Xocalı soyqırımı beynəlxalq cinayət, insanlığa qəsddir

 

Xocalı soyqırımı XX əsrin faciəsidir. Orada törədilən cinayətlər isə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, məcburi qaçqına, köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Nankor qonşularımızın bu siyasəti XX əsrin əvvəllərindən başlayaraq vüsət almışdır.

 

1985-ci ildə Sovetlər birliyinin rəhbəri seçilmiş, qatı ermənipərəst M.Qorbaçovun nəvazişini hiss edən qəsbkar ermənilər yenidən baş qaldırdı və bununla Ermənistan Azərbaycana təcavüzü davam etdirməyə başlamışdır. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı Qərbi Azərbaycandan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti 25 ilə yaxındır ki, Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Məhz XX əsrin faciəsi olan Xocalı soyqırımı bu təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Lidişe, Sonqmi, Xirosima, Naqasaki və bu kimi dəhşətləri ilə bir sırada dayanır.

Gəlin ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədlərinin nə olduğuna nəzər salaq. Bu, bir tərəfdən, Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi daşıyırdı. Çünki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycanın tarixinin qədimlərindən müasir dövrə qədər mədəniyyətini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.

Xocalının tarixi abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi-mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu abidələrin də məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının müxtəlif texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı törədilmiş zorakılıq aktıdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 10 min əhalidən yalnız üç minə yaxın insan qalmışdı. Dörd aydan artıq blokadada olduğu üçün əhalinin çox hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından və işgəncələrdən əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

Bu gün əldə edilmiş sənədlərə baxanda Xocalı soyqırımının epizodları adamı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmışdır. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "dörd mesxeti türkününüç azərbaycanlının başını erməni qəbrinin üzərində kəsdilər, sonra daha iki azərbaycanlının gözlərini çıxardılar". Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yırtmışdılar. Ermənilərin hücumu zamanı Xocalıda istifadəsi qadağan olunmuş patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın BMT-nin Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq,dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının, torpaqlarımızın işğalının qarşısı alındı və müharibə cəbhəsində atəşkəs əldə edildi. İlk dəfə olaraq Xocalı faciəsinə hüquqi qiymət verildi. Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də qəbul etdiyi qərarla fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etdi.

Dünya dövlətləri tərəfindən qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir və bu cür hərəkətlərin yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, Xocalı soyqırımı təkcə azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün seyran ohanyanlar, serj sarkisyanlar, rober koçaryanlar və digərləri Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir daha sübut edilməlidir ki, cinayət cəzasız qalmır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, eləcə də dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı qırğınına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bir hüquqşünas kimi deyə bilərəm ki, Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən soyqırım aktı kimi tanınmasının hüquqi əsasları vardır. Məsələn, aşağıda qeyd olunan sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:

- BMT Baş Assambleyası tərəfindən 260 A(ııı) saylı qətnamə ilə qəbul edilmiş 9-dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası;

- Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4);

- Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1);

- Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 4);

- Azərbaycan Respublikası Cinayət Məcəlləsi (maddə 103);

- Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı.

Beləliklə, Xocalı şəhərində əhaliyə-ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq, soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, bəşəriyyətə qarşı cinayətdir.

Biz hamımız bir planetin sakinləriyik, ümumi evimizi ölümqanla hədələyənlərə qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Biz dərindən inanırıq ki, XXI yüzilə qədəm qoymuş xalqların xoşbəxt yaşamaları naminə, ədalət naminə, yüksək insani dəyərlərin təntənəsi naminə dünya dövlətləri, onların parlamentləri və beynəlxalq təşkilatlar ədalətin bərpasını dəstəkləyəcəklər. Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olan xalqımız inanır ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, dünya dövlətlərinin, onların parlamentlərinin və beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq, tezliklə qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

 

 

Valid SÖVZƏLİYEV,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının əməkdaşı

 

Xalq qəzeti.- 2012.-26 fevral.- S. 9.