Ziyalı humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcısı olmalıdır

Ziyalı və ziyalılıq haqqında bəzi mülahizələr

 

Kimdir ziyalı?  Ziyalılıq nədir? Bu suallara ən müxtəlif şərhlər verilir. Bütün hallarda ilk olaraq vətən, insan, millət, dövlət və milli dövlətçilik kimi ali dəyərlər və onlara münasibət yada düşür. Ziyalılıq mədəniyyətin daşıyıcısı və müəyyən mənada milli mədəniyyətin fenomenidir. İlkin mənada ziyalılıq əqli fəaliyyət   anlamına gəlir. Sosial mənada isə ziyalı dedikdə bilik və təcrübəni sistemləşdirmə qabiliyyəti yüksək olduğu insanlar qəbul edilir. Ümumilikdə isə ziyalı, əksər mənbələrdə əqli əməklə peşəkar səviyyədə məşğul olan insan kimi təqdim olunur.

 

İntellektual potensialın fəal təmsilçisi olan ziyalı inkişafın geniş  spektrini ehtiva edən bilikləri ortaya qoyur. Həmin biliklərin cəmiyyətin və dövlətin inkişafına xidmətində ziyalının yeri onun vətəndaş mövqeyini müəyyənləşdirir. Ziyalıların böyük sosial qrup kimi təşəkkül tapdığı son yüzilliklərin təcrübəsi göstərir ki, onun tərəqqiyə  intellektual xidmət səviyyəsi ən önəmli keyfiyyətdir. Bu səbəbdəndir ki, ziyalı və intellektual anlayışlar bir sıra hallarda eyniləşdirilir.

 

Ziyalı onu əhatə edən ətraf aləmdə, həyatda və zəmanəmizdə baş verənlərin, bütün  hadisə, proses və problemlərin üzərinə işıq (ziya) salan, onlara aydınlıq gətirən, insanlara dürüst yol göstərəndir. Ziyalı humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcısı, ali keyfiyyətlər sahibi olan insandır.  Ziyalı ilk növbədə ictimai hadisələrə obyektiv yanaşmağı bacarmalı, tarixi şəraitdən düzgün baş çıxarmalı, ölkənin, vətən torpağının, ətrafındakı insanların taleyi ilə bağlı qərarların qəbul edilməsində fərqlənməlidir. O, fəaliyyətində vətənpərvərlik ideyasını daim üstün tutmalı, milli mənlik şüurunun inkişafına önəm verməlidir.

 

Bir həqiqəti unutmamalıyıq ki, cəmiyyət həyatında ziyalının rolu yüksəldikcə onun sözünün ictimai məsuliyyəti də artır. Bu isə ölkədə mənəvi-psixoloji mühitin sağlamlaşmasına, güclənməsinə müsbət təsir göstərir. Şübhəsiz, bu, həm də son nəticədə ziyalının vətəndaş mövqeyinin ifadəsinə çevrilir  hər bir ziyalı öz fəaliyyətində irəli sürdüyü mövqeyə görə məsuliyyət daşıyır. Ziyalı hər zaman özünün yüksək davranış mədəniyyəti, zəngin daxili aləmi və nümunəvi əxlaqı ilə seçilir. Bu, tarixən  belə olmuşdur, indi də belədir və belə də olmalıdır.

 

Cəmiyyətdə ziyalı missiyası, ziyalı sözü arxa plana keçiriləndə ölkədə sosial  proseslər ləngiyir, hətta bir çox hallarda tənəzzül və böhran başlayır. Baş verən olayları normal axara salmaq və milləti vahid məqsəd ətrafında səfərbər etmək müşkülə çevrilir. Müstəqilliyin ilk illərində ziyalılara arzuolunmaz münasibətdə qeyd etdiyimiz biganəliyin rolu az olmamışdır. Odur ki, ümummilli liderimiz Heydər Əliyev ölkə və dövlət əhəmiyyətli hər bir məsələnin müzakirəsində ziyalıları öz  mövqeyini birmənalı şəkildə bildirməyə çağırırdı.

 

Bu gün Azərbaycan ictimai mühitində bəzən əqidə istiqaməti müəmmalı “ziyalıya” da rast gəlinir. Beləsinin dünən dediyi bugünkünə uyğun gəlmir. Ziyalının cəmiyyətə müraciətində ritorik suallar olmamalıdır. Onun məsuliyyəti yalnız tənqiddə yox, hər bir tənqiddən sonra təklifdə ifadə olunmalıdır. Unutmaq olmaz ki, bəşəriyyətin inkişafında varislik keçmişi dəyərincə qiymətləndirmək mövqeyinin üzərində formalaşmışdır.

