Xarici ölkələrdəki Azərbaycan cəmiyyətləri mütəşəkkil qüvvəyə çevrilib

 

Ötən əsrin sonlarında görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə özünəlayiq yer tutan  Azərbaycan Respublikası bu gün sürətli iqtisadi inkişafı, tərəqqisi ilə diqqətləri üzərinə cəlb etmiş,  modernləşmə yolunda böyük məsafə qət etmişdir. Ümummilli  liderimizin vaxtilə  dediyi  “Azərbaycan  dünyaya Günəş  kimi doğacaq” ifadəsi  artıq  həyatda  öz əksini tapmışdır.  Güclənən, qüdrətlənən ölkəmizin əldə etdiyi misilsiz nailiyyətlər  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda böyük ruh yüksəkliyi yaratmış, dünya azərbaycanlılarının mənəvi dayağı olan respublikamızın yüksəlişi  xaricdəki cəmiyyətlərimizin fəaliyyətinə müsbət  təsir göstərmişdir.

 

Hazırda  dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən  420-dək Azərbaycan cəmiyyəti ölkəmizin  haqlı  mövqeyini  uğurla müdafiə  edir,  haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini əsirgəmirlər.

 

Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən azərbaycançılıq məfkurəsi artıq yaranmışdır. Bu baxımdan, Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Gününün  təsis olunması böyük əhəmiyyətə malik idi.  Bu əhəmiyyətli günün təsis olunması da  məhz ulu  öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Məlumdur ki,  1989-cu  il  dekabrın  axırlarında  Naxçıvanda SSRİ-nin tikanlı məftilləri söküldü  Arazın hər iki tayında yaşayan  azərbaycanlılar  arasında  ünsiyyət  yaranmağa başlandı. 1991-ci ilin dekabrında Naxçıvan  Muxtar Respublikası  Ali Məclisinin sədri  Heydər Əliyev  dünya  azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini  nəzərə alaraq  Ali Məclisdə dekabrın 31-nin Dünya Azərbaycanlılarının  Həmrəyliyi  Günü  elan edilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif yekdilliklə qəbul edildi və Azərbaycan Ali Sovetinə də eyni addımın atılması tövsiyə olundu. Beləliklə, bütün azərbaycanlılar  üçün  əziz  olan 31 Dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəyliyi Günü  hər il  bayram kimi qeyd edilməyə  başlandı, bu gün Azərbaycan xalqının birlik şüurunun  və azərbaycançılıq   məfkurəsinin simvoluna çevrildi.

 

Bu, bir daha göstərir ki, xalqmilli dövlətçilik üçün  zəruri olan  bütün nüansları  vaxtında  görmək  və ardıcıl olaraq  məsələləri həll etmək  kimi  xüsusi keyfiyyətlərə  malik  olan türk dünyasının böyük dövlət xadimi Heydər Əliyev  həmrəyliyə, birliyə aparan yolu doğru müəyyənləşdirmiş, lazımi addımları vaxtında atmışdır.  Böyük öndər 2001-ci  il  mayın 23-də  Dünya  Azərbaycanlılarının  I  qurultayının  keçirilməsi  haqqında  sərəncam  imzalamışdır. Həmin qurultayda 36 ölkədəki 200  müxtəlif  təşkilatdan 406 nümayəndə, 63  qonaq  iştirak etmişdir. 2002-ci  il iyunun 5-də  Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla  İş üzrə  Dövlət Komitəsinin yaradılması haqqında”  fərman  imzalamışdır. Bu fərman  xaricdə  yaşayan azərbaycanlıların  diaspor  təşkilatlarının  yaradılması,  onların  fəaliyyətinin  mütəşəkkil  qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının  siyasi    ideoloji  birliyinin təmin olunması  baxımından  müstəsna əhəmiyyət  daşıyan  tarixi sənəd  olmuşdur. Ulu öndər təkcə birbaşa bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumu yaratmaqla və diasporların  təşkili  və inkişafını  dövlətin xarici  siyasətinin  əsas elementlərindən  birinə   çevirməklə  kifayətlənməmişdir. O,  xarici səfərlərində  həmişə xaricdəki cəmiyyətlərimizin üzvləri  ilə şəxsən görüşür, onları  ruhlandırır,  öz  tövsiyələrini verirdi. 

