Azərbaycanın ərzaq təhlükəsizliyi dövlətin xüsusi diqqət mərkəzindədir

 

Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamları da aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan vermişdir. Həmin sərəncamlar kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyası buğda toxumuna, cinc damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarın tikilməsinin təmin edmilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmişdir.

Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.

Xatırladaq ki, bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixracını reallaşdırır. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilmişdir. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır.

Bu gün aqrar sahədə 24 minə yaxın kənd təsərrüfat müəssisəsi, 2800 fərdi sahibkar təsərrüfatı, 550-dən çox emal müəssisəsi və on minlərlə ailə-kəndli təsərrüfatları fəaliyyət göstərir. Bu, ölkə Prezidentinin kənd təsərrüfatına daim diqqət göstərməsinin, bu sahənin inkişafına prioritet münasibətinin nəticəsidir. Başqa sözlə, sadalanan göstəricilər dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Aqrolizinq" ASC-nın yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz ki, aqrar sahəyə bu diqqət regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayır. 2005-ci ildən etibarən "Aqrolizinq" ASC-nə ayrılmış ümumi vəsaitin məbləği 260 milyon manat təşkil etmişdir. Hazırda ASC-nin bölgələrdə 55 fılialı və onların nəzdində 107 mexanikləşdirilmiş dəstə fəaliyyət göstərir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 50 faiz güzəştlə satılır.

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-cu il tarixli sərəncamına əsasən dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumu toxum istehsalçılarına dəyərinin 50 faizi qədər güzəştlə satılır. 2008-ci ildə 1000 baş, 2009-cu ildə 770 baş 2010-cu ildə isə 3 milyon manatlıq cins damazlıq heyvan ölkəyə gətirilərək, müqaviləyə əsasən dəyərinin 50 faizi qədər güzəştlə 3 il müddətinə lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.

Aqrar sahənin ümumi daxili məhsulda payı 5,4 faiz təşkil edir. Əvvəlki illərlə müqayisədə bu kəmiyyət qismən az olsa da, qeyri neft sektoru çərçivəsində qənaətbəxş sayıla bilər. Buna baxmayaraq, ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının 4,4 faiz, kreditin 4,8 faizinin, əsas fondların 7,9 faizinin məşğul əhalinin 38 faizinin bu sahənin payına düşməsi inkişaf göstəricisi kimi qiymətləndirilir. Əldə olunan bu nəticələr ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına daha sanballı imkanlar açır.

Ölkənin aqrar siyasətinin tərkib hissəsi olan və onun strategiyasını müəyyənləşdirən ərzaq təhlükəsizliyi və etibarlı təminat proqramları ərzaq təminatının optimal səviyyəyə çatdırılması və əhalinin zəruri qida məhsullarından fizioloji normalara uyğun istifadə edə bilməsi üçün əlverişli şərait yaratmasını nəzərdə tutur. Proqramlar ölkənin ərzaq təminatının fasiləsiz təmin edilməsinin vəzifələri və istiqamətləri, eyni zamanda onların reallaşdırılması mexanizmini özündə əks etdirir. Bu məqsədlərə nail olmaq üçün ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərən potensialın daxili və xarici amillərin aşkar edilməsi və onların bazar iqtisadiyyatı normalarının tələblərinə uyğun olaraq tənzimlənməsi zəruridir.

Aqrar siyasətin uğurlu nəticəsi respublika Statistika Komitəsinin son hesabatında da öz ifadəsini tapmışdır. Məlumatda bildirilir ki, aqrar bölmədə yaz tarla işləri artıq başa çatmışdır. İyun ayının 22-nə kimi 373,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 31,7 min hektar sahədə dənli və dənli paxlalılar, 35,8 min hektar sahədə dən üçün qarğıdalı, 78 min hektar sahədə tərəvəz, 66 min hektar sahədə kartof, 29,1 min hektar sahədə pambıq, 30 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 10,7 min hektarda dən üçün günəbaxan, 1530 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 23,6 min hektar azalmış, eyni zamanda dənli və paxlalıların əkin sahəsi 2 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 2,2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün əkin sahəsi 95 hektar artmışdır.

Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606,6 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1606,9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 119,7 min hektar çox sahənin taxılı biçilmiş və 415 min ton çox məhsul toplanmış, məhsuldarlıq 2 sentner yüksələrək hər hektardan orta hesabla 26,5 sentnerə bərabər olmuşdur.

Yığım başlanandan tarlalardan 245,8 min ton kartof, 315,3 min ton tərəvəz, 71,6 min ton meyvə və giləmeyvə, 48 min ton bostan məhsulları, 54 ton tütün, 277,7 ton yaşıl çay yarpağı toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,4 min ton, yaxud 2,7 faiz, bostan məhsulları istehsalı 19,2 min ton (66,4 faiz), tütün istehsalı 16,7 ton (44,8 faiz), meyvə və giləmeyvə istehsalı 8,8 min ton (14 faiz) artmışdır.

Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,5 faiz artaraq 2703,5 min başa, qoyun və keçilərin sayı 1,3 faiz çoxalaraq 8741,2 min başa çatmışdır. Bu dövrdə 3,2 faiz çox və ya diri çəkidə 214,6 min ton ət, 7,3 faiz çox, yaxud 856,4 min ton süd, 16 faiz az və ya 600,4 milyon ədəd yumurta, 3 faiz çox, yaxud 14,6 min ton yun istehsal edilmişdir. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 17,5 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz artmışdır

Göründüyü kimi, bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməyin, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırmağın, eyni zamanda Azərbaycanın həm də belə məhsulların əsas ixracatçılarından birinə çevrilməsinin nəticəsidir.

Şübhəsiz ki, Azərbaycanın dövlət başçısının ardıcıl diqqət və qayğısı, qəbul etdiyi dövlət proqramları, imzaladığı sərəncamlar sayəsində ölkədə ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində bundan sonra da davamlı tədbirlər həyata keçiriləcəkdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 28 iyul.- S. 2.