 

Ölkəmizdə gənc dövlətçiliyin daha böyük diqqətə və qayğiya ehtiyacı olduğunu anlayan ziyalı cəmiyyətdəki emosiyaların müsbət məcraya yönəldilməsində öndə olmalıdır. İnkişafın trayektoriyası, məlum olduğu kimi spiralvaridir. Həyatın eniş-yoxuşları insanların düşüncəsinə təsirsiz qalmır. Müvəqqəti çətinlikləri qabartmaqbu müstəvidə şəxsi mənafe güdmək,  prosesləri dramatikləşdirərək gərginlik yaratmaq ziyalı əməli deyildir. Yəni, ziyalı şəxsi mənafedən yuxarıda dayanmağı bacarmalı, fürsətçilikdən, konyukturadan, mövqe dəyişkənliyindən uzaq olmalıdır. Vətən, millət, dövlətçilik təəssübkeşliyi də məhz bunu tələb edir.

 

Azərbaycan xalqı 20-25 il əvvəl belə bir məqamın şahidi olub, bunu  öz tarixi taleyində yaşayıb. O zaman (ötən əsrin 80-ci illərinin sonları) ziyalılar sıxışdırılır, gözdən salınırdı. Ziyalıların qaragüruh qarşısında geri çəkilməsi milli mücadiləmizi uğursuzluğa sürüklədi. Azərbaycanda müstəqillik uğrunda mübarizə həm  hakimiyyət naminə savaşa çevrildi, həm də Qarabağ hadisələrində məğlubiyyətlər silsiləsinə şərait yarandı. Lakin çox keçmədən özünü toparlayan ziyalı qrupunun qətiyyətli, təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bununla da amansız,  faciəli və dağıdıcı  proseslərin qarşısı alındı. Azərbaycan ziyalısı müasir dövlət quruculuğu prosesinin ən fəal iştirakçısına çevrildi. Həmin dövrdən başlayaraq, ziyalılarımız  ölkədə hökm sürən siyasi kataklizmlərin aradan qaldırılmasında  sağlam mövqe sərgilədi, xalqın və ölkənin müqəddəratına sahib çıxdı.

 

Ziyalı hansı mühitdə, hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, vətəndaşlıq mövqeyindən çıxış etməli, xalq və millət təəssübkeşliyini diqqət mərkəzində saxlamalıdır. Bu fikri dahi öndərimizin timsalında bir qədər də genişləndirmək yerinə düşər. Hamımız ulu öndərimizin milli ideyanın və milli dövlətçilik ənənəsinin təşəkkülü və təkamülü üçün zəruri bir məqamda hakimiyyətə gəlməsini yaxşı xatırlayırıq. O dövrdə milli şüurun, dövlətçiliyimizin və iqtisadi potensialın gücləndirilməsi Heydər Əliyevin ali məqsəd və məramı idi. Bu, ümummilli liderimizin müdrikliyi, uzaqgörənliyi ilə yanaşı, birbaşa onun ziyalılığı ilə bağlı idi. Heydər Əliyev özü də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində birbaşa xalqaonun aparıcı qüvvəsi olan ziyalılara arxalandı. Müasir Azərbaycanda ictimai-siyasi və fəlsəfi biliklərin inkişafında müstəsna xidmətləri olan görnkəmli alim, ictimai elmlərin alternativsiz lideri akademik Ramiz Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi,  Heydər Əliyev  ümummilli inkişaf problemlərinin həllini  milli mənafelərin qorunmasını həyatının mənası hesab edirdi.  Məhz onun titanik fəaliyyəti  keçən əsrin 70-80-ci illərində Azərbaycanda güclü iqtisadi baza yaradılmasına imkan vermişdi. Dahi rəhbərin əsas güvənc yeri isə respublikanın idarə olunmasında iştirak etməyə başlamış milli kadrlar idi. Heydər Əliyev ziyalı gücünü, ziyalı düşüncəsini yüksək qiymətləndirdiyi üçün o dövrdə Azərbaycanın iqtisadi potensialının güclənməsi ilə yanaşı, elm-təhsil, mədəniyyət, tibb, kənd təsərrüfatı və sənaye  sahələrində çalışan ziyalıların, mütəxəssislərin, idarəedici kadrların  inkişafı qayğısına qalınır, onların sosial şəraitinin yaxşılaşması üçün tədbirlər həyata keçirilirdi. Azərbaycançılıq ideyasının, millətdə milli mənlik şüurunun inkişaf etməsi üçün əlverişli şərait yaradılırdı. Bütün bunlar müstəqilliyin ilk dövrlərində özünün müsbət təsirini əyani şəkildə  göstərirdi.

