Tarix və mədəniyyət abidələri milli sərvətimizdir

 

2010-cu ilin mart ayında Kürdəmir rayonunun Muradxan kəndi ərazisində kanal yeri təmizlənərkən oradan saxsı küp içərisində gizlədilmiş nadir dəfinə aşkar edilmişdir.

... Laboratoriya şəraitində təmizlənərkən dəfinədəki 1134 ədəd sikkənin hamısının gümüşdən olduğu və sadəcə, əyyarının nisbətən aşağı olması, yəni tərkibində mis qatışığı olması səbəbindən oksidləşməyə məruz qaldığı müəyyən edilmişdir.

 

 

Bəs onların tədqiqi, mühafizəsi və təbliği ilə bağlı maarifçilik işi nə vəziyyətdədir?

 

Tarixmizin daha dərindən və hərtərəfli öyrənilməsi üçün ulu keçmişimizdən xəbər verən ən kiçicik maddi mədəniyyət nümunəsinin belə çox böyük elmi əhəmiyyəti olduğu hər kəsə bəllidir. Təsəvvür edin, 2 milyon illik tariximizin, olsa-olsa, ən çoxu 2500 illik bir dövrünü qismən yazılı mənbələr əsasında öyrənə bilirik.

 

Başqa sözlə, qədim tariximiz bütünlüklə, antik dövr və orta əsrlər tariximiz isə əsasən məhz ulu əcdadlarımızın həyat tərzindən, əmək fəaliyyətindən, onların mübarizə üsullarından, düşüncə tərzindən, başqa xalqlar, ölkələr və şəhərlərlə əlaqələrindən xəbər verən maddi-mədəniyyət nümunələrinin köməyi ilə öyrənilir. Təbiidir ki, həmin maddi mədəniyyət nümunələrinin çox böyük qismi bilavasitə arxeoloji axtarışlar nəticəsində aşkar edilmişdir.

Məlumat üçün bildirim ki, ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın müxtəlif yerlərində arxeoloji tədqiqatlar aparılmaqdadır. 50-ci illərdən etibarən isə bu tədqiqatlar ardıcıl və sistemli xarakter almışdır. Nəticədə ən qədim daş dövründən tutmuş son orta əsrlərədək tariximizin bütün mərhələlərini əhatə edən çoxsaylı nadir abidələr aşkar edilərək tədqiq olunmuşdur. Onu da etiraf edək ki, bu gün elmə məlum olan tarixi-arxeoloji abidələrin, habelə muzeylərdə, fondlarda və şəxsi kolleksiyalarda saxlanılan nadir eksponatların xeyli qismi nə vaxtsa, haradasa təsadüfən aşkar olunmuş materiallardır.

Təsadüfi tapıntılar daha çox ayrı-ayrı yerlərdə torpaq işləri görülərkən, kanal, xəndək, bünövrə yeri qazılarkən, yol çəkilərkən üzə çıxır. Çayların və yağış sularının yarğanlar əmələ gətirdiyi yerlərdə də qədim əşyalara, tikinti qalıqlarına və yaşayış izlərinə tez-tez təsadüf olunur. Təbiidir ki, bu cür tapıntılar üzə çıxarkən dərhal aidiyyatı orqanlara məlumat vermək gərəkdir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda deyilir: "İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir".

Qanunda deyildiyi kimi, tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Odur ki, tarixi abidələrə münasibətdə hər kəs, xüsusən də ziyalılar, məktəblilər, yerli hakimiyyət orqanları son dərəcə fəal və həssas olmalıdırlar. Polisin, məktəblərin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, xüsusən də mədəniyyət və turizm idarələrinin gözündən heç nə yayınmamalıdır. Yəni, haradasa sel-su təsirləri, yaxud da təsərrüfat və ya tikinti işləri zamanı üzə çıxan tarixi yadigarların dağıdılmasına, təsadüfi adamlar tərəfindən ələ keçirilərək talan edilməsinə heç bir halda yol vermək olmaz.

2010-cu ilin mart ayında Kürdəmir rayonunun Muradxan kəndi ərazisində kanal yeri təmizlənərkən oradan saxsı küp içərisində gizlədilmiş nadir dəfinə aşkar edilmişdir. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev dərhal bu barədə aidiyyatı orqanlara, o cümlədən AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutuna məlumat verib. Bizöz növbəmizdə mütəxəssislərdən ibarət qrupla birlikdə dərhal dəfinə tapılan əraziyə yollandıq. Dəfinə müvafiq qanunvericilik tədbirləri çərçivəsində əvvəlcə Kürdəmir rayon tarix diyarşünaslıq muzeyinə, daha sonra isə tədqiq olunmaq üçün aktla bizə təhvil verildi.

