Sağlam gələcək naminə

 

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Hər bir insan yaşadığı dövr ərzində ömrünün fəsillərini daha rəngarəng və yaddaqalan formada keçirməyə çalışır. Ömrünün hansı çağını yaşamasından asılı olmayaraq, insan daim reallaşdırmağa can atdığı arzularının qanadında gələcəyə doğru hərəkət edir, bu yolda öz həyat məqsədlərini gerçəkləşdirmək həvəsi və iradəsi aramsız olaraq artır. Amma hər birimiz razılaşarıq ki, insan ömrünün ən qayğısız, hər zaman xoş xatirələrlə yada salındığı, arzu və istəklərin sərhədinin olmadığı dövrü məhz uşaqlıq illəridir. Bir sıra hallarda uşaqlıq illəri çətinlik və məhrumiyyətlərlə dolu keçdiyinə baxmayaraq, insan yenə də həmin yaş dövrünü xüsusi bir nostalgiya ilə xatırlayır. Bu dövr hər bir insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynamaqla yanaşı,həm də onun kamil bir şəxsiyyət kimi yetişməsində körpü funksiyasını daşıyır.

 

Bu zaman kəsiyində düzgün tərbiyələndirmə, ən mühüm tədris və təlim üsulları ilə məntiqi və yaradıcı düşüncə qabiliyyətinin formalaşmasına şərait yaradılması, maddi və mənəvi ehtiyacların vaxtında və yetərincə ödənilməsi, şübhəsiz, insanın daha möhkəm əsaslar üzərində, mənəvi-əxlaqi keyfiyyətlər əsasında öz həyat yolunu seçməsinə əhəmiyyətli şəkildə təsir göstərir. Xüsusilə, bu dövrdə uşaqların milli-mənəvi dəyərlərə sevgi ruhunda tərbiyə edilməsi onların layiqli vətəndaş olmaqla ictimai-siyasi həyatın aktiv iştirakçılarına çevrilmələrinə zəmin yaradır. Bu baxımdan, hər zaman olduğu kimi, müasir dövrümüzdə də uşaqların qarşılaşdıqları problemlərin vaxtında həlli üçün adekvat addımların atılması, onların hüquqlarının hərtərəfli şəkildə təmin edilməsi, təlim-tərbiyə işinin düzgün şəkildə həyata keçirilməsi böyük aktuallıq kəsb edən məsələdir.

