Ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa qarşı dəhşətli cinayətdir

 

İyirmi il bundan əvvəl Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın Xocalı şəhərində erməni millətçiləri tərəfindən etnik təmizləmə siyasətinin ən qanlı səhifəsi yazıldı. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, XIX əsrdə İran İslam Respublikasından çar Rusiyasının vasitəçiliyi ilə Dağlıq Qarabağa köçürülmüş ermənilərdən ibarət silahlı dəstələr Xankəndində yerləşən keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə azərbaycanlılar yaşayan Xocalı şəhərini yer üzündən silinərək vəhşicəsinə dağıtdılar, sakinlərini isə xüsusi amansızlıqla qətlə yetirdilər.

 

Beləliklə, iki yüz il ərzində ermənilərin azərbaycanlılara qarşı apardıqları düşmənçilik siyasəti kulminasiya nöqtəsinə çatdı. SSRİ-nin süqutundan sonra müstəqillik qazanan Azərbaycan ilk vaxtlar ermənilər tərəfindən daha çox təcavüzə məruz qalırdı. Etnik təmizləmə siyasətini dövlət səviyyəsində həyata keçirən Ermənistan Respublikası Qərbi Azərbaycandan 250 min soydaşımızı öz doğma yurd-yuvasından qovub didərgin saldı, yüzlərlə kənd və qəsəbələr viran edildi, Xocalı faciəsi isə Xatın, Lidisea, Sonqmi faciələri ilə bir sırada bəşər tarixinə düşdü.

Xocalı soyqırımı 613 insanın həyatına son qoydu. Bunun 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilmişdi. Erməni vandalizmi nəticəsində 130 uşaq valideynlərindən birini itirmiş, 76 uşaq yaralanmışdır. Ümumiyyətlə, Xocalı soyqırımı zamanı 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bütün bunlardan əlavə, erməni təcavüzü dövlətə və vətəndaşların şəxsi əmlakına 5 milyard manat dəyərində (o vaxtkı qiymətlərlə) külli miqdarda zərər vurulmuşdur.

Misal gətirdiyimiz bu rəqəmlər 1988-ci ilin fevral ayında Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan Respublikasına birləşdirmək haqqında çıxarılan qərarın qanunsuz tələblərinin acı sonluğundan xəbər verir. Xocalı soyqırımını yaşamış insanlar istintaq orqanlarına verdikləri ifadələrdə ermənilərin ağlasığmaz vəhşiliklərindən danışır, onların azərbaycanlılara qarşı törətdikləri cinayətlərə şahidlik edirlər. 1937-ci ildə doğulmuş Narxanım Süleyman qızı Qarayeva ifadəsində bildirir:

- Oğlum İlham özünümüdafiə postuna gedirdi. 1992-ci il fevralın 25-də İlham qonşumuz Akif Nağıyevlə birgə postda idi. Gecə şəhər atəşə tutulanda biz getməyib oğlumuzu gözləyirdik. Gecə böyük oğlum Usubalı arvadı və uşaqları ilə gəlib məni, kiçik uşaqlarımı onlarla getməyə vadar etdi, ərim Süleyman isə evdə qaldı.

Usubalı bizi Qarqar çayı tərəfdən apardı. Başqalarının iziylə meşəyə getdik. Gendərə adlı yerdə bizi gülləyə tutdular. Səttar adlı həmyerlimiz ermənilərə əsir düşmüşdü. Onu məcbur edirdilər ki, bizi adımızla haylasın. Əks tərəfə qaçıb meşənin dərinliyində gizləndik. Kiçik oğlum Vüqarın ayaqlarını don vurmuşdu (sonralar onun sol ayağında 4, sağ ayağında isə 2 barmağını kəsdilər). Hava işıqlaşanda bizi yenidən atəşə tutdular. Hərə bir tərəfə qaçdı. Hara qaçdığımızı bilmədən erməni kəndi Dəhraz yaxınlığında əsir düşdük. Məni başqa xocalıların da olduğu fermaya saldılar.