Uzun müddət çöl şəraitində olduğundan güclü surətdə oksidləşməyə məruz qalaraq bir-birinə yapışmış pullar laboratoriya şəraitində diqqətlə təmizləndikdən, oxunduqdan, tədqiq olunduqdan və nəhayət, fotoları çəkildikdən sonra yenidən rayon tarix-diyarşünaslıq muzeyinə qaytarıldı. Maraqlıdır ki, biz Muradxan dəfinəsini mis pullardan ibarət dəfinə kimi təhvil almışdıq. Laboratoriya şəraitində təmizlənərkən dəfinədəki 1134 ədəd sikkənin hamısının gümüşdən olduğu və sadəcə əyyarının nisbətən aşağı olması, yəni tərkibində mis qatışığı olması səbəbindən oksidləşməyə məruz qaldığı müəyyən edilmişdir. Beləliklə də, necə deyərlər, mis alıb, gümüş qaytardıq.

Muradxan dəfinəsi nadir tapıntıdır. Bizim üçün çox xoşdur ki, onun elmi kataloqunu hazırlayaraq nəşr etdirməklə bağlı A. Quliyev və F. Xəlilli ilə birlikdə təqdim etdiyimiz layihə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantına layiq bilindi. Məlumat üçün onu da bildirim ki, Muradxan dəfinəsində qeyd olunan və XV əsrin ortalarına aid olan bu pullar Şirvanşah I Xəlilullahın adından Şamaxı, Bakı, Dərbənd, Qəbələ və Ərdəbil şəhərlərində zərb olunub və Azərbaycan dövlətçiliyi tarixinin bir sıra məsələlərinin daha dərindən və ətraflı şəkildə öyrənilməsi baxımından çox mühüm elmi əhəmiyyət kəsb edir. Təbiidir ki, elmi cəhətdən çox mühüm əhəmiyyəti olan bu tapıntının əldən-ələ düşərək it-bat olması ehtimalı da çox idi. Təəssüf ki, bəzən belə hallar da olur. Lap elə Kürdəmir rayonunun özündə buna bənzər hadisələr olub. Məsələn, 80-ci illərdə rayonun Ərəbqubalı kəndi ərazisində meliorasiya işləri görülərkən bir neçə yerdə çox qiymətli qızıl pul dəfinələri üzə çıxıb və ayrı-ayrı insanlar tərəfindən talan edilib. Belə hallar digər rayonlarda da baş verib.

Bu yaxınlarda Kürdəmir Rayon Mədəniyyət və Tarixi Şöbəsinin müdiri V. Alıyev növbəti dəfə bizə zəng edərək, rayonun Şilyan bələdiyəsinə daxil olan Qarasu kəndi ərazisində torpaq işləri görülərkən müxtəlif maddi-mədəniyyət qalıqlarının üzə çıxdığını və onlardan bəzi nümunələrinin artıq Kürdəmir tarix-diyarşünaslıq muzeyinə gətirildiyini bildirdi. Bunlar əsasən bişmiş kərpic, kül, kömür, müxtəlif çeşidli saxsı qablar, metal əşyalar və istehsalat tullantılarından ibarətdir.

Qarasuda olarkən bizə, həmçinin, ayrı-ayrı sakinlərin həyətindən çıxan və hazırda onların istifadəsində olan bir neçə iri təsərrüfat küpü də göstərdilər və bildirdilər ki, həmin tapıntılar da tezliklə rayon muzeyinə təhvil veriləcəkdir.

Qarasu kəndi ərazisində çox nəhəng baş və sinə daşları olan iri bir qəbiristanlıq var. Əfsuslar olsun ki, əksər qəbirlərin baş və sinə daşları ya sındırılıb, ya da aparılıb. Qalan daşların da kitabələri təbii və antropogen təsirlər nəticəsində pis vəziyyətə düşüb. Həmin tapıntılara əsasən XVIII əsrin ortalarında Qarasu vadisində təqribən 15-16 hektar sahəni əhatə edən nisbətən iri yaşayış məntəqəsi olduğunu söyləyə bilərik. Qurunt suları nisbətən üzdə olduğundan orada bişmiş kərpicdən tikilmiş binaların, demək olar ki, hamısı güclü aşınmaya məruz qalaraq dağılıb. Deyilənlərə onu da əlavə edək ki, Kürdəmir rayonunun Qarasu hövzəsi kimi tanınan ərazilərində daha bir neçə yerdə orta əsrlərə aid yaşayış məntəqələri olduğu ehtimal edilir. Ayrı-ayrı yerlərdə torpaq işləri görülərkən aşkar edilən təsadüfi tapıntılar da bunu təsdiq edir. İnanırıq ki, gələcəkdə həmin ərazilərin də arxeoloqlar tərəfindən tədqiqi sayəsində tariximizin neçə-neçə qaranlıq məqamlarına aydınlıq gətiriləcəkdir.

