Sabitliyin və ictimai asayişin etibarlı təminatçısı

 

Müstəqil Azərbaycanın ötən illərdə siyasi, sosial-iqtisadi, mədəni- humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai - siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikada mövcud olan daxili sabitlik, əmin- amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.

 

İctimai-siyasi sabitlik amili, eyni zamanda, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə kimi imicini daha da möhkəmləndirmiş, xarici siyasi əlaqələrinə yeni impulslar vermişdir. Hazırda respublikada ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai- siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı- ayrı strukturlarının da müstəsna rolu vardır. Cinayətkarlarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışdır. Daxili İşlər Nazirliyinin hər bir əməkdaşı Azərbaycan dövlətçiliyinin hüquqi baxımdan möhkəmlənməsində, ictimai təhlükəsizliyinin qorunmasında, daim fəal və fədakar mövqe tutmuşdur. Asayiş keşikçiləri bu gün də üzərlərinə düşən vəzifələri inamla davam etdirir, vətəndaşların rahat və firavan yaşayışının təminatı üçün bütün zəruri profilaktik tədbirləri həyata keçirirlər.

Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış istimai-siyasi sabitliyin xalqın bugünki və gələcək taleyi baxımından neçə böyük əhəmiyyət kəsb etdiyi ən azı yaxın tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. Dövlət müstəqillyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qivvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc- mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. DİN rəhbərliyinə diletant mülki şəxslərin, " meydan qəhrəmanları"nın gətirilməsi nəticəsində əməliyyat tədbirlərinin səviyyəsi aşağı düşmüş, cinayətkarlığın səviyyəsi artmışdı. Daha acınacaqlısı bu idi ki, vətəndaşların qanuni hüquq və azadlıqlarının, ictimai asayişin, kriminogen durumun sabitliyin keşiyində dayanmalı olan daxili işlər orqanlarının əməkdaşları bir çox hallarda qeyri-qanuni əməllərə yol verməklə cəmiyyətdə potensial təhlükə mənbəyinə çevrilmişdi.

Həmin böhranlı şəraitdə qanı, canı bahasına qazandığı dövlət müstəqilliyini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşmiş xalqımız çıxış yolunu düzgün olaraq zəngin dövlətçilik təcrübəsinə malik strateq, ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görmüşdür. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn ulu öndərimizin tarixi xilaskarlıq missiyası da məhz respublikada yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasında, vətəndaş sülhünə nail olunmasından, daxildə əsaslı ictimai- siyasi sabitliyin yaradılmasından, qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı səmərəli mübarizə vasitələrinin seçilməsindən ibarət olmuşdur. " İctimai- siyasi sabitlik olmayan yerdə hər hansı inkişafdan söhbət gedə bilməz" - deyən ümummilli liderimiz ictimai asayişin etibarlı şəkildə mühafizəsi, ölkə daxilində qayda-qanunun, nizam- intizamın gücləndirilməsi məqsədilə, ilk növbədə, Daxili İşlər Nazirliyinin fəaliyyətində dönüş yaratmağın vacibliyini önə çəkmiş, bu orqanın daxilində xoşagəlməz mühitin formalaşdığını, polis orqanlarının peşə səlahiyyətləri ilə bir araya sığmayan qanunsuz hərəkətlərə yol verdiyini təəssüflə bildirmişdi.

Hakimiyyətə qayıdışından cəmi 3 ay sonra - 1993-cü il sentyabrın 20-də Ali Sovetin sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyev Daxili İşlər Nazirliyində keçirilmiş geniş müşavirədə bu orqanda əvvəllər hökm sürən dözülməz vəziyyətin səbəblərini olduqca dəqiq izah etmişdi: " Yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhval-ruhiyyə, neqativ hallar meydana çıxdı... Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə xidmət etmək, ictimai asayişi qorumaq əvəzinə bəzən cinayətkar yuvasına dönmüş, burada cürbəcür siyasi proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən kənar səviyyədə siyasi proseslər meydana çıxmışdı."

Ümummilli liderin hakimiyyətə qayıdışından sonrakı ilkin mərhələdə formalaşmış ictimai- siyasi sabitlik müəyyən mənada kövrək səciyyə daşıdığından, hüquq- mühafizə orqanlarının, xüsusilə DİN-in qanuna uyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək qarşıda duran başlıca vəzifələrdən idi. Dövlətin hüquqi- siyasi sütunlarının möhkəmlənməsində, ictimai - siyasi sabitliyin bərqərar olmasında, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizənin gücləndirilməsində müstəsna rola malik daxili işlər orqanlarının fəaliyyətinin hələ də qənaətbəxş səviyyədə qurulmaması, dövrün tələblərinə cavab verməməsi Heydər Əliyevi ilk gündən ciddi şəkildə qayğılandırırdı. Belə vəziyyətdə çıxış yolunu haqlı olaraq kadr dəyişikliyində görən ümummilli lider peşəkar fəaliyyətlə sıravi polis işçisindən yüksək zabit rütbəsinədək ucalan, Azərbaycan dövləti qarşısında içdiyi sədaqət andına, əqidəsinə, peşə şərəfinə sadiqliyi ilə tanınan cənab Ramil Usubovu Azərbaycan Respublkasının daxili işlər naziri vəzifəsinə təyin etmişdir. 1994-cü il aprelin 9-da bununla əlaqədar Daxili İşlər Nazirliyində geniş müşavirə keçirən Heydər Əliyev polis orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş qanunsuzluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şəxsi heyətdən yeni nazirin rəhbərliyi altında fədakarlıqla işləməyi, xalqa və dövlətə layiqincə xidmət göstərməyi, cinayətkarlığa qarşı daha barışmaz mövqe tutmağı tələb etmişdir. Yeni nazirə inandığını və etibar etdiyini deyən Heydər Əliyev keçmişdə yol verilmiş bir çox nöqsanların onun fəaliyyəti altında tez bir zamanda aradan qaldırılacağına, xalqın polisə inam və etimadının artacağına əminliyini ifadə etmişdir.