Üç gün yanımıza heç kim gəlmədi. Su, yemək, qızınmaq üçün od vermədilər. Sonra gəlib cavan oğlan və qızları apardılar. 13 nəfər qoca kişi və qadın qaldıq. Möhkəm döyüldük. Ermənilər bizi soyundurub üstümüzü axtarmağa başladılar. Bu vaxt həm də bizi döyür və əzab verirdilər. Kiminsə ağzında qızıl diş görən kimi kəlbətinlə bağırda-bağırda çıxarırdılar. Soyuqdan, don vurmaqdan ayaqlarımız, bədənimiz şişmişdi. Heç nəyə yaramadığımız üçün bizi Ağdam istiqamətinə aparıb ölü ermənilərlə dəyişdilər. Bir neçə gün heysiz qaldım, yerimdən tərpənə bilmədim. Ailə üzvlərini axtardım. Məsciddə molla ölənlərin siyahısına baxdı. Adları çıxmadı. Soraqlaşıb öyrəndim ki, ermənilərlə döyüşdə yaralanan İlham Beyləqandakı hospitaldadır. Meşədə yaralanan Vüqar sürünə-sürünə Ağdamın Şelli kəndinə gedib çıxıb, 6 ay Bakıda xəstəxanada yatıb. Usubalı ailəsi ilə birilikdə əsir düşüb. Onun 12 yaşlı oğlunu Əsgərana aparıblar, heç bir xəbər yoxdur. Gəlinimin 4 qardaşını əsir götürdülər. Onlardan da xəbər-ətər yoxdur.

Yaqub Qədir oğlu Məmmədov: Xocalıdan sonuncu vertolyot 1992-ci il fevralın 13-də qocaları, qadınları və uşaqları götürüb uçdu. Fevralın 25-dən 26-na keçən gecə postdaydım. Gecəyarısına yaxın aləm bir-birinə qarışdı. Xankəndindən hücuma keçən 366-cı motoatıcı alayın hərbi texnikaları - tanklar, BTR-lər və başqa atıcı maşınları Xocalının üzərinə yeridilər.

Artıq postda qalmağın əhəmiyyəti olmadığını görüb həmkəndlim Sərvərlə şəhərə doğru qaçdıq. Sərvərin evi yanırdı. Ailəsini zirzəmidən çıxarıb qaçırtdıq. Mənim də evim od içindəydi. Hərbi texnikanın arxasınca şəhərə soxulan ermənilər camaatın sahibsiz qalan var-dövlətini talamağa başlamışdılar. Qarışıqlıqdan istifadə edib Qarqar çayı tərəfə getdim. Qaranlıqda bir dəstə adamla çayı keçib meşəyə girdik. Dörd gün ora-bura vurnuxduq. Yeməyə heç nə tapmadığımız üçün heydən düşmüşdük. Hara gedəcəyimizi bilmirdik. Yarıçılpaq qocalar, qadın və uşaqlar qışın sərt soyuğuna tab gətirməyərək bir-bir sıradan çıxırdılar.

Dəfələrlə erməni postlarına tuş gəldik. Hər dəfə də atəş altında geriyə qaçdıq. Ölənlər, yaralananlar çöllərdə qaldı. Ayın 28-də mühasirəyə düşdük. Çıxış yolumuz olmadığından taqətsiz halda qarın içinə yıxıldım. Xeyli vaxt tərpənə bilmədim. Gözümü açanda beş nəfər avtomatlı erməninin üzümə baxdığını gördüm. Qolumdakı qolbaqlı saatı çıxardılar, qızıldan olmadığı üçün qeyzlənib ağzımı açmağa məcbur etdilər, qızıl dişlərim də yox idi. Onda avtomatın qundağı ilə başımdan vurub yerə sərdilər və təpikləməyə başladılar. Hirsləri soyumamışdı. Yenə avtomatın qundağıyla diz qapağımı sındırdılar və sol ayağımı qırdılar. Ayağa qalxa bilmədiyimə görə, paltarımdan tutaraq qarın üstündə sürükləyib əsirlərə qatdılar.

Səhər 70 kişini seçib çölə çıxardılar. Mən də onların içindəydim. Hərbi geyimdə olan Janna dedi ki, mən Qarqarçayını ayaqlarımı islatmadan keçmişəm, çünki meyitlərin üstü ilə gedirdim. Ona görə də qaçmağa cəhd eləməyin, hamınızı güllələyərəm. Sonra bizi KAMAZ-a doldurub Xankəndinə, milis şöbəsinə aparıb kameralara saldılar. Bizim kamerada 10 nəfər vardı. Beton döşəmənin üstündə qaldıq. Soyuq adamın iliyinə işləyirdi. 10 nəfərə gündə bir çörək və bir parç su verirdilər. Gündə dörd dəfə hamımızı vəhşicəsinə döyürdülər. Bir gün kameraları gəzib, kimin rus dilini bildiyini soruşdular.Bilənləri ayırıb təkadamlıq kameralara apardılar. Dedilər ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən nümayəndələr gəlib, bizim saxlanma şəraitimizlə maraqlanırlar. Hər şeyin öz qaydasında olduğunu bildirərsiniz, yoxsa...

