Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş elmi-praktik konfrans

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı - Beynəlxalq Dövlət Qulluğu Gününə həsr olunmuş "Azərbaycan Respublikasında dövlət qulluğunun aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

 

Tədbiri DİA-nın rektoru, akademik Urxan Ələkbərov açaraq ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Xalqımızın və dövlətimizin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər gənclərin yetişdirilməsində görən ulu öndər Heydər Əliyev minlərlə gənci təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərdiyini diqqətə çatdırmışdır. Rektor Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramına əsasən hər il yüzlərlə gəncin inkişaf etmiş ölkələrin nüfuzlu təhsil müəssisələrində yüksək ixtisaslı kadr kimi formalaşması məqsədi ilə göndərildiyini bu ənənənin davamı kimi dəyərləndirmişdir.

Azərbaycanda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərdən danışan U.Ələkbərov Prezident İlham Əliyevin daim bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır.

Ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğu İdarəetmə Şurasına başçılıq etməsini bu qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov "Dövlət qulluğu 2007-2012-ci illər: nailiyyətlər və hədəflər" mövzusunda məruzə ilə çıxış etmiş, ölkəmizdə dövlət qulluğunun inkişafından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır.

O, Beynəlxalq Dövlət Qulluğu Gününün ölkəmizdə geniş qeyd edilməsinin əhəmiyyətini vurğulamış, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş uğurlardan söhbət açmışdır. B.Xəlilov bildirmişdir ki, dövlət qulluğu ilə bağlı qanunun qəbul edilməsi nəticəsində bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmana əsasən yaradılmış Komissiyanın əsas məqsədi dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsini dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, yerləşdirilməsini, həmçinin digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdir.

Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev "Dövlət orqanlarının kadr potensialı milli təhlükəsizlik amili kimi", dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehdəliyev isə "Dövlət qulluqçusu yeni informasiya məkanında" mövzularında məruzələrlə çıxış etmişlər.

Sonra akademiyanın müəllimi Muxtar Hüseynov DİA-nın yeni təhsil portalını təqdim etmişdir.

Sonda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsi Envera Selimoviç Beynəlxalq Dövlət Qulluğu Günü ilə bağlı təbriklərini çatdırmış, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadənin vacibliyini qeyd etmişdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 23 iyun.- S. 6.