Tarixin ən dəhşətli qətliamı

 

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırımı bu millətin dünyada ən qəddar, ən zalım olduğunu bir daha təsdiqlədi. Həmin gün ermənilər SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etdilər.

 

Bir günün içərisində şəhər yerlə yeksan edildi, dinc əhali amansızcasına qətlə yetirildi. Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Onlardan 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1992-ci il aprelin 1-nə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya hücumunun əsas səbəbi də bu şəhərin belə bir strateji mövqedə yerləşməsi ilə əlaqədar idi. Bununla yanaşı, Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürüncilkin dəmir dövrlərinə aid dəfn abidələri - daş qutular, kurqanlarnekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb vardı.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə yaranmış özbaşınalıq,anarxiya və hakimiyyətsizlik onsuz da ağır olan vəziyyəti daha da dərinləşdirirdi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızı ələ keçirir, soydaşlarımızı vəhşicəsinə qətlə yetirirdilər. Hakimiyyəti əlində saxlamaq istəyən o vaxtkı iqtidar bütün bunları ört-basdır edir, əsl həqiqəti xalqdan gizlədirdi. Ermənilərin növbəti hədəfi Xocalı şəhəri idi. Çünki strateji mövqeyinə görə Xocalı böyük əhəmiyyət kəsb edirdi. Ermənistan silahlı qüvvələri bu şəhəri 1991-cı ilin oktyabrından blokadada saxlayırdı. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Həmin günlərdə Azərbaycan silahlı qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi. O vaxt hakimiyyətdə olanlar buna cəhd də etmədi. Onların başı hakimiyyəti saxlamağa qarışmışdı. Hətta meyitlərin götürülməsi belə yaddan çıxmışdı. Yaranmış vəziyyətdən istifadə edən ermənilər meşələrdə gizlənmiş Xocalı sakinlərinin axtarışını aparır, aşkar edilənləri əsir götürür, ağlasığmaz işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların qətlə yetirildiyi yerə gedə bildi. Tarixdə analoqu olmayan bu qanlı mənzərə hamını dəhşətə gətirdi - hər tərəf cəsədlərlə dolu idi. Martın 1-də yerlixarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha dəhşətli vəziyyət müşahidə olundu. Meyidlərin qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələri, yandırılma halları aşkar edildi. Bu dəhşətli görüntülər hər bir kəsi vahimələndirmişdi. Hətta erməni jurnalistləri də bu qətliamı qəddarlıq adlandırdılar. Sonralar onlar bunu öz məqalələrində açıq şəkildə etiraf etdilər. Həmin dəhşətli mənzərələri görmüş şahidlərin bəzilərinin yazdıqlarını diqqətə çardırmaq istərdim.

Jan-İv Yunet, jurnalist, Fransa:"..Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə vertolyot verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə hamısını çəkirdik. Fəqət ermənilər bizim vertolyotu atəşə tutmağa başladılar və biz çəkilişi qurtara bilmədik. Bu dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları ötüb keçiblər. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin binalarında çoxlu yaralı gördük".

V.Belıx, "İzvestiya" qəzetinin müxbiri:

"Mən həlak olanların nəşlərini gördükdə özümü itirdim. Çünki yuxuda da belə dəhşətli şeylər görmək olmaz: oyulub çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş kəllələr, kəsilmiş başlar... Təhqirlərin həddi yoxdur".

Leonid Kravets, mayor:

"...Fevralın 26-da mən Stepanakertdən yaralıları aparırdım və geriyə Əsgəranın üstündən uçdum. Gözümə aşağıda nəsə bir təhər parlaq ləkələr dəydi. Bir az aşağıya endimburada mənim bortmexanikim qışqırdı: "Baxın, orada qadınlar və uşaqlar var". Bəli, artıq elə mən özümgörürdüm, təpənin döşündə səpələnmiş iki yüzə qədər meyit, onların arasında şübhəli adamlar gəzişirdi... Sonra biz uçduq, istədik meyitlərdən götürək. Bizimlə yerli milis kapitanı var idi, adını unutmuşam. O, orada başı parçalanmış öz dördyaşlı oğlunu tapdı və yazıq ağlını itirdi. Bizə atəş açılana qədər götürməyə macal tapdığımız digər uşağın başı kəsilmişdi. Mən hər tərəfdə eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm...".

