Səmimi təbriklər, xoş arzular

 

Çağdaş  uşaq  ədəbiyyatımızın  tanınmış  nümayəndəsi ədəbiyyatşünas,  pedaqoq   Zahid Xəlilin  anadan  olmasının 70 illiyi ədib-alimin uzun  illərdən bəri  çalışdığı  Azərbaycan Dövlət  Pedaqoji Universitetində təntənə  ilə   qeyd olundu.

 

Mərasimi  giriş  sözü ilə  açan  ali  məktəbin  rektoru, AMEA  müxbir  üzvü  Yusif Məmmədov yubilyarın  mənalı  həyat yolu,  ədəbi-bədii  prosesdə və elmi-pedaqoji yaradıcılıqda  qazandığı  uğurlar  barədə  yığcam  məlumat verdi,  ona   kollektivin təbrikini və xoş  arzularını çatdırdı.

 

Universitetin  dosenti Füzuli Əsgərli  uşaq şeiri, nəsri və dramaturgiyasının  klassik ənənələr üzərində  inkişaf etdirilməsi sahəsində  Zahid Xəlilin  məhsuldar  yaradıcılığı  barədə  məruzə  ilə  çıxış etdi. Natiq  istedadlı  ədibin əsərlərinə  uşaqların  bədii-intellektual  yöndə formalaşması  baxımından  nəzər saldı,  uşaq  ədəbiyyatının  tarixi-nəzəri  məsələlərinin  tədqiqi ilə  bağlı   xidmətlərini vurğuladı.

 

AMEA-nın  vitse-prezidenti  Arif Həşimov,  Nazirlər  Kabineti  mətbuat  xidmətinin   rəhbəri, yazıçı-publisist Akif  Əli,  Mədəniyyət    Turizm Nazirliyinin  şöbə  müdiri,  şair Çingiz  Əlioğlu,  professorlar — Əjdər  Ağayev,  Qara Namazov,  Nizami  Xudiyev,  Buludxan  Xəlilov,  şairlər — Yusif Nəğməkar və  Rafiq   Yusifoğlu  uşaq  ədəbiyyatının və ədəbiyyatşünaslığının  inkişaf etdirilməsində, pedaqoji kadrlar  hazırlanmasında  şair,  yazıçı, dramaturq, professor  Zahid Xəlilin xidmətlərindən  söz  açdılar, onu  ədəbi-elmi  ictimaiyyət adından səmimi  təbrik  etdilər.

 

Sonda yubilyar  söylənən  xoş  sözlərə  və təbriklərə  görə minnətdarlığını  bildirdi,  bədii-elmi-pedaqoji yaradıcılığı  ilə bundan  sonra da Vətənə ləyaqətlə xidmət edəcəyini  söylədi.

 

Mərasimdə  tanınmış  sənətçilər  Zahid  Xəlilin  sözlərinə  yazılmış  nəğmələri səsləndirdilər.

 

 

Xalq qəzeti.- 2012.- 26 dekabr.- S. 5.