Gədəbəy: şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat verir

 

Son illər Gədəbəyin siması xeyli dəyişib. Ucqar dağ rayonu inkişaf edib, yeni yollar salınıb, körpülər tikilib, iri sənaye müəssisələri işə düşüb, park xiyabanlar yenidən qurulub, adamların sosial ehtiyacları ilə bağlı irimiqyaslı tədbirlər həyata keçirilib.

Təbii ki, bütün bunlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsinin bariz nümunəsidir. Ölkə Prezidenti İlham Əliyevin son 5 ildə iki dəfə Gədəbəy rayonunda olması, bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak etməsi, əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşməsi, onların arzu və təkliflərini dinləməsi, konkret köməklik göstərməsi bu gün dağlar qoynunda yerləşən, əhalisinin sayı 90 min nəfəri keçən Gədəbəyi xeyli dəyişdirmişdir. İndi bu rayona yolu düşənlər bunun şahidi olurlar.

Gədəbəyin inkişafı üçün yerli icra orqanları, ayrı-ayrı strukturların rəhbərləri, adamları da əllərindən gələni edirlər. Bu baxımdan rayon icra hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndəlikləri də az görmürlər. Hazırda nümayəndəliklər 2011-ci ildə gördükləri işlər haqqında hesabat verir, qarşıdakı aylarda nəzərdə tutulan tədbirlərdən söhbət açırlar. Qeyd etmək lazımdır ki, rayon sakinləri nümayəndələrinin hesabatlarına böyük maraq göstərir və yığıncaqlarda fəal iştirak edir, öz tənqidi qeydlərini, təkliflərini irəli sürürlər.

Rayon icra hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldar Quliyevin bu günlərdə verdiyi hesabat da maraqla qarşılanmışdır.

Eldar Quliyev: - Rayonumuzda aparılan abadlıq-quruculuq işləri bir an belə səngimir. Hazırda Novosaratovka kəndində, "Fındıqlı" çayı üzərində strateji əhəmiyyətli körpünün əsaslı təmir işləri davam etdirilir. Qeyd edək ki, bu körpüdən 42 kəndin əhalisi istifadə edir. İnəkboğan və Şahdağ kəndlərində bu yaxınlarda tikilib istifadəyə verilən körpü keçidləri əhalinin böyük razılığına səbəb olmuşdur. Körpü keçidlərdən ətraf rayonların da sakinləri istifadə edirlər. Gədəbəy - Miskinli yolunun əsaslı təmirinə başlanılmış və yaxın vaxtlarda Gədəbəy-Qaravəllər yolu təmir ediləcəkdir. On min tonluq kartofsaxlama anbarının, mineral sular istehsalı müəssisəsinin tikilib başa çatdırılması yeni yerlərinin də açılmasına imkan yaratmışdır.

Moruxlu, Arixdam, Səbətkeçməz kənd məktəbləri əsaslı təmir olunmuşdur. Qoşabulaq, Novosaratovka və Samanlıq kənd orta məktəblərinin, Novosaratovka uşaq bağçasının tikintisinə işlər davam etdirilir.

Gədəbəy rayonunun bütün kəndlərinin qazlaşdırılması işləri sürətlə aparılır. İndiyədək Novosaratovka, Düz Rəsullu, Qaraməmmədli, Kəsəmən, Qızıltorpaq, Ataxal kəndlərinə mavi qaz verilmişdir. Ümumilikdə isə sərhəd bölgəsində yerləşən kəndlərin, o cümlədən Şınıx zonasının qazlaşdırılması prosesi davam etdirilir ki, bu da rayon əhalisinin ən ümdə arzularından biri idi. Böyük QaramuradToplar kəndlərində isə qazlaşma başa çatmaq üzrədir.

Şəhərin özündə də görülən işlərin miqyası az deyil. Heydər Əliyev prospektinin görkəmi xeyli dəyişib. Burada aparılan yenidənqurma işləri milli memarlıq üslubuna uyğunlaşdırılıb. Şəhidlər Xiyabanında, "Ana" xatirə kompleksində, M.Ə.Sabir adına küçədə aparılan təmir-tikinti işlərindən sonra onların görkəmi dəyişmişdir. Şəhərdə binaların dam örtükləri dəyişdirilmiş, piyada keçid körpüsü əsaslı təmir olunmuşdur. Ayrı-ayrı küçələr, milli-memarlıq üslubunda işlənmiş işıq dirəkləri basdırılmışdır. Ötən il 11 küçəni əhatə edən 4 kilometrdən çox sahəyə asfalt döşənmişdir. Şəhərdə, demək olar ki, asfaltlaşmayan küçə qalmamışdır.

