Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər

 

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 aylıq qısa ömrü ərzində bir çox tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Bildiyimiz kimi, hazırkı müstəqil Azərbaycan Respublikası həmin AXC-nin siyasi-hüquqi varisidir. Hazırda istifadə etdiyimiz bir çox dövlətçilik atributlarımız cümhuriyyətimizdən bizə miras qalmışdır. Müasir müstəqil Azərbaycan öz sələfinin 1920-ci il bolşevik işğalı nəticəsində yarımçıq qalmış bir sıra planlarını həyata keçirmiş və hazırda da bu proses davam etməkdədir. O dövrdə yarımçıq qalmış strateji hədəflərdən biri də xaricdə təhsil siyasəti və potensial kadrların xalqın və dövlətin inkişafı üçün istiqamətləndirilməsi olmuşdur.

 

Sözsüz ki, yenicə yaranmış cümhuriyyətin təhsil strukturları tam formalaşmamış, ölkədə mövcud olan savadsızlıq, kadr çatışmazlığı əsas problemlərdən birinə çevrilmişdi. Xüsusilə ölkənin inkişafı və idarə edilməsi üçün xaricdə təhsil alan kadrlara ciddi ehtiyac yaranmışdı. Əsas məqsəd xarici təhsil ocaqlarına, xüsusilə də Avropa universitetlərinə tələbə göndərmək, oxutmaq sonra da onları Vətəndə ixtisaslarına uyğun işlərlə təmin etmək idi. Bütün bunları nəzərə alaraq, cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə başladı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması haqqında verilən tarixi sərəncamla yanaşı, parlament hökumətin təklifi ilə 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi barədə qanun da qəbul etdi. Bu işə nəzarət etmək üçün dövlət komissiyası yaradıldı. Beş nəfərlik komisiyaya M.Ə. Rəsulzadə rəhbərlik edirdi. Çox keçmədi ki, komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada,10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almaq üçün göndərilmələri barədə qərar qəbul etdi.

"Azərbaycan" qəzetinin 1919-cu il 23 iyul tarixli nömrəsində "Tələbələr haqqında" sərlövhəli məqalədə yazılırdı: "Maarif nəzarəti 100 nəfər tələbəni xaricə göndərəcək. Hər tələbəyə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir".

Araşdırmalar onu göstərir ki, xaricə göndərilən tələbələrin maddi təminatını böyük mesenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. H.Z. Tağıyevin bütün ticarət nöqtələri Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi bazasına çevrilmiş, hətta evi belə xarici qonaqların qarşılanması üçün ayrılmışdı. Sözsüz ki, bu xeyirxahlıq missiyasını və məsuliyyətini üzərinə götürən H.Z.Tağıyevin də öz şərtləri var idi:

1.Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.

2.Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.

3.Tələbə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkdir.

4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir.

Doğrudur, komissiya Hacı Zeynalabdinin şərtlərini redaktə edərkən üçüncü bəndi ixtisara salır. Bəlkə də bu ixtisar o zamanın demokratik quruluşlu respublikamızın hüquqi dövlət ideyaları ilə uzlaşmadığına görə icra edilmişdir. Nəzərə almaq lazımdır ki, o zaman parlamentimizdə qeyri-müsəlman xalqların nümayəndələri olan erməni, rus və yəhudi deputatlar da kifayət qədər idi. Bu baxımdan izdivac məsələsinin üzərindən sükutla keçilmişdir. Əsas məqsəd təhsilə və kadrların yerləşdirilməsinə yönəldilmişdi. Onu da qeyd etmək lazımdır ki, bir çox mötəbər insanlarımız təhsilini H.Z.Tağıyevin maliyyə dəstəyi ilə almışdı. Bundan əlavə, görkəmli dövlət xadimi Əziz Əliyev Petroqradda Ali Hərbi-Tibb Akademiyasında "el atası" Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına oxumuşdur. Böyük siyasi xadim hələ Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyərkən öz tərcümeyi-halında H.Z.Tağıyevin dəstəyi barədə bunları yazırdı: "1917-ci ildə bütün fənlərdən "5" qiymət almaqla gimnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitim olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyonçusu Tağıyevə müraciət etdim. O, mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqə yolu ilə Hərbi Tibb Akademiyasına daxil oldum".

