Ermənistanın işğalçılıq siyasəti onu uçuruma sürükləyir

 

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkəni beynəlxalq aləmdə küncə sıxışdırıb. İrəvana yardım edən dövlətlər də artıq bu ianələri azaltmaq məcburiyyətində qalıblar. İndi erməni lobbisinin bu istiqamətdəki bütün səyləri nəticəsiz qalır. Çünki artıq bütün dünyaya bəllidir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və işğalçılıq siyasətindən əl çəkmir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar dünyanın ən mötəbər beynəlxalq qurumlarının da qəbul etdikləri rəsmi sənədlərə və beynəlxalq hüququn norma və prinsiplərinə saymazyana münasibət göstərən Ermənistan hakimiyyəti artıq çətin duruma düşüb.

 

İşğalçı ölkədə getdikcə dərinləşən ictimai-siyasi və iqtisadi böhran daha da ağırlaşıb. ABŞ Prezidenti Barak Obamanın bü günlərdə büdcə ilə bağlı irəli sürdüyü təkliflərdə Ermənistana göstərilən iqtisadi yardımın həcminin 19 faiz azaldılması təklifi də işğalçı dövlətin beynəlxalq aləmdə nüfuzunun heçə enməsindən xəbər verir. Bununla yanaşı, artıq beynəlxalq aləmə də məlumdur ki, Ermənistana verilən yardımlar təyinatı üzrə yox, hakimiyyətdə olanların istədikləri sahələrə sərf olunur, onların maddi maraqlarının təmin olunması məqsədini güdür. Bu faktdır ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən, xüsusilə də Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin tranziti, alqı-satqısı məqsədilə istifadə olunur. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupuna həmsədrlik edən bir dövlətin ayırdığı yardımlardan belə çirkin məqsədlərlə istifadə olunması haqlı narazılıqlara səbəb olub. Onu da qeyd edək ki, Barak Obama ilkin olaraq Ermənistana ayrılan yardımların 32 faiz azaldılması təklifini irəli sürmüşdü. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, Prezident Barak Obama bu rəqəmi 27, 219 milyon dollaradək azaltmağı tövsiyə edib. Göründüyü kimi, bu, amerikalı konqresmenlərin təklif etdikləri məbləğdən 12,8 milyon dollar azdır.

Artıq ABŞ konqresmenləri də Ermənistandan üz döndərməyə başlayıblar. Onlar işğalçı dövləti müdafiə etməyə heç bir əsas tapmırlar. Hazırda Konqresdə 135-dək konqresmen Türkiyə-Amerika dostluq qrupuna üzv olub. Əgər 5 konqresmen də bu qrupa üzv olsa, bu, Konqresdə ən böyük dostluq qrupu olacaq. Obama administrasiyasının Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif etməsi də Ermənistana böyük zərbə olub. Amerikada fəaliyyət göstərən güclü erməni lobbisi ABŞ Prezidenti Barak Obamanın bu təklifindən çaş-baş qalıb. Amerikadakı Erməni Milli Komitəsinin yaydığı bəyanatda bildirilir: "Biz ABŞ Prezidenti Barak Obamanın qərarı ilə razılaşa bilmərik.Bu qərar bizi təəccübləndirdi. Çünki ABŞ hakimiyyətinə çox yaxşı məlumdur ki, Ermənistan hazırda çox ağır vəziyyətdədir. Bu vəziyyəti isə yaradan Türkiyə ilə Azərbaycandır. Bu iki ölkə Ermənistanı iqtisadi blokadaya alıb. Belə bir şəraitdə Ermənistana yardımlar azaldılır, Türkiyəyə isə artırılır."

Dünyanın ən qüdrətli dövlətinin Ermənistanla münasibətlərinin mənfiyə doğru dəyişməsi Ermənistanda ciddi təşviş doğurub. Yerli kütləvi informasiya vasitələri Ermənistanla münasibətlərdə soyuqluq yaranmasını Serj Sarkisyanın yarıtmaz siyasət yeritməsi ilə əlaqələndirirlər. Erməni ekspert Arkadi Samvelyan Sarkisyan hakimiyyətinə gözlərini açıb beynəlxalq aləmdə baş verən hadisələrə diqqətlə baxmağı, gec də olsa, yuxudan oyanmağı tövsiyə edib. O bildirib ki, artıq Ermənistan beynəlxalq miqyasda ən hörmətsiz dövlətdir. Ötən hər gün Ermənistanı daha faciəli günlərə yaxınlaşdırır. Ermənistanın indiki iqtidarının tutduğu siyasi xətt ölkəni nüfuzlu beynəlxalq qurumlardan təcrid edib. A.Samvelyan ABŞ-ın Ermənistana yardımlarını azaltmasını ölkələri üçün faciə hesab edib. Onun fikrincə, ABŞ-ın yardımları azaltması ilk növbədə bu ölkənin Ermənistana qarşı münasibətinin soyumasından, siyasi xəttini dəyişməsindən xəbər verir. Siyasi ekspert Serj Sarkisyanı təcili olaraq öz siyasətində dəyişiklik etməyə çağırıb.

