Masallı: zirvələr necə də yaxın görünür...

 

"Mən hər dəfə cənub bölgəsinə gələndə, inkişafı, bu gözəl ab-havanı görəndə sevinirəm. Sevinirəm ki, bu bölgə çox sürətlə inkişaf edir... Bu bölgənin böyük potensialı var və biz hamımız çalışmalıyıq ki, bundan çox səmərəli istifadə edək. Elə edək ki, qısa müddət ərzində burada inkişaf daha da sürətlə getsin".

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

Dövlətimizin başçısının hələ 2005-ci ildə Masallıya səfəri zamanı söylədiyi fikirlər ötən müddətdə real təsdiqini tapmış, bölgədə abadlıq-quruculuq işləri daha da genişlənmişdir. Bu gün Masallı tanınmaz dərəcədə dəyişmiş, gözəlləşmişdir. Ötən hər ay, hər il burada yeni bir uğurun tarixinə çevrilir, adamların həyatında silinməz izlər buraxır. Sosial məsələlər ard-arda həll edilir.

...Dağlar rayon mərkəzindən 10-12 kilometr uzaqda qərar tutsa da, adama elə gəlir ki, indi buradan zirvələr daha yaxın, daha aydın görünür. İskəndərli körpüsündən keçib Ərkivana çatdınmı, dağların ətəyindəsən. Amma qədim Ərkivanda dayanmamaq da mümkün deyil. Mənbələrdə 1501-ci ildə Təbrizə qayıdarkən Şah İsmayıl Xətainin yolüstü buraya dönüb dincəldiyi və babası Şah Səfinin bulağından su içdiyi bildirilir. Həmin bulaq indi də qalır. Müdafiə məqsədilə tikilmiş Ərkivan qalası düşmənlərə qarşı mərdliklə döyüşmüş ərkivanlıların qəhrəmanlıq simvoludur. Ərkivan bazarı XIX əsrdə Lənkəran qəzasının ticarət mərkəzlərindən biri idi. Masallı şəhərinin yaranmasında bu bazarın da, çox güman ki, müəyyən rolu olub. Bu gün Masallı şəhərinin mərkəzində Şah İsmayıl Xətainin möhtəşəm abidəsinin olması isə tarixi keçmişə rəğbətin təzahürüdür.

Sevimli şairimiz Məmməd Aslana Masallıdan yenicə qayıtdığımı söyləyəndə bir anlıq gözləri yol çəkdi. Sonra dedi: "Çox gözəl yerlərdir. Adamları da qonaqpərvər, hörmətcildir. İnşallah, bir növbəti səfərində mən də sənə yoldaşlıq edərəm". Mən: "Hələ qışdır, sağlıq olsun, yazda gedərik" -deyincə şairin cavabı ləngimədi:

Lalə, nərgiz ləçəkləyər,

Üstünə şeh çisəkləyər.

Qış günü də çiçəkləyər

Dağlar mənim ürəyimdə.

Amma bu da bir danılmaz həqiqətdir ki, indi Masallıya hər kəs böyük həvəslə gəlir. Hətta əcnəbilər də...

Beş il öncə, bir payız günü Masallıda əsl toy-bayram idi. Burada tikilmiş möhtəşəm Olimpiya İdman Kompleksinin açılışına Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey də gəlmişdi. Onlar kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, sonra otüstü xokkey komandalarının yoldaşlıq görüşünə tamaşa etdilər və idmançılarla xatirə şəkli çəkdirdilər. Əcnəbi qonağın Masallıda olmaqdan duyduğu məmnunluq gözlərindən aşkar görünürdü.

Ötən il dekabrın son həftəsində Masallıda keçirilən beynəlxalq boks turnirində Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstandan xeyli federasiya rəsmisi və idmançı gəlmişdi. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqlarla görüşdə bildirdi ki, kompleks möhtərəm Prezidentimizin təşəbbüsü ilə tikilib. Burada çoxlu mötəbər yarışlar keçirilib və bu, rayonda idmanın inkişafına güclü təkan verir. Elə bu turnir də istisna deyil... Üç gün çəkən yarışlar hamıya unudulmaz təsir bağışladı. Fərəhlidir ki, turnirdə Masallı boks məktəbinin yetirmələri də fərqləndilər: Qoşqay Səfərli 1-ci, Peyman Yusifli isə 2-ci yeri tutdular. Komanda hesabında Azərbaycan boksçuları qalib gəldilər. Qonaqlar Masallını da doyunca gəzib dolandılar. Dedilər ki, Masallının bugünkü büsatı bizi valeh etdi.