 

Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, mütəşəkkil diasporungüclü lobbinin formalaşması məsələsini daim diqqətdə saxlamış, dövlətimizin başçısının verdiyi tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etmişdir. Azərbaycanın dövlət başçısının təşəbbüsləri təkcə ölkəmiz üçün deyil, bütövlükdə türk dünyası üçün faydalı nəticələr vermişdir. Belə ki, ötən illər ərzində Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar olmuşdur. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirib.

 

Bu da məlumdur ki, qloballaşan  dünyanın  reallıqları diaspor  quruculuğu sahəsində  Azərbaycanın  qarşısında yeni  vəzifələr  qoyur. Xalqlar  arasında  gedən  sürətli  inteqrasiya  prosesləri, diaspor    lobbi  təşkilatlarının  beynəlxalq  siyasətdə   artan  rolu  bu sahədə   daha  genişmiqyaslı  fəaliyyət  göstərilməsini  zərurətə çevirir. Bu sahədə ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə  aparılan ardıcıl,  məqsədyönlü  işlər  öz  müsbət  bəhrəsini vermişdir. 2008-ci  il noyabrın 19-da Azərbaycanın dövlət başçısının imzaladığı  sərəncam  ilə  Xaricdə Yaşayan Azərbaycanlılarla  İş üzrə Dövlət Komitəsinin  əsasında Diasporlarla  İş üzrə Dövlət  Komitəsinin  yaradılması da bu istiqamətdə aparılan işin daha da təkmilləşdirilməsinə xidmət edirdi.

 

2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuşDünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunması, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr öz əksini tapıb.

 

Ölkəmizdə keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edən diaspor təşkilatlarımızın nümayəndələrinin sayındakı davamlı artım dinamikası xaricdəki cəmiyyətlərimizlə aparılan məqsədyönlü işin nəticə verməsinin göstəricisidir.  Yuxarıda qeyd etdiyimiz kimi, 2001-ci  il  mayın 23-də  Dünya  Azərbaycanlılarının  I  qurultayında 36 ölkədən 406 nümayəndə  iştirak edirdisə, 2006-cı ilin mart ayının 16-da keçirilən qurultayda 49 ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak edirdi. Keçən il iyulun 5-də baş tutan  III qurultaya isə 1272 nümayəndə seçilmişdi. Bu mötəbər mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak etmişdir. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunurdu. Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılmışdı. Dünya mətbuatı tədbirə böyük maraq göstərmiş, qurultayın işini 21 xarici ölkədən 37 media işçisi işıqlandırmışdı.

 

Mötəbər tədbirdə  2001-ci ildə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etdirilməsi və şuranın icra katibliyinin yaradılması qərara alınırdı. Qurultay iştirakçıları Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə şuranın icra katibi vəzifəsinə seçdilər. Qurultayda qərara alındı ki, Əlaqələndirmə Şurasının tərkibi 107 nəfərdən 115 nəfərə çatdırılsın. Bu, xaricdəki Azərbaycan cəmiyyətlərinin birgə fəaliyyətinin tənzimlənməsində uğurlu nəticələr əldə olunmasına rəvac vermişdir. Bundan başqa, Dünya azərbaycanlı gənclərinin I konqresində qəbul olunmuş qərara uyğun olaraq Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması təşəbbüsü yüksək qiymətləndirilmiş, xaricdə yaşayan azərbaycanlı gənclərin bu prosesdə fəal iştirakının təmin edilməsi üçün tədbirlər görülməsi məqsədəuyğun hesab edilmişdir.

 

Dünya Azərbaycanlılarının III qurultayının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mötəbər tədbirdəki çıxışına diqqət çəkərək bildirirdilər ki, ölkə rəhbərinin tarixi nitqi qarşıya yeni vəzifələr qoymuş, xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Dövlət başçısının tövsiyə və tapşırıqları dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli ideologiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq qiymətləndirmək imkanı yaratmışdır.  Onu da unutmamalıyıq ki, cəmiyyətlərimiz Azərbaycan həqiqətlərini, mədəniyyətimizi, tariximizi, öz dəyərlərimizi istənilən ölkədə təbliğ etməklə həm dövlətlərimizi, xalqlarımzı bir-birinə yaxından tanıdır, həm də bir körpü rolunu oynayırlar. Bu baxımdan, təbii ki, hər bir azərbaycanlı xaricdə öz dövlətini, millətini layiqincə təmsil etməlidir ki, xalqı barədə fikir yarada, ona hörmət bəslənməsinə nail ola bilsin. Çünki bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Həmin insanlar bizə qarşı mübarizə aparırlar. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı ləkələmə kampaniyası aparırlar, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, əsassız faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar.