Bəşəriyyəti yarandığı gündən başlayaraq müşayiət edən konfliktlər, maddi və mənəvi ehtiyacların qarşılanmasındakı qeyri-bərabərliklər, sözsüz, uşaqların da həyatına birbaşa təsir göstərən başlıca amillərdəndir. Dünya əhalisinin sosial-iqtisadi durumunun əvvəlki dövrlərə nisbətən daha yaxşı səviyyədə olmasına, yüksək məhsuldarlığı təmin edən texnoloji nailiyyətlərə, insan və vətəndaş hüquqlarının qorunması üçün zəruri olan beynəlxalq hüquqi və milli qanunvericilik bazalarının formalaşmasına baxmayaraq, təəssüf ki, bu gün dünyanın bir çox ölkələrində uşaqlar üçün lazımi həyat şəraitinin və onların əsas hüquq və azadlıqlarının, ən zəruri maddi ehtiyaclarının tam təmin edildiyini söyləmək olmaz. Bəzi rəqəmlərə diqqət yetirdikdə bu sahədə mövcud olan problemlərin qlobal miqyasda nə qədər ciddi xarakter daşıdığı ortaya çıxır. Belə ki, UNİCEF-in hesablamalarına görə dünyada hər 3,6 saniyədə aclıq səbəbindən 5 yaşadək olan bir uşaq ölür, bir milyarddan çox uşaq (bəşəriyyətin altıda biri!) yoxsulluq səviyyəsində yaşayır, 50 milyona yaxın uşaq real aclıq çəkir, 270 milyondan çox uşaq normal səhiyyə xidmətlərindən istifadə edə bilmir və s. Əlbəttə, bu sahədə mövcud olan problemlərin nə qədər ciddi və təəssüf doğuran səviyyədə olmasına rəğmən, onlar heç də həlli mümkün olmayan problemlər deyildir. Dövlətlərin birgə səyi ilə, insani-əxlaqi dəyərlərin hər şeydən üstün sayılması prinsipini rəhbər tutmaqla, beynəlxalq səviyyədə uşaqlar üçün layiq olduqları həyat şəraitini təmin etmək mümkündür. Bu baxımdan, dövlətlər, beynəlxalq təşkilatlar, ictimai birliklər tərəfindən uşaqların problemlərinin kompleks şəkildə həll edilməsinə yönəlmiş təşəbbüslərin bütün subyektlər tərəfindən qeyd-şərtsiz dəstəklənməsi və bu sahə üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, uşaqların qarşılaşdıqları problemlərin ayrı-ayrı dövlətlərin deyil, ümumdünya problemi kimi qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı problemlər, sözsüz, uşaqların həyat şəraitinə birbaşa təsir göstərmişdir. Yeni siyasi-iqtisadi sistemə transformasiyanın doğurduğu çətinliklər, müəyyən müddət ərzində ölkədə hökm sürən qeyri-sabitlik mühiti, Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq torpaqlarımızın 20 faizinin zəbt edilməsi nəticəsində yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi uşaqların da həyatına sağalmaz ağrı-acılar gətirmişdir. Bu təsir özünü geniş spektrdə - sosial, maddi, psixoloji aspektlərdə göstərmişdir. Bu gün bir milyona qədər öz yurd-yuvasından kənarda yaşamağa məcbur olmuş qaçqın və məcburi köçkünün üç yüz mini uşaqdır. Lazımi qayğı və təminatlarla əhatə olunmanın ən zəruri bir vaxtında öz torpaqlarından didərgin düşmək, sıxıntılı bir mühitdə ağır şərtlər altında yaşamağa məcbur olmaq uşaqlarda ağır psixoloji travma yaratmaqla onların ən zəruri hüquqlarının ən kobud formada pozulması kimi acı reallığı ortaya çıxarmışdı. Erməni canilərinin öz çirkin niyyətlərini məqsədli şəkildə nə ahıla, nə də uşağa ayrı-seçkilik qoymadan həyata keçirmələri onların iç üzünü bir daha bütün çılpaqlığı ilə nümayiş etdirdi. Təkcə Azərbaycanın deyil, bütün bəşəriyyət tarixinin ən qanlı və faciəli olaylarından olan Xocalıda soyqırımının törədilməsi erməni vəhşiliyinin əyani nümunəsi olmuşdur. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq idi. O zaman 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur. Azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi ilə kifayətlənməyərək, işğal olunmuş ərazilərdə sənaye, yaşayış və sosial obyektlərin də kütləvi şəkildə darmadağın edilməsi Azərbaycan üçün ağır sosial, iqtisadi nəticələrə səbəb olmuşdur. Həmin münaqişə nəticəsində 600-dən çox məktəb və uşaq bağçası məhv edilmişdir ki, bu da çoxlu sayda azərbaycanlı uşaqların təhsil almaq hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Dağlıq Qarabağ münaqişəsinin aktiv fazasının yekunlaşması öz torpaqlarından didərgin düşmüş uşaqları ağır bir mənzərə ilə üz-üzə qoydu. Öz ata yurdlarından qovulmuş, bütün hüquqları amansızcasına tapdalanmış Azərbaycan uşaqları bəşəri humanist dəyərlərin necə laqeydliklə bir küncə atılmasının, fiziki və mənəvi işgəncənin necə qəddar bir formada həyata keçirilməsinin şahidi oldu. Qarabağ müharibəsində atəşkəsin elan edildiyi zaman anadan olan, qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlar artıq öz gənclik dövrlərini yaşayırlar. Münaqişənin doğurduğu çətin sosial-iqtisadi durum, yüksək səviyyədə təhsil almaq imkanlarının məhdudluğu və məruz qaldıqları mənəvi terror bu gənclərin ictimai-siyasi həyata fəal inteqrasiya edilməsinə, peşəkar mütəxəssis kimi yetişməsinə əngəl törədən başlıca amillərdəndir. Dövlət tərəfindən bu çərçivədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımların atılması işğal faktorunun doğurduğu acı nəticələri obyektiv səbəblərdən tamamilə aradan qaldırmaq imkanına malik olmasa da, qaçqın və məcburi köçkün uşaqların həyat şəraitinin yaxşılaşdırılması, təhsil almaq hüquqlarının təmin edilməsinə əvəzsiz töhfəsini verməkdədir. Təkcə bir faktı qeyd etmək olar ki, 2001-2011-ci illər ərzində qaçqın və məcburi köçkün uşaqları üçün 128 məktəb və 42 uşaq bağçası tikilərək istifadəyə verilmişdir.