Təbii ki, həm A.Samvelyan, həm də digər erməni politoloqları Ermənistan iqtidarını işğalçılıq siyasətindən əl çəkməyə çağırırlar. Onlar dünyanın qüdrətli dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq qurumların bir-birinin ardınca Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması barədə bəyanatlar səsləndirmələrindən, hətta rəsmi sənəd qəbul etmələrindən ciddi narahatlıq hissi keçirmələrini gizlətmirlər.

Bu günlərdə Almaniya Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı partiyalarının Bundestaq fraksiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul etməsi və bu sənəddə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi faktının öz əksini tapması Ermənistan üçün daha ağır bir zərbə oldu. "Dağlıq Qarabağda 20 illik münaqişə: münaqişənin sülh yolu ilə həllində yeni stimul" adlanan bu sənəddə bildirilir ki, azərbaycanlılarla ermənilər arasında etnik zəmində dəfələrlə baş verən zorakılığın ardınca, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi böyük miqdarda qaçqın axınına, Azərbaycan və erməni qoşunlarında minlərlə itkilərə səbəb olub. 1993-cü ildə erməni qüvvələri Ermənistan və Dağlıq Qarabağ arasındakı qərb dəhlizini tutub, Azərbaycan torpaqları, keçmiş muxtar ərazi olan Dağlıq Qarabağın şərq və cənub hissəsi ermənilərin nəzarəti altına keçib.

Ermənistanın işğalçı dövlət olması bu sənəddə açıq şəkildə bəyan olunur. Sənəddə daha sonra bildirilir: "Dağlıq Qarabağ müharibəsinin ardınca erməni qüvvələri nəinki Dağlıq Qarabağın özünü (Azərbaycan ərazisinin təxminən 5 faizi), eləcə də Azərbaycan ərazisi olan 7 rayonu da işğal etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan dövlətinin ərazisinin bu hissəsinin silahlı işğalını pislədi. Bu gün Azərbaycan ərazisinin təxminən 20 faizi ermənilərin nəzarətindədir." Qəbul olunmuş sənəddə, həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasında üzərinə götürdüyü vasitəçilik missiyasının öhdəsindən gələ bilməməsi qeyd olunur. Bildirilir ki, 20 illik vasitəçilik cəhdlərinə baxmyaraq, "status-kvo" vəziyyətindən çıxış yolu tapmaq səmərəsiz olub. Yeri gəlmişkən, Minsk qrupunun həmsədri olan digər bir ölkənin paytaxtında- Moskvada qərar tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlardan əl çəkə bilmir. Məsələn qurumun baş katibi Nikolay Bordyuja bu günlərdə keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda hərbi əməliyyatlar başlayarsa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi, bu quruma üzv olan ölkələr tərəfindən dəstəklənəcək. Təəssüf ki, N.Bordyuja rəhbərlik etdiyi qurumun nizamnaməsini hələ də bilmir. Ona xatırladırıq ki, bu qurumun nizamnaməsində göstərilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlər bir-birinə kömək etməlidir. Unutmaq olmaz ki, Azərbaycanın beynəlxalq hüquqa əsasən işğal altında olan öz ərazilərini azad etmək hüququ vardır. Bu ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması artıq beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Hətta Birləşmiş Millətlər Təşkilatı Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmək barədə dörd qətnamə qəbul edib. Digər nüfuzlu beynəlxalq qurumlar da bu barədə qərarlar qəbul ediblər. Bütün dünyaya bəlli olan bu sənədlərdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərinin xəbərsiz olması inandırıcı deyil. Lakin qurumun rəhbəri yalnış mövqe tutaraq öz səlahiyyətindən kənar hüquqazid fikirlər səsləndirir.

Artıq Ermənistan dövləti çıxılmaz vəziyyətdədir. Ölkənin aclıq və səfalət içərisində çabalaması, bu ölkəyə göstərilən yardımların azaldılması onsuz da ağır olan həyat tərzini daha da çətinləşdirib. Yerli əhali acından ölməmək üçün xarici ölkələrə üz tutub. Hətta erməni politoloqları da etiraf edirlər ki, bu dözülməz vəziyyət uzun müddət davam edərsə, Ermənistan tamamilə boşalacaq. Vəziyyətdən çıxış yolu beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmaq, işğalçılıq siyasətindən əl çəkmək və bundan sonra regionda həyata keçirilən layihələrə qoşulmaqdır. Azərbaycan isə inkişaf tempini qoruyub saxlayır,beynəlxalq miqyasdakı mövqelərini getdikcə daha da möhkəmləndirir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 4.