 

Ulu öndərimizin Azərbaycana rəhbərliyinin birinci dönəmində ziyalılığa  o cür diqqət və qayğı göstərilməsəydi,  dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi prosesində hansı çətinliklərlə üzləşəcəyimizi təsəvvür etmək heç  çətin deyil. Heydər Əliyev kimi dahi şəxsiyyət 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə gəlməsəydi, müstəqilliyimizin, dövlətçiliyimizin aqibəti bəlkə də 1920-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin taleyi kimi olardı.

 

Ümummilli liderimiz Heydər Əliyev Azərnbaycanın ikinci dəfə belə bir taleyi yaşamasına imkan vermədi. Onun Azərnbaycanın öz tarixi keçmişinə nəzərən inkişaf yolunu düzgün müəyyənləşdirməsi, keçid mərhələsinin uğurla başa çatması kimi həyati əhəmiyyətli məsələlərdə ümumi istiqamətləri dəqiq müəyyən etməsi və əsl vətənpərvər  ziyalı kimi lazımi mövqe tutması istiqamətində fəaliyyətinin bütün çalarları akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi əsərlərində öz əksini tapmışdır.

 

Azərbaycanda gedən dövlət quruculuğu proseslərinin memarı, tarixi şəxsiyyət və ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyətini ideya qaynaqları baxımından yüksək səciyyələndirən, Azərbaycanda demokratikləşdirmə prosesinin böyük nəzəri baza əsasında həyata keçirildiyini şərh edən akademikin nəzəri ümumiləşdirmələri, konkret ictimai-siyasiideoloji problemlərlə əlaqənləndırilmiş tarixi fikirləri insanın, cəmiyyətin bu günü və gələcəyini dərketmə yükünü yüngülləşdirir, milli mənlik şüurunun müasir səviyyədə formalaşmasına xidmət edir. Bütün bunların arxasında dayanan müəllif mövqeyi əsl ziyalılıq nümunəsidir.

 

Hörmətli akademikin  qeyd etdiyi kimi, “Azərbaycanın XX əsrdəki intibahı, SSRİ-nin süqutundan sonra isə həqiqətən müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, sosial-iqtisadi inkişaf yoluna çıxması, ölkənin uzunmüddətli tərəqqisinin əsasını qoyan neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi, hüquqi, dünyəvi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyev dühasının, müdrikliyinin, cəsarətinin və yenilməz iradəsinin nəticəsidir”.

 

Akademik Ramiz Mehdiyev çoxmilyonlu oxucusuna Heydər Əliyevi təkcə dövlət başçısı kimi deyil, xarizmatik lider, XX əsrdə Azərbaycan dövlətçiliyinin xilaskarı, dünya siyasətinə təsir göstərən qüdrətli şəxsiyyət, bütün həyatını xalqına və doğma vətəninə xidmətə həsr etmiş böyük azərbaycanlı kimi təqdim edir. Bu, minlərlə Azərbaycan ziyalısının mövqeyilə tam üst-üstə düşür.

 

Vay o günə ki, ziyalı deyilən şəxsin  milli mövqeyi bilinməsin, konyuktur xislətinin əsiri kimi  öz mənafeyini cəmiyyətin, dövlətin maraqlarından üstün tutsun, onun maraqlarına uyğun gəlməyən hər şeyi qara görsün.  Təbii ki, bu halda belələrinə ziyalı demək, onlara ziyalı qismində yanaşmaq çətin olur. Bunları elə - belə, sözgəlişi demirəm. Bu gün bəzi “ziyalı” sayılan, ən yüksək diplomlara malik elə şəxslərə rast gəlinir ki, ölkənin və xalqın mənafeyi onun maraq dairəsindən kənardadır, milli mövqeyi qaranlıqdır. Təbii ki,  cəmiyyət belə “ziyalılara” öz qiymətini verir. Belə şəxslər zaman-zaman öz mənafeyi, tamahı naminə dövlətçiliyə təhlükə yaradan hansısa şəxsin, qrupun təsir dairəsinə düşür, ziyalı kimi yox,  ziyanlı kimi fəaliyyətdə olur  bu nadanlar fəaliyyətlərindən heç bir narahatlıq hissi belə  keçirmirlər.  Çünki, necə deyərlər,  yanlış iddiası, şəxsi mənafeyi onu laqeydləşdirib, biganələşdirib. Bəsirət gözü bağlanıb. Belələri, etiraf edək ki, çox təhlükəlidir, hətta bir sıra hallarda ictimai fikri çaşdırmaq iqtidarındadırlar. Onların üzünü  cəmiyyətə tanıtmaq, məqsəd və məramlarını faş etmək əsl ziyalıların mənəvi borcudur, vəzifəsidir. Belə məqamlara biz ziyalılar  kəskin mövqe bildirməliyik. “Opponentlərimizin” fikirlərinin arxasında hansı niyyətlərin dayandığını cəmiyyətə çatdırmaqda ağırlıq yükünü əsl ziyalı öz üzərinə götürməyi bacarmalıdır.