Azərbaycanda uşaqların sağlam sosial-mənəvi mühitdə böyüyüb-yetkinləşməsi, zəruri qayğı ilə əhatə olunması və hüquqlarının təmin edilməsi istiqamətində son onillikdə olduqca önəmli addımlar atılmışdır. Xüsusilə, uşaqların hüquqlarının qorunması məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını və ölkəmizin bu sahədə mövcud olan əsas beynəlxalq hüquqi aktlara qoşulmanı qeyd etmək lazımdır. İlk öncə, ən ali qanunvericilik aktı olan Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquqlarının qorunmasına dair ümumi çərçivəni müəyyən edən müddəalara nəzər salmaq vacibdir. Belə ki, Konstitusiyanın 17-ci maddəsinə müvafiq olaraq - uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; bu borcun yerinə yetirilməsi dövlətin nəzarəti altındadır; valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətin himayəsindədirlər; uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır; uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Göründüyü kimi, uşaqların hüquqlarının qorunması və bu hüquqların pozulmasının qarşısının alınmasına dair ümumi müddəalar ölkənin əsas qanunvericilik sənədində əks olunmuşdur. Bununla, dövlətin uşaqlara münasibətdə həyata keçirdiyi humanist siyasətin prinsipial istiqaməti və hüquqi əsası müəyyənləşdirilmişdir.

Həmçinin, "Uşaq hüquqları haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunların, "Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə" Dövlət Proqramının, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nın, "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında" Dövlət Proqramının qəbul edilməsi uşaq hüquqlarının səmərəli şəkildə müdafiəsi üçün normativ hüquqi bazanın yaradılması və bu hüquqların təmin edilməsi baxımından önəmli addımlar olmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının uşaq hüquqlarının qorunması üzrə dövlətlər üçün öhdəliklər müəyyən edən, uşaq əməyinin, onların hər hansı formada istismar olunmasının qarşısının alınması məqsədilə dövlətlər arasında əlverişli əməkdaşlıq mühitinin formalaşdırılması üçün müvafiq addımların atılmasını özündə ehtiva edən Uşaq hüquqları haqqında Konvensiyaya, bu Konvensiyanın "Uşaqların silahlı münaqişəyə cəlb olunması" və "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası" üzrə fakültativ protokollarına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının "Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi" haqqında Konvensiyasına qoşulması ölkəmizin uşaq hüquqlarının hərtərəfli şəkildə təmin edilməsi üçün beynəlxalq hüququn müstəqil subyekti olaraq öhdəliklər götürməyə və bu istiqamətdə beynəlxalq arenada istənilən formada əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Uşaq hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraitin yaradılması və bu çərçivədə dövlət tərəfindən təmin edilməli olan tədbirlərin prioritet istiqamətləri 1998-ci ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Qanunda əks olunmuşdur. Belə ki, qanunun 3-cü maddəsinə müvafiq olaraq, uşaqlar barəsində dövlət siyasəti - hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir .

Göründüyü kimi, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin üç əsas hədəfi müəyyən edilmişdir. Uşaqlar üçün zəruri maddi və məişət şəraitinin təmin edilməsi ilə onların əqli, fiziki, psixoloji baxımdan inkişafı və adekvat tərbiyə edilməsi bu hədəflərdən biridir. İnsan həm də sosial varlıq olduğu üçün onun cəmiyyətdə tutduğu yer və gördüyü işlərin qiymətləndirilmə meyarlarından biri də onun hansı səviyyədə təlim və tərbiyə alması və mövcud dəyərlərə hansı münasibət göstərməsi ilə müəyyən edilir. Bu baxımdan, hələ erkən yaşlarından uşaqların milli və ümumbəşəri dəyərlər, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyəsinin təşkilində, dövlətin və ailənin ayrılıqda və birgə rolu xüsusi önəm kəsb edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin vurğuladığı kimi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" . Bu yanaşmanı özündə əks etdirən milli humanitar siyasət əsas prinsipial məqsədləri ilə Azərbaycan Respublikasında həyata keçirilməkdədir.