Bu yaxınlarda İsmayıllı rayonunun Sumağallı kəndində də torpaq işləri görülərkən qədim əşyalar tapılıb. Kənd məktəbinin rəhbərliyi dərhal bu barədə rayon mədəniyyət və turizm şöbəsinə, onlar isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyinə məlumat veriblər. Bildiriblər ki, kəndin şimal tərəfində, dağın ətəyində yol çəkilərkən, habelə ev üçün bünövrə yeri qazılarkən təqribən 2 metr dərinlikdə saxsıdan su tüngləri aşkar olunub. Onlardan 3 ədədi hazırda Sumağallı kənd orta məktəbində saxlanılır.

İsmayıllı rayonunun Kürdüvan kənd sakini Əlikram İsmayılovun respublikanın aidiyyatı orqanlarına ünvanladığı müraciətdə kəndlərinin qədim tarixindən, müxtəlif vaxtlarda oradan tapılmış maddi-mədəniyyət nümunələrindən bəhs olunmaqla yanaşı, "Minarə üstü" adlı abidənin dağılmaq təhlükəsi ilə bağlı bir növ həyacan təbili səsləndirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığı məktubda deyilir: "Kəndimizin ərazisində tarixi məlum olmayan bir çox abidələr mövcuddur. Sakinlər öz həyətlərində quyuya bünövrə yeri qazarkən tez-tez kərpic və ya çay daşı ilə hörülmüş divar qalıqları üzə çıxır.

Ayrı-ayrı yerlərdə saxsı borularla çəkilmiş qədim su xətləri tapılıb. Deyilənlərə görə, Kürdüvanda 7 məscid olub. Onlardan bəzilərinin yeritikinti qalıqları bu günə qədər qalmaqdadır. "Minarə üstü" adlanan yerdə həmin məscidlərdən birinin olduğu bildirilir. Bir neçə il öncə "Minarə üstü"nün ətrafı şumlanarkən oradan çoxlu bişmiş kərpic, üzərində yazı olan daşlar, habelə çoxlu qab-qacaq və əmək aləti nümunələri tapılıb. Sakinlər bu abidənin tezliklə alimlər tərəfindən öyrəniləcəyi ümidi ilə yaşadığı bir vaxtda məlum oldu ki, kənd icra nümayəndəsi orada inzibati bina tikdirmək fikrindədir. Bu məqsədlə rayondan gələn "mütəxəssislər" orada ölçü-biçi işləri apararaq hətta mıxça da vurublar. Tariximizə, keçmişimizə bu dərəcədə hörmətsizlik olar?!"

Əlikram İsmayılovun məktubu ilə əlaqədar İsmayıllı rayonunun Kürdüvan kəndində olduq, vəziyyətlə yerində tanış olduq. "Minarə üstü" həqiqətən, çox möhtəşəm bir abidədir və Əlikram müəllimin məktubunda göstərildiyi kimi, onun üzərində tikintiyə başlamaq məqsədilə müəyyən hazırlıq işləri görülmüşdü. Amma sakinlərin narazı olduğundan xəbər tutan İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyi sonradan Kürdüvan kənd icra nümayəndəliyinin binası üçün başqa yer seçilməsi barədə göstəriş verib. Fikrimizcə, bu olay həm ictimaiyyət nümayəndələrinin, həm kənd ziyalılarının, həm də icra hakimiyyəti və yerli hakimiyyət orqanları rəhbərlərinin tarixi-mədəni dəyərlərə münasibətini əks etdirən bir nümunə kimi dəyərləndirilə bilər.

