Xocalı soyqırımını törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər!

 

Xocalı soyqırımının tanınmasının hüquqi əsasları

 

Xocalı hadisəsi qətliamdır, yoxsa soyqırımı? Bu günə qədər mətbuatda bu iki anlayışdan sıx-sıx istifadə edilsə də onların qarşılıqlı müqayisəsinə rast gəlinməmişdir. Lakin qeyd edilən anlayışların fərqinə varmadan bəzi yazarlar hadisəni qətliam, digərləri isə soyqırımı kimi qiymətləndirirlər. Əslində bu sözlər həm etimologiya, həm də hüquqi cəhətdən fərqli anlayışlardır. Azərbaycan dilinin izahlı lüğətində (3-cü cild, səh. 672, 2006) "qətliam" ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi, kütləvi qırğın kimi dəyərləndirilir.

Cinayət qanunvericiliyində bu məfhuma uyğun xüsusi maddə də nəzərdə tutulmuş (ACM 105-ci maddə) və qeyd edilmişdir ki, soyqırımı əlamətləri olmadan əhalini bütövlükdə və qismən məhvetmə əməli əhalini məhvetmə cinayəti kimi qiymətləndirilir. Soyqırımı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsində başqa bir maddə ilə (103-cü maddə) tövsif edilir və göstərilir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları başqa qrupa keçirmə soyqırımı cinayətinin tərkibini yaradır. Xocalı hadisəsini törətmiş ermənilərin əməlləri Cinayət Məcəlləsinin məhz bu maddəsi ilə tövsif edilməlidir.

Məlumdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etmişdir. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmiş lakin onlardan 613 nəfəri Azərbaycan millətinə məxsus olduqları üçün soyqırımı cinayətinin qurbanı olmuşdur: bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca ahıl yaşlı insanlar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər, o cümlədən, 76 uşaq yaralanmışdır. 1275 nəfər əsir götürülmüş, 150 xocalı sakini itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Ermənilərin törətdiyi bu mənfur hadisə kütləvi informasiya vasitələrində ətraflı işıqlandırılaraq beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılsa da, ona bu günə qədər lazımı hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə götürdükdə, "soyqırım" sözü "genosid" sözünün ekvivalentidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Milli Məclisinin 31 may 1996-cı il tarixli, respublikanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyaya qoşulması barədə qəbul etdiyi qanunda da "soyqırım" terminindən yox, "genosid" terminindən istifadə edilmişdir.

"Genosid" sözünün etimologiyası iki dilə aid olub, yunan sözü "genos" - nəsil və latın "caedo" - öldürmək ifadələrindən ibarətdir. Bu söz ilk dəfə olaraq 1944-cü ildə yəhudi əsilli Polşa hüquqşünası Rafael Lemkin tərəfindən leksikona daxil edilmiş, 9 dekabr 1948-ci ildə isə "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyanın qəbulu ilə ona rəsmi status verilmişdir.

Bu konvensiya qüvvəyə mindikdən sonra genosid cinayətinin törədilməsinə görə dövlətlərin hüquqi məsuliyyəti konsepsiyası da paralel olaraq inkişaf etməyə başlamışdır. Məlumat üçün bildirirəm ki, beynəlxalq hüquqda "genosid" sözü sülh və ya müharibə vaxtında törədilməsindən asılı olmayaraq, beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilir və beynəlxalq cinayət hesab olunur. Bu, öz əksini həm adı çəkilən konvensiyada, həm də "Beynəlxalq Cinayət Məhkəməsi" haqqında Roma Statutunun 6-cı maddəsində tapmışdır. Statuta görə, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlər daxildir ki, bunlara genosid cinayəti; Bəşəriyyət əleyhinə törədilən cinayətlər; hərbi cinayətlər və təcavüz aiddir.

Göründüyü kimi, Beynəlxalq Cinayət Məhkəməsi yalnız bu cinayətlərə münasibətdə müstəsna yurisdiksiyaya malikdir və 6-cı maddədə verilən genosid anlayışı 9 dekabr 1948-ci il tarixli Konvensiyada nəzərdə tutulan anlayış ilə eynilik təşkil edir. Lakin Statutada diqqəti cəlb edən məqamlardan biri məhkəmə yurisdiksiyası çərçivəsində olan cinayətlər barəsində informasiya daxil olduqda prokuror tərəfindən cinayət təqibini həyata keçirilməsinin məcburiliyidir. Bu məqsədlə prokuror dövlətdən, BMT orqanlarından, hökumətlərarası təşkilatlardan, QHT-lərdən və digər mənbələrdən yazılı və şifahi informasiya əldə etmək üçün sorğu etməkdə haqlıdır. Prokuror sübutların kifayət etdiyi qənaətinə gəldikdə məhkəmənin ilkin icraat palatasına təqdimat göndərməli və həmin təqdimata müvafiq materialları əlavə etməlidir.

9 dekabr 1948-ci il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən genosid cinayətinin məhkəmə icraatı, ərazisində həmin cinayətin törədildiyi ölkənin məhkəmələri tərəfindən və ya Konvensiyanın iştirakçısı olan dövlətlərə münasibətdə yurisdiksiyası olan Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həyata keçirilir. Konvensiyanın 9-cu maddəsinə əsasən, ölkələr arasında genosidin törədilməsinə görə, məsuliyyətlə bağlı mübahisələr tərəflərin birinin tələbi ilə Beynəlxalq Məhkəmənin baxışına verilir.