 

Etiraf  etmək lazımdır ki,  bu gün  erməni dispor  təşkilatları  güclü təşkilatlanmış bir  çox ölkələrin  ictimai-siyasi  həyatında  təsir imkanlarına  malik olan lobbilər səviyyəsinə çatmışdır.  Təəssüflər  olsun ki, bir  sıra  beynəlxalq  təşkilatlarda  və aparıcı dövlətlərdə  erməni  lobbisinin təsiri  altına  düşən,  onlarla simbioz vəziyyətdə  fəaliyyət göstərən  xeyli sayda ictimai-siyasi   xadimlər  vardır. Bu mənada Azərbaycan diaspor  təşkilatlarının əsas  vəzifələrindən  biri  erməni  lobbisinin  və onların  tərəfkeşlərinin dövlətimizə  və xalqımıza  qarşı  apardığı  mənfi  fəaliyyəti  neytrallaşdırmaqdan və haqq səsimizi dünyaya çatdırmaqdan ibarətdir. Bu  mübarizədə  diasporlarımızın müttəfiqləri dost ölkələrin  diasporlarıdır.  Söz yox ki,  ən böyük   dayaq Azərbaycan dövləti  türk  diasporlarıdır.

 

Bu da bir həqiqətdir ki, hər hansı xarici bir ölkədə diaspor təşkilatlarımızın sayının  çox olması heç də təsir imkanlarımızın artması mənasına gəlmir. Təbii ki, onların ictimai rəyə təsir imkanları az olarsa, onda gücü birləşdirmək, birlikdə hərəkət etmək və pərakəndəliyə son qoymaq lazımdır. Yəni az, ancaq güclü təşkilatların olması artıq dövrün tələbidir.  Bunun üçün əgər bəzi cəmiyyətlər arasında ziddiyətlər, anlaşılmazlıqlar, problemlər varsa da, onlar qısa zamanda aradan qaldırılmalıdır. Buna görə də, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ barədə danışarkən xaricdəki cəmiyyətlərimizin nümayəndələrini  məhz birliyə, həmrəyliyə dəvət edir, xüsusilə vurğulayır ki, bizim gücümüz birliyimizdədir. Hazırda dünyanın aparıcı dövlətlərinin mərkəzi şəhərlərində mədəniyyət evlərinin yaradılması məsələsi Azərbaycan dövlətinin gündəmindədir.  Həmin mədəniyyət evləri və ya istənilən obyektlər Azərbaycanın dövlət mülkiyyəti olacaq. Orada həm Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərəcək, həm də Azərbaycan ticarət evləri yaradılacaq.  Bu, çox mühüm hadisədir. Çünki burada ardıcıl olaraq ölkəmizi təbliğ edən materialların yayılması ən böyük uğurumuz ola bilər. İnanırıq ki, bu mərkəzlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaqdır. Bu,  hər bir Azərbaycan vətəndaşının, xaricdə yaşayan bütün soydaşlarımızın xeyrinədir, onların müdafiəsinə yönəlmiş bir addımdır, onların arxasında dayanan dövlətin gücünü, dövlət başçısının qayğısını göstərən amildir.

 

Bu gün Azərbaycan diasporu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktları barədə beynəlxalq təbliğat kampaniyalarını yüksək səviyyədə təşkil edir. Dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” kampaniyasının uğurla getməsi və soyqırımının anım mərasimlərinin yüksək səviyyədə baş tutması, lazımi məqamlarda erməni lobbisinə qarşı ciddi mübarizə aparılması onu göstərir ki,  xaricdəki Azərbaycan cəmiyyətləri artıq mütəşəkkil qüvvəyə çevriliblər.  Bununla belə, Azərbaycanın dövlət başçısı xaricdəki soydaşlarımızı əldə edilən nailiyyətlərlə kifayətlənməməyi, bundan  sonra fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə edir. Məmnuniyyətlə qeyd edə bilərik ki, diasporumuzun hər bir üzvü bu tövsiyyələri fəaliyyətinin əsas amalı hesab edir.

 

Xalq qəzeti.- 2012.- 27 dekabr.- S. 5.