Söhbət nümunədən düşmüşkən elə Kürdüvan kəndində rastlaşdığımız yaxşı və pis nümunələrə dair daha bir neçə faktı yazıya əlavə etmək istərdik. Əvvəlcə müsbət nümunələr barədə. Məsələn, kənd sakinlərindən Əlişah İsmayılov müxtəlif vaxtlarda həyətində torpaq işləri görərkən tapmış olduğu xeyli maddi-mədəniyyət nümunələrini tədqiq olunmaq məqsədilə bizə təqdim etdi. Həmin tapıntılar içərisində gildən hazırlanmış antik dövrə aid bir ədəd təkayaq vaz, bir ədəd lüləkli bardaq, bir ədəd süddanbiçimli qabbir ədəd təkqulp vardı. Bizim Kürdüvana gəlişimizin səbəbkarı Əlikram İsmayılovun təqdim etdiyi kolleksiyada orta əsrlər dövrünə aid 3 ədəd gümüş sikkə, 10 ədəd mis pul, 26 ədəd müxtəlif rəngli və formalı muncuq, 1 ədəd üstündə yazı olan daş parçası, 5 ədəd şirli qab, 1 ədəd şirsiz kasa, saxsıdan hazırlanmış 2 ədəd su tüngü vardı.

Aqil Abışov isə antik dövrün yadigarı olan bir ədəd ağzı büzməli formada olan saxsı bardaq gətirmişdi. Əfsuslar olsun ki, bəzi sakinlər ayrı-ayrı vaxtlarda ayrı-ayrı abidələrdən tapdıqları və hazırda evlərində saxladıqları qədim əşyaları heç üzə belə çıxarmadılar.

Yeri gəlmişkən, Ağsu rayonu ərazisində təsərrüfat işləri zamanı təsadüfən üzə çıxan tarixi-arxeoloji abidələrlə bağlı iki olaya da münasibət bildirmək istərdik. Birinci olay rayonun Kəlağaylı kəndi ərazisində baş verib. Belə ki, "AS şirkətlər qrupu"nun inşaatçıları tərəfindən Ağsu şəhərinə su kəməri xətti çəkmək üçün xəndək qazılarkən Bakı-Göyçay magistral yolunun kənarında 2000 illik tarixi olan maddi-mədəniyyət nümunələri üzə çıxıb. Əfsuslar olsun ki, ekskavatorun kovuşunda ilkin tapıntılar üzə çıxdıqdan sonra da orada işlər davam etdirilibbu barədə heç bir aidiyyatı orqana, o cümlədən Ağsu arxeoloji ekspedisiyasına məlumat verməyiblər. Nəticədə onlarla qəbir abidəsi dağıdılmış, qəbir avadanlıqlarının əksəriyyəti məhv edilmiş, bir qismi isə inşaatçılar və ətraf kəndlərin sakinləri tərəfindən mənimsənilmişdir. Dağıntıların miqyasını təsəvvürə gətirmək üçün belə bir faktı deyim ki, bizim təşəbbüsümüzlə təkcə Gursulu kənd sakini Kamil Yadigarovdan tariximiz üçün çox mühüm elmi əhəmiyyəti olan 10 ədəd gil əşya təhvil alınmışdır.

İkinci olay Ağsu şəhərinin lap mərkəzində baş vermişdir. Söhbət "Sıx Məzid" (əslində Şeyx Məzyədi) adı ilə tanınan ərazidə təsadüfən üzə çıxan möhtəşəm tikinti qalıqlarından gedir. Məlumat üçün bildirirəm ki, həmin ərazidə Ağsu şəhər bələdiyyəsi tərəfindən sakinlərdən 3 nəfərə ev tikmək üçün torpaq sahəsi verilib. Həmin insanlar da müvafiq texnika ilə bir neçə dəfə ərazidə hamarlama işləri aparıblar və bu zaman, demək olar ki, hər addımda iri tikinti qalıqları, üzərində yazı olan qəbir daşları, rəngli kaşılar və saxsı küplər üzə çıxıb. Ammatorpaq sahibləri, nə onların sifarişi ilə ərazidə torpaq işləri görən mexanizatorlar, nə qonşular, nə də baş verənləri müşahidə edən digər insanlar bu barədə heç kəsə heç nə deməyiblər. Bütün bunlar Ağsu şəhər sakinlərinin şifahi məlumatı əsasında əraziyə baxış keçirərkən bizə məlum oldu. Abidəni xilas etmək məqsədi ilə Ağsu arxeoloji ekspedisiyası tərəfindən orada kəşfiyyat xarakterli ilkin axtarışlar başlanıldı. Axtarışlar nəticəsində aşkar olunan tikinti qalıqları orada Ağsu şəhərinin indiyədək bəlli olan tarixindən ən azı bir neçə yüz il öncə çox möhtəşəm ictimai binalar olduğundan xəbər verir. Tapıntıların xarakterinə görə həmin tikintilərdən birinin şəhərin cümə məscidinin qalıqları olduğu ehtimal edilir.

