Nizami rayonu paytaxtımızın sosial-iqtisadi inkişafına mühüm töhfələr verir

 

Ötən il tarixi müstəqilliyinin bərpasının 20-ci ildönümünü yüksək nailiyyətlərlə qeyd etmiş Azərbaycan Respublikası hazırda yeni inkişaf mərhələsini yaşayır. İndi ölkəmizin hər yerində geniş quruculuq işləri aparılır, sosial və infrastruktur layihələri həyata keçirilir. Azərbaycanın 20 illik müstəqilliyinin hər bir uğurunda öz payı olan paytaxtın Nizami rayonunda da bu baxımdan mühüm işlər həyata keçirilir, rayonun siması günbəgün dəyişir, gözəlləşir.

 

Qısa arayış: Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılmışdır. Paytaxtın iri sənaye mərkəzlərindən olan Nizami rayonunun ərazisi 19,6 kvadratkilometr, əhalisi isə 184 min 800 nəfər təşkil edir. Nizami rayonunun ərazisində 8 iri sənaye müəssisəsi, 2 tarixi abidə, 21 səhiyyə obyekti, o cümlədən 5 dövlət xəstəxanası, 1 özəl ali və 2 orta ixtisas məktəbi, 20 uşaq bağçası, 1 uşaq evi və 2 internat məktəbi, 23 orta məktəb, 2 musiqi məktəbi, mərkəzi kitabxana və 6 kitabxana filialı, 2 istirahət parkı, 60-a yaxın ictimai-iaşə müəssisəsi, 8 kompleks idman qurğusu və 5 stadion yerləşir. Rayonda, həmçinin 2 bələdiyyə, 3 seçki dairəsi, 25 siyasi partiyanın mərkəzi qərargahı, 25 ictimai təşkilat və birlik, eləcə də 4 dini icma fəaliyyət göstərir.

Nizami rayonunun inkişaf salnaməsinin mühüm dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 70-80-ci illərində rayonda yaradılmış iri sənaye müəssisələri, mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə də bir sıra təhsil və səhiyyə müəssisələri məhz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Bakı Metropoliteninin "Neftçilər", "Əzizbəyov" (indiki "Koroğlu") və "Qara Qarayev" stansiyalarını, Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) bir sıra yeni sex və sahələrini, 2 nömrəli Ayaqqabı Fabrikini, eləcə də bir sıra ictimai-iaşə müəssisələrini və sosial obyektləri buna misal göstərmək olar.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra da Nizami rayonunun sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi həyatında mühüm yer tutan "Qida və Yağ Sənayesi" Açıq Səhmdar Cəmiyyəti 1997-ci ilin dekabr ayında ümummilli liderimizin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Bundan əlavə, ölkəmizin iri sənaye obyektlərindən sayılan "Peyk" zavodunun və "Evropean Tobacco-Baku" ASC-nin yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edən ulu öndər, həmçinin ayrı-ayrı vaxtlarda Nizami rayonuna gələrək burada sakinlərlə çoxsaylı görüşlər keçirmiş, rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələrini vermişdir. Bütövlükdə isə Nizami rayonunun inkişafına xüsusi diqqət və qayğı göstərmiş ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə 27 dəfə bu rayona səfər etmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyevin qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının hazırda Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün ölkədə olduğu kimi, paytaxtın Nizami rayonunda da yüksək tərəqqiyə səbəb olmuşdur. İndi rayonun elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər, dinamik inkişaf baş verməsin. Elə 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafını xarakterizə edən əsas makroiqtisadi göstəricilər də rayonun ümumi tərəqqisi barədə aydın təsəvvür yaradır. Belə ki, cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına əsasən, rayon üzrə 107,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Sənaye məhsullarının və bu sahədə göstərilən xidmətlərin 34,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Cari ilin ilk üç ayında mühüm növ məhsullardan sayılan günəbaxan yağlarının istehsalı 75,4 faiz, marqarin istehsalı 64 faiz, qarğıdalı yağı 49,4 faiz, bitki piyləri 20,7 faiz, şokolad istehsalı 20,7 faiz, kimyəvi məhsulların istehsalı 29,9 faiz, rezin və plastmas məmulatları 50,5 faiz, beton, gips və sement məmulatlarının istehsalı 34,4 faiz, eləcə də elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi 11,4 faiz çox olmuşdur. Bu da rayon iqtisadiyyatının dinamik inkişafının göstəricisidir.