Yeri gəlmişkən, dövlətimizin başçısı bu ili "İdman ili" elan edib. Masallı da artıq idmanla nəfəs alır. Elə ötən ay taekvondo üzrə yeniyetmələr arasında Dövlət Gömrük Komitəsinin 20 illiyinə həsr olunmuş respublika birinciliyi keçirildi. Qarşıda belə yaddaqalan tədbirlər hələ çox olacaq. Keçən il Təhsil Nazirliyinin vəsaiti ilə əsaslı şəkildə yenidən qurulmuş Uşaq-Gənclər Şahmat Məktəbi də mühüm yarışların keçiriləcəyi ünvana çevriləcək. Bundan başqa, hazırda Masallı şəhərində "NUR-M" MMC-nin köməkliyi ilə Boks Məktəbinin inşasına başlanıb. Novruz bayramına qədər tikilib istifadəyə verilməsi nəzərdə tutulan bu mərkəzdə məşq və təlim toplantılarından ötrü hər cür şərait olacaq. Ötən ilin avqustunda Boradigah qəsəbəsində yeni istifadəyə verilmiş idman zalında oğlanlar arasında sərbəst güləş üzrə 6 rayondan olan komandaların iştirakı ilə yarış təşkil edilmişdi. İnanırıq ki, orada digər maraqlı yarışlar da keçiriləcək. Ərkivan, Qəriblər, Türkoba kimi kəndlərdə bələdiyyələrin və iş adamlarının köməkliyi ilə təmir olunmuş futbol və voleybol meydançaları da boş qalmayacaq.

Masallıda hər kəsi layiqincə qarşılamağa səviyyə də var, qonaqlara göstərməli axar-baxarlı yerlər və çoxlu abad, gözəl guşələr də. Şair demişkən, artıq təqvimdə qış və ya yay olmasının elə bir fərqi yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev Masallıya dəfələrlə səfər edib. Ötən il aprelin 14-də burada olan dövlətimizin başçısı abadlıq işləri ilə yaxından tanış olmuş və bəyənmişdir: "Biz Masallının inkişafının yeni mərhələsini yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır".

Səfərdən bir qədər sonra Prezident rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 2 milyon manat, iyulun sonunda isə Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun tikintisi üçün daha 3,5 milyon manat vəsait ayırıb. Hazırda həm rayonun abadlığı, həm də həmin yolun tikintisi üzrə keyfiyyətli və hər kəsin ürəyincə olan tədbirlər həyata keçirilir.

İcra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Cəmil Məmmədov:

-Rayonumuzda aparılan abadlıq-quruculuq tədbirlərinin miqyası genişdir. Heydər Əliyev prospekti başdan-başa yenidən qurulur. Hər iki tərəfdən primitiv tikililər sökülüb yerində müasir dizayna uyğun binalar ucaldılır. Burada yaşıllıqlar və piyada yolları salınacaq. İşıqlandırma sistemi tam təzələnəcək. 12-15 metr genişləndirilməsi nəzərdə tutulan prospektin bir tərəfində 1 mərtəbəli, digər tərəfində isə 2-3 mərtəbəli və daha böyük, gözəl binalar tikilir.

Təhsil şöbəsinin qarşısındakı meydanda yeni fontan qurulub, yerə zövqlə tamet plitələr döşənib. Hazırda "Masallı" otelinin qarşısındakı səkilərdə döşəmə işləri davam edir. Oradakı alçaq binalar yeni dizayn üzrə, ikimərtəbəli olmaqla inşa edilir. Prospektin rayon polis şöbəsindən Seybətin dairəsinə qədər olan hissəsində artıq 96 ədəd müasir işıq dirəyi qoyulub, digər hissənin hər iki tərəfində isə 21 dirək basdırılıb. Mart-aprel aylarında bu işlər əksərən tamamlanacaq.

H.Əliyev prospektinin rayon telekommunikasiya qovşağı yerləşən sahəsində hasarlar yenidən qurulur və ağlay daşlarla üzlənir. Suaparıcı kanallar betonlanaraq təzələnir. Ötən ilin fevralında baş vermiş qəza nəticəsində dağılan TKQ binası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yenidən tikilib. Hazırda burada son tamamlama işləri gedir.

Talışxanov küçəsi də şəhərin mərkəzi hissələrindən sayılır. Burada beş min kvadratmetr sahəni əhatə edən Nizami parkı tamamilə yenidən qurularaq əhalinin istifadəsinə verilib. Parkın müasir oturacaqları, fontanı, işıqlandırma sistemi, mozaik plitələri zövq oxşayır. Qırx il təmir olunmamış Mədəniyyət evinin yenidənqurulması müvafiq nazirliyin sifarişi ilə sürətlə davam edir. Daxili imkanlar hesabına Gənclər Mərkəzinin inşası reallaşdırılır. Buradakı digər binalar da yenidən qurularaq üzlənib. Yeni obyektlər ucaldılır. Küçənin Olimpiya İdman Kompleksinə qədər olan digər tərəfində hasarlar səliqəyə salınıb, piyada yolları düzəldilib. Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının binası əsaslı təmir edilib. Yolboyu hər tərəf işıqlandırma ilə təchiz olunub.

