Xocalı soyqırımı - insanlığa, bəşəriyyətə, humanizmə qəsd

 

Beynəlxalq konvensiyalara əsasən bu qətliamda birbaşa iştirak edən Ermənistanın dövlət rəhbərləri cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdırlar

 

Bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətinin aşkara çıxmasında mühüm əhəmiyyət kəsb edir. Hətta adi müharibə qanunlarına belə riayət etməyən, yaşından asılı olmayaraq əliyalın, silahsız və köməksiz insanları vəhşicəsinə qətlə yetirən o dövrün imperiya qoşunu ilə erməni silahlılarının əsl məqsədi Azərbaycan xalqını mənəvi cəhətdən sındırmaq, onun döyüş ruhunu öldürmək idi. Çünki Xocalı, sadəcə, bir döyüş anı, döyüş meydanı deyildi. Xocalı döyüş meydanından daha fərqli məqamları da özündə əks etdirirdi.

 

XX əsrin Xocalı faciəsindən əvvəl dünyada bir neçə yaşayış məntəqəsi eyni aqibəti yaşayıb, eyni dəst-xətlə yer üzündən silinib və sakinləri məhv edilib. Bunlardan biri Belarusun Xatın kəndidir ki, 1941-ci ildə faşistlər bu yaşayış məntəqəsini tamamilə yandırıb, dinc sakinləri vəhşicəsinə məhv ediblər. ABŞ-Vyetnam müharibəsi zamanı Sonqmi kəndinin sakinlərini də, guya partizanlara dəstək verdikləri üçün böyükdən-kiçiyə qədər bütünlüklə qırıblar. Amma bu faciələr də Xocalı soyqırımı ilə müqayisə oluna bilməz. Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə, onlardan daha dəhşətli, daha müdhişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev bu faciə haqqında öz fikirlərini bu cür ifadə edib: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

...Əslində, Xocalı soyqırımını bir gecədə baş verən faciə kimi qələmə vermək olmaz. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlamamışdan öncə hazırlaşırdı. Onlar Qarabağın digər ərazilərində də bu cür qətliamlar törətməyə çalışsalar da, ən dəhşətli soyqırımı faktı Xocalıda həyata keçirildi. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq açıq müstəviyə çıxdığı dövrə təsadüf edirdi. Elə həmin vaxtdan Xocalı soyqırımının əsası qoyulmuşdu. Daşnakların bu məkirli fəaliyyətlərini o dövrdəki Azərbaycan rəhbərliyi ya görmürdü, ya da qəsddən özünü görməməzliyə vururdu.

 

***

 

Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər 1985-ci ildə SSRİ-də ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə yenidən məkirli planlarını həyata keçirməyə başladılar. Amma həmin dövrdə də onlar öz planlarını həyata keçirə bilmirdilər. O illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev ermənilərə və onların himayədarı olan Qorbaçova Azərbaycanla bağlı planlarının reallaşmasına, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi, ermənilərin planlarının qarşısını alırdı. Elə bu səbəbdən həm ermənilər, həm də onların mərkəzi hakimiyyətdə olan himayədarları Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan bu qədim Azərbaycan bölgəsilə bağlı məkirli planlarını həyata keçirmək üçün M.Qorbaçovun təzyiqi ilə Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasına nail oldular. Təsadüfi deyil ki, ümummilli lider Siyasi Bürodan gedəndən sonra - 1987-ci ilin noyabrında erməni akademik A.Aqanbekyan Parisdə Fransa qəzetinə müsahibəsində Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı SSRİ rəhbərliyinə təklif verdiklərini açıqladı. Elə həmin vaxtlar erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladılar. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da formalaşdırıldı. Bütün bunlar 1988-ci ilin fevralından etibarən, hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Ermənilər SSRİ təhlükəsizlik orqanlarının əli ilə Azərbaycanın bir sıra bölgələrində iğtişaşlar törətdilər. Onlar bundan əvvəl isə Ermənistanda yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etməyə başlamışdılar. 1988-ci ildə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu, bununla da, Ermənistan monoetnik dövlətə çevrildi.

