Zamanın fövqündə

 

Əvvəllər oxumuş, vaqif, ziyalı adamlara “mirzə” deyə müraciət edərdilər. Bu insanlar cəmiyyətə maarif-irfan işığı daşıyırdılar. Sonralar müəllim kəlməsi girdi dövriyyəyə və bu ad sırf peşə təyinatı ilə bağlı idi. Cəmiyyətdə ən nüfuzlu, hörmətli adamlara bu adla müraciət etməyə başladıq. Ancaq müəllim kəlməsinin ehtiva dairəsi daha genişdir - bu peşə adamı bizə təkcə konkret predmeti, elmi öyrətmir, həyatı, yaşamağı, mübarizə aparmağı, qəhrəmanlığı... da öyrədir.

Ancaq həyatda elə adamlar da var ki, onların ömür yolu, fəaliyyəti, adicə oturuşu-duruşu, davranışı yüzlərlə-minlərlə insana, xalqlara, millətlərə nümunə ola bilir. Bu cür örnək insanlardan, öndər insanlardan idi Heydər Əliyev. 

 

Bir sinfin, auditoriyanın müəllimi olmağa nə var ki?!

 

Heydər Əliyev bütöv bir xalqın, millətin müəllimi olmağı bacardı. Çox şey öyrətdi bizə - müstəqillik uğrunda mübarizə aparmağı və mübarizliyi, qalib gəlməyi və qalibiyyəti. Qüdrətli bir dövlət qurmağı və dövlətçiliyi, onu qorumağı və uğrunda şəhidlik zirvəsinə ucala bilməyi...

 

Böyük yolun başlanğıcı

 

Deyirlər ki, hər bir insanın tale yolunda, inkişafında onun gen başlanğıcı mühüm rol oynayır. Bəlkə elə buna görədir ki, Heydər Əliyevin ucaldığı zirvənin ətəyində duranlar bu yüksəlişin işartılarını onun yeniyetməlik və gənclik dövründə, məktəb və universitet illərində axtarırlar və tapırlar: davranışında, tərbiyəsində, təhsilində, zehnində, intellektual səviyyəsində, ünsiyyət mədəniyyətində, mərdliyində, cəsarətində, sevgisində, vəfasında, insanpərvərliyində, vətənpərvərliyində... Başqa cür mümkün də deyil. Allah-təalanın sevib-seçdiyi, ucaltdığı insanlar elə bu cür də olmalıdırlar.

 

Bu gün biz ulu öndərin uşaqlıq və gənclik illəri ilə bağlı həmin dövrün canlı şahidi olmuş adamların - müəllimlərinin, sinif yoldaşlarının, dostlarının xatirələrini, Yer üzünün böyük insanları barədə qələmə alınmış şirin və maraqlı bestseller kimi mütaliə edirik. Qeyri-adi başlanğıc, qeyri-adi həyat yolu, qeyri-adi insan zəhməti, qeyri-adi qətiyyət və mübarizlik və bütün bunların sayəsində hasil olmuş nəticə - kül içindən gül kimi dikəlmiş unikal Azərbaycan.

 

Naxçıvandan başlanan yol Heydər Əliyevi İkinci dünya müharibəsinin ağrı və ağırlıqlarından qəddini təzəcə düzəltməyə başlamış, təhlükə və problem sarıdan “yarımış” respublikanın çox önəmli kürsülərinə gətirib çıxardı. Dövlət təhlükəsizliyi orqanlarında İttifaq tarixində və coğrafiyasında heç bir müsəlmanın çata bilmədiyi bir mənsəbi fəth etdi general Heydər Əliyev.

 

* * *

 

1969-cu il. Zəngin təbii ehtiyatları, insan resursları olan Azərbaycan xalq təsərrüfatı və sənayenin bütün sahələri üzrə geridə qalaraq ölkənin ucqar və aqrar məntəqəsinə çevrilmişdi. Daha yaxşı yaşamağa haqqı çatan xalqın yeni liderə ehtiyacı vardı. Moskva çox ciddi götür-qoy edir, ortalıqdakı namizədlərin “delo”sunu az qala zərrəbinlə araşdırırdı.

