcanları, qayğıları ilə gözəldir, bütün çətinliklərə, məşəqqətlərə baxmayaraq, həyatı sevməyə, ondan kam almağa, sevincə və nəşəyə çağırış güclüdür, ayrı-ayrı epizodlarda dünyadakı haqsızlıqlara etiraz kimi tərki-dünyalıq motivlərinə rast gəlsək də, ölüm qarşısında acizlikdən doğan dərin kədərini duysaq da, onun gələcəyə yönəlmiş baxışları əsas etibarilə nikbindir. Bu nikbinlik, həyata sevgi, insana məhəbbət, hörmət, qayğı, onu xoşbəxt görmək arzusu şairi sonda öz xəyallarının qanadlarında qəhrəmanı ilə dünyanın şimalında yerləşən ədalətli şəhərə - yüksək mənəvi-əxlaqi əsaslar üzərində qurulmuş ideal cəmiyyətə gətirib çıxarır...

 

Böyük humanistin müdrikliyinin təməlində müəyyən panteist meyilin xas olduğu vəhdəti-vücud ideyası durur. Bu, dünyanın, təbiətin, insanların Allahın təzahürləri kimi ona aidiyyəti, onunla birliyi ideyası bəzən şairin Allaha müraciətlə dediyi: Kainatın hərflərini axtarmaq istəsən, hamısı Səndədir və Sən onun lövhəsisən sözlərindəki və yaxud insanın canının nə atəş, nə su, nə torpaq, yəni maddi olmayıb, qüdsi, pak bir işıq, Allahın nuru olması haqqındakı beytlərindəki kimi xüsusilə güclü səslənir. İlahi vəhdət bəşəriyyətin vəhdəti məfkurəsinə yol açır. İnsan, şairin dərin əqidəsinə görə, hansı xalqa mənsubluğundan, hansı dinə etiqad etməsindən, adətlərindən, hansı irqin nümayəndəsi olmasından, dərisinin rəngindən (Zənci dəmir kimi qara, parlaqdır, Üzü qarasa da, ürəyi ağdır) asılı olmayaraq ağıl və ruhuna görə eynidir, bütün xalqların tarixi məqsədləri, idealları ümumidir. O, müxtəlif xalqların adət və ənənələrinə hörmətlə yanaşır, onları bir-birindən ayıran barbarlıq qalıqları və cəhalətə, dözümsüzlüyə qarşı çıxır, əməkdaşlığa çağırırdı. Bu cəhətdən Nizaminin öz ideyalarını kamil insan mücəssiməsi kimi yaratdığı qəhrəmanı - qarşısına Şərqi və Qərbi birləşdirmək məqsədi qoymuş hökmdar, müdrik insan, peyğəmbər Makedoniyalı İsgəndər obrazı vasitəsilə verməsi səciyyəvidir.

 

Lakin Nizami kosmopolitdeyildi, öz torpağını, Vətənini, xalqını sevməyən insan heç vaxt bütün bəşəriyyəti sevə bilməz. Elminin, ilhamının, xəyalının və qələminin qüdrətilə bütün dünyanı başdan-başa gəzən, Yunanıstan, İran, Ərəbistan, Rusiya, Çin, Misir, Xarəzm, Hindistandan xəbər verən şair doğulub boya-başa çatdığı Gəncəni heç vaxt tərk etməmişdi. Təsadüfi deyil ki, şairin fars dilində yazdığı poemalarında müxtəlif xalqların nümayəndələrini təmsil edən obrazları, dünyanın müxtəlif məkanlarını canlandıran təsvirləri üzərində doğma Azərbaycanın proyeksiyası aydın görünür. Onun Azərbaycan tarixi və mədəniyyətinə, folkloruna, adət-ənənələrinə bağlılığı min bir nöqtədə: mövzu seçimində və qəhrəmanlarının səciyyəsində və münasibətlərində, vətənpərvərliyində, xalqını, onun təbiətini tərənnümdə və tez-tez istifadə etdiyi xalq ifadələri, atalar sözləri və zərb-məsəllərdə, dil xüsusiyyətləri və ifadə vasitələrində zühur edir.

