Bünövrə möhkəm olanda

 

Niyazi adına Uşaq musiqi məktəbində gələcəyin musiqiçiləri hazırlanır

 

Dahi musiqi xadimlərinin çoxunun bioqrafiyası ilə tanış olarkən onların əksəriyyətində bu sənətə marağın orta musiqi məktəblərindən formalaşdığının şahidi oluruq. Bu gün Bakıda və regionlarımızda fəaliyyət göstərən yüzlərlə uşaq musiqi məktəblərində güclü istedad sahibi olan şagirdlər təhsil alırlar. Onların əksəriyyəti bu məktəblərdən sonra ali musiqi məktəblərinə daxil olub, gələcəyin tanınmış musiqiçiləri kimi yetişirlər. Elə Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində də belə yüksək istedada malik musiqi xadimləri az yetişməmişdir.

 

Məktəb 1970-ci ildən fəaliyyət göstərir. Durğunluq dövründə baş verən hadisələr bu məktəbin fəaliyyətinə də ciddi təsir göstərmişdir.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbər kimi qayıdışından sonra vətənimizin dirçəlmə dövrü başlanmış, ictimai həyatımızın bütün sahələrində həyata keçirilən islahatlar müsbət nəticəsini vermişdir.

Bu dövrdə mədəniyyət və incəsənət sahəsi də tədricən inkişaf etmişdir. Musiqi təhsili verən bu məktəb də öz inkişaf dövrünə qədəm qoymuşdur. Məktəbin binası səliqəyə salınmış, kosmetik təmir işləri aparılmış, müəllimlərin səmərəli işləmələri üçün şərait yaradılmışdır. 1995-ci ildə məktəbə yüksək pedoqoji təcrübəyə malik Natiq Vəliyevin direktor təyin edilməsindən sonra vəziyyət tamamilə dəyişmişdir. Natiq müəllim deyir ki, son illər ulu öndərin təməlini qoyduğu islahatlar elm, təhsil, səhiyyə və mədəniyyət sahəsin də uğurla həyata keçirilir. Ulu öndərin bu siyasətini davam etdirən, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın birinci xanımı YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tükənməz səyi nəticəsində paytaxt Bakıda, eləcə də regionlarda bütün sahələrlə yanaşı yeni musiqi məktəblərinin inşası, digərlərinin bərpası və yenidən qurulması yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsinin, estetik zövqünün, dünyagörüşünün və intellektual səviyyəsinin inkişafında əhəmiyyətli rol oynadı. Bakıdakı Q. Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin inşası, 4, 10, 24,37, 38 nömrəli musiqi məktəblərinin, 4 nömrəli incəsənət məktəbinin əsaslı təmir edilməsi müəllim kollektivinə, şagird kontingentinə göstərilən qayğının nəticəsi kimi qiymətləndirilməlidir. Bu baxımdan bizim məktəbimizin də 2011-ci ildə əsaslı təmiri, yüksək zövqlə hazırlanmış avadanlıqlarla, xaricdən gətirilmiş yeni 5 royal və 19 fortepiano aləti ilə təchiz olunması müəllim heyətinin daha böyük səylə çalışmasına zəmin yaratmışdır. İndi məktəbin sinifləri qış mövsümündə yeni qurulmuş istilik sistemi vasitəsilə qızdırılır, kabinet və akt zalında quraşdırılan kondinsionerlərlə havanın hərarəti lazımi səviyyədə saxlanılır.

Dünya şöhrətli dahi bəstəkar və dirijor, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı böyük ictimai xadim maestro Niyazinin adını daşıyan məktəb, bu adın məsuliyyətini daim hiss edir. Məktəbdə 112 nəfər müəllimdən ibarət kollektiv çalışır. Onların sırasında respublikanın ali təhsil ocaqları olan Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının professor və dosentləri də vardır.