 

Gözlənilən gün gəlib yetişdi. İyul ayının 14-də —  Azərbaycan KP MK-nın XVI  plenumunda Kremlin Heydər Əliyevin namizədliyi üzərində dayandığını nəzərə çatdıran Sov.İKP MK katibi İ.V.Kapitonov onun yaxşı təşkilatçı olduğunu, insanlarla dil tapmağı, işləməyi bacardığını, özünə və tabeliyindəkilərə qarşı tələbkar olduğunu, eləcə də digər müsbət keyfiyyətlərini diqqətə çatdırdı. Beləliklə, Heydər Əliyev respublika kommunistlərinin lideri respublikanın başçısı seçildi.

 

Təbii ki, bundan əvvəl işlədiyi Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində respublikadakı vəziyyət, problemlər barədə ən səhih və müfəssəl məlumatlara malik idi yeni birinci katib. Vəziyyət isə dözülməz idi demək, bəlkə də, heç nə deməməyə bərabərdi. İstisnasız olaraq bütün sahələr üzrə köklü, bəzi hallarda isə radikal islahatlara ehtiyac vardı.

 

 Uzun illərdən bəri Azərbaycanın “yaxasından yapışıb” geriyə çəkən, irəliləməyə, inkişaf etməyə qoymayan, həll olunmadıqca bərkiyib qabara çevrilən səbəblər, onların doğurduğu neqativ nəticələr, cəmiyyət həyatında kök salmış ictimai bəlalar haqqında tarixi 5 avqust plenumunda söhbət getdi.               

 

Ulu öndər haqqında “Şəxsiyyət və zaman” adlı unikal — bu təyini işlətməkdən çəkinmirik — epoxal avtobioqrafik-tarixi əsər yaratmış tanınmış publisist Elmira Axundova öz kitabında avqust plenumunun respublikanın və yeni birinci katibin karyerasında tarixi əhəmiyyət daşıdığını qeyd edir.

 

Qoy ədalət zəfər çalsın!

 

Doğrudan da, birinci katibin məruzəsi konyuktur, qəlibləşmiş sovet-kommunist təfəkkürünün, ideologiyasının çərçivələrini dağıdaraq ortaya problemlərin üzünə şax baxmaq, vəziyyətə məsul adamların ad və ünvanını açıq söyləmək nümunəsi, aşkarlıq örnəyi qoydu. Natiq respublikanın qarşısında duran məsələlərə qeyri-standart yanaşma sərgiləyir, mövcud situasiyanı dərin təhlil süzgəcindən keçirir, perspektivə hesablanmış cəsarətli planlarından söhbət açırdı. Həmin gün plenumun keçirildiyi Siyasi Maarif Evinin salonunda Azərbaycanın bundan sonrakı inkişafının kursu müəyyənləşir, yeni dəyərlər sistemi yaranırdı.

 

Heydər Əliyev başqalarının nəinki adını çəkməyə, ağlından keçirməyə belə ehtiyat etdiyi korrupsiyadan danışırdı... özü də SSRİ-də bir kimsənin bu barədə cınqırını belə çıxarmağa risk etmədiyi bir vaxtda. Xalqın sosial rifahına, güzəranına mənfi təsir göstərən digər neqativ hallardan bəhs edirdi.

 

Respublika kommunistlərinin başçısı xalq malına xor baxanlara, vəzifə səlahiyyətlərindən sui-istifadə edib hədsiz sərvət toplayanlara, rüşvətxorlara, xəlvəti iqtisadiyyatın himayədarlarına qarşı son dərəcə kəskin, prinsipial və birmənalı mövqe tutmuşdu:  Günahkar cəzasını almalıdır!

 

1999-cu ilin noyabrında ölkə ziyalılarının nümayəndələri ilə görüş zamanı müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin dövrü xatırlayaraq bunu belə izah edirdi ki, dövlət məmuru, vəzifəli şəxs dəbdəbəli bağ evi tikdirmək, avtomobil sahibi olmaq üçün mütləq vəzifəsindən sui-istifadə etməli idi: “Mənim bu ciddi tədbirlərim nəyə yönəlmişdi? Azərbaycanda qayda-qanun yaratmağa, rüşvətxorluq, vəzifədən sui-istifadə və korrupsiya ilə mübarizəyə. Bunu Sovet İttifaqında qaldıran mənəm”.

