Kristofer Ştrasserin "siyasi məhbus" siyahısı və ya "Demokratiya evi"nin qeyri - demokratik addımı

 

Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabatla tanış olanda ilk andan hiss olunur ki, dövlətimizin sürətli inkişafı, dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atdığı qətiyyətli addımlar, nədənsə, bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır.

 

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası könüllü olaraq, müstəqil şəkildə Avropaya inteqrasiya yolunu tutmuşdur. Demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına riayət edilməsinə və bu sahədə qəbul olunan qanunların aliliyinə əsaslanan cəmiyyət quruculuğu xalqımızın şüurlu seçimidir və Azərbaycan öz gələcəyini birmənalı şəkildə Avropa ilə sıx əlaqədə görür. Bu gün Azərbaycan cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində qazandığı uğurları və demokratik proseslərin inkişafına xüsusi önəm verməsi ilə dünyanın diqqətini özünə cəlb edən müstəqil dövlətdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən və möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasi kursu davam etdirməsindən sonra ölkəmizdə siyasi, iqtisadi və sosial sahələrin inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin getdikcə yüksəlməsi, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Azərbaycan insan hüquq və azadlıqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşdırılmışdır. Müstəqil dövlətimiz 2001-ci ildən Avropa Şurasının üzvüdür, digər Avropa qurumları ilə sıx əməkdaşlıq edir. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdanların, digərlərinə demokratiya dərsi keçmək istəyənlərin demokratiyaya zidd hərəkətləri adamda təəccüb doğurur. Azərbaycanda demokratik prinsiplərə uyğun həyata keçirilən tədbirlərin alqışlanması, qiymətləndirilməsi və digər ölkələrə nümunə göstərilməsi əvəzinə, əks mövqe nümayiş etdirilməsi Avropanın bəzi qurumlarının nümayəndələrinin, habelə özünü beynəlxalq hüquq müdafiəçisi kimi sırımağa çalışanların ikili mövqedən çıxış etmələrini və qərəzli fikirlərini açıq - aydın ortaya qoyur.

Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnamə də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın təzahürü idi. Artıq beynəlxalq aləmdə də təsdiqlənib ki, insan hüquqlarının müdafiəsi və demokratikləşmə sahəsində görülən tədbirlər Azərbaycanın milli maraqlarına əsaslanır. Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə yönəlmişdir. Məhz buna görə də Avropa Parlamentinin qətnaməsi ölkəmizin nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirildi və ictimaiyyət tərəfindən kəskin pislənildi. Hər bir demokratik dövlətin təcrübəsində ola biləcək kiçik məsələləri bu cür nüfuzlu beynəlxalq təşkilatın qətnaməsinə çıxarmaqla bəzi qüvvələr Azərbaycanda həyata keçirilən işlərə kölgə salmaq istəyirlər. Avropa Parlamenti isə belə bir qətnamə qəbul etməklə beynəlxalq aləmdə özünə qarşı inamsızlıq yaratdı.

Regionumuzda, eləcə də digər ölkələrdə, xüsusilə Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulduğu, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi barədə ciddi faktlar vardır. Lakin, Avropa Parlamenti nədənsə onları görməzliyə vuraraq susur. Azərbaycana dair qətnamə qərəzli xarakter daşıyır. Bu qətnaməyə Avropa Parlamentinin 700-dən çox üzvündən cəmi 56 nəfərin səs verməsi də bunu təsdiqləyir. Bu sənədin daha ciddi qüsuru uydurmalara, yoxlanılmamış hesabatlara və qəzet məqalələrinə, bir sözlə, mötəbərliyi şübhə yaradan "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" və digər qeyri - hökumət təşkilatlarının saxta, qeyri - obyektiv hesabatlarına və qərəzli mənbələrə istinad etməsindədir.

Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabat, sanki, Avropa Parlamentinin yalanla dolu qətnaməsindən ruhlanaraq hazırlanmış növbəti qərəzli sənəddir. Almaniyalı məruzəçi K.Ştrasserin "Siyasi məhbusların müəyyənləşdirilməsi" və "Azərbaycanda siyasi məhbuslar məsələsinin izlənilməsi"nə dair iki məruzəsi AŞPA sessiyası çərçivəsində iyunun 26-da qurumun Hüquq Məsələləri və İnsan Haqları Komitəsində təqdim olunub və 89 nəfərin adı olan "siyasi məhbus" siyahısı açıqlanıb. Azərbaycanda olmayan, məhbuslarla görüşməyən, onların hansı səbəblərdən məhkumluq həyatı yaşadıqları ilə maraqlanmayan Ştrasserin bu siyahısına nəzər yetirdikdə onun ölkəmizə qarşı qərəzi, kini özünü açıq şəkildə büruzə verir. "Siyasi məhbus" siyahısının hazırlanması prosesində qərəzə, neqativ hallara, kobud pozuntulara yol verilməsi dərhal hiss olunur. Məsələn, AŞPA-nın məruzəçisinin siyahısında sıra nömrəsi 71-dən 73-ə, 75-dən 78-ə keçib. Bundan başqa, hesabat təqdim olunan zaman siyahıda olan 17 nəfər artıq azadlığa buraxılmışdı. Hətta onların bir neçəsi ötən ilbu ilin əvvəlində azad ediliblər.

Görünür, Ştrasserin başı yalanböhtana necə qarışıbsa, bu ilin əvvəlində azadlığa buraxılanların da adlarının qondarma "siyasi məhbus" siyahısına salmasından xəbəri olmayıb. Bəzi şəxslərin adı isə məhkəmə qərarı olmadan "siyasi məhbus" kimi siyahıya salınıb. K. Ştrasserin hazırladığı siyahıda ötən əsrin 90-cı illərinin əvvəllərində Bakı metrosunda törədilən terror aktlarının iştirakçılarının da adı yer alıb. Halbuki, həmin terror aktı zamanı xeyli insan həlak olmuş, çoxlu sayda dinc əhali zəhərlənmiş və şikəst olmuşdur. İnsan haqlarının müdafiəsindən danışan avropalı "demokrat" dəhşəhtli terror aktını törədənləri siyasi məhbus hesab edir. Hətta siyahıda elə şəxslərin adı var ki, onları heç kim tanımır, məhkumluq həyatı yaşayanların arasında belə adamlar yoxdur. İş o yerə çatıb ki, Azərbaycanda radikal mövqedə olan hüquq müdafiəçisi kimi tanınanlar da Ştrasserin bu siyahısına ciddi etirazlarını bildirərək onu qeyri - obyektiv adlandırmışlar.

Avropa Şurasında indiyə qədər siyasi məhbusların razılaşdırılmış tərifi yoxdur. K. Ştrasserin siyasi məhbusu müəyyənləşdirən meyarlarla bağlı məruzəsi deputatların əksəriyyəti çox səthi, tələsik və bugünkü reallığa cavab verməyən gülünc sənəd kimi dəyərləndirib. Hətta bu məruzənin bütövlükdə müzakirələrdən çıxarılması dəfələrlə təklif olunub. Avropa Şurası daxilində bu məsələyə dair hələ də böyük fikir ayrılığı mövcuddur. Hətta BMT və "Amnesty İnternational" kimi digər təşkilatlar da bu termindən artıq istifadə etmirlər.

Bəs Azərbaycanda bu qədər "siyasi məhbus"un olması K.Ştrasserin ağlına haradan gəlib? Qeyd etdiyimiz kimi, K.Ştrasserin təqdim etdiyi "siyasi məhbus" siyahısında olanların çoxu artıq həbsdən azad edilib. Əksəriyyəti isə Azərbaycanda demokratik yolla seçilmiş hakimiyyəti zorakı vasitələrlə dəyişmək üçün açıq çağırışlar etmiş təhlükəli ekstremistlərdir. Əsasən, "insan hüquq və azdlıqlarının müdafiəçisi" kimi tanınan AŞPA - nın məruzəçisi məhz xalqın iradəsi ilə seçilmiş hakimiyyəti devirmək istəyən həmin şəxslərə rəsmi dəstək verir. Bundan əlavə, Ştrasserin məruzəsində Avropa Şurasının Baş katibi tərəfindən təsis edilmiş müstəqil ekspertlər qrupunun siyasi məhbus hesab etmədikləri, xüsusilə ağır cinayətlərdə, insan öldürməkdə, terrorçuluqda, adam oğurluğunda, soyğunçuluqda, narkotik maddələrin satılmasında, istifadəsində və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslərin adları siyasi məhbus kimi təqdim edilib. Ştrasser bu siyahını təqdim edərkən belə bir məntiqdən çıxış etmışdir: "Belə şəxslərin həbsxanadan buraxılmaları üçün axırıncı şans ola biləcəyinə görə mən bu şəxslərin adlarını ehtimal olunan siyasi məhbusların vahid siyahısı layihəsinə salmışam".