Bütün bu və digər faktlar Azərbaycan Cümhuriyyətinin təşkilatçılığı, uğurlu siyasəti, H.Z. Tağıyevin isə maaliyyə dəstəyinin bir-birini tamamlamasının əyani sübutudur. Hər ikisinin amalı eyni idi: azərbaycanlı övladların təhsilə yiyələnmələri, öz xalqı üçün xidmət etmələri və dövlətin gələcək inkişafında əsaslı dayağa çevrilmələri.

Ümumilikdə, 1919-1920-ci il tədris ili üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu məqsəd üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat ayrılmışdı. Avropa məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmışdı. Nəticədə isə komissiyanın yekun rəyinə əsasən Xalq Maarif Nazirliyi tərəfindən 49 nəfərin Almaniyaya, 27 nəfərin Fransaya, 4 nəfərin İtaliyaya, 1 nəfərin İngiltərəyə, 6 nəfərin Türkiyəyə, 13 nəfərin isə Rusiyaya göndərilməsi barədə sənəd verildi. Rusiyada yaranmış vətəndaş müharibəsinə görə tələbələrin ora getməsi mümkün olmadı.

Beləliklə, yenicə yaranmış cümhuriyyət başının üstünü almış rus-sovet işğalı təhlükəsinə, erməni quldur dəstələrinin törətdiyi təxribatlara, daxildə partiyalararası mübarizələrə baxmayaraq, xaricdə təhsil siyasətini qurur və azərbaycanlı gənclərin ali təhsil almaq üçün dünyanın məşhur universitetlərinə göndərilməsi kimi olduqca şərəfli işin öhdəsindən gəlir.

1920-ci il yanvarın 14-də o zamankı cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələr təntənə ilə yola salındılar. Tələbələr dəmir yolu ilə əvvəlcə Batuma, oradan isə Parisə yola düşdülər. Fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən xüsusi diqqətlə qarşılandı. Əlimərdan bəy tələbələr qarşısında geniş nitq söyləyərək onları təbrik etdi. Bundan sonra onlar təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yola düşdülər.

Təəssüflər olsun ki, Şərqdə ilk demokratik respublikanın min bir əziyyətlə xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi 1920-ci il aprel işğalından sonra acınacaqlı oldu. Ölkədə hakimiyyətə gələn bolşeviklər tələbələrə pul göndərmədi. Hərçənd, Nəriman Nərimanovun təqdirəlayiq inadkarlığı ilə həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapsa da, çox keçmədi ki, vəziyyət yenə kəskin şəkildə dəyişdi. Nərimanov Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr barədə fikirlər pisləşməyə doğru getdi. Onların çoxu "etibarsız" adlandırılaraq, ümumiyyətlə qəbul edilmədi. Nəticədə, tələbələrin çoxu təhsil haqqını ödəyə bilməmək problemi bir tərəfə, yaşamaq üçün ən ağır sahələrdə işləmək məcburiyyətində qaldı. Hətta elə tələbələr də oldu ki, həbsxanalara atıldılar. Ən acınacaqlısı isə bu idi ki, böhranlı vəziyyətdən çıxış yolu tapa bilməyib intihar edənlər də oldu. Çox çətinliklə, məhrumiyyətlərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin əksəriyyəti isə ya uzaq Sibirə sürgün edildi, ya da bolşevik terrorunun qurbanı oldu.

Əslində, nə qədər acı sonluqla nəticələnsə də cəmi 23 ay yaşamış bir dövlətin problemlərin məngənəsində sıxılarkən belə azərbaycanlı övladların təhsilinə biganə qalmaması yalnız təqdirəlayiqdir. Bu təşəbbüs, bu şərəfli irs bu gün də müstəqil Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Hər il dövlətimizin dəstəyi ilə dünyanın aparıcı təhsil ocaqlarına yüzlərlə azərbaycanlı gənc oxumağa göndərilir. Şübhəsiz, burada həmin gənclərlə yanaşı, qazanan xalqımız və dövlətimiz olur.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricə göndərilən tələbələrin siyahısını və onlar haqqında məlumatları təqdim edirik:

1.Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı-?) fizika-riyaziyyat sahəsində təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Vətənə dönən Xələfbəyov 1930 -cu illərin repressiyasına məruz qalaraq Sibirə (Rusiya, Maqadan) sürgün edilmişdir.