 

Heydər Əliyev respublikanın həm ideoloji, həm də iqtisadi həyatına yeni nəfəs, yeni impuls, yeni psixoloji ovqat gətirdi. İş çox, zaman dar idi. Hər şey həftəyə-aya deyil, saata-günə hesablanmışdı.Və ən əsası da o idi ki, yeni birinci katibin dedikləri və sonradan elədikləri ölkə vətəndaşlarının qəlbinə ümid toxumu səpirdi. İnsanlar inanmağa başlamışdılar ki, tezliklə hər şey yaxşılığa doğru dəyişəcək. Və dəyişdi də.

 

O, işləyən, çalışqan adamları xoşlayırdı; ələlxüsus, başını aşağı salıb kortəbii şəkildə vəzifəsini icra edənləri deyil, işinə yaradıcı münasibət bəsləyənləri, improvizə etməyi bacaranları, təşəbbüskarları. Beləcə, komanda yarandı, Azərbaycanı İttifaq miqyasında irəli çıxaran işlərin hesabı açıldı.

 

“Xəsis” bir statistika yerinə düşərdi: 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radio-texnika, cihazqayırma sənayesi zavodları tikilmiş və nəticədə maşınqayırma məhsulları istehsalı üç beşillikdə 5 dəfədən də çox artmışdı.     

 

1970-ci ildən başlayaraq Azərbaycanın sənaye və kənd təsərrüfatı orta İttifaq göstəricilərini qabaqlayan sürətlə inkişaf etmişdi. İqtisadi inkişafın əsas ümumi göstəricisi - milli gəlir də eyni sürətlə artmış, 1970-1985-ci illərdə 2,6 dəfə çoxalmış, adambaşına milli gəlir isə 2 dəfədən də çox artmışdı.                  

 

13 ildə 18,5 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verildi ki, bu da Bakı boyda yeni bir şəhərin mənzil fondu demək idi. Mənzil şəraitini 2 milyon 200 min adam, başqa sözlə desək, respublikanın hər üçüncü sakini yaxşılaşdırdı.

 

Həmin illər barədə ətraflı bəhs etməyə bəlkə də ehtiyac yoxdur. Elə bircə müqayisə yetərlidir ki, əgər Heydər Əliyevin birinci katıb olduğu dövrdə respublikada tikilənlər sökülsə idi, çox mənhus bir mənzərə yaranardı.

 

1982-ci ilin dekabrında ulu öndər Moskvaya təyinat aldı. Obrazlı ifadə etsək, Heydər Əliyev Kremlin “səmasında parlayan” ilk müsəlman lider idi. İşgüzar keyfiyyətləri və şəxsi məziyyətləri sayəsində o, qısa bir vaxt ərzində nəinki SSRİ miqyasında, eləcə də beynəlxalq siyasi dairələrdə hamının nüfuzu və sözü ilə hesablaşdığı ciddi siyasi fiqura çevrildi.

 

Lakin zamanın dəyirmanı da öz işində idi, fırlandıqca, arxa yeni su gəlirdi. Yəqin fikir vermisiniz, tarix irəlilədikcə cəmiyyətləri, maddi aləmi dəyişdirə bildiyi halda, adi insan paxıllığı, qısqanclığı, riyakarlığı qarşısında həmişə acizdir. O vaxtkı sadə həqiqət isə bundan ibarət idi ki, İttifaqın yeni rəhbərliyi Heydər Əliyevin nüfuz və qüdrətini həzm edə bilmirdi. Ona qarşı ən müxtəlif forma və səviyyələrdə psixoloji savaş açılmışdı. Lakin barəsindəki bütün haqsızlıqlara, riyakarlığa, heysiyyətsiz oyunlara rəğmən bu məkrli davadan alnıaçıq, qalibiyyətlə çıxmağı bacardı Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev.