 

Ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, bugünkü iqtisadi inkişaf tempimiz, siyasi sabitliyimiz, müstəqil siyasətimiz bəzi qüvvələrin heç də həmişə xoşuna gəlmir, onların qısqanclığına səbəb olur. Heç  kəsə sirr deyildir ki, cəmiyyətimizin bütün vətənpərvər  təbəqələri hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib. Əlbəttə, bu birlik, bu mütəşəkkillik xalqla hakimiyyət arasında səmimi təmasa və qarşılıqlı etimada əsaslanır. İndiki uğurun, qələbənin kökündə, özülündə məhz bu amil dayanır. Şübhəsiz ki, bu məcrada  Azərbaycan cəmiyyəti getdikcə  saflaşır, zənginləşir və təmizlənir. Lakin buna baxmayaraq, məkrli xarici qüvvələr və onların təəssübkeşləri  ölkəmizdəki  bəzi qüvvələri öz təsir dairələrinə  salmaqla bu sahədəki üzdəniraq  təxribat metodlarından  istifadə edirlər.

 

Ziyalılıq fəlsəfəsinin mahiyyəti və ziyalılığa kölgəsalma metodologiyasının anatomiyasının açılması üçün bir neçə məsələyə aydınlıq gətirək.  Tarixi təcrübədə elə “ziyalılar”a  rast gəlinir  ki,  vaxtsa, hansısa bir tələbi, yaxud istəyi gerçəkləşmədiyindən onlar qeyd olunan təxribat zəncirinin həlqəsinə çevrilməklə  psixoloji müharibəyə” qoşulurlar. Yaxud, xaricdən aldıqları “ənam” hesabına ölkədə düşmən güclərin sifarişilə müxalifət mətbuatında  səsləndirdikləri fikirlərlə, yalan məlumatlarla cəmiyyətdə gərginlik yaratmağa, stabil sosial mövqe tuta bilməyən qrupları təsir altına salmağa çalışır, təxribat törədirlər.

 

 “Təxribat tipli psixoloji müharibə”  anlayışına  amerikalı tədqiqatçı Valter Berns aydınlıq gətirərək yazır:  “...Bu müharibənin əsas hücum və müdafiə vasitələri  təbliğat və təxribatdır. Cəbhəxanası isə söz, yazı, rəsm, kitablar və İKT vasitəsilə yayılan  audio-video materiallardır. Bu müharibə üsulunun məqsədi insanları inandırmaq və onları neqativ fəaliyyətə çağırmaqdır. Bununla qeyd etdiyimiz qrupların zehinlərini nəzarət altına almağa çalışırlar...”.

 

Xatırlatmaq  yerinə düşər ki, çinli general Sun-Tszı eramızdan əvvəl VI yüzillikdə bu mövzuda yazdığı kitabda türk dövlətlərinin parçalanmasında istifadə olunanpsixoloji  müharibə” üsulundan ətraflı bəhs edir. Maraqlıdır ki, bu gün bizim bəzi “ziyalılarımız” da bu tövsiyələrdən məharətlə bəhrələnirlər. Yəni,  onlar təxribat obyekti kimi  iqtidar komandasında seçilən, dövlətçiliyimiz və milli  mənsubiyyətimiz naminə fəaliyyətləri xalqımız tərəfindən birmənalı müsbət qarşılanan ziyalıları  təxribat obyekti seçirlər. Məqsəd isə aydındır: dövlətçiliyimizin qüdrətinə kölgə salmaq, onun məhvinə cəhd göstərmək.  Fikrimi əsaslandırmaq üçün bir daha aşağıdakılara  diqqət yetirək. Həmin kitabında  Sun-Tszı  nəsihət edirdi ki, düşmən ölkələrdə yaxşı olan hər şeyi gözdən salmaq, həmin dövlətlərin başçılarının müvəffəqiyyətlərini əhəmiyyətli dərəcədə kiçiltmək,   onların qərarlarına  şübhə yaratmaq və zamanında  xalqı tərəfindən düşmən kimi qəbul edilməsini təmin etmək vacibdir.