2.Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu (22.11.1899, Dağıstan-?). Elektrotexnika sahəsində təhsil almaq üçün Ştutqarta (Almaniya) göndərilmişdir.Sonrakı taleyi barədə məlumat aşkar olunmayıb. Xaricdə təhsil alan tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün araşdırmalarında onun təhsilinin bitməsinə il yarım qalması haqqında son məlumatlar qeyd edilir.

3.Xudaverdiyev Əlibala Murtuza oğlu (1901, Navahı kəndi-?). Təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Bonn Universitetinə göndərilmiş, lakin sonrakı taleyi haqqında məlumat yoxdur.

4.İsgəndərov Ağalar Məşədi Abbasqulu oğlu (sentyabr,1899, Şamaxı-?).Kimya üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

5.Kazımov Cəfər Ələsgər oğlu (4.1.1897, Bakı-14.8.1968, Bakı).Təhsilini davam etdirmək üçün Almaniyanın Frayburq Dağ-Mədən Akademiyasına göndərilmişdir. Vətənə qayıtdıqdan sonra 1930-cu illərin represiyasına məruz qalmış, 1955-ci ildə bəraət almışdır. Ömrünün son 20 ilini iflic vəziyyətində yaşamışdır.

6.Kərimov Əli Xasbulat oğlu (fevral, 1902, Balaxanı-?). Tarix-filologiya ixtisası üzrə xaricə göndərilmişdir. Haqqında məlumat tapılmayıb.

7.Qaracəmirli Məcid bəy Qasım oğlu (?, Gədəbəy-?). Xarkov Universitetində 3 il təhsil almışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.

8.Qədimov Lətif Şirin oğlu (20.3.1895, Şuşa-?). Nəqliyyat sahəsində təhsilini davam etdirmək üçün Berlin Parloffen İnstitutuna göndərilmişdir. Taleyi barədə məlumat yoxdur.

9.Quliyev Mirzə Hüseyn Hənifə oğlu (1.1.1900, Bakı, Bülbülə kəndi-?).Kimya sahəsində təhsilini davam etdirmək üçün Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

10.Məmmədov Ağabala Ələsgər oğlu (1892, Tiflis-?). Xarkov Texnologiya İnsitutunda 3 il təhsil alsa da maddi çətinlik səbəbilə geri dönmüş, lakin parlamentin qərarı ilə yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

11.Məmmədov Həmid Məmməd oğlu (20.1.1900, Qars-?). Tibb sahəsində təhsil almaq üçün Ştutqarda (Almaniya) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

12.Məmmədov Hüseynbala Cəfərqulu oğlu (22.10.1899, Dərbənd-?). Bonn Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

13.Məmmədov Qəhrəman İsrafil oğlu (1897, Tiflis-?). Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.

14.Məmmədov Nəbi (?-?). Kiyev Dövlət Universitetində təhsilini maddi çətinlik səbəbilə davam etdirə bilməmiş, dövlət tərəfindən yenidən Kiyev Universitetinə göndərilsə , sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.

15.Məmmədov Zal Məmmədcavad oğlu (1898, Şuşa-?). Dağ mühəndisliyi təhsili almaq üçün Drezden Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

16.Məmmədyarov Əbdülsəməd Bağır oğlu (27.9.1889, Bakı-?) Xarkov Universitetində təhsil almışdır. Sonrakı taleyi barədə məlumat yoxdur.

17.Mirqasımov Zeynəlabidin Mirələsgər oğlu(1887, Bakı-?). Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

18.Mirzə bəy Göygöl (?-?) Berlin Universitetində təhsilini başa vursa da, sovet işğalı səbəbilə Azərbaycana geri dönə bilməmişdir.

19.Muxarski Süleyman Bikir oğlu(20.7.1900, Vilno,Ostrino-?). Milliyyətcə tatar olan Süleyman hüquq sahəsində təhsil almaq üçün Liona (Fransa) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

20.Muradov Abbas Həmid oğlu (?, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

21.Muradov Məhəmməd bəy Fəxrəddin oğlu (1.1.1900, Şuşa-?). Paris universitetinə göndərilmişdir. Sonraki taleyi haqqında məlumat aşkarlanmamışdır.

