Masallı: sosial-iqtisadi inkişaf ilbəil sürətlənir

 

Artıq tarixə dönmüş 2011-ci il Masallı rayonunun da tarixində silinməz izlər qoymuş, bir sıra yaddaqalan hadisələrlə zəngin olmuşdur. İllik hesabat yığıncağında bu barədə ətraflı danışılmış və nailiyyətlərin cari ildə də davam etdirilməsi əzmi ifadə edilmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hesabat məruzəsi dinlənilmişdir. Natiq xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərləri yerlərdə sosial-iqtisadi inkişafa effektiv nəzarət mexanizminin mühüm şərtidir. Bu baxımdan ötən ilin aprel ayında dövlət başçısının Masallıya səfəri rayonun inkişaf tarixində ən fərəhli hadisəyə çevrilmişdir. Səfər zamanı Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və yenidən qurulmuş Nizami parkının, həmçinin dahi mütəfəkkirin abidəsinin açılışında iştirak etmişdir. Abadlıq-quruculuq işləri ilə və həyata keçirilməsi nəzərdə tutulan bir çox layihələrlə yaxından tanış olan, habelə Ələt-Astara magistralının Masallı ərazisində çəkilən hissəsinə baxış keçirən Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını vurğulamışdır. Bir neçə gün sonra - aprelin 19-da və iyulun 30-da ölkə rəhbərinin imzaladığı sərəncamlarla Masallıda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə rayona ümumilikdə 5,5 milyon manatlıq vəsait ayrılmışdır. Həmin vəsaitlər hesabına şəhərin küçələrində geniş abadlıq işlərinə start verilmiş, yaraşıqlı park-xiyabanlar salınmış və fəvvarələr quraşdırılmışdır. Hazırda şəhərdə abadlıq işləri davam etdirilir. Eyni zamanda, Şıxlar-Kalinovka-Qızılağac avtomobil yolunun 7, Tatyan-Güllütəpə avtomobil yolunun isə 3 kilometrlik hissəsi əsaslı təmir olunmuşdur. Uzunluğu 20 kilometr olan Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun əsaslı təmiri də artıq yekunlaşmaq üzrədir.

Məruzəçi bildirmişdir ki, əhalinin işlə təmin edilməsi sahəsində nəzərəçarpan nailiyyət əldə edilmişdir. Belə ki, son səkkiz ildə rayon üzrə 20 minədək, o cümlədən ötən il 2220 yeni yeri açılmışdır. 2011-ci ildə Rayon Məşğulluq Mərkəzinə 548 vətəndaş müraciət etmiş, onlardan 412 nəfəri idarə və müəssisələrdə işlə təmin olunmuşdur ki, bunun da 219 nəfərini qadınlar təşkil edir.

Masallıda hesabat ili ərzində ümumi məhsul istehsalı və göstərilən xidmətlərin həcmi əvvəlki ilə nisbətən 11,7 faiz artmışdır. Bunun nəticəsində adambaşına düşən pul gəlirləri 1693 manata, hər bir işçiyə hesablanan orta aylıq əməkhaqqı isə 257 manata çatmışdır.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Masallının adamlarına 20 layihə üzrə 272 min manat güzəştli kreditlər verilmişdir. Habelə "Aqrolizinq" ASC tərəfindən verilmiş kreditlər hesabına 2 hektar sahəni əhatə edən istilikxana quraşdırılaraq istifadəyə verilmişdir. Hazırda bu istilikxanada yetişdirilən keyfiyyətli tərəvəz məhsulları satışa çıxarılır və alıcılar tərəfindən razılıqla qarşılanır. Qızılağac kəndində broyler sexinin istifadəyə verilməsi isə quş ətinə olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayır.

Aqrar sahənin inkişafı məqsədilə maarifləndirmə işləri, görülən əməli tədbirlər, o cümlədən rayona yüksək keyfiyyətli toxumluq buğdanın gətirilməsi və zəruri texnika ilə təminat sayəsində hesabat ilində əkin sahələrinin həcmi xeyli artmış və nəticədə rekord həddə - 31 min 300 ton taxıl istehsal olunmuşdur. Son beş il ərzində rayon üzrə ümumi əkin sahəsi 4600 hektar artmışdır.

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 5358 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmışdır. Müavinət və təqaüd alan vətəndaşlara ümumilikdə 298 min 957 manat həcmində aylıq vəsait ödənilmişdir.