Məni kameradan çıxarıb qapısında əli avtomatlı milis dayanmış otağa apardılar. Orada xaricilər vardı. Bir qadın və bir kişi ilə yanaşı Zori Balayan da oradaydı. Soruşdular ki, səni döyüblər. Dedim yox. Onda xahiş etdilər ki, soyunum. Döyülməkdən bədənimin hər yerinin qapqara olduğnu, ayaqlarımın yaralarını gördülər. Ailəmin harada olduğunu soruşdular. Dedim bilmirəm. Nə istədiyimi xəbər aldılar. Xahiş etdim ki, hamımıza kömək etsinlər azad olaq. Martın 20-də məni kameradan həyətə çıxardılar. Şöbənin bütün şəxsi heyəti burada idi. Cavan bir azərbaycanlı əsirin üstünə təlim görmüş it qısqırtmışdılar və özləri kimi vəhşi heyvanın yazıq binəvanı necə parçalamağından həzz alırdılar...

Hacıyev Qənaət Məhəmmədəli oğlu Xocalı faciəsini ilk anından sonunadək yaşayıb. Gözləri qarşısında insanlığa sığışmayan vəhşiliklərin şahidi olub. Soyqırımı ifadəsini də ilk dəfə ermənilərdən eşidib. - Siz azərbaycanlıların axırına çıxacağıq - deyən ermənilər xocalılara verdikləri işgəncələrlə bunu bir daha sübuta yetiriblər. Həmin dəhşətli anları yaşayan və olmazın işgəncələrə məruz qalan Q.Hacıyev ermənilərin vəhşiliyini heç zaman unutmayacağından söz açaraq deyir:

- 1992-ci ilin yanvar ayının əvvəlində arvadımı və uşaqlarımı Ağdama apardım. Xocalıdakı iki mərtəbəli, 12 otaqlı daş evimdə hər cür rahatlığım vardı. 2 televizor, 2 soyuducu, əllə toxunan 32 xalça, 5 baş qaramalımız, 60 baş qoyunumuz, 30 sot torpaq sahəmiz məişət qayğılarımızı xeyli yüngülləşdirmişdi. Bəri başdan deyim ki, bütün bu var-dövlət bir gecənin içində ermənilər tərəfindən talan edildi. Fevralın 25-dən 26-na keçən gecə evimdə 50-yə yaxın kişi toplaşmışdı. Onların ən kiçiyinin 18, böyüyünün isə 96 yaşı vardı. Mən onların ağsaqqalı, könüllülər dəstəsinin komandiri idim. Saat 24 radələrindən başlayaraq şəhəri hər tərəfdən güclü top atəşinə tutdular. Sonra tanklarla hücuma keçdilər. Biz Qarqar çayının məcrası ilə Əsgərana tərəf qaçırdıq. Qabaqda yolu kəsən ermənilər atəş açdılar. İnsanlar pərən-pərən oldu. Kimisi dağa doğru qaçdı, böyük bir qrup isə meşəyə girib, daldalanmaq istədi. Onlardan 12-si donaraq qarın içində qaldı. Ermənilər yaşayan Aranzanit kəndinin yaxınlığında mühasirəyə düşdük, 17 nəfəri elə yerindəcə güllələdilər.

