Demokratik dəyərlərə və beynəlxalq hüquqa qəsd

 

Qonşu xalqlara və dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış edərək insanların əleyhinə yönəlmiş soyqırımı, terrorizm kimi cinayətlərə dəstək verən, "böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları son iki əsrdə məkrli tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma iddialar irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. Qondarma "erməni soyqırımı" ilə bağlı cəfəng və əsassız iddialarını gündəmə gətirərək süni hay-küy qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qırğınları, vandalizm aktlarını pərdələməyə, özləri haqqında "məzlum", "əzilən millət" imici yaratmağa davamlı səylər göstəriblər.

XX əsrin əvvəllərində türklərin guya "ermənilərə qarşı soyqırımı yeritdiyini" iddia edən erməni ideoloqları özlərinin xaricdəki diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Təəssüflə vurğulamaq lazımdır ki, Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, beynəlxaq hüquqdan sapınaraq ikili standandartlara yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar bu məsələdə erməniləri şirnikləndirmək yolu tutublar. Son illərdə qondarma "erməni soyqırımı" məsələsınin müxtəlif dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və bəzi hallarda tanınması da bu ədalətsiz və qərəzli münasibətin əyani təzahürü kimi diqqəti çəkir.

Bu gün qondarma "erməni soyqırımı" məsələsinin beynəlxalq hüquq normalarına göz yuman bəzi dövlətlər tərəfindən tanınması, şübhəsiz, ermənilərin apardığı saxta "təbliğat maşını"nın nəticəsi deyil. Bu məsələnin reallıqdan uzaq, mübahisəli olduğunu, ermənilərin Türkiyəyə qarşı qərəzli iddialarının məntiqi nəticəsi kimi ortaya çıxdığını dünya ictimaiyyəti də yaxşı bilir. Bu mənada, qondarma "erməni soyqırımı" mövzusunun zaman-zaman gündəmə gətirilməsi müəyyən dövlətlərin regionda sürətlə möhkəmlənən Türkiyəyə təsir cəhdi kimiözünü göstərir. "İkili standartlar"ın nəticəsi kimi ortaya çıxan bu cür absurd və məntiqsiz addımlar son nəticədə nəinki Türkiyənin, ümumilikdə türk dünyasının maraqlarına qarşı yönəlir.

Konkret olaraq Fransanın nümunəsində dünya ictimaiyyəti bunun bir daha əyani şahidi oldu. "Erməni soyqırımı"nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsinin Fransa Parlamentinin yuxarı palatası olan Senatda qəbulu rəsmi Parisin Türkiyəyə qarşı qərəzli münasibətini bir daha nümayiş etdirdi. Qanun layihəsinin 127 nəfər lehinə, 86 nəfər əleyhinə olmaqla qəbulu fundamental insan haqlarına qarşı yönəlmiş bu qanuna münasibətdə Fransanın özündə də ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir. Bu ölkənin reallıq hissini itirməyən, praqmatik düşüncəli siyasətçiləri, habelə müxtəlif zümrələri təmsil edən insanları belə bir qanunun qəbulunun, ilk növbədə, Fransanın özünə qarşı yönəldiyini açıq bildirir, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına sarsıdıcı zərbə hesab edirlər. Bu da təsadüfi deyildir, məsələ təkcə siyasi və mənəvi cəhətdən deyil, hüquqi baxımdan da tamamilə dalana dirənir.

Fransa Senatının qəbul etdiyi qanun, ilk növbədə, bir sıra beynəlxalq konvensiya və sazişlərdə, protokollarda əksini tapmış fundamental insan haqlarının bu ölkənin yurisdiksiyası çərçivəsində açıq-aşkar məhdudlaşdırılması deməkdir. Demokratik dəyər və ideallar uğrunda çoxəsrlik mübarizə ilə öyünən Fransa XXI əsrdə belə bir hərəkəti ilə faktiki olaraq geriyə addım atdı. Söhbət insanların söz, fikir, əqidə, mətbuat, düşüncə azadlığı və s. kimi başlıca hüquqlarının kobud şəkildə tapdanmasından gedir. Senatın qəbul etdiyi qanun insanların tarixi hadisələrlə bağlı sərbəst söz demək, fikir yürütmək, araşdırma aparmaq imkanlarını məhdudlaşdırır.