Məktəbdə 470 nəfər şagird 16 müxtəlif ixtisas üzrə təhsil alır. Burada dünya klassik musiqi alətləri olan fortepiano, skripka, violonçel, klarnet, fleyta və s. alətlərlə yanaşı milli musiqi alətləri də tədris edilir. Bunlarla yanaşı məktəbdə xanəndəlik və vokal dərsləri də keçirilir. Tədrisin aparılması kollektivdə böyük təcrübəyə malik, öz sənətinin vurğunu olan müəllimlərə həvalə edilmişdir.

Şagirdlərimiz respublika və şəhər miqyaslı tədbirlərdə müsabiqə, baxış, festival və olimpiadalarda uğurla çıxış edərək müxtəlif dərəcəli diplom və fərmanlarla təltif olunur, laureat adını qazanır və bununla da məktəbin nüfuzunu istənilən səviyyədə saxlayırlar.

Natiq müəllim qeyd etdi ki, şagirdlərimiz son illər ərzində dəfələrlə dünyanın Nyu-York, Vaşinqton, Paris, Seul, Ankara, İstanbul, Tehran, Təbriz, Astana, Moskva, Yekaterinburq kimi böyük şəhərlərində uğurla çıxış edərək doğma respublikamızı yüksək səviyyədə təmsil etmişlər. Məktəbimizin ən istedadlı məzunları öz təhsillərini davam etdirmək məqsədilə müvəffəqiyyətlə imtahan verərək müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olunurlar. Onların bir çoxu indi nəinki respublikamızda, hətta onun hüdudlarından çox - çox uzaqlarda müxtəlif musiqi kollektivlərində çalışır və ya müxtəlif tədris müəssisələrində müəllim kimi fəaliyyət göstərirlər.

Müəllimlərimiz tədrisin yeni formalarından istifadə etməyə çalışır, təlimin texniki vasitələrindən, əyani vəsaitlərdən istifadə etməklə şagirdlərin biliyinin artırılmasına çalışırlar.

Vaxtilə xalq artisti, xanəndə Mənsum İbrahimovla birgə yaradılmış xanəndəlik sinifinin şagirdləri Astara şəhərində keçirilən V Respublika müsabiqəsinin " Qran-Pri" mükafatını almışlar. İndi onlardan Arzu Əliyeva Azərbaycan Dövlət Opera və Balet Teatrının, Ülviyyə Rəhimova isə Muğam Teatrının solisti kimi fəaliyyət göstərirlər. Sonuncu laureatımız Səma Sultanova isə bu günlərdə Türkiyədə keçirilən beynəlxalq olimpiadanın qalibləri sırasında olmuş, ikinci yeri qazanmışdır.

Natiq müəllim məktəbdə yaradılan saz sinifi haqqında da danışdı. Dedi ki, Azərbaycan muğamının YUNESKO-nun qeyri- maddi mədəni irs siyahısına salınmasından sonra Azərbaycanın ən möhtəşəm bayramı olan Novruz və Azərbaycan aşıq sənəti də həmin siyahıya daxil edilmişdir.

Məktəbimizdə şagirdlərin istedadının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Keçirdiyimiz tədbirlərdə görkəmli sənət adamlarının həyat və fəaliyyətləri ilə bağlı maraqlı söhbətlər aparılır. Müxtəlif vaxtlarda " Füzulinin musiqi dünyası", dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş " Üzeyir dahilər dahisidir" adlı musiqili tamaşalarda, Bülbül, Xan Şuşinski, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Oqtay Zülfüqarov və Musa Mirzəyevin yubileylərinə həsr olunmuş böyük və təntənəli tədbirlərdə respublikamızın tanınmış incəsənət ustaları iştirak etmişlər.

Direktor son olaraq bildirdi ki, bu il görkəmli bəstəkar , dirijor maestro Niyazinin anadan olmasının 100 illiyi qeyd olunacaq. Biz bu yubileyə ciddi hazırlaşırıq. Artıq yubileylə bağlı 16 tədbir keçirmişik. Bu tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Azərbaycan Bəstəkarlar İttifaqının səlahiyyətli nümayəndələri, Musiqi Akademiyası və Milli Konservatoriyasının müəllimləri, görkəmli bəstəkarlar, musiqişünaslar iştirak emişlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 29 iyun.- S. 11.