Bu təyinatdan sonra Azərbaycan polisi fəaliyyətini tamamilə yeni norma və prinsiplər üzərində quraraq dövlətçiliyin, ictimai asayişin və qanunçuluğun qorunması üçün böyük fədakarlıqlar göstərmişdir. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısının qanun çərçivəsində alınmasında daxili işlər orqanları da qətiyyətli mövqe tutmuş, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, dövlətçilik sınağından üzüağ çıxmışlar. Sonrakı dövrdə də Azərbaycan polisi ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə sahəsində diqqətəlayiq uğurlara imza atmışdır. Bunun nəticəsidir ki, hazırda respublikamız nəinki MDB məkanında, ümumilikdə Şərqi Avropa məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığı, sabitliyin daha etibarlı təminatı baxımından ən yüksək göstəriciyə malik dövlətlərdən biridir. Azərbaycan təkcə iqtisadi göstəriciləri ilə deyil, həm də vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı sahəsində qazandığı nailiyyətlərlə beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir.

Ötən illərdə respublikada cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir çox mühüm qərarlar qəbul olunmuş, daxili işlər orqanlarının fəaliyyətinin qanunverici bazası təkmilləşdirilmişdir. "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman, eyni zamanda, müvafiq beynəlxalq qurumların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla qəbul edilmiş yeni Cinayət- Prosessual Məcəlləsi, " Polis haqqında, "Əməliyyat-axtarış fəaliyyəti haqqında, "Daxili Qoşunların statusu haqqında", "Xidməti və mülki silah haqqında", "Yol hərəkəti haqqında", " Narkotik vasitələrin, psixotrop maddələrin və rekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanunlar," Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin bu sahədə mükəmməl qanunvericilik bazası yaratmış, onların uğurla icrası isə Azərbaycan qeyd edilən nailiyyətlərin əldə olunması üçün hüquqi zəmin rolunu oynamışdır.

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşmış, DİN-nin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının 30 iyun 2004-cü il tarixli " Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təmilləşdirilməsinə dair Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasında daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" sərəncamları, eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" fərmanı xüsusilə təqdirəlayiqdir. Ölkə başçısı xidmətdə fərqlənən polis zabitlərini müntəzəm olaraq fəxri adlarla, müxtəlif mükafatlarla təltif edir, onların əməyini yüksək qiymətləndirir.

Ölkə rəhbərinin diqqət və qayğısı ilə Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında həyata keçirilən təşkilati-kadr və struktur islahatları da davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planlar hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir. İstər şəhər, rayon polis orqanları səviyəsində, istərsə də daha yüksək instansiyalarda bu yeniləşmə, müasirləşmə, işin yeni şəraitə uyğun qurulması, operativ idarəçilik mexanizmlərinin işə salınması daha professional, hazırlıqlı, enerjili əməkdaşların rəhbər vəzifələrə irəli çəkilməsi prosesi davam edir. Bu dəyişikliklərin, islahatların məqsədi isə sadədir: daxili işlər orqanlarının qarşısında qanunla qoyulmuş mühüm və çox məsuliyyətli vəzifələri layiqincə həyata keçirmək!

DİN-in strukturunun təkmilləşdirilməsi çərçivəsində polis sahə rəisi vəzifəsi təsis edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan şəxslərin siyahısı"na əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 may 2009-cu il tarixli fərmanına əsasən polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 29 maddə üzrə qərar qəbul etmək səlahiyyətlərinə malik olan polis sahə rəisi vəzifəsinin təsis edilməsi vətəndaşların müraciətlərinə baxılmasında süründürməçilik hallarının qarşısının alınmasına, baş vermiş hüquqpozmalarla bağlı daha tez müddətdə və obyektiv tədbir görülməsinə, qərar qəbul olunmasına şərait yaradır. Polis orqanı nəzdində ictimai şuraların yaradılması polis sahə rəisi qarşısında qoyulmuş vəzifələrin daha uğurla yerinə yetirilməsinə səbəb olmuşdur.

Dövlət başçısının vurğuladığı kimi, bu gün DİN-nin və onun ayrı-ayrı strukturlarının qarşısında duran başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Daxili işlər orqanları istər 2003-cü ilin prezident, istərsə də 2005-ci ilin parlament seçkilər kampaniyası dövründə bu vəzifənin öhdəsindən layiqincə gəlməklə, hakimiyyət uğrunda qeyri- qanuni və zorakı mübarizə aparmaq niyyətinə düşmüş qüvvələrə qarşı qanun çərçivəsində ciddi tədbirlər görmüş, kütləvi iğtişaş cəhdlərinin qarşısını qətiyyətlə almış, qanunçuluğu təmin etmişdir. Son illərdə həmin aqressiv qüvvələrin daxili işlər orqanlarına, onun rəhbərliyinə qarşı apardığı böhtan və iftira kampaniyasının kökündə də məhz bu amil dayanır. Lakin Azərbaycan polisi üzləşdiyi çirkin təbliğat kampaniyasına məhəl qoymadan missiyasını davam etdirir, sıralarının təmizliyini qoruyur, ölkədə hər hansı təxribat planlaşdıran siyasi dairələrə niyyətlərinin həyata keçməyəcəyi xəbərdarlığını edir.

Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa qadir deyil. Buna cəhd edənlər həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.

Ümumilikdə, daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək, dövlətin hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat sağlamlığının hüquq və azadlıqlarının qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.

 

 

Vüqar SƏRDAROV

 

Xalq qəzeti.- 2012.- 1 iyul.- S. 6.