Söhbət həm də təsdiqi hüquqi baxımdan qətiyyən mümkün olmayan, siyasi motivlərlə ortaya atılan qərəzli bir iddiaya görə fundamental insan və vətəndaş hüquq-azadlıqlarının məhdudlaşdırılmasından gedir. Osmanlı Türkiyəsinin, guya ötən əsrin əvvəllərində ermənilərə qarşı "soyqırımı" həyata keçirdiyini hətta məkirli erməni ideoloqları və tarixçiləri də sübut edə bilməyiblər. Türkiyənin dəfələrlə arxivləri açmaq, tarixçilərdən ibarət müştərək komissiya yaratmaq təkliflərini isə rəsmi İrəvan daim qulaqardına vurub. Əslində, onların başqa yolu da olmayıb - ermənilərin qondarma "erməni soyqırımı"nı sübuta yetirəcək heç bir dəlil-sübutu yoxdur. Ona görə də dünyanın praqmatik düşünən, qərəzdən və "ikili standartlar"dan uzaq siyasi dairələri məsələnin tarixçilər tərəfindən araşdırılmasını daha məntiqli sayırlar. Özünü "demokratiyanın beşiyi" sayan Fransa isə qondarma "erməni soyqırımı" ilə bağlı nəinki qəti hökm verib, hətta bu cəfəng fikirlərlə razılaşmayanları cinayət məsuliyyətinə cəlb etmək niyyətinə düşüb. Faktiki olaraq Avropanın ən aparıcı dövlətlərindən biri öz ərazisində insan hüquq və azadlıqlarını kobud şəkildə pozan bir qanun qəbul etməklə, demokratik ideallara, beynəlxalq hüquq normalarına aşkar hörmətsizlik göstərib.

Beynəlxalq hüquq qarşısında hər bir dövlət bərabərhüquqludur. O cümlədən də Fransa insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını birmənalı şəkildə yasaqlayan bir sıra beynəlxalq konvensiyaları, sazişləri ratifikasiya etməklə, üzərinə ciddi öhdəliklər götürüb. Həmin beynəlxalq sənədlərdə insan hüquq və azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, universal səciyyə daşıdığı da birmənalı vurğulanır. Əgər hansısa dövlətin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla həmin dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur. Həmin prinsip hər bir ölkədə insan hüquq və azadlıqlarının təminatı məsələsində beynəlxalq konvensiya və sazişlərin daha üstün tutulmasını preventiv məsələ kimi önə çəkir. Bu baxımdan, Fransanın qəbul etdiyi son qanunun beynəlxalq birliyin insan hüquq və azadlıqları sahəsində əsas saydığı sazişkonvensiyalara zidd olduğu tam təsdiqlənir.

Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sinin tələbləri prizmasından yanaşdıqda, Fransa Senatının qəbul etdiyi qərarın hüquqa zidd olduğu aydın görünür. Həmin sənədin 30-cu maddəsində göstərilir ki, "Bu Bəyannamədə heç nə hər hansı dövlətə, şəxslər qrupuna və ayrı-ayrı şəxslərə bəyannamədə elan olunmuş hüquq və azadlıqların məhvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaqya hər hansı hərəkəti törətmək hüququnun verilməsi kimi təfsir oluna bilməz".

"İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 19-cu maddəsində deyilir: "Hər bir şəxs düşüncə, vicdandin azadlığı hüququna malikdir; bu hüquqa öz dinini və etiqadını dəyişmək azadlığı və öz dininə və inanclarına təhsil, duadiniritual ayinlər zamanı təklikdə və ya başqaları ilə birlikdə, aşkarya fərdi şəkildə etiqad etmək azadlığı daxildir".

