Azərbaycanın iqtisadi uğurları beynəlxalq miqyasda yüksək dəyərləndirilir

 

Son illər Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş, qeyri-neft sektorunun, regionların inkişafında, iqtisadiyyatın diversifikasiyasında, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılmasında, sahibkarlığın inkişafında, infrastrukturun təkmilləşdirilməsində, xarici iqtisadi əlaqələrin genişlənməsində və əhalinin rifahının yüksəlməsində mühüm uğurlar əldə edilmişdir. Təkcə ötən ilin bəzi statistik göstəricilərinə nəzər salmaqla bunun şahidi ola bilərik. Belə ki, 2011-ci ildə mürəkkəb xarici iqtisadi şəraitə baxmayaraq, Azərbaycan iqtisadiyyatı qlobal sosial-iqtisadi çağırışlara yüksək dayanıqlıq nümayiş etdirmiş, orta illik inflyasiya 7,9 faiz olmaqla birrəqəmli, manatın məzənnəsi isə sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq tələblərə cavab verməklə 7,3 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. Dövlət büdcəsinin gəlirləri isə 2010-cu ilə nisbətən 37,7 faiz artaraq 15,7 milyard manat, xərcləri isə 30,8 faiz artaraq 15,4 milyard manat təşkil etmiş və dövlət büdcəsi profisitlə icra olunmuşdur.

 

ÜDM-in adambaşına həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında ölkəmizin mövqeyi daha da möhkəmlənmişdir. Son 8 ildə isə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmışdır. İqtisadi artımın strukturu baxımından da 2011-ci il əvvəlki illərdən fərqlidir. Belə ki, qeyri-neft sektoru 9,4 faiz artmış, ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin edilmişdir. Son 8 ildə isə qeyri-neft sektorunun artımı 2,2 dəfə olmuşdur. Bu, ölkə iqtisadiyyatının diversifikasiyası, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində həyata keçirilən siyasətin nəticəsidir.

İqtisadiyyatın sürətli inkişafı ölkəmizin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına da əlverişli şərait yaratmışdır. Azərbaycan artıq investisiya ixrac edən ölkəyə çevrilmişson illər ərzində xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır.

Ölkə regionlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına nail olmaq məqsədilə 2009-2013-cü illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının icrası 2011-ci ildə də uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri, ötən il ərzində 300-ə qədər müxtəlif təyinatlı obyektlərlə tanış olması, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyənləşdirərək imzaladığı 54 sərəncamla regionların, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına əlavə vəsaitin ayrılması bölgələrin tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.

2011-ci il ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə istifadəyə verilmişdir. 200-dən çox müəssisənin tikintisi isə hazırda davam etdirilir. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları ilə yanaşı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının uğurlu icrası sayəsində bir sıra əsas məhsullarla özünü təminetmə səviyyəsi daha da yüksəlmişdir. Bu gün meyvə-tərəvəz, bostan məhsulları, kartof, şəkər və şəkərdən hazırlanan məhsullar, meyvə şirələri və s. mallara olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Xatırladaq ki, ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan uğurlar artıq beynəlxalq miqyasda da təsdiq edilir. Fevralın 18-dən 20-dək Meksikanın Los Kabos şəhərində "Böyük iyirmiliyin" (G-20) üzvü olan ölkələrin sammitində Azərbaycanın ilk dəfə iştirak etməsini də məhz ölkəmizin beynəlxalq arenadakı növbəti uğurlarından biri kimi qiymətləndirmək olar. BMT Təhlükəsizlik Şurasına üzvlükdən sonra bu cür mötəbər toplantıda iştirak üçün dəvət almaq respublikamızın dünyada artan nüfuzunun, beynəlxalq məsələlərdə mühüm rol oynayan ölkəyə çevrilməsinin parlaq göstəricisidir.