Uşaqlar üzrə dövlət siyasətinin ikinci istiqaməti olan mütərəqqi tələblər əsasında təhsil alma uşaqların şəxsiyyət olaraq formalaşması, yüksək səviyyəli tədris imkanları ilə lazımi bilik və bacarıqları əldə etmələri və bununla peşəkar mütəxəssislər qismində ictimai-siyasi həyatın fəal iştirakçıları kimi ölkənin çoxşaxəli inkişafına öz töhfələrini verməsi baxımından vacibdir. Və nəhayət, bu sahə üzrə dövlət siyasətinin üçüncü istiqaməti uşaqların layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsini nəzərdə tutur. Hər bir şəxs həm də vətəndaş olaraq dövlətə münasibətdə müvafiq vəzifələri daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan vətənə sədaqət, vətəni müdafiə, qanuna zidd hərəkətlərin icrasına yol verməmək, vergilər və başqa dövlət ödənişlərini ödəmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək kimi vəzifələrin hər bir vətəndaş tərəfindən vicdanla və şərtsiz şəkildə təmin edilməsi ləyaqətli vətəndaş keyfiyyətlərini formalaşdırır. Belə bir vətəndaşa sahib olmaq üçün erkən yaşlardan uşaqların dövlətə və millətə sevgi, vətənpərvərlik ruhunda, mili əxlaqi dəyərlər əsasında tərbiyələndirilməsi, onlara gələcəyin tamhüquqlu vətəndaşları kimi əsas vəzifələrinin nədən ibarət olmasının aşılanması dövlətin ictimai dayaqlarının möhkəmlənməsi və bütövlükdə vətəndaş cəmiyyətinin formalaşdırılması nöqteyi-nəzərindən çox önəmlidir.

2009-cu ilin 9 avqustunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə əsas fəaliyyət hədəflərindən biri kimi uşaq problemləri üzrə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət tərəfindən bu sferanı əhatə edən dövlət siyasətini formalaşdırmaq, eləcə də uşaq hüquqlarının həyata keçirilməsini təmin etmək və pozulmasının qarşısını almaq istiqamətində vacib hadisə oldu.

Həmçinin, Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi və bununla əlaqədar Tədbirlər Planının təsdiq edilməsi uşaqlara dövlət qayğısının hər zaman diqqət mərkəzində olduğunu göstərən faktlardan biridir. Bu çərçivədə, uşaq hüquqlarının qorunmasına yönəlmiş tədbirlərin daha səmərəli şəkildə və vaxtında həyata keçirilməsi, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili üçün tələb olunan dərslik, metodiki-əyani vəsaitlərin, proqramların işlənməsi, uşaq əməyinin istismarının qarşısının alınması, milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılması məqsədilə məktəblərdə maarifləndirmə işinin aparılması və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət qurumlarına konkret tapşırıq və vəzifələr müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 may 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, uşaq hüquqlarının qorunmasına dövlət nəzarətinin həyata keçirilməsini, dövlət qurumlarının bu sahə üzrə səlahiyyət bölgüsünün müəyyənləşdirilməsini nəzərdə tutan "Uşaq hüquqlarına nəzarətin həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" uşaq hüquqlarının təmin edilməsinə əlverişli mühitin formalaşmasına xidmət etməklə, bu hüquqların pozulmasının qarşısını almaqda dövlət qurumlarının daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaqdır. Həmçinin, sözügedən Qaydada uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin səmərəliliyi, nəzarətin mərkəzləşdirilməsi və nəzarətedici dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əsas fəaliyyət istiqamətləri və bu fəaliyyətin həyata keçirilməsi yolları göstərilmişdir ki, bu da insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini ali məqsəd kimi müəyyənləşdirmiş dövlətimizin uşaqların hüquq və mənafelərinin qorunmasında və onlar üçün yüksək həyat səviyyəsinin təmin edilməsində maraqlı olduğunu bir daha sübut edir.

Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş, əqli və fiziki qüsuru olan uşaqların xüsusilə diqqət mərkəzində olması, bu həssas qrupların zəruri qayğı ilə əhatə olunması həyata keçirilən praktiki addımlarda özünü göstərməkdədir. Bu addımların məqsədi həmin uşaqların hüquqlarının qorunmasından ötrü mühüm olan qanunvericilik bazasının formalaşdırılmasına, onlar üçün zəruri həyat şəraitinin, sosial müdafiəsinin təşkili, güzəştli əsaslarla təhsil almalarına, onların sosial uyğunlaşma və reabilitasiyası üçün əlverişli şərait yaradılmasına yönəlmişdir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun qəbul olunması ilə bu qrupdan olan uşaqların sosial müdafiəsi üzrə dövlət təminatının hüquqi əsasları müəyyən edilmişdir. Sözügedən qanuna müvafiq olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin əsas istiqamətləri və bu tədbirlərin maliyyələşdirilmə mənbələri, təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi üzrə təminatların məzmunu aydın şəkildə ifadə edilmişdir.

Dövlət himayəsində yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların alternativ vasitələrlə himayəyə alınması və ailə mühitində inkişafının təmin edilməsi onların cəmiyyətə inteqrasiyası və bütöv şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Bu çərçivədə, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın (2006-2015-ci illər) təsdiq edilməsi əhəmiyyətli addım hesab edilməlidir. Sərəncamda qeyd olunduğu kimi, həmin Dövlət Proqramının əsas məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etməkdən ibarətdir. Dövlət Proqramının Tədbirlər Planında aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilməli olan konkret tədbirlər müəyyən edilmişdir. Bu tədbirlərin səmərəli şəkildə icrası Proqramın məqsədlərinin həyata keçirilməsi üçün zəruri qanunvericilik bazasının formalaşmasına, dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının azaldılmasına, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər sisteminin yaradılmasına təkan verəcəkdir.

Valideyn himayəsindən məhrum olmuş, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat şəraitinin yaxşılaşdırılması sahəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərin olduqca böyük əhəmiyyəti vardır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olmuş, kimsəsiz, məcburi köçkün və qaçqın ailələrindən olan, sağlamlıq imkanları məhdud olan uşaqlarla mütəmadi surətdə keçirdiyi görüşlər, onların problemləri ilə yerində tanış olması, onlara maddi və mənəvi dəstəyin göstərilməsi bu uşaqların gələcəyə daha nikbin baxmalarına şərait yaradır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Azərbaycanın bütün bölgələrində tikilən və əsaslı şəkildə təmir edilən məktəblərdə, uşaq bağçalarında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün də zəruri şərait yaradılmışdır.

Güclü dövlətə və yetkin cəmiyyətə malik olmağın ən başlıca yollarından biri mükəmməl təhsil sisteminin bərqərar edilməsindən ibarətdir. Yüksək səviyyəli, peşəkar kadrların yetişdirilməsinə nail olan, ictimai-siyasi təşəbbüskarlığın, milli düşüncənin formalaşmasını təşviq edən təhsil sistemi dövlətin milli maraqlarına cavab verməklə onun bütün sahələrində dayaqlarını möhkəmləndirir və nüfuzunu yüksəldir. Bu baxımdan, keyfiyyət əsaslı təhsil prinsipinin rəhbər tutulması ilə uşaqların düzgün istiqamətdə peşəkar mütəxəssislər kimi formalaşmasına hədəflənmiş tədrisin təşkilinin önəmi böyükdür. Burada ölkə Prezidenti İlham Əliyevin uşaqların təhsili ilə bağlı fikirlərini yada salmaq yerinə düşər: "Təhsilin keyfiyyətinin artırılması çox vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir. Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı oxusunlar ki, gələcəkdə həm özləri üçün həyatda layiqli yer tuta bilsinlər, eyni zamanda, ölkəmizin inkişafı üçün də fəal çalışsınlar. Çünki ölkəmiz çox sürətlə inkişaf edir və peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir". Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunduğu kimi dövlət tərəfindən pulsuz icbari ümumi orta təhsil almaq hüququ təmin edilir. Bütövlükdə, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Təhsil sisteminə nəzarətin həyata keçirilməsində əsas məqsəd təhsilin bütün pillələrində tədrisin yüksək səviyyədə aparılmasını, bu sahə üzrə idarəetmə və əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Bütün bu prosesin ümdə məqsədi isə, dövlət başçısının da qeyd etdiyi kimi, gələcəyimiz olan uşaqların müasir dünya biliklərinə yiyələnmiş, geniş dünyagörüşlü nəsil kimi yetişdirilməsidir.