 

 Sov.İKP MK-nın sonuncu plenumunda (1989-cu il aprel) Heydər Əliyev SSRİ prezidenti M.Qorbaçovun üzünə deyirdi: “Heydər Əliyevə nöqtə qoymağa tələsməyin. Mən hələ son sözümü deməmişəm. Siz hələ mənim barəmdə eşidəcəkciniz”. Plenum iclasının keçirildiyi zalda üzləşdiyi ədalətsizliyə etiraz əlaməti olaraq qapıları çırpan Heydər Əliyev böyük bir sistemi də yerindən laxlatdı. Çünki o, bu sistemi çökməyə qoymayanlardan, çiyinlərini sütun kimi onun ağırlığına sipər edənlərdən, onun bütün mexanizmini əzbər bilənlərdən biri idi. Heydər Əliyev onunla bunca etinasız, sayğısız davranmağa cürət etmiş sistemi də cəzalandırmağı bacardı. Az keçmədi ki, tarix bu əsəb, ağıl, intellekt və xarakter savaşında ehtirassız münsif kimi öz sözünü dedi: Qorbaçovun rus xalqına gərəksizliyini, Heydər Əliyevinsə Azərbaycan üçün zərurət olduğunu ortaya qoydu.

 

O vaxtlar Mərkəzin iradəsi ilə hərəkətə gətirilmiş ideoloci təxribat və terror maşınının aramsız hücumlarında yeganə məqsəd Heydər Əliyevi neytrallaşdırmaqla iki onillik ərzində böyük inkişaf yolu keçərək, saysız-hesabsız müvəffəqiyyətlər əldə etmiş Azərbaycanı diz üstə çökdürmək, qazandıqlarını burnundan gətirtmək idi. Qarşıda hələ bir Qarabağ planı da vardı. Rəsmi Ermənistanın Moskva və xaricdəki havadarlarının köməyi ilə körüklədiyi Dağlıq Qarabağ problemi həmin illərdə Azərbaycan rəhbərliyinin iradəsizliyi və maymaqlığı üzündən kiçik bir qığılcımdan torpaqlarımızı qarsıb yaxan tonqala çevrildi. Sonradan əjdaha kimi ağzını açıb torpaqlarımızı, igid oğullarımızı udan müharibənin durdurulması da məhz xalqın yekdil iradəsi ilə prezident seçilmiş Heydər Əliyevin misilsiz zəhməti sayəsində mümkün olacaqdı.

 

Qurtuluş

 

İyun ayı adi bir təqvim ayıdır. Ancaq adi bir günü, ayı bütöv bir xalqın, dövlətin tarixində taleyüklü məqama çevirə bilmək Tanrı tərəfindən seçilənlərin qismətidir. 1993-cü ilin iyunu. Vətəndaş müharibəsinin bircə addımlığında duran, separatizm meyillərinin girdabında boğulan, hakimiyyət orqanlarının iflic olduğu Azərbaycana havasından barıt qoxuyan belə bir mürəkkəb, dar macalda kömək etmək, bəlkə də, bir insanın öhdəsindən gələ bilməyəcəyi məsələ idi. Ancaq xalq xilasının, nicatının kimin əlində olduğunu yaxşı bilirdi. Gözlər Naxçıvana dikilmişdi...

 

Heydər Əliyevin həmin o təlatümlü, kortəbii ehtirasların tüğyan etdiyi məhşərli günlərdə Naxçıvandan Bakıya qayıdışı, əsl mahiyyətini onilliklər sonra qavraya və qiymətləndirə biləcəyimiz tarixi missiya idi. Gəncəyə təhlükəli olmaqla yanaşı, həm də cəsarətli bir səfərdən, siyasi qüvvələrlə deyil, xalqla müəyyən məşvərətlərdən sonra iyunun 15-də parlament sədri seçilən  Heydər Əliyevin bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə səslədi: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.

 

Həmin gün Azərbaycanın tarixinə QURTULUŞ müjdəsi kimi daxil oldu. Heydər Əliyev üçcə ayın içində dərinləşməkdə olan ictimai-siyasi böhranın qarşısını aldı. Qeyri-adi idarəçilik bacarığı ilə müstəsna dövlətçilik təfəkkürünün, illərin ciddi və heç bir qayda-qanun tanımayan siyasi mübarizə təcrübəsi ilə yenilməz vətəndaş qeyrətinin xəlitəsi kimi xarakterizə edilə biləcək həmin fəaliyyət hər cür təqdirə layiqdir.  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərində həmin fövqəladə hadisəni belə səciyyələndirir: “Bu, həqiqətən möcüzə idi. Tabeçiliyində heç bir strukturun olmadığı, yalnız öz sözünə və bacarığına güvənən siyasi xadim məhz özünün zəngin rəhbərlik təcrübəsinə əsaslanaraq dövlətin dağılmasının qarşısını aldı”.