Bu gün Xocalı soyqırımı ilə bağlı hüquqi qiymətləndirmənin vəziyyəti beynəlxalq təcrübəyə və Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanının tələblərinə uyğundurmu? Mən bu məsələyə müsbət cavab verməkdə çətinlik çəkirəm. Çünki bu vaxta qədər heç kim bu cinayətlə bağlı mühakimə edilməmişdir. Halbuki, yuxarıda qeyd edilən beynəlxalq sənədlərin tələbinə görə hadisənin soyqırım kimi tanınması üçün onun baş verdiyi dövlətin məhkəmə orqanının bu barədə qüvvəyə minmiş hökmü olmalıdır, narazı tərəfin isə bu hökmdən Beynəlxalq Məhkəməyə şikayət vermək hüququ vardır. Təssüf ki, bu günə qədər heç kim Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə məhkum edilməmişdir. Bu maddənin subyekti ilə bağlı bəzi məqamlara da beynəlxalq hüquq baxımından aydınlıq gətirmək istərdim. Maddədən göründüyü kimi cinayətin subyekti fiziki şəxslərdir. Genosid cinayətlərində isə nəinki fiziki şəxslər, habelə bütövlükdə dövlətin özü təqsirləndirilə bilər. Konkret halda Xocalı soyqırımı ilə bağlı ayrı-ayrı fiziki şəxslərlə yanaşı, məhz Ermənistan dövlətinin də genosid törətməsinin sübut mexanizmi yalnız və yalnız oxşar tarixi hadisələrə verilən hüquqi qiymətlərlə müəyyənləşdirilməlidir. Bu gün bizim əlimizdə olduqca dəyərli bir sənəd Nürnberq prosesini aparmış Beynəlxalq Hərbi Tribunalın hökmü vardır və orada faşist Almaniyasının bir sıra vəzifəli şəxsləri cəzaya məhkum edilməklə bərabər, SS, SD, Gestapo və Nassist partiyasının cinayətkar təşkilat kimi tanınması barədə hökm çıxarılmış və bu hökmlə faktiki olaraq Faşist partiyasının hakimiyyətdə olduğu dövlət tərəfindən Avropa yəhudilərinə qarşı genosid törədilməsi qənaətinə gəlinmişdir. Bu hal Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən törədilməsinin sübutu mexanizminin hüququ əsası kimi çıxış edə bilər.

Bütün fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarını hər şeydən üstün tutan demokratik dövlətlərin böyük əksəriyyəti erməni soyqırımı ilə bağlı məsələləri daim diqqətdə saxlayır və Fransa parlamenti tərəfindən bu soyqırımı qəbul etməyən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini pisləməkdədir. Düşünürəm ki, bu dövlətlər sırasında olan Azərbaycan Respublikası da qeyd edilən qərarı pisləməklə kifayətlənməməli, soyqırımı məsələsinin prosessual qanun pozğunluğu ilə gündəliyə salınmasını hüquqi cəhətdən, yuxarıda qeyd edilən qaydada, beynəlxalq sənədlərə və təcrübəyə istinad etməklə əsaslandırmalıdır. Yeri gəlmişkən Fransa parlamentinin qərarının həm də aşağıdakı səbəblərə görə əsassız olduğunu iddia edirik:

1. 10 dekabr 1948-ci il tarixli "İnsan hüquqları haqqında" Ümumi Bəyannamənin 18-ci və 19-cu maddələrində hər kəsin fikir vicdan və dini azadlıq hüququna malik olduğu və onları sərbəst şəkildə ifadə etmək hüququ göstərilmişdir.

2. 4 noyabr 1950-ci tarixli "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququna malik olduğu, öz fikrində qalmaqda azad olduğu, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyalar almaq və yaymaq azadlığı qeyd edilmişdir.

3. 16 dekabr 1966-cı il tarixli "Mülki və siyası hüquqlar" haqqında Beynəlxalq Paktın 18-ci və 19-cu maddələrində hər kəsin fikir, vicdan və dini azadlıq hüququna malik olduğu və onları sərbəst şəkildə ifadə etmək hüququ təsis edilmişdir.

4. 26 avqust 1789-cu il tarixdə Fransada qəbul olunmuş "İnsan və vətəndaş hüquqları" haqqında Bəyannamənin 10-cu 11-ci maddələrində göstərilir ki, heç kəs baxışlarına görə sıxışdırıla bilməz, fikir və düşüncəsinin sərbəst ifadəsi insanın ən dəyərli hüququ olduğu üçün hər bir vətəndaş sərbəst şəkildə fikrini ifadə edə bilər, yaza bilər və nəşr oluna bilər.

Fransa dövləti qeyd edilən beynəlxalq sənədlərin hamısına qoşulduğundan, onun parlamentinin erməni soyqırımı ilə bağlı çıxardığı qərar nəinki heç bir hüququ qüvvə kəsb edə bilməz və hətta bütün beynəlxalq qanunlar və konvensiyalarla ziddiyyət təşkil edir. Düşünürəm ki, Xocalı soyqırımının tanınması üçün beynəlxalq hüququn normalarında əksini tapmış mexanizmə ciddi riayət edəcəyimiz təqdirdə haqlı olduğumuzu beynəlxalq arenaya çatdırar və yalnız bu üsulla dünya dövlətlərinin dəstəyini qazana bilərik. Fransanın yolu bizim üçün məqbul deyildir. Biz əminik ki, Xocalıda tökülmüş günahsız insanların qanı dünya xalqlarının dəstəyi ilə yerdə qalmayacaq və cinayətkar erməni quldurları layiqli cəzasını alacaq, Ermənistan dövləti isə soyqırımı törətmiş dövlət kimi tanınacaqdır.

 

 

İsaxan VƏLİYEV,

AMEA-nın Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun şöbə müdiri, hüquq

elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 26 fevral.- S. 5.