İki gün bizi hansısa bir evdə ac, susuz saxladılar. Sonra saqqallı ermənilər gəlib içərimizdən 20 sağlam kişini ayırıb maşınla apardılar. Əl-qolumu bağlayıb avtobazaya gətirdilər. Üzüqoylu maşının kuzovunda uzanmışdım. Orada kəndirdən sallanan əl-ayağı kəsilmiş bir cəsəd gördüm. Yanında əliuşaqlı bir qadın qışqıraraq ağlayırdı. Yəqin ki, qətlə yetirilən əri idi. Avtobazanın direktoru Armen gəldi. Onu tanıyırdım, məni kuzovdan sürükləyib zirzəmiyə apardılar, qollarımı açdılar. Divara mıxlar və şüşə qırıntıları bərkitmişdilər ki, söykənmək olmasın. Bir neçə gündən sonra zirzəmiyə Martunidən olan iki azərbaycanlı gətirdilər. Onlardan birinin 15, digərinin isə 35 yaşı vardı, o ki var döymüşdülər. Bir azdan qara saqqallı beş erməni gəlib zirzəminin qapısını içəridən bağladılar. Ermənilərdən biri 15 yaşlı oğlana baxıb dedi: "yaxşı qoyundur". Ayaq üstə güclə dayanan oğlanı tutub qollarını yana çəkdilər, gözlərimin qarşısında əvvəlcə bir qolunu, sonra o birisini balta ilə kəsdilər. Döş qəfəsini yararaq ürəyini çıxardıb əllərində oynatmağa başladılar və irişə-irişə növbənin mənim olduğunu bildirdilər. Ürəyi namərd əlində, cəsədi döşəmədə capalayan bədbəxtə heç bir kömək edə bilmədiyim üçün elə bağırdım ki, yer-göy lərzəyə gəldi. Qapı döyüldü, açdılar. İçəriyə girən yekəpər erməni saqqallılara nəsə dedi, birlikdə çıxıb getdilər.

Məni və o biri azərbaycanlını başqa zirzəmiyə köçürdülər. Ölümcül halda döyülən cavan gördüklərindən dəhşətə gələrək huşunu itirib yıxıldı və bir daha ayağa qalxmadı. Zirzəmidə dörd qadın və iki uşaq da vardı. Küncdə bir qadın cəsədi uzadılmışdı. Qadınlar söylədilər ki, o binəva hamilə idi, qarnını yarıb uşağı çıxardılar, yerinə canlı pişik bağladılar. Qadın can verəndə ermənilər qəhqəhə çəkib gülüşürdülər.

Doğmalarla görüş həsrəti ilə keçən günlərdə ermənilərin insanlığa sığmayan bir neçə əməli ilə üzləşdim. Otağıma saldıqları bir azərbaycanlıya əmr etdilər ki, qızıl dişini özü çıxarsın, yoxsa başını kəsəcəyik. O da cavabında dedi ki, nə istəyirsiniz edin, mən dişimi çıxarmayacağam. Bizi üzərinə mıx vurulmuş taxta parçaları ilə döyməyə başladılar. Qışqırdıq ki, bizi güllələyin, ancaq əzab verməyin. Cavabları bu oldu ki, sizi döyə-döyə öldürəcəyik. Qardaşım oğlunun qayınatası da bizim kamerada idi. Onu aparıb başını kəsdilər. 52 günlük əsirlikdən sonra kamerada mənimlə olan ölmüş azərbaycanlını da erməni ölüsü ilə dəyişdilər...

Şahidlərin ifadələrini oxumaqla qurtaran deyil. Yüzlərlə, minlərlə Xocalı sakini 20 il bundan əvvəl ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı faktını bütün eybəcərlikləri ilə dünya ictimaiyyətinə çatdırmaq iqtidarındadır. Dünyanın hər yerində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı ildən ilə artmaqdadır. Uzaq Amerika qitəsində Mekska, Asiyada Pakistan, Avropada İsveç parlamentlərinin Xocalı soyqırımını tanıması haqqın, ədalətin tanınması kimi qiymətləndirilməlidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü iə "Xocalıya ədalət!" layihəsi çərçivəsində aparılan təbliğat işləri öz gözəl bəhrəsini verir. İslam Əməkdaşlıq Təşkilatının 51 ölkəsinin bu yaxınlarda Xocalı soyqırımını insanlığa qarşı törədilən beynəlxalq cinayət kimi tanıması böyük hadisədir.

Fransa vətəndaşı, erməni əsilli Şarl Aznavur Ermənistan rəhbərliyinə ünvanladığı mesajında deyir ki, erməni soyqırımı iddiası ilə alver etməyiniz bəsdir. Real həyata qayıtmaq lazımdır. Reallıq isə Ermənistanı hər il tərk edən yüz minlərlə soydaşımızın taleyinin necə olacağından ibarətdir. Belə bir açıqlamanın fonunda Fransa prezidenti Sarkozinin erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair çıxarmaq istədiyi gülünc qərar dünya ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalansaxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirmişdir.

 

 

Məqalə Azərbaycan Mətbuat Şurasının “Qarabağ mövzusu və Xocalı soyqırımının mediada təbliğinə dəstək” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim olunur.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2012.- 17 fevral.- S. 6.