Xüsusilə, unikal istedada malik olan uşaqların aşkarlanması, malik olduqları potensial qiymətləndirilməklə onların yaradıcılığı üçün müvafiq şəraitin yaradılması, yüksək səviyyəli təhsil almaq imkanlarının təmin olunması dövlətimizin uşaqlar barəsində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu çərçivədə, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın (2006-2010-cu illər) təsdiq olunması əhəmiyyətli addım hesab olunmalıdır. Qeyd olunan Dövlət Proqramının səmərəli şəkildə icrasının təmin edilməsi xüsusi istedada malik olan uşaqların potensialının vaxtında aşkar edilməsinə, bu sahədə dövlət tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlərin sistemli və əlaqələndirilmiş şəkildə aparılmasına, onların xüsusi tədris proqramları vasitəsilə yüksək səviyyəli təhsil almasına şərait yaratmaqla bu sahəyə dövlət qayğısının daha da artmasına imkan yaratmalıdır.

Uşaqların sağlamlığının təmin edilməsi həm də sağlam gələcəyin təmin edilməsi deməkdir. Respublikamızda səhiyyə sistemində həyata keçirilən islahatlar tibbi xidmətin keyfiyyətinin yüksək səviyyəyə çatdırılmasına xidmət etməklə, uşaqların sağlamlığının tam təmin edilməsinə və uşaq ölümü hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmalıdır. Bəzi statistik rəqəmlər bu istiqamətdə də müəyyən nailiyyətlərin əldə edildiyini göstərir. Belə ki, əgər 1992-ci ildə ölkədə 5 yaşadək ölən uşaqların sayı 7563 olmuşdursa, 2010-cu ildə bu rəqəm 2307-yə enmişdir və ya 1992-ci ildə hər min nəfər diri doğulana 41,7 ölü uşaq düşürdüsə, 2010-cu ildə bu rəqəm 14,2-yə düşmüşdür.

Kütləvi informasiya vasitələrindən, internet resurslarından, sosial şəbəkələrdən əhalinin bütün yaş təbəqələri kimi uşaqlar da artıq geniş şəkildə istifadə edirlər. Uşaqların dünyagörüşünün formalaşmasında, onların bərabərhüquqlu üzvlər olaraq cəmiyyətə inteqrasiya edilməklə ictimai-siyasi həyatın fəal subyektləri kimi buradakı dialoq və əməkdaşlıq prosesində iştirak səviyyəsinin getdikcə artmasında bu vasitələr də əhəmiyyətli rol oynayır. Uşaqların kütləvi informasiya vasitələrindən məlumat əldə etmək hüququ Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuşdur. Belə ki, Konvensiyanın 17-ci maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qəbul edir və təmin edirlər ki, uşaq müxtəlif milli və ya beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın sosial, mənəvi və əxlaqi rifahına, habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və materialları ala bilsin. Diqqət etməyə dəyər ki, Konvensiyanın ruhundan irəli gələrək məlumat əldə etmək hüququnun və uşaqların məlumatlılıq səviyyəsinin artırılmasının təmin edilməsində əsas öhdəlik daşıyan subyektlər kimi dövlətlər göstərilmişdir. Lakin bir inkaredilməz faktı da qeyd etmək lazımdır ki, uşaqların məlumatlandırılma işinin düzgün aparılmasında, zəruri olan informasiya ehtiyaclarının qarşılanmasında valideynlərin, müəllimlərin, ictimai-siyasi həyatda aktiv iştirak edən subyektlərin də üzərinə böyük məsuliyyət düşür. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrümüzdə geniş məlumat mənbələrinə çıxış imkanlarının mövcudluğu qeyd olunan müsbət əlamətləri özündə əks etdirməklə yanaşı, bəzi hallarda uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasına, gələcək pozitiv həyat istiqamətlərini motivləşdirəcək sağlam məqsədlərin müəyyənləşdirilməsinə maneə törədən, radikal qrupların təsir dairəsinə düşməyə fürsət yaradan təhlükələri də özü ilə gətirməkdədir. Bu baxımdan, uşaqların zəruri məlumatları əldə etmək hüquqlarını məhdudlaşdırmadan, bu kimi təhlükələrin qarşısının alınmasına yönəlmiş dövlət, ictimai, valideyn nəzarətinin gücləndirilməsində, əlbəttə, fayda vardır.