 

Ancaq xain beyinlər susmamışdı. Müstəqil Azərbaycan dövlətçiliyinə qarşı fitnəkar planlara son qoyulmamışdı. 1994-cü ilin oktyabrında Surətçilərin hakimiyyəti silah gücünə devirmək istəyi uğursuzluğa düçar oldu. Ölkə Prezidentinin çağırışına səs verən xalq ayağa qalxdı, onun yekdilliyi, həmrəyliyi, mütəşəkkilliyi, öz rəhbərinə sədaqəti, etibarlı kövrək addımlarını atmaqda olan Azərbaycan dövlətçiliyinin, müstəqilliklə bağlı ideallarımızın qarantına çevrildi.  1995-ci ilin mart ayında xarici kəşfiyyatların emissarları ilə birləşmiş revanşist-mafioz qrupların hakimiyyəti zor tətbiq etməklə ələ keçirmək cəhdinin qarşısı dövlət başçısı Heydər Əliyevin yenilməz iradəsi və silahlı qüvvələrimizin rəşadəti sayəsində alındı. Üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

 

“Taleyin ilahi vergisi”

 

Haqqında istər-istəməz həyatın dərin fəlsəfəsi ilə bağlı düşüncələrə dalmağa sövq edən bu ifadəni akademik Ramiz Mehdiyevin az öncə adını çəkdiyimiz “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” adlı əsərindən iqtibas etmişik. Ümumiyyətlə, həmin əsər tarixin bütöv bir epoxasına və epoxal şəxsiyyətə, unikal fəaliyyət bioqrafiyası ilə sağ ikən əfsanələşmiş hakimiyyət ustasına, xalqını, Vətənini, dünyanın bütün insanlarını təmənnasız bir sevgi ilə sevən qədirbilən insana həsr olunmuş son dərəcə sanballı, fundamental elmi əsərdir. Bu düşüncələr Heydər Əliyev məktəbinin məzunu və ulu öndərin sadiq silahdaşı, əqidə yoldaşı tərəfindən qələmə alındığına görə verdiyi ümumiləşdirmələrə, gəldiyi qənaətə, toxunduğu mətləblərin həqiqiliyinə oxucuda inam yarada bilir, oxucusunu fakt və kateqoriyalar barədə filosof kimi düşünməyə sövq edir, mənalı bir ömrün müəyyən akkordları ətrafında fəlsəfi kateqoriyalarla düşünməyə çağırır.

 

Müəllif “...üç onillikdən bəri təkcə hakimiyyətin zirvəsində qalmağı deyil, eləcə də milyonlarla insanın sevimlisinə və idealına çevrilməyi...” bacarmış Heydər Əliyev şəxsiyyəti haqqında söz demək üçün ən müxtəlif tədqiqat üsullarının mövcud olduğunu etiraf edir: “Belə bir nəhəng tarixi simanın tədqiqinə müxtəlif yöndən - onun şəxsiyyət və dövlət xadimi kimi öyrənilməsi, yaxud onun formalaşıb siyasi lider kimi təşəkkül tapdığı mühitin müfəssəl təhlili yönündən yanaşmaq mümkündür. Onun dövlətçilik fəaliyyətinin müxtəlif mərhələlərinin təsviri kimi geniş yayılmış yanaşma da məqbul sayıla bilər”.

 

Hakimiyyət dərsləri

 

Bugünkü məmur nəsli ona görə xoşbəxtdir ki, onlara müsbət, yaddaqalan iş görmək üçün velosiped icad etmək lazım gəlmir. Eləcə, ulu öndər Heydər Əliyevin öyüd və tövsiyələrini doğru-dürüst yerinə yetirsələr, kifayətdir. Bir çoxlarında çatışmayan işgüzarlığın formulu isə çox sadədir: zəhmətsevərlik, Vətənə məhəbbət və xalqa təmənnasız xidmət yanğısı. Bu qədəri yetər.

