Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial-iqtisadi islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Respublikamızda infrastrukturun yeniləşdirilməsi, sosial sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində reallaşdırılan tədbirlərin də müsbət nəticələri müşahidə edilir. Bunu Bakı şəhərinin və onun qəsəbələrinin timsalında aydın görmək mümkündür.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı demişdir ki, bütün istiqamətlər üzrə konkret proqramımız, bütün məsələlərlə bağlı fikirlərimiz vardır. Azərbaycan reallıqları onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bundan sonra da milli maraqlarımızın qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də əlbəttə ki, ölkə daxilində siyasətimizi davam etdirəcəyik. Bu siyasət xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin reallaşdırılmasında mühüm rol oynayan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasına son iki ildə ümumilikdə 1,8 milyard manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına infrastruktur yeniləşdirilmiş, yeni xidmət obyektləri, mədəni-məişət müəssisələri istifadəyə verilmişdir. Bu barədə bir qədər ətraflı danışmaq istərdim. Müşavirədə də qeyd edildiyi kimi, adı çəkilən Dövlət Proqramının icrasına başlanan vaxtdan indiyədək yaşayış məntəqənlərinin qazlaşdırılması sahəsində tədbirlərin icrası uğurla davam etdirilmiş, paytaxt və qəsəbələrdə 1210 kilometr yeni qaz kəmərləri çəkilmişdir. Təkcə ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilmişdir.

Əhalinin elektrik enerjisi ilə təchizatı da əsaslı şəkildə yaxşılaşdırılmışdır. Ötən il 200 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılmışdır. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilmiş, "Şimal" elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun təməli qoyulmuşdur.

Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun davam etdirilmişdir. Sözügedən dövrdə 122 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin olunmuş, 150-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 6 qazanxana yenidən qurulmuşdur.

Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfaltlanmış, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunmuşdur.

Əhalinin içməli su təchizatında nəzərə çarpan problemlərin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə 61 kilometr müxtəlif diametrli su və 57 kilometr kanalizasiya xətti və kollektor quraşdırılmış, 13 su anbarı və 4 su nasos stansiyası tikilmiş və yenidən qurulmuşdur.

Paytaxtda və ətraf qəsəbələrdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli görülmüşdür. Belə ki, 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulmuş və təmir edilərək avadanlıqla təchiz olunmuşdur. 12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilmişdir.

Paytaxt və qəsəbələrdə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin yaxşılaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işləri davam etdirilmiş, ötən dövr ərzində 680 hektar sahədə 550 mindən çox ağackol bitkiləri əkilmiş, neft mədənlərində 420 hektar ərazidə neftlə çirklənmiş göllər qurudulmuş, həmin ərazilərdə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.

Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, yumadezinfeksiya məntəqələri tikilmiş, poliqondaxili yollar asfaltlanmış, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.

Ölkədə aparılan sənayeləşmə siyasəti də qəsəbələrin dinamik inkişafına müsbət təsir göstərmiş, müasir tikinti materialları, cihazqayırma, süd məhsulları emalı və sement zavodları, digər sənaye müəssisələri tikilmiş, yeni istehsalemal sənayesi müəssisələrinin, o cümlədən bu il istismara veriləcək bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının, Bakı Gəmiqayırma Zavodunun, transformator zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir. Bununla yanaşı, sənaye parklarının yaradılması, innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkili sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan verəcəkdir.

Bakıətrafı qəsəbələrdə sahibkarlığın inkişafına da xüsusi önəm verilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələri üzrə 300-dək sahibkara 46 milyon manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin, o cümlədən 7 çörək istehsalı, 8 quşçuluq təsərrüfatı, 9 müasir istixana kompleksi, ət kəsimi və emalı, yeyinti sənayesi, metal konstruksiya istehsalı, mebel istehsalı və ixrac qabiliyyətli müxtəlif növ elektrik avadanlığı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə 42,1 milyon manat güzəştli kreditlər verilmişdir. Müəssisələrdən 9-u istifadəyə verilmiş, bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır. Bu kreditlər hesabına 2 mindən çox yeni yerinin yaradılacağı nəzərdə tutulur.

Göründüyü kimi, Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illərdə paytaxtımız və ətraf qəsəbələr əsaslı şəkildə inkişaf etmiş, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondu da mühüm rol oynamışdır.

 

 

Qasım ƏFƏNDİYEV,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.-2012.- 23 iyun.- S. 6.