Uşaqların yetkin şəxsiyyət olaraq formalaşmasında, dövlət və cəmiyyət üçün yararlı insanlar kimi yetişməsində, şübhəsiz, onların ailə mühitində böyüməsinin, öz doğmaları arasında lazımi qayğı ilə əhatə olunmasının təsiri böyükdür. Ailədə qarşılıqlı anlaşma mühitinin mövcudluğu, uşaqların problemlərinin vaxtında aradan qaldırılması, onların özlərini ifadə etmək üçün zəruri şəraitin yaradılması uşaqların hərtərəfli inkişafına stimul verən başlıca amillərdir. Təəssüflər olsun ki, bir çox hallarda, hətta doğma ailə mühitində belə, məişət zorakılığı zəminində uşaqların hüquqlarının kobud surətdə pozulması faktları ilə rastlaşırıq. Ailədə gərginlik mühitinin davamlı olaraq hökm sürməsi, ziddiyyətlərin kükrəməsi və nəticədə, boşanmaların baş verməsi ilk öncə uşaqların psixikasına dağıdıcı təsir göstərməklə, bəzi hallarda sonradan bərpa edilməsi qeyri-mümkün olan psixoloji travmaların yaranmasına, onların tale yollarının kökündən dəyişməsinə gətirib çıxarır. Bu baxımdan, ailə münaqişələrinin minimuma endirilməsi və məişət zorakılığından zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsinə yönələn tədbirlərin görülməsi xüsusilə vacibdir. Bu da bir faktdır ki, "ənənədir" - deyə, xüsusilə kənd yerlərində azyaşlı qızları onların iradəsinin ziddinə olaraq, valideynləri tələsik evləndirməyə çalışırlar. Övladlarına erkən yaşlarında ailə həyatı qurmaq istəyi əksər hallarda qeyri-sağlam körpələrin doğulmasına və erkən boşanmalara gətirib çıxarır. Ümumiyyətlə, cəhalətin və köhnəliyin ətaləti ilə hələ də davam edən ailədaxili mühafizəkarlıq yetkinlik yaşına çatmamış uşaqların həyatında onları gələcəkdə acınacaqlı vəziyyətlərə sala biləcək, müstəqil iradənin seçimini sarsıdacaq çapıqlar qoya bilir ki, öz sabahını düşünən cəmiyyət bu cür hallara qarşı barışmaz mübarizə ruhunda köklənməlidir.

1950-ci ilin 1 iyun tarixində BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün dünyada uşaqların qarşılaşdıqları problemlərin, onların hüquqlarının pozulması hallarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşımaqla, bütün dövlətlərin və irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir bəşər övladının bu sahədə mövcud olan çətinlikləri aradan qaldırmaq səylərinin birləşdirilməsinə təkan verən bir aktdır. Ölkəmizdə də hər il qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində çoxsaylı xeyriyyə tədbirləri, uşaq hüquqlarının təmin edilməsi sahəsində mövcud duruma həsr olunmuş konfranslar, dəyirmi masalar keçirilməkdədir. Lakin bu heç də cəmiyyətimizin sabahı olan uşaqların təkcə bu gündə yada salınması anlamına gəlməməlidir. Göstərdiyimiz bütün faktlar bir daha sübut edir ki, Azərbaycan Respublikasında uşaqların mənəvi, psixoloji, sosial, fiziki inkişafına yönəlmiş rasional meyar və prinsiplərə əsaslanan, xeyirxah məqsədlərə bağlanan dövlət siyasəti müntəzəm şəkildə həyata keçirilməkdə və nəticədə, bu sahədə mövcud olan problemlər ildən-ilə azalmaqdadır. Müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və hər bir vətəndaşın belə nəcib bir fəaliyyət yolunda öz səylərini artırması bütövlükdə hər birimizin cəmiyyətə, dövlətə və millətimizin gələcəyinə verə biləcəyi ən faydalı töhfədir.

 

 

Xalq qəzeti.- 2012.- 1 iyun.- S. 7.