Qayğıkeş insan, pedaqoq, görkəmli rejissor

 

Lütfi Məmmədbəyov-85

 

Hər dəfə onu xatırlayanda "Atayevlər ailəsi" teletamaşası yada düşür. Bu tamaşadakı rejissor işi adamı həqiqətən valeh edir. Lütfi müəllim sözün həqiqi mənasında əvəzsiz rejissor idi. Qurulus verdiyi əsərlərin hər biri teatr tariximizdə böyük hadisəyə çevrilirdi.

Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nin rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlandığından Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olub, 60-dan çox televiziya tamaşasına quruluş verib. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub .

On beş il əvvəl dost-tanışları, sənətsevərlər milli teatrımızın görkəmli nümayəndələrindən biri, respublikanın xalq artisti, gərgin əməyi, istedadı sayəsində yüksək nüfuz qazanmış Lütfi Məmmədbəyovun ad gününü qeyd etməyə hazırlaşırdılar. Həmin ərəfədə onun ünvanına ulu öndər Heydər Əliyev təbrik məktubu göndərmişdi: "Hörmətli Lütfi Məmmədbəyov! Sizi - Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm"...

Sevilən sənətkar bu isti, doğma təbriki məhəbbətlə qarşıladı. Fəxr etdi ki, xidmətləri belə dəyərləndirilir.

Əlbəttə, bu hörmət ona asan başa gəlməmişdi. Çətin həyat yolu keçmişdi. Onu mərd, həssas ürək sahibi kimi tanıyırdılar. Dostları onun haqqında deyirdilər ki,dilinə "yox" sözü gəlməzdi. Gecənin hansı aləmində mənzilinin qapısı döyülsəydi, tərəddüdsüz açardı, gələnə imkanı daxilində əl tutar, qayğısını ondan əsirgəməzdi. Bu məziyyətinə görə ona "təcili yardım" təxəllüsü vermişdilər. Lazım gələndə ayrı-ayrı vəzifə sahibləri ilə görüşər, nüfuzu sayəsində çalışardı ki, ona müraciət edənin probleminə son qoyulsun. Əzab-əziyyətə tab gətirib səhnədə, ekranda oynayacağı rolu varlığında yaşadardı. Hazırda Azərbaycan teatr sənətində çalışanların əksəriyyəti onun tələbələri, yetirmələridir. Lütfi müəllimin bədii rəhbəri olduğu xalq teatrını "bitirənlərdən" 50 nəfər xalq artisti, 54 nəfər əməkdar incəsənət xadimi fəxri adlarına, 28 nəfər isə Dövlət mükafatına layiq görülmüşdür

1953-cü ildə öz təşəbbüsü ilə yaratdığı xalq teatrına qırx ildən artıq rəhbərlik etmişdi. Bu gün tanınan aktyorların, rejissorların əksəriyyətinin ilk sənət yolu həmin xalq teatrından başlayıb.

Uğurlu, baxımlı ekran əsərlərinə görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdü.

Xalq artisti Yaşar Nuri Lütfi müəllimi belə xatırlayır: "O, mənim kimi çoxlarının əlindən tutub, səhnəyə, sənətə aparıb. Bizlərə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib. Ona inandığımızdan ardınca getmişik. Hər tapşırığına əməl etmişik, məsləhətlərini, verdiyi mizanları yadımızda saxlamışıq. Onunla eyni sənət məbədində birgə işləməyimizi ən yüksək nailiyyətimiz, qələbimiz bilmişik. Lütfi müəllim həddən artıq sadə, qədirbilən insan idi. Elədiyi, göstərdiyi yaxşılıqları heç vaxt dilinə gətirməz, üzə vurmazdı. Yetirmələrini harada görsəydi: "Gülüm oğlan, necəsən?" - deyib, bizlərlə səmimi görüşər, əhvalımızı soruşardı. Uğurumuza sevinər, qüsurlarımızı üzümüzə deyərdi. Onu tanıdığım gündən mənzilinin telefon nömrəsi dəyişmədi. Vaxt-bivaxt çoxları ona zəng edər, məsləhət alar, maddi-mənəvi kömək istəyərdi. Bəzən özüm-özümdən soruşuram: görəsən, həmin telefon zəngləri onu, ailə üzvlərini bezdirmirdi? Şəxsən mən bunu heç zaman hiss etmədim. Lütfi müəllim çoxlarımızın elçiliyinə gedib, toylarımızda doyunca oynayıb, küsülüləri barışdırıb. Birimizin ürcahına gözlənilməz hadisə çıxanda narahat olar, tez-tez əlaqə saxlar, vəziyyəti öyrənərdi. Dost-tanışına səadət, xoşbəxtlik arzuladığından özü də nümunəvi həyat yoldaşı, ata, baba, əsl ailə başçısı kimi tanınmışdı".

