Gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

Gənclər siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Xətai rayonunda Gənclər Gününə həsr olunmuş toplantıya bu sözlərlə başlayan icra hakimiyyətinin başçısı Razim Məmmədov ölkəmizin bütün gəncləri üçün əziz olan bu günün tarixindən söz açaraq bildirdi ki, 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuş bu gün ümummilli liderimizin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi, Azərbaycanın gələcəyinə hesablanmış çox vacib bir addım idi.

Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1997-cı ildən başlayaraq qeyd olunduğunu, yalnız bundan sonra digər ölkələrin də bu təşəbbüsə qoşulduğunu bildirən R.Məmmədov, dünyada bu günün BMT-nin qərarı ilə 1999-cu ildən, avqustun 12-nin Gənclər Günü elan edilməsindən sonra, keçirilməyə başlaması haqqında məlumat verdi.

Natiq daha sonra qeyd etdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsünün irəli sürülməsində əsas məqsəd Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında onların iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq idi.

R.Məmmədov dövlət gənclər siyasətinin məramını açıqlayaraq göstərdi ki, bu siyasət gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir və onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.

Dövlət gənclər siyasətinin bu məqsəd və prinsiplərinin reallaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış və uğurla həyata keçirilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın (2005-2009-cu illər) və 7 iyun 2011-ci ildə imzalanmış " 2011-2015-ci illərdə Azərbaycan gəncliyi Dövlət Proqramı"nın, elə həmin il ölkə başçısının sərəncamı ilə yaradılmış Gənclər Fondunun müstəsna rolu olmuşdur.

İcra hakimiyyətinin başçısı Xətai rayonunda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də ətraflı danışaraq bildirdi ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə görülən kompleks tədbirlər öz bəhrəsini verməkdədir. Rayon icra hakimiyyəti sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılmasını da daim diqqətdə saxlayır.

Bütün bunlarla yanaşı çıxışda Xətai rayon gənclərinin təhsil, idman yarışlarında qazandıqları uğurlardan, ictimai- siyasi həyatdakı nailiyyətlərindən də ətraflı söhbət açıldı.Yekunda R.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə gənclərə göstərdiyi diqqət və qayğıya görə, rayonun bütün gəncləri və valideynləri adından minnətdarlığını bildirdi.

Tədbirdə respublika Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Rafiq Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Əfqan Rzayev çıxış edərək Xətai rayon gənclərinin simasında bütün Azərbaycan gənclərini təbrik etdilər və onlara yeni-yeni uğurlar dilədilər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qurup gəncə Xətai Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.

 

 

İ.RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 1 fevral.- S. 10.