Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir

 

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Heydər ƏLİYEV Ümummilli lider

 

 

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində erməni separatçıları Dağlıq Qarabağ bölgəsini Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə nail olmaq üçün min hiyləyə əl atmışlar. Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırımı və təcavüzə məruz qalmış, didərgin salınmış, eləcə də 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilmişdir.

 

Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan sılahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15 faizi) öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxartdı. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqrımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, SrebrenitsaXolokost kimi dəhşətli faciələrdən heçgeri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuşbütün dünyada geniş əks-səda doğurmuşdur.

Planlı şəkildə həyata keçirilən bu soqırımının məhz Xocalıda törədilməsi ermənilərin Azərbaycanın həmin qədim yaşayış məskənini yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə malik olan ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 94 kvadrat kilometr) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Belə ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 markalı vertolyot şəhərə çatmamış - Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başı kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və ağlasığmaz şəklə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.

Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiymət vermişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir". Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl olaraq fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı - uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox nöqtəsində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciə barədə həqiqətlərin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam etdirilir.

2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmiş, bu prosesə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 35-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.

Bu uğurlu kampaniya başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmuşdur. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005-ci ilin fevralında və 2006-cı il fevralın 23-də, eləcə də 2007-ci ilin fevralında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur.

Artıq Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT Pİ) üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı facıəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir. 2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyası keçirilmişdir. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağıran Əbu-Dabi Bəyannaməsi qəbul edilmişdir. İƏT Pİ Şurası üzv dövlətlərinin qəbul etdiyi Qətnamənin 3-cü bəndində deyilir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı törədilmiş cinayət kimi tanıyır.

2012-ci il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası "Xocalıya ədalət" beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə Forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd olunur: "Konfrans ... üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir". Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" adlı Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar imzaladığı sərəncamda deyilir: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən, insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

 

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 23 fevral.- S. 7.