L.Məmmədbəyov bənzərsiz aktyor idi. Teatrda nə qədər gözəl rollar oynamışdı. Sevib-seçdiyi sənətinə qəlbən vurğun olan Lütfi müəllim bu və ya digər cəfalardan əsla bezməzdi. Tamaşaçılar onun çəkildiyi bədii filmləri də unutmayıblar. "Səhər"də Aslan, "Qızmar günəş altında"da Xəlil, "Bəxtiyar"da Həbib, "Sehirli xalat"da Əli müəllim... Bu rollar epizodik olsa da, həmin ekran əsərlərinin ümumi məntiqinə, mənalarının qavranılmasına müsbət təsir göstərmişdi. Həm də sevimli aktyorun ömründən qalan kino xatirələri, yadigarlarıdır.

Yaranış tapdığı çağlardan üzü bəri həmişə milli teatr sənətinin rejissor işi baxımından bəxti gətirmişdi. H.Ərəblinski, A.Tuqanov, A.İsgəndərov, M.Məmmədov, T.Kazımov, Ə.Quliyev, L.Məmmədbəyov... kimi layiqli sənət xadimlərimiz olub. Lütfi müəllim, sözün həqiqi mənasında, tamaşalar qalereyası yaradıb. Hər biri yeni mizanlar, tərtibatlar, quruluşlar, aktyor seçimi, məşqlər, baxışlar tələb edən səhnə, ekran əsərinə ən azı 8-10 ay vaxt sərf olunursa, bu 60 rəqəmin fonunda rejissor Lütfi Məmmədbəyovun hansı əzablara qatlaşmasını hiss etmək, təsəvvürə gətirmək çətin deyil.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmışdır. Tarixə "keçid dövrü" adı ilə yazılan vaxtlarda öləziyən teatrlarda yenidən inkişaf, tərəqqi mərhələsi yaradılmasında onun əməyi, xidmətləri bu gün də ehtiramla yad olunur

O, eyni zamanda, respublika teleradio yayımlarında kamera, mikrafon qarşısında mahir aparıcılardan biri olmuşdu. Dövrün məşhur televiziya verilişləri "Səhər" musiqili informasiya proqramı, "Teatr görüşləri", "Sənətkar və zaman", "Aktyorlar, rollar" verilişləri məhz L.Məmmədbəyovun səyi, istedadı, aparıcılığı sayəsində illərlə ekran ömrü yaşamış, tamaşaçı alqışı, sevgisi qazanmışdı.

İstedadlı aktyor, rejissor, qayğıkeş pedaqoq Lütfi Məmmədbəyov tez-tez deyərdi: "Əgər ikinci dəfə bu işıqlı dünyaya gəlsəm, yenə də canımı teatrımızın inkişafı uğrunda qurban verərdim". O, sənətini sevdikcə özü də şöhrət zirvəsinə ucaldı. Böyük tamaşaçı məhəbbəti qazandı. Daim hörmətli tutulan teatr xadimi idi. Xalq artisti fəxri adına, Dövlət mükafatına layiq görülmüşdü. 70 illik yubileyi münasibətilə ədəbiyyatımızın, mədəniyyətimizin qayğıkeşi ulu öndər Heydər Əliyev 13 mart 1997-ci ildə fərman imzalamışdı: "Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lütfi Şahbaz oğlu Məmmədbəyov "Şöhrət" ordeni ilə təltif edilsin". Budur, halal əməyə, gərgin zəhmətə verilən yüksək qiymət! Ömrünün son anınadək o, bu yaxşılıqdan, etimaddan, ehtiramdan həvəslə danışardı.

Qayğıkeş insan, pedaqoq, görkəmli teatr xadimi Lütfi Məmmədbəyov örnək olası mənalı ömür yaşadı. İndi onun əziz xatirəsi, səksən beş illik yubileyi sənətsevərlər tərəfindən hörmətlə, məhəbbətlə yad olunur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 5.