22.Musayev Cəmil İbrahim oğlu (14.3.1897, Şuşa-29.1.Şuşa). Berlin Universitetində memarlıq təhsili aldıqdan sonra 1925-ci ildə Bakıya qayıtmışdır.

23.Mustafayev Ağahəsən Manaf oğlu (1900, Bakı-?). Gəmiqayırma üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

24.Mustafayev Ağasəfər Hüseynqulu oğlu (9.1.1894, Tiflis-?). Məlumat yoxdur.

25.Mustafayev Mustafa Rəhim oğlu (17.10.1895, Qazax-?). Fransada ailə qurub,geri dönməyib.

26.Münşüzadə Hilal Hüseyn oğlu (12.4.1899, Şuşa-?). Berlində ailə qurub, geri dönməyib.

27.Nağıyev Hüseyn Musa oğlu (1897, Gəncə-?). Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmayıb.

28.Nəbiyev Mahmud (3.4.1893,Nuxa-?). Kiyevə göndərilmiş, lakin əlavə məlumat yoxdur.

29.Nərimanbəyov Yaqub Fərman Əmir oğlu (14.6.1898, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Vətənə döndükdən sonra 1937-ci il dekabrın 31-də Sibirə sürgün edilmişdir.

30.Pirverdiyev Hənifə Murad oğlu (1893, Tiflis-).1917 ildə Bakı orta inşaat məktəbini bitirmiş, qərara əsasən Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

31.Rəcəbli Əhməd Cabbar oğlu (14.2.1898, İrəvan-15.12.1963.Bakı). İrəvan kişi gimnaziyasını bitirmiş (1916),həmin il Moskvada Petrovski-Razumovski Akademiyasının tibb şöbəsinə qəbul edilmişdi.Lakin maddi çətinliklə əlqədar təhsilini yarımçıq buraxmağa məcbur olmuşdu.1919-cu il 1 sentyabr tarixli qərara əsasən, təhsilini davam etdirmək üçün İtaliyaya göndərilmiş, 1923-cü ildə Peruca şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası üzrə bitirmişdir. O, qırxdan artıq elmi əsərin, o cümlədən "Azərbaycanın meyvə bitkiləri" monoqrafiyasının müəllifidir. 1935-ci ildə ona professor elmi adı verilmişdir.1937-ci ildə repressiyaya məruz qalaraq, Rusiyanın Maqadan vilayətinə sürgün edilmişdir.1955-ci ildə bəraət almışdır.1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının akademiki Rəyasət Heyətinin üzvü seçilmişdir.

32.Rəhimli Məmmədəli Paşasadiq oğlu (10.4.1899, Tiflis-?) 1918 ildə Tiflis gimnaziyasını bitirmiş, qərara əsasən Darmştat (Almaniya) İnstitutuna göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

33.Rəhimov Cəbrayil Məmmədrza oğlu (1892, Bakı-?). Parisə göndərilmişdir. Əlavə məlumat yoxdur.

34.Rəhimzadə Abdulla Məhəmməd oğlu (1898, Gəncə-?) Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

35.Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran-?). Berlinə göndərilmişdir. Başqa məlumat yoxdur.

36.Rzayev Tağı Əsgər oğlu (1895, İrəvan-?). Parisə göndərilmişdir.Əlavə məlumat yoxdur.

37.Rzazadə İsgəndərxan Cabbar oğlu (5.11.1897, Tehran-1938. Bakı). Berlindən Vətənə qayıtmasına baxmayaraq, 1937-ci il repressiyasının qurbanlarından biri olmuşdur.

38.Sadıqov Mirsadıq Səid Kamil oğlu (1896, Bakı-?). Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

39.Salahov Yusif Hüseyn oğlu (6.9.1897, Şuşa -? ) 1918-ci ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən Münxen Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Azərbaycana geri qayıtmış, həkimlik etmiş, diaqnostika sahəsində tanınmışdır. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, Kiyev ətrafında döyüşlərdə əsir düşmüş, Vətənə geri dönə bilməmişdir. Türkiyəyə gedərək ömrünün sonunadək orada yaşamışdır.

 

(ardı var)

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 25 iyul.- S. 7.