Azərbaycanın bu sammitdə iştirak etmək üçün dəvət olunması həm də ölkəmizin artan iqtisadi qüdrətinin göstəricisidir. Statisitka da göstərir ki, G-20 çərçivəsində keçirilən tədbirlərə dəvət olunan ölkələr öz inkişafları ilə diqqəti cəlb edirlər. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq son 8 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Bu müddətdə Azərbaycan dünya miqyasında heç vaxt analoqu olmayan inkişaf tempilə böyük sosial-iqtisadi uğurlar əldə etmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyevin dediyi kimi, 8 il ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artmışdır. Respublikamızın büdcəsi isə son 8 ildə təxminən 20 dəfə çoxalmışdır. Qeyd edək ki, 2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhran Azərbaycanı da sınağa çəkdi. Lakin səmərəli antiböhran tədbirləri nəticəsində ölkəmizdə qlobal böhranın mənfi təsirlərini minimuma endirmək mümkün oldu. Prezident İlham Əliyevin tapşırığı və göstərişlərilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial nəticəsində ölkəmizdə böhranın ağır təsirləri hiss olunmadı və Azərbaycan bundan minimum itki ilə çıxdı. Beləliklə, dünyanın ən inkişaf etmiş ölkələri ciddi iqtisadi sarsıntılara məruz qaldıqları halda, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığı reallaşdırıldı, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxdı. Ümumiyyətlə, Azərbaycanın G-20 sammitində iştirakı ölkəmizin dünyada gedən proseslərdə vacib rol oynamasının, iqtisadi gücünün dinamik şəkildə artmasının göstəricisidir. Keçmiş sovet ölkələri arasından yalnız Azərbaycanın belə bir mötəbər tədbirə dəvət olunması ölkəmizin regionda lider dövlət olmasının və bölgədə həyata keçirilən istənilən layihənin respublikamızın iştirakı olmadan reallaşmasının mümkünsüzlüyü barədə deyilənlərin dünya tərəfindən təsdiqidir. Son illərdə respublikada sosial-iqtisadi inkişaf sahəsində həqiqətən də köklü inqilabi nəticələr əldə edilmişdir. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət və cəmiyyət formalaşmaqdadır. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılmışdır. Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilmişdir. Hazırda ölkənin enerji potensialı güclənmişdir, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Respublikada makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. Ötən dövrdə minlərlə müəssisə, 2 mindən artıq müasir məktəb, çoxsaylı səhiyyə ocaqları, olimpiya idman kompleksləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycanın şəhər, qəsəbə və kəndlərində irimiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, onların siması müasirləşir.

Azərbaycanda əhalinin rifahının yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili iqtisadi-sosial siyasətin əsas məqsədlərindən birini təşkil edir. Artıq işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 50 faizdən 7,6 faizə enmişdir. Ölkədə 500 mindən artıq adamı əhatə edən Ünvanlı Sosial Yardım Proqramı həyata keçirilir, 112 min ailə hər ay orta hesabla 130 dollara yaxın vəsait alır. 2011-ci ildaxil olmaqla, hər il maaşlar, pensiyalar artırılır və bu göstəricilərə görə Azərbaycan MDB məkanında liderlər sırasındadır. Digər tərəfdən, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, ölkədə insan haqları qorunur, fikir plüralizmi, söz və mətbuat azadlığı mövcuddur, vətəndaş cəmiyyəti institutları müstəqil, sərbəst fəaliyyət göstərirlər. Ölkədə qəbul olunan dövlət proqramları, konsepsiyastrategiya xarakterli sənədlər, onların əməli surətdə icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Xatırladaq ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiyakonsepsiya fəaliyyətdədir. Bütün bu mühüm hüquqi-normativproqram sənədlərinin yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi əldə olunacaq nailiyyətlərin təminatçısına çevriləcəkdir.

Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı düşdüyü halda, "Standart & Poor's" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq "BBB-" səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə "sabit" saxlamışdır. Beləliklə "Standart & Poor's" reytinq agentliyi "Fitch Ratings" agentliyindən sonra ölkəmizə investisiya reytinqi vermiş ikinci agentlik olmuşdur.

"Fitch Ratings" agentliyi Azərbaycanın xaricidaxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli "BBB-" səviyyəsində təsdiq etmişreytinq proqnozunu "müsbət" kimi saxlamışdır. "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini "Ba 1" səviyyəsində qiymətləndirmiş, reytinq üzrə proqnozu isə "müsbət"ə dəyişmişdir. Eləcə də "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.

Əldə edilmiş müsbət nəticələr Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, Azərbaycan vətəndaşının həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin ölkəmizin daha da qüdrətlənməsinə yönələn, xalqımızı daha firavan gələcəyə aparan qətiyyətli və düşünülmüş siyasəti qazanılmış uğurların davamlılığı, ölkəmizin qarşıdakı illərdə də hərtərəfli inkişafı üçün möhkəm təməl yaratmışdır.

Dövlət başçısının tapşırığına əsasən hazırlanan "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının reallaşdırılması ölkəmizin qazandığı uğurların növbəti illərdə daha da möhkəmlənməsini, qaşıdakı 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını, xalqın rifahının davamlı yaxşılaşması istiqamətində hədəflərə nail olunmasını reallaşdıracaqdır.

 

Vaqif BAYRAMOV

 

Xalq  qəzeti.- 2012.- 23 fevral.- S. 1.