AŞPA kimi nüfuzlu bir qurumun adından çıxış edən K.Ştrasserin məruzəsi ilə tanış olanda adama elə gəlir ki, orta məktəbin ən zəif şagirdi ev tapşırığını yerinə yetirə bilmir və tələm-tələsik, ondan-bundan bir az köçürməklə müəllimə bildirmək istəyir ki, guya, verilən tapşırığı yerinə yetirib. Həmin şagird anlamır ki, onun köçürdüklərinin ev tapşırıqlarına heç bir aidiyyəti yoxduro, özünü bir daha rüsvay edir. Hazırda K.Ştrasser belə bir vəziyyətə düşüb. O, "Amnesty International", "Human Rights Watch" və "Freedom House kimi qeyri-hökumət təşkilatlarının ötən illərdə qərəz və böhtan üzərində köklənmiş hesabatlarını qarşısına qoyaraq, üzünü köçürmüşdür. Bundan əlavə, ölkəmizdə radikal müxalifət kimi tanınan bir qrup araqarışdıran xəyanətkarların yalanböhtan xarakterli məlumatlarına da aldanaraq həm özünü, həm də təmsil etdiyi AŞPA-nı çıxılmaz vəziyyətə salmışdır. Hələ müzakirələr zamanı məruzənin ədalətsiz olduğunu görən əksər avropalı deputatlar iclasın keçirildiyi kabinetə yalnız səsvermə anında daxil olmuşlar. Müzakirədə iştirak etmədən və ya məruzə barədə məlumatlı olmadan, lakin məruzəyə səs verən deputatlar isə sonradan bildiriblər ki, Ştrasseri dəstəkləməsələr, onların siyasi gələcəkləri təhlükədə olacaq.

Azərbaycanın geosiyasi aləmdə və dünya birliyində rolu getdikcə artır, mövqeləri möhkəmlənir və əlaqələri genişlənir. Bir çox maraqlı tərəflər, xüsusilə ermənipərəst mövqeyi ilə seçilən beynəlxalq təşkilatların bəzi nümayəndələri ölkəmiz haqqında mənfi fikir yaratmağa cəhd göstərirlər. Görünür Avropanın enerji təhlükəsizliyindəki iştirakımıza və mühüm geosiyasi vəziyyətimizə görə başqaları üçün təhlükə yaradırıq. Ona görə də, guya, insan haqlarının pozulması adı ilə ölkəmizə qarşı təzyiqlər edilir. Bu, həm də Ermənistanın regionda həyata keçirilən bütün infrastruktur layihələrdən kənarda qalması ilə əlaqədardır.Bir çoxlarının bu qərəzli məruzənin lehinə səs verməsinə əsas səbəblərdən biribu idi.

Təəssüf ki, indiki şəraitdə bəzi beynəlxalq təşkilatlar insan haqlarından təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar və dəyərlər əvəzinə, maraqları önə çıxarırlar. Hazırda ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub və müstəqil siyasət yeridir. Azərbaycanın inkişafı beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ölkəmizdə həyata keçirilən humanizm prinsipləri digər demokratik dövlətlərlə müqayisədə yüksək səviyyədədir. Son 17 ildə imzalanmış əfv fərmanı ilə 5500 -ə yaxın məhkumun azadlığa buraxılması da bunu təsdiqləyir.

Bütün bunlar deməyə əsas verir ki, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasserin ölkəmizlə bağlı hazırladığı məruzə həm Avropa Şurasını, həm də qurumun məruzəçisini çıxılmaz vəxiyyətə salıb.

 

 

Bədəlov, Əliqismət

 

Xalq qəzeti.- 2012.- 7 iyul.- S. 5.