"Diqqət! Göstərir Bakı!"

 

Milli radio və televiziyamız fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

 

Milli televiziyaradiomuz müstəqil dövlət quruculuğu prosesini hərtərəfli işıqlandırmaqla bərabər, həm də taleyüklü anlarda xalqın əsl tribunasına çevrilərək, onun istək və arzularının, ölkə həqiqətlərinin carçısı rolunu dönmədən həyata keçirir.

Heydər ƏLİYEV, Ümummilli lider

 

 

İndi hər gün neçə-neçə telekanaldan dəfələrlə eşitdiyimiz, o qədər də fərqinə varmadığımız bu adi müraciət 1956-cı ilin 14 fevral axşamında görüntülü, əfsanəvi səslənişi ilə milli telejurnalistikamızın ilk addımını tarixin yaddaşına həkk etmişdi.

 

O soyuq qış axşamının bu sevincli xəbəri soydaşlarımızı əsrin daha bir sehrli aləminə qovuşdurmuş, onların qəlbinə hərarət, gözlərinə əfsun gətirmişdi. 56 il əvvəl - möcüzələr əsri XX yüzilin 56-cı ilində Azərbaycan bax beləcə televiziya epoxasına qədəm qoymuş, dünyanın televiziyalı xalqları cərgəsinə qoşulmuşdu.

Ana dilimizdə yerli radionun 30 illik fəaliyyətindən sonra milli televiziyanın meydana gəlməsi ilə çoxəsrlik mədəni tariximizdə yeni bir səhifə açılmışdı. Xalqımız öz sözünü kağıza həkk edib yaymaqdan, danışığını uzaqlara ötürməkdən sonra, səsli görüntülərinitirajlamaq imkanı qazanmışdı. Bundan sonra "sehrli qutu"nun "canlı güzgü" dünyanın yaxın-uzaqları ilə mənzillər arasında efir körpüsü yaratmış, evlərdən aləmə açılan misilsiz bir pəncərə olmuşdu.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, tarixi İpək Yolunun mühüm məntəqəsi olan Bakı həmişə dünyada yaranan yenilikləri tez qəbul edib. XIX əsrin ikinci yarısından "Odlar yurdu"nun mədəni mərkəzinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə məmləkətimizin paytaxtına çevrilən Bakı dünyada elmi-texniki proseslərin ilkin yayıldığı şəhərlərdən biri olub. Sovet İttifaqının cənubda əsas sivil mərkəzi kimi sürətlə inkişaf edən və Şərq ölkələrinə nümunə kimi formalaşdırılan Azərbaycan paytaxtında radio erkən çağlarda yaradıldığı kimi, televiziyaya da dünyada öncüllər sırasında meydan açıldı.

Bakı Televiziya Studiyasının təməl daşı 1954-cü il sentyabrın 2-də qoyuldu. Şəhərin dağüstü parka bitişik yerində 2 ilə tikilib istifadəyə verilən və o vaxtın texniki avadanlığı ilə təchiz olunan bu studiyada ilk veriliş 1956-cı il fevralın 14-də yayımlandı. Ekranda ilk görünən və səsləndirilən kadrla-soydaşımız, aktrisa Nəcibə Məlikovanın "Diqqət!" Göstərir Bakı!" sözləri ilə yeni bir dövr başlandı. Cənubi QafqazOrta Asiya respublikaları arasında ilk olaraq televiziya Azərbaycanda yarandı. İlk axşamda tamaşaçılara, respublika əhalisinə gözaydınlığı veriləndən sonra o vaxtın populyar filmi "Bəxtiyar" göstərildi.

