23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür. Dövlət qulluğu: nailiyyətlər və hədəflər

 

Dövlət quruculuğu, dövlətin idarə edilməsi və dövlət qulluğu sahəsində siyasətin dinamik inkişaf etdirilməsində dövlət qulluqçularının öz yeri var. Hər bir dövlət qulluqçusunun qarşısında qoyulan əsas vəzifə xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Eyni zamanda 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi ilə bağlı 22 iyun 2006-cı ildə dövlət qulluqçularına müraciətində Azərbaycan Respublikasının Prezidenti çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.

 

Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması, dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. 2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiya müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına, xalqımızın istək və arzularının daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət idarəçiliyi sistemini bu tələblərə cavab verən kadrlarla təmin edir. 5 ildir ki, dövlət qulluğuna qəbul müsabiqə və şəffaflıq əsasında komissiya tərəfindən həyata keçirilir. Eyni zamanda "Dövlət qulluğu haqqında" Qanuna edilmiş son dəyişikliklərə görə dövlət orqanlarının kateqoriyalarında və inzibati vəzifələrin təsnifatında dəyişiklik edilib. Dəyişikliyə əsasən dövlət orqanlarının kateqoriyaları Ali kateqoriya və 1-5-ci kateqoriyalar üzrə təsnifatlaşdırılır, inzibati vəzifələr isə Ali təsnifat və 1-7-ci təsnifatlara bölünür. Dəyişikliklərə kimi dövlət orqanları 7 kateqoriyaya, inzibati vəzifələr isə 9 təsnifata ayrılmışdı. Bu və digər yeniliklər dövlətin idarə edilməsi sistemində əhəmiyyətli dəyişikliklər etmişdir. Buna görə də "Dövlət qulluğu haqqında" Qanunun tətbiqi ilə bağlı ötən dövrə, keçirilən müsabiqə və müsahibələrin ümumi nəticələrinə və ümumiyyətlə komissiyanın fəaliyyətinə nəzər salmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qarşıda duran hədəflərə diqqət yetirmək yerinə düşərdi.

 

Nailiyyətlərimiz

 

Komissiya yaradılarkən onun qarşısında qoyulan əsas məqsədlərdən biri dövlət qulluğuna qəbulda neqativ halların qarşısının alınması olub. Bu gün biz qətiyyətlə deyə bilərik ki, dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınmışdır.2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı on iki müsabiqə keçirilmişdir. Bu müsabiqələrə 5800 vakant vəzifə təqdim edilmişdir. Qeydiyyata alınan namizədlərin sayı 28059 nəfər olmuşdur. Qeydə alınan namizədlərdən 4042 nəfəri test imtahanı mərhələsində iştirak etməmişdir. Test imtahanı mərhələsində iştirak edən 24017 namizəddən 7325 nəfəri test qalibi olaraq müsahibədə iştirak etmək hüququ əldə etmişdir. Onlardan 1252 nəfəri müsahibədə iştirak etməmişdir.Müsahibədə iştirak etmiş 6073 namizəddən 2107(34,69%) nəfəri müsahibədən uğurla keçmişdir. Müsahibə qaliblərindən 1717 nəfəri vakant dövlət qulluğu vəzifəsinə təyin olunmuş, 390 nəfəri isə ehtiyat kadr siyahısına daxil edilmişdir. Bundan başqa 719 dövlət qulluqçusu olmuş və ya dövlət qulluğunda çalışan vətəndaşımız komissiyanın keçirdiyi müsahibələr nəticəsində ya yenidən dövlət qulluğuna qəbul olunmuş, ya da vəzifədə yüksəlmişlər. Beləliklə, komissiyanın indiyədək keçirdiyi müsabiqə və müsahibələr nəticəsində 2436 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur.

Onu da qeyd edək ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrdə qeydiyyatdan keçmiş namizədlərin 78,46%-ni, test qalibi olmuş namizədlərin 84,01%-ni, müsahibə mərhələsində uğur əldə edən namizədlərin 80,87%-ni, vəzifəyə təyin olunanların isə 80,90%-ni gənclər təşkil etmişdir.

Fəaliyyəti dövründə komissiya "Dövlət qulluğu haqqında" Qanunun tətbiqi zamanı meydana çıxan problemləri təhlil edərək qanunvericiliyə zəruri dəyişikliklər edilməsi üçün müvafiq normativ-hüquqi aktların layihələrini hazırlayaraq təqdim etmişdir.