Xocalıda törədilən vəhşiliyi görən, Avropa ermənisi olan jurnalistlərdən biri faciəni olduğu kimi qələmə almışdı: "Xocalıda qətlə yetirdikləri 100 adamı yan-yana düzərək körpü yaratdılar. Mən bu körpüdəki cəsədlərin üzərindən keçərkən, ayağımı körpə bir uşağın sinəsinə basdım.Elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşərək qana boyandı. Özümü tamamilə itirdim. Bədənim tir-tir titrədi."

Erməni vəhşiliyinin canlı şahidi olmuş, sonra isə Beyrutda məskunlaşan erməni jurnalist Davud Xeyriyan, Hücumçu "The Sake of Cross" ("Xaçın xatiri üçün") adlı kitabında bu sətirləri yazır:

" ...Gaflan deyilən və ölülərin yandırılmasıyla məşğul olan erməni qrupu martın 2-də Xocalının 1 kilometr qərbində bir yerə 100 azərbaycanlı ölüsünü gətirib yığdı. Sonuncu yük maşınında 10 yaşında bir qız uşağı gördüm. Başından və əlindən yaralı idi. Üzü göyərmişdi. Soyuğa, aclığa və yaralarına baxmayaraq, hələ də yaşayırdı. Güclə nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu qucaqlamışdı. Tigranyan adlı bir əsgər onu o biri cəsədlərin üstünə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mən sanki yanmaqda olan ölü bədənlər arasından bir qışqırıq eşitdim. Edə biləcəyim bir şey yox idi. Mən Şuşaya döndüm. Onlar Xaçın xatiri üçün döyüşə davam etdilər".

Hadisə yerində olmuş İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti R.Patrik yazırdı: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".

Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul olunmuş Ümumdünya İnsan Haqları Bəyannaməsinin 2,3,5,9 və 17-ci aşağıdakı maddələrinə kobud qaydada ziddir. Silahlı dəstələrin törətdikləri vəhşilik fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi ilə əlaqədar BMT Baş Assambleyasının 1948-ci il dekabrın 14-də qəbul etdiyi Bəyannaməyə tam ziddir.

Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli qətliamlarındanır. Tarixdə analoqu olmayan bu soyqırımının 14-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müraciətində də bütün bunlar öz əksini tapmışdır. Müraciətdə deyilir:"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazıldı. Düz 14 il əvvəl erməni işğalçıları müasir dünyanın gözü qarşısında Xocalı soyqırımını törətdilər. Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin böyük hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər, yerli əhaliyə amansızcasına divan tutdular.

Xatın, Liditsa, Oradur soyqırımları kimi, azğın ermənilərin Xocalı qətliamı da insanlıq tarixinə düşmüş qanlı olaydır.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Bu soyqırımı aktı nəticəsində bir çox ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmişdir. Diri adamların dərisi soyulmuş, gözləri çıxarılmış, əsir götürülənlərə isə amansız işgəncələr verilmişdir.

Beynəlxalq hüquqa əsasən, həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə, insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi məhz soyqırımı olduğunu sübut edir. Erməni silahlılarının mülki insanlara qarşı törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin əsl soyqırımı kimi tanıdığı faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir.

Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Çünki beynəlxalq hüquqa görə, soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT baş məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər qeydə alınmışdır. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyününsuverenliyin pozulması isə yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir".

Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Bu dəhşətli hadisədən 20 il keçməsinə baxmayaraq, hər birimiz o dəhşətli anları ürək yanğısı ilə yad edirbu qətliamı törədənlərin, həmçinin təşkilatçılarının qanun qarşısında cavab verəcəklərinə əminik.

 

Asifə ƏLİYEVA, Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 21 fevral.- S. 4