 

***

 

Qarabağ müharibəsində M.Qorbacovun aşkar şəkildə ermənilərə yardım etməsi gizli fakt deyil. Hətta törədilən qətllərdə iştirak etmiş sovet və erməni hərbçilərinin adı açıq şəkildə bəyan edilir. Onlardan bəziləri (məsələn, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, hazırki prezident Serj Sarkisyan, bu ölkənin müdafiə naziri Seyran Ohanyan) bu qətliamlarda iştirak etdiklərini etiraf ediblər. Xatırladaq ki, bu soyqırımının planlı şəkildə həyata keçirilməsində Kremlin rolu olduqca böyük idi. 200 il idi ki, imperiya caynağından xilas ola bilməyən Azərbaycan, demək olar ki, sovet şərqşünasları tərəfindən tam şəkildə tədqiq edilmişdi. Bu tədqiqatın əsas ruhu isə üzdə göründüyü kimi, tarixi-siyasi məqamlar deyildi. SSRİ-nin "beyin" institutları imperiya tabeçiliyində olan xalqların xüsusiyyətini, xarakterini tədqiq edirdi. Bu cəhətdən onlar dərk edirdilər ki, yüksək döyüş ruhuna malik Azərbaycan xalqı ilə səngərdə üz-üzə gəlmək o qədər də arzuolanan hal deyil. Hətta nəzərə almaq lazımdır ki, erməniləri silah-sursatla tam təmin edən, canlı qüvvə ilə kömək göstərən, üstəlik, Azərbaycanda olan silahı isə zorla əhalidən yığan imperiya başbilənləri o dövrdə Moskvaya "sədaqətini sübut etməyə" çalışan Azərbaycan rəhbərliyi vasitəsilə bütün yollara əl atırdı. Həmin dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov hələ də özünü Kommunist Partiyasının sadiq əsgəri kimi aparır və dərk etmirdi ki, o, respublikanın rəhbəri kimi xalqının çətin zamanında onun yanında olmalıdır. Təəssüf ki, imperiyanın çöküşünə baxmayaraq, Moskvanın "zənglərini" həsrətlə gözləyən A.Mütəllibov min bir vasitə ilə, hətta Azərbaycanın döyüş planlarının pozulmasına kömək göstərirdi. Beləliklə, istər xarici, istərsə də daxili təzyiqlər bir istiqamətə yönəlmişdi: bu xalqın döyüş ruhunu öldürüb, məhv etməyə...

1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsində baş verənlər Azərbaycan xalqında, sözün əsl mənasında, böyük vətənpərvərlik ruhu yaratmışdı. Bu ruh insanların genetik keçmişindən doğan bir hiss idi. Azərbaycan gənclərinin yalnız bir məramı vardı: Vətən uğrunda silaha sarılmaq, torpağı qorumaq, lazım gələrsə bu yolda şəhid olmaq... Amma həmin dövrdə iqtidarla yanaşı, müxalifətdə olan AXC-Müsavat cütlüyü də gənclərin bu saf arzusundan, Vətən sevgisindən öz siyasi oyunlarında istifadə etməyə çalışırdı. "Rəhbərlik" etdikləri hərbi birləşmələrdən Bakıda siyasi hadisələrin gedişatında istifadə edən bu insanlar, əslində, ermənilərin işğal faktına özlərinin vəzifə hərislikləri ilə köməklik göstərirdilər. Erməni və sovet hərbi birləşmələrinin hücumlarına məruz qalan rayonların sakinləri isə çətin yollarla, hətta şəxsi vəsaitləri hesabına aldıqları primitiv silahlarla erməni birləşmələrinə qarşı döyüşdə tək qalmışdılar. Müxalifətin təxribatçı ünsürləri isə döyüşən rayonlarda min bir şayiələrlə insanları çaş-baş salır, onları qarşı-qarşıya qoyurdu...

...Belə bir məqamda Xocalı dörd bir tərəfdən düşmən mühasirəsində çətin günlərini yaşayırdı. 1991-cı ilin oktyabrından tam mühasirəyə düşən Xocalıya gedən bütün avtomobil yolları bağlanmışdı. Artıq şəhərlə gediş-gəliş yeganə nəqliyyat vasitəsi kimi helikopterlərlə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Dağlıq Qarabağda erməni separatçıları da fəaliyyətlərini genişləndirirdi. Bunun nəticəsi olaraq 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma-separatçı rejimin yaradıldığı bildirildi. Həmin il noyabr ayının 26-da isə Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv olunduğunu bəyan etdi.

