Alman müəllifin "Xocalı" Kitabının Bakı təqdimatı

 

Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində "Hilton - Bakı" mehmanxanasında erməni qaniçənlərinin törətdiyi bu bəşəri cinayəti almandilli oxuculara açıqlayan "Xocalı" kitabının təqdimat mərasimi keçirildi.

 

Səbail Rayon İcra Hakimiyyətinin təşkil etdiyi və nəşrin müəllifi - Almaniyanın Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşun da dəvət edildiyi məclisdə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu və Ermənistanın işğal etdiyi bu ərazidə insanlığa zidd vandalizm törətdiyi dönə-dönə vurğulandı. Toplantıda əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edildi.

Milli Məclis üzvlərinin, tanınmış ziyalıların, ictimaiyyət və media təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Xocalı faciəsindən 20 il ötməsinə baxmayaraq bu dəhşətli qırğına dünya ictimaiyyətinin hələ də obyektiv qiymət verməməsi ilə bağlı xalqımızın haqlı təəssüf və narazılığını ifadə etdi. O, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin inadlı səyləri ilə artan dostlarımızın Xocalı həqiqətlərinə həssaslıqla yanaşdıqlarını da vurğuladı. Natiq bu baxımdan alman ictimai xadimi Rolf Kunşun yazdığı yeni kitabı xarici aləmdən gələn önəmli əks-səda kimi dəyərləndirdi.

Mərasimdə çıxış edən Milli Məclisin Azərbaycan - Almaniya parlamentlərarası əlaqə qrupunun üzvləri, millət vəkilləri Hüseynbala Mirələmov və İlham Əliyev iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinin xalqımızın haqq işinə dəstək qazandırdığını söylədilər, "Xocalı" kitabının müəlliflərinə atdığı humanist addıma - bəşəri cinayətin mahiyyətini xarici oxuculara çatdıran əsər yazdığına görə razılıqlarını çatdırdılar.

Azərbaycan Yazıçılar Birliyinin katibi, alman oxucuların da yaxşı tanıdığı yazıçı Çingiz Abdullayev erməni xalqının alnına əbədi lənət damğası kimi vurulumuş Xocalı soyqırımının bəşəriyyətə çatdırılmasında Rolf Kunş kimi müəlliflərin ərsəyə gətirdiyi kitablara böyük ehtiyac olduğunu söylədi və alman tədqiqatçının ədalətə, insanlığın təhlükəsiz gələcəyinə xidmət etdiyini vurğuladı.

Mərasimdə çıxış edən Rolf Kunş bildirdi ki, Xocalı faciəsindən xəbərdar olsa da, bu barədə ətraflı məlumatı Maqdeburqdakı alman-Azərbaycan dostluğu cəmiyyəti ilə əlaqə zamanı toplayıb. Bu işdə həmyerlimiz Yaşar Niftəliyev və Azad Əzizov ona yaxından kömək göstəriblər.

Alman yazar daha sonra bildirdi ki, erməni silahlı dəstələrinin qədim Xocalı şəhərinin yer üzündən silməsi, dinc əhalinin etnik mənsubiyyətinə görə qəddarlıqla məhv etməsi barədə materiallar onu dəhşətə gətirib və o, bu amansızlığı geniş auditoriyaya çatdırmağı vacib sayıb. Qonaq öz çıxışında azərbaycanlıları sivil, sülhsevər, zəhmətkeş, öz torpağını sevən bir xalq kimi tanıdığını və bunları ölkəmizə indiki səfəri zamanı daha yüksək səviyyədə gördüyünü də söylədi, Azərbaycana xoş gələcək arzuladı.

Məclis iştirakçıları haqsevər alman tədqiqatçısına xoş məramına görə təşəkkür etdilər, onun "Xocalı" kitabının ana dilimizə tərcüməsinin edilməsini və xarici dillərdə də nəşrinin vacibliyini bildirdilər.

Sonda "Xocalı" kitabının müəllifi ilə ayaqüstü müsahib olduq:

- Cənab Kunş, siz Xocalıda ermənilərin törətdiyi kütləvi qırğının bəşəri cinayət - soyqırımı olduğuna əminsinizmi?

- Xocalıda baş verənlər əsl soyqırımdır. Burada dinc əhali kütləvi surətdə, başqa millətdən olduqlarına görə, vəhşiliklə öldürülüblər. Mən buna əmin olmasaydım "Xocalı" kitabını da yazmazdım.

- Siz Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınacağına inanırsınızmı?

- Bu mütləq olacaq. Bəşəriyyət dinc sabah istəyir. Bir insanın günahsız ölümü qəbuledilməzdir. Yüzlərlə insanı heç bir təqsiri olmadan məhv edənlər isə buna dünya qarşısında cavab verməlidirlər. Xocalıda baş verənləri soyqırımı kimi tanıtmaq üçün hələ çox iş görmək lazımdır. Bütün namuslu insanlar bu işə kömək etməlidirlər.

- Dağlıq Qarabağ münaqişəsi barədə nə düşünürsünüz?

- Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Özgə torpağını zorla tutmağın axırı yoxdur. Bu məsələdə də xalqlar, ölkələr beynəlxalq hüququn tələblərini əsas tutmalıdırlar. Həddindən çox uzanmış bu münaqişənin ədalətlə bitməsi üçün dünya birliyi Azərbaycanı sonadək dəstəkləməlidir.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 4.