Birinci problem bəzi orqanlar tərəfindən vakant dövlət qulluğu vəzifələrinin müsabiqə və ya müsahibəyə təqdim edilməməsi ilə bağlı idi.2011-ci ilin fevral ayından bu problem aradan qalxmışdır. Belə ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən dövlət orqanları inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməli və bu barədə komissiyaya məlumat verməlidirlər.

İkinci problem dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsabiqələrdən uğurla keçən şəxslərin bəzi hallarda əsassız olaraq vakant vəzifəyə təyin edilməməsi ilə bağlı idi.Bu problem 2009-cu ilin oktyabr ayında qanunvericiliyə edilən dəyişikliklərlə aradan qaldırılmışdır. Belə ki,qanun müsabiqədən uğurla keçmiş namizədlərdən birinin seçilərək mütləq qaydada vəzifəyə təyin edilməsini nəzərdə tutur.

Üçüncü problem bəzi dövlət orqanları tərəfindən müsabiqəyə təqdim edilmiş bütün vəzifələrə staj tələbi qoyması ilə bağlı idi. Bu problem də 2009-cu ilin sentyabr ayından öz həllini tapmışdır. Ali təhsil müəssisələrini yeni bitirmiş gənclərin dövlət qulluğuna cəlb edilməsi, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması zamanı vəzifənin təsnifatının və funksiyalarının nəzərə alınması, həmçinin dövlət orqanından asılı olmayaraq bu vəzifələrə iddia edən şəxslər üçün ümumi tələblərin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ümumi şərtlər qəbul edilmişdir. Şərtlərdə vakant vəzifələrin tutulması üçün təhsil, iş təcrübəsi və zəruri minimal biliklərə dair ümumi tələblər nəzərdə tutulmuşdur. Şərtlərə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatında olan "aparıcı məsləhətçi" və "məsləhətçi" vəzifələrinə, habelə aşağı təsnifat vəzifələrinə (rəhbər vəzifələr istisna olmaqla), apellyasiya və birinci instansiya məhkəmələri üzrə müsabiqəyə çıxarılan bütün vakant dövlət qulluğu vəzifələrinə staj tələbi qoyula bilməz.

Dördüncü problem ehtiyat kadrların təyinatı ilə bağlı idi. "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydaları"na edilmiş dəyişikliyə əsasən vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həm komissiyada, həm də dövlət orqanında ehtiyat kadr kimi saxlanılacaq. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr olduqda, namizədlər onların razılığı ilə bu vəzifələrə təyin edilməli və təyin olunduğu gündən 5 iş günü müddətində komissiyaya bu barədə məlumat verilməlidir.

Komissiya 5 il ərzində keçirdiyi müsabiqə və müsahibələrin nəticələrini dövlət orqanları, ali məktəblər, yaş və gender məsələləri üzrə təhlil edərək dövlət qulluğuna vətənpərvər, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meylli kadrların seçilməsi və yerləşdirilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi şərtlərinin təkmilləşdirilməsi və yeniliklərin tətbiq edilməsi üçün davamlı olaraq təşəbbüslə çıxış etmişdir. Bu yeniliklər aşağıdakılardır:

 

Test imtahanına hazırlaşma və test imtahanının gedişi prosesində

 

1) Test tapşırıqlarının tərtibində istifadə edilən mövzular və müvafiq ədəbiyyatların siyahısından ibarət test imtahanı proqramları komissiyanın internet saytında yerləşdirilmişdir. Bu, vətəndaşların test imtahanına daha yaxşı hazırlaşmalarına imkan verir və bütün namizədlər üçün eyni başlanğıc vəziyyətini yaradaraq şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

2) Müsabiqəyə təqdim edilən vəzifələr üzrə tələb olunan keçid balı həmin vəzifələrin funksiyalarının məzmunundan və səlahiyyət həcmindən asılı olaraq fərqləndirilmiş və müvafiq olaraq 70 və 75 bal müəyyən edilmişdir.

3) Test imtahanı mərhələsində 100 mümkün baldan 50%-dən aşağı bal toplayan namizədin 6 ay ərzində dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrdə iştirak etmək hüququnun olmaması məhdudiyyəti aradan qaldırılmışdır.

4) Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün müəyyən olunan minimum keçid balı ləğv edilmişdir.