 

Heydər Əliyevin bu gün ən adi təfərrüatlarına qədər xatırlamağa çalışdığımız hər görüşü, nitqi, söhbəti milyonların müdavimi olmağa can atdığı böyük məktəbdir, ali həqiqətlərlə, mürəkkəb olduğu qədər də sadə hikmətlərlə zəngin dərsdir. Bu məktəbin dərsliyi siyasət patriarxı, idarəetmə ustası, müqtədir dövlətçi, azərbaycançılıq ideologiyasının çağdaş milli-estetik və elmi-konseptual əsaslarının müəllifi, güclü xarizmatik şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu, şəxsi nümunəsi və çoxcəhətli fəaliyyətidir. Belə bir ümummilli mirasdan faydalana bilməyənlər isə yalnız nadanlar və əfəllərdir.

 

Ulu öndər fəaliyyəti boyu mənəvi ucalığa xüsusi dəyər verib, bütün nailiyyətlərin zirvəsində tutub, özü yüksək mənəviyyat sahibi olduğuna görə komandasından da eyni keyfiyyətləri tələb edib: “Yaxşı işləyin,  görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin. Bu işlərin yaxşı getməməsinin səbəblərindən biri, bəzən çox böyük səbəblərdən biri də mənəviyyatın pozulmasıdır.

 

...Vəzifəli şəxs gərək hamı üçün nümunə olsun; saflıq nümunəsi, mənəvi təmizlik, işgüzarlıq nümunəsi olsun. Əgər bu yoxdursa, əksinə, vəzifəli şəxslər rüşvət alırlarsa, yaxud insanların hüquqlarını tapdalayırlarsa, digər əyri yollarla gedirlərsə, onda başqalarından nə gözləmək olar?!"

 

 Bir ölkənin rəhbəri cəmiyyətin mənəvi əsaslarını xərçəng kimi gəmirən ictimai bəlalar - rüşvətxorluq, müftəxorluq, əliəyrilik, vəzifədən sui-istifadə kimi neqativ hallar barədə bundan daha kəskin nə deməli idi ki?!

 

Bu dünyanın elə özü kimi də qosqoca, müdrik dəyərləri, meyarları var. Hər şey maddiyyatla, dünya malı ilə ölçülmür, yəni insan tək çörəklə yaşamır. Ləyaqət, kişilik, mərdanəlik, cəsarət, əqidə kimi məziyyətləri də qılınc kimi qəbzəsindən yapışıb qınından çıxarmağın lazım gəldiyi məqamlar yaranır.

 

Heydər Əliyev belə siyasi lider, ölkə başçısı, dövlət xadimi, şəxsiyyət və belə bir kişi idi. Ulu öndər bütün nəsillər üçün zəhmət mücahidi, quruculuq mücəssəməsidir. O həmişə işləyib, qurub, yaradıb. Əgər biz özümüz, ailəmiz üçün işləmişiksə, o, Azərbaycan, azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə çalışdığı 50 milyonluq “Mən azərbaycanlıyam”! fəxarətini bölüşənlər üçün çalışıb. Və həmişə də namusla işləyənin qədir-qiymətini bilib, zəhmətini dəyərləndirməyi bacarıb. Əski sovet dönəmində də belə olub, hakimiyyətinin müstəqillik illərinə təsadüf edən dövründə də. Fəhlənin, bənnanın da, neftçinin, pambıqçının da, alimin, ədibin də, bəstəkarın, müğənninin də layiq olduğu qiymətini verib. Hamını həvəsləndirməyi, sevindirməyi bacarıb. Çünki bircə amalı olub: xalqına təmənnasız xidmət. İnsanlarda düzlük, saflıq, əqidə bütövlüyü, prinsipial mövqe ilə yanaşı, bir özgün məziyyəti də fərqləndirib: işgüzarlıq, zəhmətsevərlik. Vətənə, torpağa bağlılıq məhz bu ali məziyyətlərin məhvərindən keçir. İnsanpərvərliyin, qədirşünaslığın bu yüksəkliyinə heç kəs Heydər Əliyev qədər yüksələ bilməyib.