Şəhərin Qarabağ küçəsindəki kommunal binaların fasadı, həyətləri səliqəyə salınır, divarlar rənglənir. Ələt-Astara magistral yolunun Masallıdan keçən hissəsində də abadlıq tədbirləri genişlənir. Orada tikilmiş iki hektarlıq istixanada tərəvəz yetişdirilir, 1500 tonluq soyuducu anbar fermerlərin ixtiyarına verilib. Magistral boyunca yüzlərlə ağac əkilib, yol kənarları təmizlənib.

Şəhər sakini Rafiq Bağırov:

-Masallıda həyata keçirilən abadlıq tədbirləri göz-könül oxşayır. Yadınızdadırsa, əvvəllər asfalt sahələr bərbad gündə idi. Yağış yağdımı, hər tərəf palçığa qərq olurdu. İndi isə, maşallah, əksər küçələr, hətta bir sıra kənd yolları da asfaltlanır. Abad yol mədəniyyət göstəricisidir. Bununla öyünməyə artıq bizim də haqqımız çatır.

Ölkə rəhbəri tərəfindən ötən il rayonun inkişafına ayrılmış vəsaitlə Şıxlar-Kalinovka avtomobil yolunun 5,3 kilometri, Kalinovka-Qızılağac yolunun 1,8 kilometri, Tatyan-Güllütəpə yolunun isə 2,8 kilometri əsaslı təmir edilib. Əlavə olaraq daxili imkanlar hesabına Həsənli mərkəzi avtomobil yolunun 2 kilometrlik hissəsi asfaltlaşdırılıb. Prezidentin müvafiq sərəncamı ilə yenidən qurulan Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunda da asfalt işləri yekunlaşmaq üzrədir. İnam var ki, bu gedişlə yaxın zamanlarda asfalt yollar dağ kəndlərinədək uzanacaq. Dövlətimizin qüdrəti buna imkan verir.

Masallı şəhər mərkəzini, rayonun Muğan zonasında Təzə Alvadı-Qızılağac və Xırmandalı kəndləri istiqamətində 20 kəndi əhatə edən polietilen borulu qaz xəttinin çəkilişinə başlanıb. Musaküçə-Göyəçöl və Məmmədxanlı-Həsənli kəndlərində də qaz xətti çəkilir. Şəhərin SİP kabelləşməsi və Smart kart tipli sayğaclaşdırma işləri davam edir. Bütün bunlar adamların rahatlığı və zəruri təminatları üçündür.

Dadaşbala Duniyev, müəllim:

-Sevindirici haldır ki, son beş ildə bizim rayonumuzda 24 yeni məktəb tikilib, 5 məktəb əsaslı təmir olunub. Ötən sentyabrda Yolağac və Hüseynhacılı kəndlərinin hər birində 180 şagird yerlik orta məktəb binaları istifadəyə verildi, Şahmat Məktəbi təmir edildi. Hazırda Qodman, Sığıncaq, Köçəkli, Ərəb, Dəmirçi və Kubin kənd məktəbləri tikilir. Xılda böyük bir məktəbin inşasına hazırlıq gedir. Göyəçöl kəndində uşaq bağçasının təmiri yekunlaşır. Masallı 3 saylı uşaq bağçası da təmir olunur. Bundan başqa, eşitdiyimə görə, tezliklə rayon xəstəxanasının yaxınlığında çətin tərbiyə edilən uşaqlar üçün 30 yerlik sığınacaq və 25 yerlik reabilitasiya mərkəzinin tikintisinə başlanacaq. Bütün bunlar gələcək nəslin təlim-tərbiyəsinə dövlət qayğısının təzahürləridir.

Masallıda onu da öyrəndik ki, hazırda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi gerçəkləşdirilir. Bu məqsədlə elan olunan tenderdə qalib gəlmiş Türkiyə şirkətinin mütəxəssislərindən ibarət böyük bir dəstə rayonda işə başlayıb. Bu il Masallıda şəhid və əlil ailələri üçün 40 mənzilli yaşayış binası tikiləcək. Bundan öncə də 8, 32 və 36 mənzilli üç belə bina tikilərək istifadəyə verilib. Yeni bina tikiləndən sonra əhalinin qayğıya ehtiyac duyan təbəqəsinin mənzil problemi tam həllini tapacaq.

Bəli, Masallı rayonunda sosial-iqtisadi inkişaf proqramları ardıcıl şəkildə, uğurla həyata keçirilir. Rayonun əhalisi buna qəlbən sevinir və yaradılan gözəl həyat şəraitinə görə ölkə rəhbərliyindən hədsiz razılıq edir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 16 fevral.- S. 6.