Gədəbəydəki 2 saylı məktəbdə əlavə olaraq 140 şagird yerlik 10 sinif otağı, uşaq-gənclər idman məktəbi, şahmat məktəbi tikilib istifadəyə verilmişdir. Ayrı-ayrı inzibati binalarda, o cümlədən şəhər poçtamtında, mərkəzi rayon kitabxanasında təmir işləri aparılmışdır. Rayon məhkəməsinin, statistika idarəsinin inzibati binalarında, Aşıq Musiqisi Məktəbində son tamamlama işləri aparılır. Yaxın vaxtlarda şəhərdə hündürlüyü 70 metr olan Bayraq meydanı inşa olunacaqdur. Əhalinin içməli sukanalizasiya sisteminin yenidən qurulması da gözlənilir və artıq layihə-smeta sənədləri hazırdır.

Şəhər nümayəndəliyinin 31 küçəni və 2538 təsərrüfatı özündə birləşdirməkdə 10 min 401 nəfər əhalisi var. Hesabat ilində əsas məqsəd mövcud problemlərin həllinə və nöqsanların aradan qaldırılmasına yönəldilmişdir. Bu məqsədlə nümayəndəlikdə vətəndaşların qəbulu keçirilmiş, onların ərizə və şikayətləri diqqətlə dinlənilmiş, qaldırılan məsələ və problemlər yerində həll edilmiş, onlara lazımi izahatlar verilmişdir. 2011-ci ildə nümayəndəliyə ayrı-ayrı vətəndaşlar tərəfindən 635 şifahi, 12 yazılı müraciət daxil olmuşdur. Qaldırılan məsələlərin hamısı müsbət həll olunmuşdur. Daxil olmuş ərizə və şikayətlər barədə görülmüş operativ tədbirlər nəticəsində yuxarı təşkilatlara müraciət edən vətəndaşların sayı yox dərəcəsindədir. Nümayəndəlikdə həftənin 4-cü günləri "açıq qapı" günü elan olunmuşdur.

Şəhər əhalisi fasiləsiz olaraq işıq və təbii qazla təmin olunur. Yaşıllaşdırma işlərinə diqqət artırılıb. Keçən il "hərəmiz bir ağac əkək!" kampaniyası çərçivəsində şəhərdə 10 min 500 ədəd ağac əkilmişdir.

Bu il görəcəyimiz işlər çoxdur. Elə etməliyik ki, Gədəbəy şəhəri bura gələn qonaqların hər birində xoş təəssürat oyatsın...

Qabil Allahverdiyev şəhər 2 saylı tam orta məktəbin direktoru: - Ölkə Prezidenti cənab İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğını hər gün, hər an hiss edirik, Küçələrin işıqlandırılması işi təqdirəlayiqdir. Təklif edirəm ki, digər küçələrdə də bu xeyirxahvacib tezliklə başa çatdırılsın.

Ramiz Yusibov, rayon kommunal müəssisələri kombinatının direktoru: - Xahiş edirəm kombinatımıza məxsus evlərin dam örtüklərinin dəyişdirilməsinə köməklik göstərəsiniz.

Məryəm Həsənova, şəhər sakini: - Şəhər nümayənədəsinin hesabatında rayon rəhbərinin iştirakı müsbət haldır. Şübhə etmirəm ki, bundan sonra da şəhərdə abadlıq-quruculuq işləri davam etdiriləcəkdir.

Zirəddin Səfərov, rayon bələdiyyəsinin sədri: - Şəhərdə milli-memarlıq üslubunda inşa olunmuş istinad divarları şəhərə xüsusi görkəm verir. Bu digər küçələrdə də davam etdirilməlidir.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə yığıncaqda çıxış edərək şəhər nümayəndəliyinin gördüyü işləri müsbət qiymətləndirməklə yanaşı, qarşıda duran problemlərə də toxundu. Qeyd etdi ki, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhalinin qayğıları ilə yaşamalı, fəaliyyət göstərməlidir. Adamların hər bir təklifi diqqətlə araşdırılmalıdir. Ölkə Prezidenti cənab İlham Əliyevin Gədəbəyə və gədəbəylilərə göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab vermək hər birimizin borcudur. Gərək bunu bir an belə unutmayaq.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 5 fevral.- S. 3.