Suraxanı rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.

 

Rayonda çalışan dövlət qulluqçuları əvvəlcə ümummilli liderin adını daşıyan parkda ucalan abidəsini ziyarət etmiş və önünə tər güllər qoymuşlar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, ölkəmizin dövlət qulluqçuları artıq 7-cı ildir ki, peşə bayramlarını qeyd edirlər. 2000-ci ildə ümummilli liderin imzaladığı "Dövlət qulluğu haqqında" Qanun əsasında Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilmişdir.

Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış ulu öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuşdur. Bu dahi şəxsiyyətin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.

Rayon rəhbəri öz çıxışında xüsusi vurğulamışdır ki, ümummili liderimizin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri dövlət başçısı İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.

"Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik" prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə təsdiqləyən dövlət başçısının rəhbərliyi ilə ölkəmizin, xüsusilə son 9 ildə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir.

İlqar Abbasov bildirmişdir ki, Prezident İlham Əliyevin 2012-ci il 14 iyun tarixli fərmanı ilə "Yerli icra hakimiyyəti orqanları haqqında" Əsasnamə təsdiq edilmişdir. Bununla orqanların səlahiyyətləri daha da genişləndirilmiş, onların üzərinə daha böyük vəzifələr qoyulmuş, həmçinin cavabdehliyi artırılmışdır.

Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçusu təltif edilmişdir. Sevindirici haldır ki, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Xanoğlan Əhməd oğlu Allahverdiyev də təltif olunanlar sırasındadır.

Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə, ictimai-siyasi həyatda fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 26 iyun.- S.6.