Hesabat ilinin ilk rübündə rayondakı bütün ATS-lərin elektronlaşdırılması başa çatdırılmış və əlavə olaraq daha 2 ATS binası tikilərək istifadəyə verilmişdir. Bir kənddə yeni poçt binası tikilmişdir, birində isə yeni binanın tikintisi davam etdirilir. Rayonda əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla etibarlı təmin edilməsindən ötrü bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda mavi yanacaqdan istifadə edən abonentlərin sayı 19 minə çatmışdır. İl ərzində iki kəndə xətlər çəkilərək təbii qazın verilişi təmin olunmuşdur. Həmçinin rayon mərkəzində qaz xətlərinin çəkilişi yekunlaşmış, 3900 abonentin mənzilində qaz sayğacı quraşdırılmış və təchizat bərpa olunmuşdur. Rayonun 20 yaşayış məntəqəsini təbii qazla təmin edəcək Təzə Alvadı Avtomatik Qaz Paylayıcı Stansiyadan Qızılağac istiqamətində daşıyıcı kəmərin 15 kilometrlik hissəsi çəkilmişdir. Masallı əhalisini ciddi narahat edən içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar hazırlıq işlərinə başlanmışdır.

Keçən il rayonun Yolağac və Hüseynhacılı kəndlərinin hər birində 180 şagird yerlik ümumi orta məktəb binaları tikilmiş, Şahmat məktəbi əsaslı təmir olunmuşdur. Hazırda kəndlərdə daha 6 məktəb binasının tikintisi, həmçinin 2 uşaq bağçasının əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə daha 4 kənd məktəbi üçün yeni binanın inşasına başlanacaq.

Səhiyyə sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Vərəm dispanserinin ərazisində olan köhnə bina əsaslı təmir olunmuşlaboratoriya istifadəyə verilmişdir. Bundan başqa, iki kənddə tibb məntəqələri üçün müasir binalar tikilmiş, lazımi avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.

Bu il Masallı şəhəri Azərbaycanın Folklor paytaxtı elan olunmuşdur ki, bu da qədim diyarda xalq yaradıcılığı ənənələrinin layiqincə qorunub inkişaf etdirilməsinin nəticəsidir.

"Turizm ili" ilə əlaqədar rayonda bu sahə inkişaf etmişdir. Apreldə Bakıda keçirilən sərgidə Masallı beş turist obyekti ilə təmsil olunmuş, oktyabrda isə rayonda maraqlı turizm təbliğat tədbiri təşkil edilmişdir. Bu sahənin daha sürətli inkişafını təmin etmək üçün Masallıda Turizm Peşə liseyinin açılması üçün Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırılmış və razılıq əldə olunmuşdur.

Möhtərəm Prezident Masallıya səfəri zamanı edilən xahişləri nəzərə alaraq şəhər Mədəniyyət evinin əsaslı təmirinə başlanılmışdır. Hazırda bu tamamlanmaq üzrədir. Dövlət başçısının Masallı idmançılarına böyük hədiyyəsi olan Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına güclü təkan vermişdir. Orada vaxtaşırı müxtəlif beynəlxalq yarışlar təşkil olunur. Cari ilin "İdman ili" elan olunması rayonun gənclərini ürəkdən sevindirir. Bununla əlaqədar rayonda Boks Mərkəzinin inşasına başlanılmış və daha bir neçə idman obyektinin tikintisi nəzərdə tutulur.

Maraqla dinlənilən məruzədən sonra müzakirələr oldu. Mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova, gənclər və idman idarəsinin rəisi Camal Manafov, adamı Mirəkbər Şükürov, Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Qardaş Fətullayev görülən işlərdən danışdılar və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səy göstərəcəklərini bildirdilər. Yerdən söz alan rayon sakinlərindən Mirqabil Hüseynov, Həsən Əhədov, Ağamir Abdullayev, Bilal Rzayev və başqaları Masallının inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan danışmış, ucqar kəndlərin belə içməli su, təbii qaz təchizatı, yolların təmiri və asfaltlaşdırılması ilə bağlı razılıqlarını bildirmiş, bölgələrin sosial-iqtisadi inkişafını daim diqqətdə saxladığına görə ölkə rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırmağı xahiş etdilər.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri Nəriman Əliyev və Elmira Axundova da çıxış etdilər.

Sonda ölkə başçısı İlham Əliyevə müraciət qəbul edildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 28 fevral.- S. 9.