 

Müsahibə prosesində

 

1) Test imtahanı mərhələsində müsabiqəyə təqdim edilmiş və funksiyalarının məzmunundan və səlahiyyət həcmindən asılı olaraq 75 bal tələb edən vakant vəzifəyə iddia edən, lakin 70 bal tələb edən vakant vəzifələr üzrə uğur əldə edən namizədlərə həmin vəzifənin tutulması şərtləri nəzərə alınmaqla onun tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verilmişdir. Bu yenilik 2010-cu ilin 5 fevral müsabiqəsindən başlayaraq tətbiq edilmişdir.

2) Vətəndaşların təkliflərini nəzərə alaraq test imtahanında uğur qazanan namizədlərlə müsahibə aparan qrupun tərkibində komissiyanın və vakant dövlət qulluğu vəzifəsinin mövcud olduğu dövlət orqanının nümayəndələri ilə yanaşı müstəqil ekspertlərin iştirakı təmin edilmişdir. Komissiya tərəfindən dövlət orqanlarının fəaliyyət istiqamətləri təhlil edilərək müxtəlif sahələr üzrə mütəxəssislərə olan tələblər müəyyənləşdirilmiş, bu mütəxəssislərin müsahibə qrupuna cəlb edilməsi məqsədi ilə elm və təhsil müəssisələrinə müraciət edilmişdir. Komissiyaya təqdim edilən 230-a yaxın mütəxəssis üçün müsahibələrin keçirilməsi ilə bağlı interaktiv təlimlər keçirilmiş, müsahibə aparılmış və 37 nəfərin müsahibələrin aparılmasında ekspert kimi iştirak etməsi uyğun bilinmişdir. Onu da qeyd edək ki, müstəqil mütəxəssislərin müsahibələrə cəlb edilməsi müsahibələrdə obyektivliyin və şəffaflığın artırılması, dövlət qulluğuna qəbul sahəsinə ictimai nəzarətin və etimadın yüksəldilməsi, namizədlərin potensialının, bilik və bacarıqlarının hərtərəfli qiymətləndirilməsi məqsədi daşıyır.

3) Müsahibə zamanı namizədlərə təqdim ediləcək sualları əhatə edən mövzular və bu mövzular üzrə ədəbiyyat siyahısı olan müsahibə proqramları komissiyanın internet saytı vasitəsi ilə əvvəlcədən namizədlərə təqdim edilmişdir. Bu isə namizədlərin müsahibələrə daha səmərəli və sistemli hazırlaşmasına, müsahibələrin daha peşəkar və vəzifə yönümlü aparılmasına imkan verir və müsahibələrdə şəffaflığın artırılmasına xidmət edir.

4) Namizədlərin razılığı ilə müsahibə mərhələsi videokamera vasitəsilə çəkilir və arxivləşdirilir. Bu, şəffaflığın və aşkarlığın təmin edilməsi ilə yanaşı pozuntuların aşkarlanması və qarşısının alınmasında ən səmərəli vasitədir. Eyni zamanda bu mərhələdə qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla müşahidəçilərin iştirakı üçün zəruri şərait yaradılır.

5) Müsahibə mərhələsində müsahibə qrupunun üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında 4 və daha çox bal olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda komissiyanın sədri tərəfindən müsahibənin nəticəsi ləğv edilə bilər.

Müsabiqələrin həm test, həm də müsahibə mərhələlərindən narazı qalan namizədlərin müraciətlərinin operativ şəkildə hərtərəfli araşdırılaraq cavablandırılması üçün komissiyada Apellyasiya komissiyası fəaliyyət göstərir. İndiyə kimi keçirilmiş 12 müsabiqənin test imtahanı mərhələsinin nəticəsindən Apellyasiya komissiyasına 54 şikayət daxil olmuşdur. Bunlardan 8 nəfərinin şikayəti təmin olunmuşdur,46 nəfərin isə şikayəti əsassız hesab edilmişdir. Müsahibə mərhələsinin nəticəsindən isə 189 şikayət daxil olmuşdur. Şikayətlərdən 149-u əsassız hesab edilərək təmin olunmamışdır. Apellyasiya komissiyasının qərarına əsasən apellyasiya şikayəti təqdim etmiş namizədlərdən 19 nəfərinin müsahibə nəticələri ləğv edilərək yeni müsahibə keçirilmişdir. Keçirilmiş yeni müsahibələr nəticəsində 10 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 9 nəfər isə keçid balını toplaya bilməmişdir. 18 namizədin müsahibə nəticəsi isə Apellyasiya komissiyasının qərarına əsasən ləğv edilmiş və namizədlər yeni müsahibə keçirilmədən iddia etdiyi vəzifəyə uyğun hesab edilmişlər. Apellyasiya komissiyası 3 namizədi aşağı təsnifat inzibati vəzifəyə uyğun bilmişdir.

Gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, gənclərin məşğulluq problemlərinin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə 2012-ci ilin aprel-may aylarında komissiya əməkdaşlarının Texniki Universitet, Müəllimlər İnstitutu, Qafqaz Universiteti, Xəzər Universiteti, Turizm İnstitutu, Dillər Universiteti, Dövlət Neft Akademiyası, Dövlət İdarəçilik Akademiyasında bu il məzun olacaq tələbələr ilə görüşü keçirilmişdir. Görüşdə komissiyanın əməkdaşları təqdimatla çıxış edərək dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bundan başqa gənclərin dövlət qulluğuna marağının artırılması məqsədilə komissiyanın rəhbərliyi və əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər. Bunların sırasında xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumunun (ASAİF) 2010-cu ildə Bakıda, 2011-ci ildə Strasburqda, 2011-ci ilin aprel ayında isə Budapeştdə keçirdiyi forumları, Berlində "Təhsil-Perspektivlər-Müvəffəqiyyətlər" mövzusunda keçirilən seminarı, Dövlət İqtisad Universitetində keçirilmiş "Məzun - 2010" və "Məzun - 2011" respublika əmək yarmarkalarını qeyd etmək olar. Budapeştdə keçirilən forumda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə xaricdə təhsil alan gənclərimiz dövlət orqanlarında, o cümlədən, komissiyada təcrübə keçməyə dəvət olunmuşlar. Bu barədə müvafiq məlumat komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir və təcrübə keçmək arzusunda olan onlarla gənc komissiyaya müraciət etmişdir.

Bundan başqa 2012-ci il 6-8 iyun tarixlərində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq komissiya tərəfindən keçirilmiş müsabiqələrdə uğur əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclər üçün təlimlər keçirilmişdir. Təlimin məqsədi gənc dövlət qulluqçularının peşə bacarıqlarının artırılması və müasir dövrün tələblərinə cavab verməsi olmuşdur. Təlimdə dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən gənc dövlət qulluqçuları iştirak etmişlər. Təlimdə komissiyanın əməkdaşları "İş bölgüsü", "Vaxtın idarə edilməsi" və "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzuları ətrafında çıxış etmiş, dövlət qulluqçularını maraqlandıran suallara cavab vermişlər.

İKT-nın dövlət idarəedilməsində, "elektron hökumət"in və "informasiya cəmiyyəti"nin təşəkkül tapmasında önəmini nəzərə alan komissiya dövlət qulluğuna kompyuter və əsas ofis proqramlarını bilən, habelə internetlə işləmək bacarığı olan vətəndaşların qəbulunda maraqlıdır. Buna görə də komissiya dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarında 15 sualı məhz İT sahəsinə aid edib.

23 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalamışdır. Həmin fərmanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında elektron xidmətin təşkili üçün bəzi tədbirlərin həyata keçirilməsi tələbi qoyulmuşdur. Fərmana uyğun olaraq "Komissiyanın elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı "Tədbirlər planı" hazırlanıb təsdiq edilmişdir.

Komissiyanın göstərdiyi elektron xidmətlər sırasında dövlət qulluğuna qəbul edilmək üçün e-qeydiyyatı xüsusi vurğulamaq lazımdır. Bu, namizədlərin əlavə vaxt itkisinin və əlavə xərclərinin qarşısını almaqla yanaşı, komissiyanın da işini yüngülləşdirmişdir.

Qeyd etmək lazımdır ki, komissiya dövlət qulluqçularının İKT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə həm ölkə daxilində, həm də e-hökumət sahəsində öndə gedən ölkələrdə (Cənubi Koreya, Estoniya, Kanada, Niderland və s.) dövlət qulluqçuları üçün treninq, seminar və konfranslar təşkil edir.

