"Xüsusi təyinatlı"

 

O, öz əzmkarlığı, qətiyyəti və cəsarəti ilə təkcə döyüş yoldaşlarının deyil, el-obasının və bütün xalqın sevgisini qazandı. Qarabağ müharibəsinin gedişində erməni işğalçıların kəndləri viran qoyması, dinc insanları gülləboran etməsi yüzlərlə oğul kimi İbad Hüseynovu da silaha sarılmağa məcbur etdi. Onun böyük ürəyi və Vətənə olan sevgisi təhlükəli, qanlı-qadalı, ancaq şərəfli döyüş yolundan alnıaçıq çıxmağa kömək etdi. 

 

"Azərbaycan Bayrağı" ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovun uşaqlıq və gənclik illərindən, döyüş həyatından, keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən "Xüsusi təyinatlı" adlı kitabda Qarabağ müharibəsinin ağrılı dövrləri və döyüşçülərimizin mübarizəsindən bəhs olunur. Döyüşçünün silah yoldaşı Sahib Şirinovun qələmə aldığı kitabın təqdimatı bu günlərdə İbad Hüseynovun özünün, millət vəkilləri, döyüş yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirildi. Tədbirdə əvvəlcə İbad Hüseynovun keçdiyi döyüş yolundan bəhs edən film nümayiş olundu.

Təqdimat mərasimində iştirak edən Milli Məclisin deputatları Qənirə Paşayeva, Zahid Oruc və qəhrəmanın döyüş yoldaşları İbad Hüseynovun döyüş yolundan danışdılar. Döyüşçünün gənc nəsil üçün örnək olduğu, eləcə də haqqında yazılan kitabın əhəmiyyəti vurğulandı. Q.Paşayeva Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə kitabın məktəblərə, universitetlərə, gənclər təşkilatlarına paylanmasının vacibliyini qeyd etdi. Milli Məclisin deputatı Qənirə Paşayevanın ön söz yazdığı kitabın məsləhətçisi polkovnik Məhərrəm Cahangirov, redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır.

"Xüsusi təyinatlı"da göstərilən faktlar tam gerçəkliyi əks etdirir və müəllifin axıcı, bədii dili ilə oxuculara təqdim edilir. Hadisələrin canlı şahidlərinin kitabda yer alan fikirləri, Azərbaycan Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunmuş rəsmi "arayış"lar kitabın sanbalını daha da artırır. İbad Hüseynov Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri kimi Qarabağ müharibəsində cəbhədə göstərdiyi hünərlərə, qəhrəmanlıqlara görə tanınır və sevilir.

Onun 26 dekabr 1993-cü ildə minaya düşərək ağır yaralanması döyüş yoldaşlarını məyus etdi. İyirmi səkkiz gün koma vəziyyətində qalan qəhrəmanın uzun müddət müalicə aldıqdan sonra yenidən cəbhə xəttindəki öz hərbi hissəsinə qayıtması və mübarizəni davam etdirməsi onun əsl əsgər və vətəndaş kimi torpağa və Vətənə bağlılığından irəli gəlir.

İ.Hüseynovun döyüş fəaliyyətinin kulminasiyasını isə Xocalı və Qaradağlı soyqırımında şəxsən iştirak etmiş, əli günahsız azərbaycanlıların qanına batmış, o illərdə beynəlxalq axtarışda olan və ASALA erməni terror təşkilatının əsas simalarından sayılan "Avo" ləqəbli terrorçu Monte Melkonyanla təkbətək döyüşü və insanlığa düşmən olan bu qatili məhv eləməsi təşkil edir. Təsadüfi deyil ki, erməni qatillər Xocalıda və Qarabağın digər bölgələrində etdikləri qanlı əməlləri boyunlarına almasalar da, Markar Melkonyan terrorçu qardaşı barədə yazdığı " Qardaşımın yolu" kitabında ASALA-nın üzvünün Xocalıda və ümumiyyətlə, Qarabağdakimi vəhşiliklər törətməsini, ermənilərin azərbaycanlı döyüşçüləri "qurban kəsmə" mərasimini xüsusi olaraq təsvir edir. Bu isə erməni vandalizmini onların özlərinin dili ilə beynəlxalq ictimaiyyətə çatdırır.

Qəhrəman döyüşçü İbadın ulu öndər Heydər Əliyevlə telefonla danışması, Ali Baş Komandanın onu ailə həyatı qurması münasibəti ilə təbrik edib, qəhrəmanlıqlarını yüksək qiymətləndirərək "Azərbaycan Bayrağı" ordeni ilə təltif etməsi "Xüsusi təyinatlı" kitabının girişində oxucunu sanki növbəti səhifələrdə həyəcanlı döyüşlər barədə oxumağa hazırlayır.

Kitab gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında, hərb tariximizin acılı-şirinli həqiqətlərinin üzə çıxarılmasında mühüm bir mənbə hesab edilə bilər.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2012.- 21 fevral.- S. 6