 

Həqiqi

 

müstəqilliyimizin memarı

 

Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz siqlətinə, tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Bütün subyektiv çalarları, istisnaları, ziddiyyətləri, taleyüklü məqamları, dövlətçilik uğrunda barışmaz mübarizəsi, ümummilli qayə və mündəricəsi ilə.

 

Zaman etibarilə bizə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini düzgün ifadə etmək bir qədər çətindir. Ancaq, heç şübhəsiz, dövlətçilik, idarəetmə, reğional geosiyasət, siyasətşünaslıq haqqında yazılacaq nüfuzlu kitabların müntəxabatı məhz Heydər Əliyev irsindən qaynaqlanacaqdır.

 

Bu gün biz yeni Azərbaycanın həqiqi müstəqilliyini onun üçün fəth etmiş Heydər Əliyev haqqında danışarkən ən müxtəlif aspektlərdən yanaşmalı oluruq: bir hakimiyyət ustadı kimi, dövlətcil məmur, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini qənirsiz məhəbbətlə sevən insan kimi... Və maraqlıdır ki, Heydər Əliyevlə bağlı hər hansı bir ampluada bəhs etsən belə, analogiya gətirə bilmirsən: O, müqayisəyə əl yeri qoymayan, şans buraxmayan şəriksiz və alternativsiz şəxsiyyətdir.

 

Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Təsadüfi deyildir ki, çağdaş tariximizin və cəmiyyətin nəzəri-fəlsəfi görüşlərinin tədqiqatçıları Heydər Əliyevi müasir, inkişaf etmiş   demokratik Azərbaycanın qurucusu və memarı adlandırırlar.

 

Bu gün Prezident İlham Əliyevin real və konkret iş görməyə hesablanmış müdrik və pozitiv siyasəti sayəsində bir çox parametrlərinə görə inkişaf etmiş dünya ölkələri ilə bir sırada dayanan Azərbaycan həmin inkişafa görə ulu öndərin uzaqgörən siyasətinə borcludur.

 

Bu gün Azərbaycanda inşa olunan hər bir tikili, salınan yol, qurulan körpü, istifadəyə verilən müəssisə, elmi-mədəni nailiyyətlərimiz firavan, rifahlı həyatın təsdiqidir.

 

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri də fikir, söz və mətbuat azadlığının təmin edilməsi, onların cəmiyyət həyatının demokratik norması və aparıcı dəyərləri qismində səciyyələndirilməsi olmuşdur. Bu gün mətbuata təzyiqlərdən ağzı köpüklənə-köpüklənə danışan sabiq hakimiyyət nümayəndələri “riyakarcasına” unudurlar ki, senzuranı onların iqtidarı tətbiq etmişdi, jurnalistlərə qarşı fiziki və mənəvi zor, təzyiq məhz onların vaxtında mətbuatla davranışın adi normasına çevrilmişdi. İctimai fikri, sözü həmin xaos, terror və təxribatlardan məhz Heydər Əliyev xilas etdi. Çağdaş kütləvi informasiya təsərrüfatının durumu, burada cərəyan edən hadisələr dövlət başçısının mətbuata necə loyal, tolerant və demokratik münasibət bəslədiyini bir daha təsdiqləyir. Heydər Əliyev siyasi plüralizmin, söz və mətbuat azadlığının, insan hüquqlarının təminatçısı olduğunu bəyan etməklə bu məsələlərə dövlət siyasəti statusu qazandırdı.

 

* * *

 

Ulu öndər Heydər Əliyev dünyanın mövcud hikmətlərinin əxzini mümkünləşdirən universal bir məktəb, ən saf və ülvi mənəvi-əxlaqi dəyərləri özündə təcəlli etdirmiş bəşəri məbəd, xarizması və kişiliyi ilə dostu da, düşməni də tərksilah etməyi bacaran bənzərsiz bir şəxsiyyət idi. Bu gün haçansa onunla təmasda olmuş, işləmiş, səfər yolçuluğunu bölüşmüş, hətta kənardan müşahidə etmiş insanlar belə Yer üzünü özünün mövcudluğu ilə şərəfləndirmiş, real olduğu qədər də əfsanəvi bir şəxsiyyəti tanımağın bəxtiyarlığını yaşamaqdadırlar.

 

Xalid NİYAZOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2012.- 25 dekabr.- S. 4.