Bəyannamənin həmin maddəsində həmçinin göstərilir ki, "Hər bir şəxs əqidə və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaqinformasiya və ideyaları dövlət sərhədlərindən asılı olmayaraq istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir".

Avropa Şurasının "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" 4 noyabr 1950-ci il tarixli Konvensiyasında da insanların söz, fikir, sərbəst düşüncə, əqidə azadlıqları birmənalı təsbit olunub. Həmin konvensiyanın 10-cu maddəsində (Fikri ifadə etmək azadlığı) göstərilir: "1.Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaqyaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziyakinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyüya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçünya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuşdemokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".

BMT-nin "MülkiSiyasi Hüquqlar Haqqında Pakt"ının (1976) 19-cu maddəsində deyilir:

"1. Hər bir insan şəxsi fikri olmaq hüququna malikdir.

2. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir.

3. Bu maddənin 2-ci bəndində göstərilən hüquqlardan istifadə olunması xüsusi vəzifələr qoyur məsuliyyət tələb edir. Belə ki, bu, bir sıra məhdudiyyətlərlə bağlı ola bilər. Lakin onlar qanunla müəyyənləşdirilməli aşağıdakıların təmin edilməsi üçün zəruri olmalıdır:

a) başqalarının hüquqlarına adına hörmət edilməsi üçün;

b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlıq, yaxud mənəviyyatının qorunması üçün".

1789-cu il tarixli Fransa "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi"ndə söz və mətbuat azadlığının məhdudlaşdırılması yolverilməz olan ali dəyərlər kimi təsbit olunub. Həmin bəyannamənin 10-cu maddəsində göstərilir ki, heç kim öz fıkirlərinə görə təqib oluna bilməz. Eyni zamanda, 11-ci maddədə göstərilir ki, "fıkir və düşüncə azadlığının azad ifadəsi insanın mühüm hüquqlarındandır. Belə ki, hər bir kəs azad danışa, yaza və nəşr etdirə bilər. Lakin bu məsələdən sui-istifadə edən şəxs qanunun müəyyən etdıyi hallarda məsuliyyət daşıyır". Bu və digər beynəlxalq hüquqi sənədlərlə tanışlıq zamanı Fransa Senatının qəbul etdiyi mürtəce qanunun insanların söz, fikir, əqidə, sərbəst düşüncə, informasiya əldə etmək kimi hüquqlarını kobud şəkildə məhdudlaşdırdığı özünü aydın göstərir. Rəsmi Paris bununla həm də Avropa Şurası, ATƏT, Avropa İttifaqı, BMT və digər beynəlxalq qurumlar qarşısındakı öhdəliklərini də kobud şəkildə pozub. Bu da təsadüfi deyildir ki, həmin ölkədə qəbul olunan mürtəce qanun Avropanın insan hüquqları sahəsində ixtisaslaşan müxtəlif təşkilatlarının və ictimai birliklərınin sərt ittihamlarına məruz qalıb. Söz, fikir, məlumat azadlığının əsaslı səbəblər olmadan hansısa konkret məsələ ətrafında məhdudlaşdırılması insan hüquqları sisteminə ciddi zərbədir. Faktiki olaraq, qanun imzalandıqdan sonra Fransanın ərazi yurisdiksiyasında olan insanlar "erməni soyqırımı" ilə bağlı azad fikir ifadə etmək, sərbəst tədqiqat aparmaq, nəyisə dərc etmək bildirmək imkanından məhrum olacaqlar.