196 metrlik anten qülləsindən yayımlanan verilişlər ilk vaxtlar 6 min "göstərən qutu"da qəbul edildi. İlk televiziyaların ekranı siqaret qutusundan kiçik olsa da, yaratdığı sevinc dünya boyda idi. Evində televizoru olmaq bəxtəvərlik sayıldığından belələrinin sayı sürətlə artırdı. Möcüzəni gözləri ilə görmək üçün adamlar bölgələrdən Bakıya, qohum-tanışların mənzillərinə axışırdılar. Evində oturub dünyada baş verənləri seyr etmək, konsertə, filmə, tamaşaya, idman yarışlarına baxmaq, məşhur simalarla canlı ünsiyyətdə olmaq xəyalların gerçəkləşməsi idi.

Bakı studiyası əvvəllər həftədə 2, sonradan isə 3 dəfə 2 saat ərzində efirə çıxırdı. "Hörmətli tamaşaçılar, axşamınız xeyir! Verilişlərimizə başlayırıq" sözlərindən sonra tamaşaçılar nəfəs çəkmədən ekrandakı görüntüləri izləyir, həyatlarındakı bu inanılmaz yeniliyə alışırdılar.

Bakı Televiziya Studiyasının ilk direktoru şair Ənvər Əlibəyli onun milli yöndə inkişafına çalışırdı. 30 kvadratmetrlik 2 otaqdan ibarət studiyada yayım bir telekamera, 2 kinofilm kamerası ilə aparılırdı. May ayında ilk direktorlar Tamara Gözəlova və Nailə Mehdibəyova ekranda göründülər. 1957-ci ildən səyyar telestansiya ilə studiyadankənar verilişlər hazırlamağa başlandı. Bakı studiyası az sonra Azərbaycan Televiziyası adı ilə tanındı.

Çox keçmədi, respublika tamaşaçıları Moskvadan mərkəzi televiziyanın da verilişlərinə baxmaq imkanı qazandılar. 1960-cı ildən verilişlərdə "Günün yenilikləri" informasiya proqramı daimi yer aldı. İllər keçdikdə yeni studiyalar yaradıldı, efir vaxtı daim genişləndi, səhər verilişləri də yayımlandı. Televiziyanın milli kadrları formalaşdı, professionallıq yüksəlməyə başladı.

1969-cu ildə millətsevər və təşəbbüskar lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycan Televiziyası öz inkişafının yeni mərhələsinə daxil oldu. Respublikanın Teleradio qurumu müstəqil Dövlət Komitəsinə çevrildi. Yeni mobil studiyalar, televiziya teatrı istifadəyə verildi. Televiziyaya müasir videotexnika, montaj qurğuları, səyyar telestansiyalar alındı. Yayımın keyfiyyəti yaxşılaşdı. Telefilmin işi canlandı. Televiziyanın geniş yaradıcı strukturu formalaşdı, yeni proqramların sayı artdı. 1973-cü ildən Azərbaycan Televiziyası rəngli yayıma keçdi.

Sovet dövründə dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərən respublikanın yeganə televiziyası kommunist sisteminin zahiri üstünlüklərini nümayiş etdirməyə, sovet həyat tərzini təbliğ etməyə yönəldilsə də, öz xalqının hərtərəfli inkişafını hədəfə alan Heydər Əliyevin müstəsna uzaqgörənliyi ilə milli-mənəvi dəyərlərimiz ekranda daha geniş əks olunmağa başladı, milli varlığımız teleməkanın aparıcı mövzularına çevrildi.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə başlanan torpaqlarımızın bütövlüyü uğrunda mübarizə SSRİ-nin süqutu fonunda milli azadlıq və suverenlik savaşına çevrildikcə Azərbaycan Televiziyası da xalqımızın haqq işini bütün vasitələrlə müdafiə etməyə çalışırdı. 1990-cı ilin 20 yanvarında "sovet quruluşunu qorumaq" adı altında Bakıya qoşun yeridən bədnam SSRİ rəhbərliyi Azərbaycan Televizyasının enerji blokunu partlatdırıb onun yayımını pozmaqla, yerli telequrumu xalqımızın köklü maraqlarından uzaqlaşdırmaq istəmişdi. Lakin bu qanlı faciə və quldur aksiyadan sonra televiziya kollektivi sovet təbliğatına rupor olmadan imtina etdi.