2012-ci ilin ilk üç ayında Nizami rayonunda daxili imkanlar hesabına 56,2 milyon manatlıq podrat işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 58,1 faiz çoxdur. Hesabat dövründə rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 13,6 milyon manatlıq investisiya qoyulmuş, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 40,9 faiz artaraq 407,9 milyon təşkil etmişdir. Bununla yanaşı, əhaliyə 13,8 milyon manatlıq nəqliyyat və 24,1 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Yeri gəlmişkən, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox olmuşdur.

Son illər ölkəmizdə bazar iqtisadiyyatının daha da inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması çoxsaylı iş yerlərinin açılmasına səbəb olmuşdur. Bu baxımdan paytaxtın Nizami rayonunda da məqsədyönlü işlər həyata keçirilmiş, ötən illər ərzində müəyyən obyektiv səbəblər üzündən fəaliyyətini dayandırmış müəssisələri müasir dövrün, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni istehsal və xidmət sahələri əvəz etmişdir. Ölkəmizdə sahibkarlığa göstərilən dövlət qayğısının ilbəil artması, təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir ki, 2003-2011-ci illərdə Nizami rayonunda 500-ə yaxın yeni istehsal və xidmət sahəsi açılmışdır. "Jokas ltd", "Veysəloğlu Yaylıcı Qardaşları", "Mərmər Qranit Sənaye", "Azboru", "VİP Şokolad", "Turan İnşaat-2003" məhdud məsuliyyətli cəmiyyətləri, "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti, eləcə də "Modern Hospital", "Ankara", "Xəzər" özəl tibb müəssisələri, "Start Company" sağlamlıq mərkəzi və digər yeni müəssisələr rayonun iqtisadi həyatına və xidmət sferasına daxil olmaqla məşğulluq strategiyasının reallaşmasına mühüm töhfələr vermişdir. Yeri gəlmişkən, cari ilin ilk rübündə Nizami rayonunda 532 daimi iş yeri açılmışdır. Bütövlükdə isə 2003-cü ildən cari ilin birinci rübünün sonunadək rayonda 18842 daimi iş yeri yaradılmışdır.

Ölkəmizin ən iri sənaye müəssisələrindən sayılan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalı olan müxtəlif neft məhsullarına, "NJT-2000" firmasının istehsal etdiyi plastik məmulatlara, "Kaspi Yıldız" MMC-nin buraxdığı yanğınsöndürmə avadanlığına istər daxili, istərsə də xarici bazarda tələbat getdikcə artır. Bundan əlavə, "Bakı Yağ Qida Sənaye", "Zəhmət Ruzi", "Bakı-Şərab 1", "Evropean Tobacco Baku" açıq səhmdar cəmiyyətləri,"Ulduz" fabriki və "Veysəloğlu Yaylıcı Qardaşlar" MMC ölkəmizdə ərzaq bolluğunun təminatında yaxından iştirak etməklə yanaşı, xarici bazara da məhsul göndərirlər.

