Novruzun ilk qaranquşu - Su çərşənbəsi

 

Şərqdə, o cümlədən Azərbaycanda yazın gəlişi - Noruzun bayram edilməsinin dərin kökləri vardır və 3500 ildən çoxdur ki, bu milli bayram bütün atributları ilə elliklə qeyd edilir. Bu bayram birlik, səmimilik, bərabərlik, dostluq, şirinlik, saflıq və xoş amallar kimi gözəl keyfiyyətləri özündə ehtiva edir: küsülülər barışır, narazılıqlar aradan qalxır, təbiət yenidən canlandığı kimi, pis niyyətlər də unudulur, hər şey yenidən başlayır. Baharda təbiət oyanır, ağaclar, torpaq nəfəsə gəlir, canlanır, hətta insanın qanı təzələnir. Təbiətin və könüllərin bayramı olan Novruza qədər təşkil edilən rituallar xalqımızın milli mənəvi dəyərlər sistemində önəmli yer tutmaqla dünyanın yaranışında iştirak edən dörd ünsürlə-Su, Od, Torpaq, Hava ilə əlaqələndirilir.

 

Heç də təsadüfi deyil ki, müqəddəs sayılan bayrama qədər keçirilən çərşənbələrin birincisi məhz su ilə bağlıdır. Çünki su həyatın başlanğıcı, canlılığın, yaşamağın əsas mənbəyidir. Günəşin ilıq şüaları ətrafa yayıldıqca yerdəki qar-buzu əridir. Su mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, başlanğıc nöqtəsidir. Bütün varlıqların yaranmasına, meydana gəlməsinə və yer üzündə mövcud olmasına səbəb sudur.

Bütün çərşənbələrin özünəməxsus gözəlliyi və özəlliyi olduğu kimi, bu çərşənbənin də öz özəllikləri var. Su çərşənbəsinə qədər evdə olan hər bir şey su ilə paklanır, təmizə çıxır. Bu çərşənbədə ocaq çatılmaz, şam yandırılmaz. Gün dönəndən sonra qohum-qonşuya evdən nə isə verilməz. Çərşənbəyəcən evdəki avadanlıq, hətta yorğan-döşək belə havaya verilməli, təmizlənməlidtr. Evdəki su qabları mütləq təzə su ilə doldurulmalı, stolun üstünə qrafində təmiz su qoyulmalıdır. Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat su üstünə gedir, əl-üzlərini soyuq su ilə yuyurlar. İnsanlar su üstündən atlanır, bir-birlərinin üstlərinə su atırlar. Əski adətlərə görə günəşin şəfəqdə göründüyü vaxtda onun şüalarının sığal çəkdiyi su daha müqəddəs, daha təmiz sayılırmış. Bu suda yuyunan adam mütləq ürəyində dilədiyi niyyətinə çatırmış. Tədqiqatçılar belə hesab edirlər ki, Xızır peyğəmbərin dirilik çeşməsindən su içdiyiKoroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz Əzəl-Su çərşənbəsi günü olmuşdur.

Xalqımız bayrama qədər keçirilən çərşənbələri adəti üzrə bütün ailə üzvləri ilə birgə qeyd edir, qohum-qonşu, dost-tanışla çərşənbələşirlər (bir-birinin çərşənbəsini təbrik edirlər). Su çərşənbəsi günündə isə onlara arzularını bildirir, alqış edir, xoş sözlər deyirlər: "su qədər ömrün olsun", "aydınlığa çıxasan", "həyatın su kimi təmiz olsun", "su kimi pak olasan", və s. Uşaqlar isə günboyu sevinir, yumurta döyüşdürür, bir-birlərinə tapmacalar deyirlər.

Baharla əlaqədar xalqımızın gözəl adət-ənələri çoxdur. Bu ənənələr həm də xalqımızın unudulmaz tarixi, həyat salnaməsidir. Heç də təsadüfi deyil ki, bunlar daim şair və yazıçılarımızın, filosof və ədiblərimizin, klassik irsi yaradanların diqqət mərkəzində olmuşdur. Bizöz növbəmizdə çalışmalıyıq ki, belə milli adətlərimiz unudulmasın, əksinə, daha geniş şəkildə tətbiq olunsun.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 21 fevral.- S. 6.