Əvvəlki 35 ildə xəlqilik qazanan Azərbaycan Televiziyası dövlət müstəqilliyi ərəfəsində və onun ilk illərində üzdəniraq siyasi oyunlara çəkilsə də, fəaliyyətinin 37-ci ilindən geniş milliləşmə yoluna çıxdı. 1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışını dəstəkləyən televiziya kollektivi sağlam dövlətçilik mövqeyində dayanaraq, müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə xidmət göstərdi.

Bu dövrdən Dövlət Teleradio Şirkətinə çevrilmiş qurumun tərkibində fəaliyyətini davam etdirən, "Az TV" loqosu ilə tanınan milli televiziyanın tarixində yeni mərhələ başlandı. Ölkənin ana televiziyasının təcrübə və kadr bazasında yeni özəl teleşirkətlər, ictimai televiziya yaransa da, ilk telekanalın varisi kimi milli televiziya statusu qazanan "AzTV" yenə ən böyük, ən güclüöncüllüyünü qoruyub saxlayan telequrum oldu.

2005-ci il aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Teleradio Şirkətinin Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi onun söz azadlığı prinsiplərinə və demokratik cəmiyyətin tələblərinə uyğun fəaliyyəti, xalqın maraqlarına yüksək həssaslıq göstərməsi üçün hərtərəfli imkanlar yaratmışdır. Müstəqil dövlətimizin azadlığını qazanmış xalqımızın idealları ilə ortaqlaşan üstün hədəfləri Azərbaycan Televiziyasının fəaliyyət yönünü də müəyyən etmişdir. 2006-cı ilin avqustundan Teleradio QSC-nin yeniləşdirilən rəhbərliyi texnoloji modernləşdirməni professional yeniləşmə ilə qovuşduraraq, kəmiyyət artımını keyfiyyət göstəricilərinə çevirərək Azərbaycan Televiziyasının milli teleməkanda liderliyini möhkəmləndirmişdir.

Hazırda Azərbaycan Televiziyasının 3 - "AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət" kanalı efirə yayımlanır. Ölkə teleməkanında ilk tematik-sahə telekanallarının - "İdman Azərbaycan" və "Mədəniyyət"in məhz Azərbaycan Televiziyasının bazasında yaranması, uğurlu fəaliyyəti əlamətdar və təbiidir.

Texniki yeniləşmə xəttini tamamlayan məqsədyönlü struktur dəyişikliyi və uğurlu kadr siyasəti son 6 ildə proqram zənginliyinə səbəb olmuş, çağdaş tamaşaçı tələbatını həssaslıqla cavablandırmışdır. Azərbaycan Televiziyasının verilişlər şəbəkəsində müxtəlif janrlı 90-dan artıq orijinal proqram yayımlanır. Bu, həftədə 45 saatlıq yeni veriliş deməkdir. Azərbaycan Televiziyası dördnövbəli rejimində sutka boyu fasiləsiz yayımlanır. Son 6 ildə tamaşaçıların sayı 3 dəfə artaraq, ölkənin ümumi izləyicilərinin 24 faizindən 70 faizə yüksəlmişdir.

Bu gün müstəqil Azərbaycanın milli televiziyasının ölkəmizin bütün zonalarında və dünyanın aparıcı dövlətlərində müxbir postları fəaliyyət göstərir. Sutka ərzində 3 saatdan bir olmaqla, 8 xəbərlər buraxılışı Azərbaycan, rusingilis dillərində efirə verilir. Həftəsonu "Həftə" analitik informasiya, ayrı-ayrı günlərdə operativ-aktual mövzularda "Günün nəbzi" proqramları yayımlanır. "Səhər" musiqili-informasiya və "Ovqat" ədəbi-musiqili proqramları səhərlər tamaşaçıların həyatına xoş ovqat qatır. Ədəbi-bədii, maarifçilik, hərbi-vətənpərvərlik mövzularında verilişlər, musiqi proqramları milli-mənəvi dəyərlərimizə sevgi ruhunda aşılanmışdır.