Nizami rayonunda infrastruktur layihələrinin icrası da getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Park və xiyabanların abadlaşdırılması, yeni yaşayış binalarının inşası, mövcud binaların fasad hissələrinin milli memarlıq elementləri ilə bəzədilməsi isə rayonun simasına əlavə yaraşıq gətirir. Son iki ildə müxtəlif dövlət proqramları çərçivəsində rayonun daha da abadlaşdırılması istiqamətində həyata keçirilmiş işlər də bu baxımdan diqqəti cəlb edir. Belə ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli Böyük Şor yol qovşağının 360 metr uzunluğunda ikinci kompleksi, buradakı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin "Koroğlu" stansiyası və onun qarşısındakı park, Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin qarşısındakı park və digər istirahət mərkəzləri rayonun simasına əlavə yaraşıq gətirməklə yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə, müasir meqapolisə çevirməyi qarşıya məqsəd qoymuş ölkə Prezidenti İlham Əliyev bütün abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını tövsiyə etmişdir. Məhz bunun nəticəsidir ki, indi rayon rəhbərliyi abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsinə daha çox diqqət yetirir. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Nizami rayonu gündən-günə müasirləşən, gözəlləşən paytaxtımızın ən səfalı, zövq oxşayan guşələrindən birinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin şanlı quruculuq epopeyasını uğurla davam etdirən Azərbaycanın dövlət başçısı İlham Əliyev bütün ölkə kimi, paytaxtın Nizami rayonunun da sosial-iqtisadi inkişafına daim qayğı və diqqətlə yanaşır, burada həyata keçirilən abadlıq-quruculuq işlərinin ən yüksək səviyyədə aparılmasını xüsusi nəzarətdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti 2004-cü ildən indiyədək Nizami rayonunda 25 açılış və təməlqoyma mərasimində iştirak etmişdir.

Humanizm və xeyriyyəçilik missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu da Nizami rayonuna xüsusi diqqət və qayğı göstərir. Təkcə onu demək kifayətdir ki, fondun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonda valideyn himayəsindən məhrum olmuş qızlar üçün nəzərdə tutulmuş 50 mənzilli yaşayış binasının tikintisi ötən il başa çatdırılaraq tam hazır vəziyyətdə istifadəyə verilmişdir. Binanın açılış mərasimində fondun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Hazırda isə Heydər Əliyev Fondu tərəfindən həmin ərazidə "Daun" mərkəzi tikilir.

Bütün bunlarla yanaşı, rayon sakinlərinin sosial-məişət qayğıları, əhalinin üzləşdiyi problemlərin həlli də xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur. Bütün bunlar isə onu deməyə əsas verir ki, dövlət başçısının vətəndaşların üzləşdiyi sosial-məişət problemlərinin dərhal aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar Nizami rayonunda da uğurla icra olunur. Son zamanlar rayonda əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlər də ardıcıl şəkildə yerinə yetirilir. Yeri gəlmişkən, beynəlxalq təcrübəyə əsaslanaraq aztəminatlı ailələrin sosial müdafiəsi və yoxsulluğun azaldılması istiqamətində mükəmməl sistem yaradılması məqsədilə ölkəmizdə ilk dəfə olaraq "Özünədəstək" mexanizminin Bakı şəhərinin Nizami rayonunda pilot layihə kimi sınaqdan keçirilməsinə başlanılmışdır. Artıq bu məqsədlə rayon üzrə 24 ailə üçün 36 min manat vəsait ayrılmışdır. Gələn ildən isə yeni mexanizmin sınaqdan keçirilməsinə start veriləcəkdir.

Ölkəmizin davamlı inkişafı ilə əlaqədar olaraq bir çox sahələrdə köklü dəyişikliklər baş verir, insanların tələbatı getdikcə artır. Qarşıya çıxan həlli vacib məsələlər isə ölkənin perspektiv inkişaf proqramlarında öz əksini tapır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bu baxımdan diqqəti cəlb edir. Paytaxtımızın növbəti üç ili üçün nəzərdə tutulmuş həmin proqramda, eləcə də dövlət başçısının 22 iyun 2012-ci il tarixli sərəncamı ilə adıçəkilən sənəddə edilən dəyişikliklərdə Nizami rayonu üzrə 57 tədbir nəzərdə tutulmuşdur. Həyatın müxtəlif sahələrini əhatə edən bu tədbirlərin reallaşdırılması isə rayonun sosial-iqtisadi inkişafını bir qədər də sürətləndirəcək.

 

Mirbağır YAQUBZADƏ

 

Məqalə Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 

Xalq qəzeti.- 2012.- 26 iyun.- S. 7.