Bu qanun Fransada kütləvi informasiya vasitələrinin də normal fəaliyyətinə əngəllər yaradır. Belə çıxır ki, bu ölkədə jurnalistlər "qondarma soyqırımı" mövzusunda sərbəst fikir yürütmək imkanından məhrum olacaqlar. "Qondarma soyqırımı"nı inkar edən jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması isə azad fikrə, düşüncəyə zərbə kimi qiymətləndiriləcək. Eyni zamanda, həmin qondarma qanunla həm də elm adamlarının, tarixçilərin obyektiv araşdırma aparmaq imkanları sərt şəkildə məhdudlaşdırılır. Belə çıxır ki, alimlər bu mövzuda araşdırma apararkən, qondarma "erməni soyqırımı"nı inkar edən faktlara, dəlil sübutlara müraciət etməməli, sırf rəsmi Parisin mövqeyindən çıxış etməlidirlər.

Fransa Senatının qəbul etdiyi mürtəce qanun həm də beynəlxalq hüququn ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozur. Yəni Fransa ərazisində qondarma "erməni soyqırımı"nı haqlı olaraq tanımayan insanlar bu qanun əsasında məsuliyyətə cəlb edilərkən, onlara qarşı tutarlı hüquqi ittihamların irəli sürülməsi mümkün olmayacaqdır. Çünki Osmanlı imperiyasının guya ötən əsrin əvvəllərində "ermənılərə qarşı soyqırımı həyata keçirməsi" ittihamı hansısa beynəlxalq məhkəmə ilə sübuta yetirilməyib. Bu mənada, Fransa məhkəmələrinin də istinad üçün ciddi hüquqi əsası yoxdur.

Qeyd olunanlar deməyə əsas verir ki, Fransa Parlamentinin qəbul etdiyi qanun hüquq normalarından tamamilə uzaqdır və siyasi motivlidir. Heç bir tutarlı fakta əsaslanmayan Fransa ötən əsrin əvvəllərindəki hadisələrlə bağlı qanun qəbul etdiyi halda, cəmi 20 il əvvəl baş vermiş, fotovideo yaddaşlara köçürülmüş Xocalı soyqırımını tanımaq istəmir.

Təkzibolunmaz faktlar, istintaq araşdırmaları göstərir ki, 1990-1993-cü illərdə Azərbaycana qarşı ərazi təcavüzünü genişləndirən Ermənistan bu məqsədlə terror və soyqırım siyasətini də dövlət səviyyəsində dəstəkləyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi isə iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhıfəsi olub. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin soyqırım kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir.

Ümumiyyətlə, ermənilərin 1992-ci ilin fevralında azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyini və insanlığa qarşı yönəlmiş digər cinayətlərə əl atdığını beynəlxalq hüquq normaları da təsdiqləyir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin 6-cı maddəsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilib. Sənəddə beynəlxalq cinayətlərin üç növü - sülh, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri fərqləndirilir. Soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. Soyqırımı da bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən sayılır. BMT Baş Məclisınin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, soyqırım, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər 1992-ci ilin Xocalı faciələrinin soyqırım kimi tövsif edilməsinə imkan yaradır.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar hörmətsizlik etmişlər. 1915-ci ildən fərqli olaraq bu hadisələr müasir dünyanın gözü qarşısında baş vermiş, fotoaudio vasitələrlə sənədləşdirilmiş və bütün ölkələrə yayılmışdır.

Bütün bunlara göz yuman Fransanın qondarma "erməni soyqırımı"nı tanımayanları cəzalandırmaq niyyətinə düşməsi, şübhəsiz, "ikili standart" yanaşmaların nəticəsidir. Bu, həm də rəsmi Parisin "demokratiya bayrağı" altında öz mənafelərini təmin etmək istəyini bariz şəkildə təcəssüm etdirir. Amma Fransa bu qərarı ilə Türkiyədən çox, öz mənafelərinə ciddi zərbə vurub. Çünki dünya ictimaiyyəti rəsmi Parisin cılız siyasi maraqları naminə insan hüquq və azadlıqları əleyhinə addımlar atdığının bariz şahidi olub.

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2012.- 4 fevral.- S. 5.