"AzTV" sənədli filmlər çəkilişi sahəsində də böyük təcrübəyə malikdir. Bu bu günuğurla davam edir. Bir sıra tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş, o cümlədən "Rəsul Rza", "Tərcümeyi-hal: akademik Bəkir Nəbiyev", "Tarixin izi ilə ...Yaqub Mahmudov" kimi sənədli filmlərin son vaxtlarda təqdimatlarının keçirilməsi tamaşaçılara layiqli töhfədir. Prezident İlham Əliyevin hakimiyyətinin 8 illik dövrünü əhatə edən "İntibah lideri" filmi isə teleməkanda ciddi hadisə oldu.

Bu filmin müsahibləri, dünyanın tanınmış siyasətçiləri - Türkiyə Prezidenti Abdullah GülBaş nazir Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Rumıniya Prezidenti Trayan Basesku, Polşa Prezidenti Bronislav Komarovski, Serbiya Prezidenti Boris Tadiç, Çernoqoriya Prezidenti Filipp Vuyanoviç, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq, Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger, Almaniyanın keçmiş xarici işlər naziri Hans Ditrix Genşer, ABŞ konqresinin üzvü Bill Şuster, tanınmış amerikalı politoloq Zbiqnev Bjezinski, AŞPA-nın keçmiş prezidenti Mövlud Çavuşoğlu idi. Onlar İlham Əliyevin Azərbaycanın dinamik inkişafı ilə bağlı çoxşaxəli fəaliyyətinə yüksək qiymət verərək, bu nüfuzlu, yeni tipli siyasətçi ilə ünsiyyətdə olduqlarından və əməkdaşlıq etdiklərindən məmnunluq duyduqlarını ifadə etdilər. Dünyanın bu qədər siyasətçisini bir filmə "sığışdırmaq" təşəbbüsü Azərbaycan televiziyası tarixində ilk dəfə baş verirdi. Bu orijinal layihənin gerçəkləşdirilməsi məhz ölkənin mərkəzi televiziyası sayılan "AzTV"-yə nəsib oldu.

"AzTV"-nin verilişləri Azərbaycan dilinin normalarına ciddi əməl olunmaqla, canlı ədəbi dil məktəbi rolu oynayır, ana dilimizin qorunmasına və zənginləşməsinə xidmət edir. Dublyaj redaksiyası əcnəbi filmləri ana dilimizdə səsləndirir. Ölkənin ilk televiziyasının saxlancında öz istehsalı olan 1000 saata yaxın sənədli film, zəngin kinovideo xronika var. "Ekran-efir" və "TV plyus" nəşrləri, tematik buraxılışlar teleməkanın fəaliyyətindəki mühüm məqamlara aydınlıq gətirir.

Milli teleməkanın 56 illik mövcudluğu xalqımızın milli telejurnalistika yaratması və inkişaf etdirməsi ilə əlamətdar olmuşdur. Ötən 56 ildə telejurnalistika Azərbaycanın sivil bir məmləkət kimi keçmiş SSRİ-də və son 20 ildə dünya birliyində seçilən mövqe qazanmasında tarixi xidmətlər göstərmişdir. Özünü telegüzgüdə görmək və tanımaq imkanı xalqımızı elmi-mədəni cəhətdən yüksəltmiş, ictimai-siyasisosial-iqtisadi inkişafa güclü təsir etmişdir.

Teleməkan Azərbaycan gerçəkliyinin ayrılmaz mənəvi sferası, həyatımızın nəhəng güzgüsüdür. Milli Televiziyamızın keçib gəldiyi 56 illik yol vizual bir tarix, zəngin və çoxçalarlı bir videosalnamədir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 14 fevral.- S. 6.