 

Bunu artıq şairin kiçik müasiri pəncablı Məhəmməd Əvhi də sezmişdi. O, Lübab əl-əlbab adlanan təzkirəsində (təx. 1221-1228) əl-hakim əl-kamil (yəni kamil müdrik) Nizami Gəncəvinin poemasının tərifində yazırdı: Leyli və Məcnunun nəzm türküstanlığındakı (kursiv - A.H.) incə dargöz ideya gözəlləri üzlərindən örpəyi qoparıb dünyanın bütün ağıllı insanlarını divanə etməyə qadirdirlər. O, türküstanlıq söyləyəndə poemada öz səciyyəsi etibarilə ərəb yox, türk romantik obrazlarının, köçəri türk tayfalarının məişəti, təfəkkür tərzi və dünyaduyumunun inikasına işarə edirdi.

 

Doğrudur, şairin bəzi müasirləri, Şirvanşah Axsitan şah kimi yüksək nəsəbli insanlar əsil-nəcabətləri ilə öyünərək, türkəvara deyilmiş sözləri özlərinə layiq bilmirdilər. Yeddi gözəldə şair yenə həmin mövzuya qayıdıb, Mənim türklüyümü Həbəşistanda almırlar, Odur ki, mənim ləzzətli dovğamı yemirlər, deyə belələrindən gileylənirdi. Bu beytin öz simvolikası var: Şair Gəncəni, görünür, ovqattəlxlik məqamında, həmin dövrün ədəbiyyatında nadanlıq, cəhalət, qaranlıq rəmzi kimi işlədilən Həbəşistana, türk milli ruhu hopmuş gözəl əsərlərini isə türk milli mətbəxinin dadlı yeməyinə bənzədərək müqayisə edir. Anlamsızlıqdan doğan məyusluq şairin lirikasında da duyulur: o, dünyanın hər yerində, yaxın-uzaq ölkələrdə böyük nüfuz sahibi olmasına baxmayaraq, Gəncədə onu qiymətləndirmədiklərindən şikayətlənir. Maraqlıdır ki, türk, türklük, Türküstan sözləri onun əsərlərində bütün fəzilətlərin: gözəlin və gözəlliyin, zərifliyin və nəcibliyin, saflağın və kamilliyin, ədalətin və əzəmətin, dahiliyin və qüdrətin sinonimi kimi səslənir. Əslində, Nizami poeziyasının ona əsrarənglik verən sehri və cazibəsi həm də məhz doğma xalqının ruhundan və hikmətindən gələn orijinallığındadır.

 

Qədirbilən xalqımız öz qoynunda yetişdirərək dünyaya bəxş etdiyi dahisini unutmur, müxtəlif məkanlarda: ölkələrdə, şəhərlərdə, kəndlərdə, ən əsası isə qəlblərdə ona abidələr ucaldır, irsini tədqiq və dünyada təbliğ edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 23 dekabr tarixli sərəncamı ilə Nizami Gəncəvinin 870 illik yubileyinin təntənə ilə qeyd edilməsi şairin irsinin qorunmasına, öyrənilməsinə qayğının bariz nümunəsi olmaqla bərabər nizamişünaslıq qarşısında yeni perspektivlər açır.

 

* * *

 

Dahi şairmiz məşhur fəxriyyəsində özü haqqında yazırdı: Mənaların fəziləti ilə fəzl şahlarının şahıyam, Göyün fərmanı ilə yeri və zamanı tutmuşam. Şeirin sonunda isə özü haqqında söylədiyi təriflərdən xəcalət çəkdiyini bildirib onu bu beytlə bitirir: Bu xəzinənin başını bağla, o bağlamanın ağzını ki, Fazillər onu diyar-diyar ərmağan aparsınlar. Bəli, ağalıq etmək və xidmət etmək Nizami üçün ayrılmaz vəhdətdədir. Nizami hikməti məkanı və zamanı tutmuşdur, çünki bəşəriyyətə xidmət etmiş, edir və edəcəkdir.

 

Arzu HACIYEVA,

AMEA Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 23 dekabr.- S. 7.