Uğurlu siyasi kurs Azərbaycanı regionun lider ölkəsinə çevirmişdir

 

Bu gün Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs gənc müstəqil Azərbaycan Respublikasının sürətli inkişafını təmin etməklə yanaşı, bütövlükdə region üçün sülhsabitlik gətirmişdir. Dünyanın aparıcı politoloqları və ekspertləri müxtəlif tribunalardan çıxış edərkən dönə-dönə etiraf edirlər ki, Azərbaycan rəhbərliyinin 1993-cü ilin yayından etibarən götürdüyü siyasi kurs artıq region ölkələri üçün nümunə kimi qəbul edilir. Bu siyasət ona görə maraqlı və cəzbedicidir ki, müstəqilliyin ilk illərində ağlagəlməz dərəcədə məhrumiyyət və problemlərlə üz-üzə qalan ölkənin bəlalardan qurtulmasını təmin etmişdir.

 

Danılmaz faktdır ki,əgər ulu öndər ölkədə siyasi hakimiyyətə qayıtmasaydı və indi haqqında söhbət açdığımız siyasi kursu işləyib hazırlamasaydı, onda nəinki Azərbaycanın bugünkü uğurlarından danışmaq mümkün olmazdı, üstəlik bu gün bizim dövlət müstəqilliyimiz də mövcud ola bilməzdi. Məhz ona görə də Prezident İlham Əliyev məxsusi olaraq vurğulayır ki, Azərbaycan xalqı bugünkü nailiyyətlərin hamısına görə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinə və dövlətçilik təcrübəsinə minnətdar olacaqdır.

Prezident İlham Əliyev bu il may ayının 25-də "Buta" sarayında 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində geridə qalan illəri xarakterizə edərkən ulu öndər Heydər Əliyevin milli tariximizdəki rolunu yada salmışdır: "Əgər xalqın iradəsi ilə 1993-cü ildə Heydər Əliyev yenidən artıq müstəqil Azərbaycanın Prezidenti kimi hakimiyyətə gəlməsəydi, ölkəmizin gələcək taleyi çox böyük fəlakətlərlə üzləşə bilərdi. 1993-cü ildə bütün xoşagəlməz halların qarşısı alındı, ölkədə sabitlik yarandı, inkişaf başlandı".

Azərbaycan xalqı böyük qədirbilənliklə qeyd edir ki, ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları qoyulmuş və möhkəmlənmişdir. O illərdə ölkədə hərtərəfli islahatlara başlanılmış, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdı. Xüsusən, yeni neft strategiyası işlənilib hazırlanmış, Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlı möhtəşəm saziş imzalanmışdır. Bu saziş iqtisadi cəhətdən əhəmiyyətli olmaqla yanaşı, həm də dünyanın ən güclü ölkələrinin maraqlarının Azərbaycana cəlb edilməsı baxımından böyük siyasi əhəmiyyət kəsb edirdi.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrından etibarən həyata keçirdiyi irimiqyaslı tədbirlər və çoxsaylı Dövlət Proqramları nəticəsində Azərbaycan dünyanın aparıcı ölkələrinin sırasına çıxmış, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan ölkəyə çevrilmiş, demokratik dəyərlərin geniş surətdə tətbiq olunduğu ünvan, insan hüquq və azadlıqlarının Avropa səviyyəsində qorunduğu məkan kimi bütün dünyanın diqqətini cəlb etməyə başlamışdır. Aparılan köklü islahatlar nəticəsində dünyanın bütün qütblərində Azərbaycana olan münasibət əsaslı surətdə dəyişmişdir. Yeri gəlmişkən, bəzi qüvvələrin Azərbaycanın dövlət siyasətini olduğu kimi qiymətləndirə bilməməsini yada salan Prezident İlham Əliyev xatırladır ki, həmin adamların sonradan Azərbaycan həqiqətlərini məhz həqiqət kimi qəbul etməsinin şahidi olmuşuq: "Bəzi hallarda bəzi yerlixarici təhlilçilər əvvəlki dövrdə Azərbaycanın xarici siyasəti ilə bağlı qeyri-real fikirlər səsləndirirdilər. Ancaq həyat onu göstərdi ki, bizim xarici siyasətimiz yeganə düzgün siyasətdir. Əgər belə olmasaydı, bizim gənc dövlətimiz 155 ölkənin etimadını qazanmazdı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilməyimiz xarici siyasətimizin nə qədər düzgün olduğunun bariz nümunəsidir".

Azərbaycan Respublikası özünün mükəmməl daxili siyasəti olan, bu istiqamətdə konkret proqramları, qərarları icra edilən azsaylı ölkələrdən biridir. Regionda heç bir ölkə daxili siyasətdə Azərbaycan qədər incə məqamlara önəm verə bilmir. Bunun üçün gah vəsait çatışmır, gah da ölkə rəhbərliyinin iradəsi. Azərbaycan isə həm iqtisadi, həm də siyasi cəhətdən gündən-günə inkişaf etdiyinə görə həm dövlətin istənilən layihəni icra etmək üçün vəsaiti çatır, həm də dövlət başçısının iradəsi. Ona görə də ölkəmiz demokratik inkişafa sadiq ölkə imicini gündən-günə daha da möhkəmləndirir.Azərbaycanda dövlət idarəçiliyi və xalqın maraqlarını təmin edəcək bütün institutlar bir çox hallarda əksər Avropa ölkələrində olduğundan da yüksək səviyyədə fəaliyyət göstərir. Məhz bu məqamları əsas kimi götürən əcnəbi ekspertlər çəkinmədən etiraf edirlər ki, Azərbaycan bu gün Qafqazın lider ölkəsidir.

Gənc müstəqil dövlətimizi regionun lider ölkəsinə çevirən əsas məqamlardan biribütün qonşu ölkələr üçün əlçatmaz sayıla bilən iqtisadi inkişafımızdır. Belə ki, son illər ərzində Azərbaycanda müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. Ölkəmizdə ümumi daxili məhsul istehsalı 3 dəfə artıb, yoxsulluq həddində yaşayanlar 5 dəfə azalıb, 1 milyondan artıq yeni yerləri yaradılıb. Bütün bunlar dünya siyasətçilərinin gözü qarşısında baş verir. Ona görə də ölkəmizin yeritdiyi siyasət nümunə kimi qəbul edilir.

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, ordu quruculuğunun sürətləndirilməsi, elm və təhsilin inkişafına vəsait ayrılması, regionların bərabərşəkilli inkişafının təmin edilməsi, bütün bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin, olimpiya-idman komplekslərinin tikilməsi, çoxsaylı körpüyol qovşaqlarının inşa olunması baxımından da regional liderə çevrilib. Ölkəmiz Avropa Şurası Parlament Assambleyasının rəhbərliyində təmsil olunanda, BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə, "Böyük İyirmilər"in sammitinə dəvət alanda, nəhayət, Avropanın ən nüfuzlu mahnı müsabiqəsinin regionda ilk olaraq Bakıda keçirilməsi zamanı həm soydaşlarımız, həm də bütün dünyadakı dostlarımız cəsarətlə söyləmişlər: Azərbaycan regionun lider ölkəsidir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 24 iyun.- S. 1.