Binəqədi rayonunda ilin birinci yarısının nəticələri müzakirə olunmuşdur

 

Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tədbirlər haqqında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir. İclası rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq bildirmişdir ki, cari ilin ilk yarısında ölkədə ümumi daxili məhsul istehsalı 1,5 faiz, qeyri-neft sahələri 11,3 faiz, qeyri-neft sənayesi 8,3 faiz, əhalinin pul gəlirləri 14,2 faiz artmışdır.

 

Bunlarla yanaşı, ölkədə 46 min yeni iş yeri yaradılmışdır ki, bunun da 37 mini daimidir. İşsizlik 5,4 faiz təşkil edir, inflyasiya isə cəmi 2,2 faizdir.

Başçı demişdir ki, regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, sənaye, nəqliyyat, sosial-infrastruktur layihələri böyük uğurla reallaşdırılır. Ölkədə əldə edilən nailiyyətlərə öz töhfələrini verməyə çalışan Binəqədi rayonunda da sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində geniş həcmdə işlər həyata keçirilir.

İcra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov hesabat məruzəsində diqqətə çatdırmışdır ki, Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramında Binəqədi rayonuna aid 77 bənd nəzərdə tutulmuşdur. Bu tədbirlərin 13-nün icrasını 2011-ci ildə, 19-nun icrasını 2012-ci ildə, 45-nin icrasını isə 2013-cü ildə başa çatdırmaq nəzərdə tutulmuşdur. Ötən il reallaşdırılması nəzərdə tutulmuş tədbirlərin 9-u yerinə yetirilmiş, 3 obyektdə-Biləcəridə istirahət parkının, Xocasəndə 103 nömrəli məktəb üçün 640 şagird yerlik korpusun və Binəqədi qəsəbəsində Baytarlıq məntəqəsinin tikintisində işlər bu il başa çatdırılacaqdır.

Dövlət Proqramı çərçivəsində rayonda məhəllədaxili yolların asfaltlanması ilə bağlı xeyli iş görülmüşdür. Sulutəpə, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində, 1 May yaşayış massivində 200 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Eyni zamanda, "Azəryolservis" ASC xətti ilə Binəqədi-Mehdiabad yolu və Binəqədi şosesi yenidən qurulmuşdur.

Bu ilin ötən aylarında rayonun qəsəbə və mikrorayonlarında qaz təchizatının yaxşılaşdırılması üçün 60 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilmiş, 3017 ədəd qaz sayğacı "Smart-kart" tipli sayğaclarla əvəzlənmiş, əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 35/10-6 kilovoltluq 3 yarımstansiya yenidən qurulmuş, 3 yarımstansiyada isə əsaslı təmir işləri aparılmışdır. Məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüş, bir yeni qazanxana tikilərək istifadəyə verilmişdir. Hazırda isə 4 qazanxanada modernləşdirmə işləri davam etdirilir.

Dövlət Proqramının 2 bəndi üzrə-Böyük Şor və Xocasən göllərinə məişət-tullantı, texniki və s. suların axıdılmasının qarşısının alınması, Binəqədi qəsəbəsindəki İdman kompleksinin qarşısındakı gölün qurudulması və burada parkın salınması ilə bağlı tədbirlərin icrasına yaxın vaxtlarda başlanacaqdır.

Dövlət Proqramına əlavələrdə də icra hakimiyyətinin təklifləri öz əksini tapmış, Binəqədi rayonuna aid olan 6 bənddə müvafiq düzəlişlər olunmuş, 13 tədbir isə Proqrama əlavə edilmişdir.

Rayon icra hakimiyyətinin rəhbərliyi öz fəaliyyətini sakinlərlə keçirdiyi görüşlərdə onları narahat edən məsələlərin həlli istiqamətində qurur. Bu məqsədlə qrafikə uyğun olaraq rayonun müxtəlif qəsəbələrində, mikrorayonlarda bu ilin may-iyun aylarında 12 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə 2216 rayon sakini iştirak etmiş və vətəndaşlar tərəfindən 240 məsələ qaldırılmışdır. 13 məsələ yerində həll edilmiş, 227 məsələ ilə əlaqədar isə aidiyyəti qurumlara müvafiq göstərişlər verilmişdir.

Rayonun bütün ərazisində geniş abadlıq-quruculuq, yaşıllaşdırma işlərinə başlanmışdır. Artıq Azadlıq prospekti ən müasir şəhərsalma normalarına uyğun olaraq yenidən qurulur. Prospektdəki 5, 9 və 16 mərtəbəli binaların müasir texnologiya əsasında üzlənməsi, yaşıllaşdırma işlərinin yenidən qurulması, magistral yola paralel velosiped cığırlarının açılması, fəaliyyət qabiliyyəti məhdud olanlar üçün hərəkət və keçid zolaqlarının açılması, eyni zamanda, marşrut avtobusları üçün ən müasir dayanacaqların, yol örtücüsünün, keçidlərin yaradılması daxildir. Hazırda prospektdə yerləşən 6 binada fasadların müasir üzlük materiallar ilə üzlənməsinə başlanmışdır.

Bakı şəhərinin şimal girişində-"Biləcəri enişi" adlanan böyük bir sahədə çəmən və güllərdən "xalı" toxunur. Hazırda həmin ərazinin gecə görüntüsü şəhərimizə bir yaraşıq verir. Sumqayıt şosesinin Binəqədi ərazisindən keçən hissəsində də yolun ətrafı yenidən qurulur. Əhməd Rəcəbli və Heydər Hüseynov küçələrinin kəsişməsində-"Elit" ticarət və əyləncə mərkəzinin ətraf ərazisində geniş abadlıq işləri aparılır, burada ticarət və xidmət obyektlərinin fasadları yenidən qurulur, küçələrə yeni səki daşları qoyulur, asfalt örtüyü çəkilir. 8-ci mikrorayonda və 6-cı mikrorayonun Vorovski yaşayış sahəsi ilə birləşməsində ən müasir, dünya standartlarına uyğun məhəllələr salınır. Həmin məhəllələrdə yaşayış binalarının fasadları, zirzəmiləri, pilləkən qəfəsləri təmir olunur, həyətlər yenidən qurulur, yaşıllıqlar qaydaya salınır, sakinlərin istirahəti üçün skamyalar qoyulur. Çoxmərtəbəli yaşayış binalarında yeni sərnişin liftləri quraşdırılır, köhnələr əsaslı təmir edilir, modernləşdirilir.

Şura iclasında Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, rayon MKTB-nin rəisi Ədalət Rəcəbov, Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev, Su-Kanal Departamentinin rəisi Rauf Osmanov hesabat məruzəsi ətrafında çıxış etmişlər.

Müzakirələrdən sonra qərar layihəsi oxunmuş və qəbul edilmişdir.

Sonda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Şura iclasına yekun vurmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 20 iyul.- S. 6.