Xocalı isə hələ də müqavimət göstərirdi. Döyüşən insanlar arasında bu şəhərdən olmayan cəmi 16 şəxs vardı. Bu, o demək idi ki, xocalılılar düşmən qarşısına yalnız öz qüvvələri ilə çıxırdılar. Dövlətdən bir kömək gəlmirdi. Hətta Xocalı o zaman döyüş gedən digər kəndlərin belə köməyinə gedirdi. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndi və erməni silahlılarının yerləşdiyi digər məntəqələr də Xocalıdan atəşə tutulur və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldılar. Xankəndidə yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı alayın bilavasitə köməyi ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də, müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi. Kənd əhalisi vəhşicəsinə qətlə yetirildi. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmişdi, döyüş üçün əlverişli olan yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf XOCALI idi.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən, Qarabağın dağlıq hissəsində əhalisi azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, ermənilər 366-cı alayın köməyilə tarixin ən dəhşətli qanlı səhifələrindən birini yazdılar...

...Ölkə rəhbərliyinin səriştəsizliyi və yaranmış şərait ermənilərin Xocalı ilə bağlı planlarının daha tez həyata keçməsinə təkan verirdi. Fevralın 25-də Xocalı daha ağır artilleriya və digər hərbi texnikadan atəşə tutulmağa başladı. Bu işdə yenə də 366-cı alayın texnikasından geniş istifadə olundu. Ümumiyyətlə, bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər kəndlərinin də işğalında dəfələrlə iştirak edib. Bunun əsas səbəblərindən biri də alayda xeyli sayda erməninin olması idi. Yeri gəlmişkən, 366-cı alaydan Xocalıya edilən hücuma rəhbərlik edən şəxslərdən biri də Ermənistanın indiki müdafiə naziri Seyran Muşeqoviç Ohanyan idi. Məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeri İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak etmişlər...

...Bu soyqırımında 613 nəfər dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca bir gecədə amansızlıqla qətlə yetirildi. Erməni-rus birləşmələri 487 nəfəri ağır xəsarətlərə məruz qoydu, 1275 nəfəri isə girov götürdü. Ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan daşnaklar insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə görə, həmin gecə onlarca qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb...

 

***

 

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verildi. 1996-cı il fevralın 24-də xocalılılarla görüşən ulu öndər Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğuladı: "Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür... Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də, biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik".

Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı Soyqırımı Günü Haqqında" xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir...

Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini açıqlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olub. Bu istiqamətdə ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun xidmətləri yetərincədir. Məhz Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət" kampaniyasının köməyi ilə Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır...

 

***

 

"Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyaya əsasən, Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır. Beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva edən, bəşəriyyətin, insanlığın hüquqlarının nizamlanmasında əsas istinad mərkəzi sayılan həmin sənəddə əksini tapan müddəalara görə, bir dövlət digərinə qarşı beynəlxalq qanunlar əsasında qadağan olunmuş hərəkətləri edə bilməz. Amma bunlara baxmayaraq, Ermənistan bandokratiyasının rəhbərləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan kimilər azərbaycanlılara qarşı soyqırımı törədiblər. Təəssüflər olsun ki, ermənilərin azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsi olan Xocalı soyqırımı hələ də beynəlxalq səviyyədə layiq olduğu siyasi-hüquqi qiymətini almayıb. 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının 260 (III) A Qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyaya əsasən, söyləmək olar ki, azərbaycanlılara qarşı erməni-sovet birləşmələri tərəfindən törədilmiş soyqırımı bəşəriyyətə qarşı cinayətdir və soyqırımı törədənlər cəzalandırılmaılıdır. Konvensiyada bildirilir ki, soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Konvensiyanın hər bir maddəsindən məlum olur ki, genosid siyasətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması qaçılmazdır. Cinayətin tərkib hissəsinə nəinki onun törədilməsi, həmçinin genosidin törədilməsi məqsədilə birgə planın hazırlanması, genosidin törədilməsinə təhrik edilmə, genosidin törədilməsinə cəhd və onun törədilməsində iştirak da daxildir. Bu baxımdan qeyd etmək vacibdir ki, Xocalı soyqırımını törədən cinayətkarlar gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcəklər.

 

 

Ənvər SEYİDOV,

hakim, hüquq üzrə fəlsəfə doktoru, professor

 

Xalq qəzeti.- 2012.- 7 fevral.- S. 5.