Əfsuslar olsun ki, ətrafının rəngli lentlə bağlanmasını və qorunduğu barədə bütün aidiyyəti orqanlara məlumat verilməsinə baxmayaraq "AS şirkətlər qrupu"nun inşaatçıları tərəfindən bu abidə də çox ciddi dağıntıya məruz qalmışdır.

Fikrimizcə, tarixi-mədəni dəyərlərə münasibətlə bağlı yuxarıda sadalanan faktları birmənalı şərh etmək düzgün olmazdı. Yəni, burada kimlərisə laqeydlikdə, kimlərisə məsuliyyətsizlikdə ittiham etmək olar. Amma hər iki halın kökündə həm də cəmiyyətin bəhs olunan problemlə bağlı hüquqi cəhətdən məlumatsızlığı durur və nə qədər ki, cəmiyyət bu istiqamətdə yetərincə maarifləndirilməyəcək, o zaman belə xoşagəlməz hallar da qaçılmaz olacaqdır.

Tarixi-mədəni dəyərlərə münasibətdə qanunun tələblərindən irəli gələn vəzifə və borclarını unudanyaxud da bundan bixəbər olan rəsmilərin diqqətinə çatdırmaq istərdik ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda deyildiyi kimi, "qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqifiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlarına yardım göstərməlidirlər. Göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaqya inşaat işləri görərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaqya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər".

Vətənimizin və xalqımızın tarixini özündə yaşadan hər bir abidə və digər maddi-mədəniyyət nümunəsi heç kəsin şəxsi mülkiyyətinə keçə bilməz. Bu dəyərlərə münasibətdə heç kəsin haqqı yoxdur ki, biganəlik və ya səhlənkarlığa yol versin. Bu sahədə nəyimiz varsa, hamısı göz bəbəyi kimi qorunmalıdır, tədqiq və təbliğ olunmalıdır. Tariximizi öyrənmək və yazmaq əgər tarixçilərin borcu və vəzifəsidirsə, bu tarixi özündə yaşadan tarixi-mədəni dəyərləri qorumaq, yaşatmaq, onların it-bat olmasına yol verməmək bütövlükdə cəmiyyətin işidir. Odur ki, yaşından, təhsilindən, vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı keçmişin yadigarı olan abidələrin, maddi-mədəniyyət nümunələrinin taleyi üçün Vətən qarşısında, xalq qarşısında və nəhayət, qanunlarımız qarşısında birbaşa məsuliyyət daşıyır.

Xatırladaq ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində göstərildiyi kimi, "Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizammülki məsuliyyət daşıyırlar". Arxeoloji tapıntılar olmasa, tarixçilər nə edə bilərlər? Azərbaycan tarixçiləri məhz qədim maddi-mədəniyyət nümunələri əsasında Azərbaycan ərazisinin planetimizdə erkən insanın məskunlaşma arealına daxil olduğunu sübuta yetirə biliblər. Deyilənlərə görə, Səməd Vurğun 50-cı illərin əvvəllərində akademiyanın vitse-prezidenti işləyərkən bir gün gənc və perspektivli tarixçilərdən birinin qarşısını kəsərək ondan soruşub: "Cavan alim, sən de görüm, bu məmləkətin heç olmasa, 4-5 min illik tarixi varmı?!"

Bir diqqət edin, 4-5 min illik tariximiz olub-olmadığı akademiyanın vitse-prezidenti üçün də qaranlıq olan o vaxtdan keçən cəmi 60 il ərzində Azərbaycan tarixçiləri nələr ediblər. Bəli, son 60 il ərzində tarixçi alimlərimizin səyləri sayəsində Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri, erkən sivilizasiyanın beşiyi olduğu elmi cəhətdən əsaslandırılaraq bütün dünyaya bəyan edildi. Əlbəttə, belə bir qədim və zəngin tarix üçün qürur hissi keçirməyə dəyər. Bu tarixə görə bizə qibtə edənlər də, qısqananlar da çoxdur. Amma nə yaxşı ki, qibtə və qısqanclıq edənlərdən heç biri bu tarixidanmaq, nə də dəyişmək iqtidarında deyildir.

 

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 31 iyul.- S. 6.