 

Məhz bu məramdan çıxış edən bizim bəzi psevdo “ziyalılarımız” bu tövsiyələrdən uğurla yararlanaraq merkantil məqsədlərinin reallaşması  naminə dünyagörüşü məhdud, əqidəsi dumanlı, xarakteri ziddiyyətli, hakimiyyətdən narazı  şəxsləri öz ətrafına toplamağa çalışır və təəssüf ki, bir çox hallarda buna nail  olurlar. Yaşadığı, suyunu içdiyi, çörəyini yediyi ölkəni qarışdırmaq, dövləti zəiflətmək fikrində olan  bu naqislər “qara təbliğat”dan istifadə etməyi öz fəaliyyətlərinin əsas prinsipinə çevirirlər, “qara təbliğat”da hiylə, intriqa, yalan, iftira, fitnə, məkrlilik  kimi mənfi cəhətlərə xüsusi diqqət yetirirlər. Hətta bu yolda bəzən ən saxta dəlillərdən yararlanmaqdan belə çəkinmirlər. Həqiqətə kölgə salmağa,  ictimai rəyi çaşdırmağa çalışırlar. Məncə,  əlavə şərhə ehtiyac qalmır...

 

Mövcud olmayan bir hadisənin və yaxud obyektin var olduğunu təbliğ edən, yalanı həqiqət kimi ortaya atanqara təbliğat”  metodunun əsl sahibi özünü gizli saxlayır. “Qara təbliğat”dan məqsəd, insanlarda ruh düşkünlüyü yaratmaqdır. Bu üsulla  fəaliyyət göstərənlər əxlaq və vicdani məsuliyyət  hissindən  uzaq olanlardır. Şər və böhtana əsaslanaraq təbliğat aparanlar qarşı tərəflə bağlı  intensiv formada müəyyən mövzular uyduraraq, bu “kəşf”ini daim  gündəmdə saxlamağa çalışırlar.  Odur ki, xalqımız və əsl ziyalılarımız ayıq olmalıdırlar.

 

Ümumiyyətlə, “Qara təbliğat”ın, necə deyərlər, bir  nömrəli vəzifəsi  insanların dövlətə, onun hakimiyyətdə təmsil olunan nüfuzlu şəxslərinə qarşı olan inamı sarsıtmaqdır. Qeyd olunanlar milli dövlətçiliyimizin qorunması, onun inkişafının daha da dərinləşməsi naminə hər bir vətəndaşı, hər bir ziyalını dərindən düşündürməli və hərəkətə gətirməlidir. Əks halda, yeni əsrdə dövlətçiliyimizə qarşı elan olunmayan psixoloji müharibənin qurbanı ola bilərik.

 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda əldə edilmiş böyük iqtisadi nailiyyətlər, demokratik islahatlar və cəmiyyətin modernləşdirilməsi mühüm amillər kimi vurğulanır. Akademik Ramiz Mehdiyevin fikrincə, “demokratikləşmə intensiv iqtisadi inkişafın tərkib hissəsidir” və “bizim seçdiyimiz yol Azərbaycan cəmiyyətinin öz hüquq və azadlıqlarının təmin olunmasına mədəni-tarixi və mənəvi-əxlaqi baxımdan yanaşmanın kompleksini təcəssüm etdırir”.

 

Ziyalı və ziyalılıq haqqında mülahizələrimizi bir daha akademik Ramiz Mehdiyevin fikirləri ilə yekunlaşdırmaq istərdik: “Şah İsmayılın səyləri ilə Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz siyasi təşəkkülünü tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim ”azərbaycançılıq" ideyası kimi qavradığımız fenomeni formalaşdırdı". Gəlin tarixən formalaşmış bu fenomenə sadiq qalaq, möhtərəm Prezidentimiz  İlham Əliyevin ətrafında quru sözlə deyil,  konkret əməli fəaliyyətimizlə  sıx  birləşək.

 

Sadıq SALAHOV,

iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2012.- 28 dekabr.- S. 8.