Komissiya ötən il xidməti fəaliyyətin qiymətləndirilməsinin sınaq tətbiqi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunda və Sumqayıt Şəhər İcra Hakimiyyətində qulluq keçən dövlət qulluqçuları üçün iki pilot layihə həyata keçirmişdir. Pilot layihənin keçirilməsində məqsəd dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi ilə bağlı təcrübənin əldə edilməsi və pilot layihə nəticəsində əldə edilmiş təcrübəyə uyğun olaraq qiymətləndirilmə sisteminin təkmilləşdirilməsi və bütün dövlət orqanları üçün tətbiqinə nail olmaqdır. Təlimlərdə qiymətləndirmə sisteminin iştirakçıları olan struktur bölmə rəhbərləri (şöbə müdirləri), bilavasitə rəhbərlər (sektor müdirləri), dövlət qulluqçuları və kadr qurumunun işçiləri iştirak etmişlər.

Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri faydalı əməkdaşlıq müstəvisi üzərində qurulub. Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri müşahidəçi kimi iştirak edir. Bu il may ayının 31-də ölkəmizdə fəaliyyət göstərən QHT-lərlə sayca üçüncü dəyirmi masa keçirmişik. İlk görüşümüz 2010-cu ilin dekabr ayında, ikinci görüşümüz isə 2011-ci ilin iyun ayında keçirilmişdir. Dəyirmi masaların keçirilməsi vətəndaş cəmiyyətini komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində aparılan islahatlarla yaxından tanış etmək, QHT və KİV-lərlə əlaqələri inkişaf etdirmək məqsədini daşıyır.

Dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək, dövlət qulluğuna qəbulun peşəkarlıq, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilməsini göstərmək, dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bu sahədə mövcud problemləri müzakirə etmək məqsədilə 2011-ci ilin iyun ayında komissiya və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə Bakıda "Obyektiv işəqəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir. Tədbir "Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi" Azərbaycan-Almaniya layihəsinin dəstəyi ilə keçirilmişdir.Tədbirdə 14 ölkənin dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), BMT-nin İnkişaf Proqramının (UNDP) və digər beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak etmişlər.

Komissiyanın Türkiyə Cümhuriyyəti və Ukraynanın dövlət qulluğu sahəsində çalışan qurumları ilə əməkdaşlıq barədə ikitərəfli müqavilələri var. Bundan başqa komissiya Kanada, Böyük Britaniya, İrlandiya, Çin, Macarıstan, Qazaxıstan, Cənubi Koreya, Əfqanıstan, Monteneqro, Gürcüstan və digər dövlətlərin analoji qurumları ilə sıx əməkdaşlıq edir. Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi və Ukrayna Dövlət Qulluğu Baş İdarəsi ilə imzalanan müqavilələrə əsasən hər il təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlər təşkil edilir. 2011-ci ilin dekabr ayında Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahat və Dövlət Qulluğu üzrə Komissiya sədrinin müavini ilə keçirilən görüşdə əldə olunan razılığa əsasən Əfqanıstan dövlət qulluqçularının idarəetmənin müxtəlif sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə bu ayın 10-15-i ölkəmizdə səfərdə olmuşlar.

Bu ilin aprel ayının 17-18-də komissiyanın sədri Braziliyada keçirilmiş "Açıq Hökumət Tərəfdaşlığı"nın Yüksək Səviyyəli ilk illik Sammitində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş və sammit çərçivəsində Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının, Estoniya e-İdarəçilik Akademiyasının, BMT-nin İnkişaf Proqramının e-İdarəçilik və informasiya əldə etmək üzrə proqramının nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada şəffaf və obyektiv qəbulun təşkili, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının potensialının gücləndirilməsi tədbirləri və digər məsələlər barədə məlumat verilmişdir.

 

Hədəflərimiz

 

1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində pilot layihələrin başa çatdırılması və xidməti fəaliyyətin qiymətləndirilməsi qaydalarının hüquqi əsasının müəyyən edilməsi.

2. Komissiyanın veb-portalının inkişaf etdirilməsi.

3. Komissiyanın göstərdiyi e-xidmətlərin tam təmin edilməsi.

4. Gənclərin dövlət qulluğuna cəlb edilməsi.

5. Dövlət qulluğuna dair qanunvericiliyin məcəlləşdirilməsi.

6. Dövlət qulluğu strategiyasının inkişaf etdirilməsi.

7. Dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılması.

8. Milli təlim strategiyasının inkişaf etdirilməsi.

Sonda bütün dövlət qulluqçularını 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara gördükləri çətin, amma şərəfli işlərində uğurlar diləyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir."

 

 

Bəhram XƏLİLOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət

Qulluğu Məsələləri üzrə

Komissiyanın sədri

 

Xalq qəzeti.- 2012.- 23 iyun.- S. 3.