AZAL - təhlükəsiz uçuş, yüksək xidmət

 

Mülki aviasiya vətəndaşların və ölkə iqtisadiyyatının ehtiyaclarını təmin etmək məqsədilə istifadə olunan, müasir dövrün mühüm nəqliyyat infrastrukturlarından biridir və bu gün ölkə iqtisadiyyatının inkişafında, sosial-iqtisadi məsələlərin həllində çox böyük rol oynayır. Bu çox mürəkkəb, şaxələnmiş, uçuşların təhlükəsizliyinin təmin olunmasından başlayaraq, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinə qədər bir çox məsələləri tənzimləyən qaydalara yüksək diqqət tələb edən bir sistemdir.

 

Bazar iqtisadiyyatının strateji inkişaf xəttinə çevrilməsi ilə ölkənin iqtisadi inkişaf şərtlərini də bazar münasibətləri diktə etməyə başladı. Bu yeni münasibətlər mülki aviasiya sisteminin də struktur yenidənqurmasını tələb edirdi. Müstəqilliyinin ilk illərində isə bu sahə hakimiyyətə yeni gəlmiş naşı insanları o qədər də düşündürmürdü. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərində deyirdi: " ...Azəbaycanda mülki aviasiya bizim istədiyimiz miqyasda deyildir. Hesab edirəm ki, Sovet İttifaqı dağılan zaman və Azərbaycan öz müstəqilliyini əldə edən zaman Sovet İttifaqının mülki aviasiyasından Azərbaycanın payına az düşübdür..."

Sovet İttifaqı dağıldıqdan sonra həqiqətən də Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Kooperasiya əlaqələri pozulmuş, texniki təchizat kəsilmişdi. Təyyarə parkı köhnəlmiş və dağılmışdı, aviasiyadan təcrübəli mütəxəssislər gedirdilər, yeni mütəxəssislərin hazırlanması üçün isə elə bir təhsil ocağı yox idi. Bununla yanaşı bazarın artan tələbləri və mülki aviasiyanı təmin edən idarəetmə strategiyasının olmaması, mülki aviasiyaya yeni konseptual yanaşmanı zərurətə çevirirdi.

Mülki aviasiyanın dövlət üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alan Azərbaycan Prezidenti Heydər Əliyev 90-ci illərdə bu sahəni öz nəzarəti altına aldı. 1996-cı ildə yüksək ixtisaslı və təcrübəli aviasiya mütəxəssisi Cahangir Əsgərov Azərbaycan Hava Yolları Dövlət Konserninə rəhbər təyin olundu. Mülki aviasiyaya az bir zamanda 200 milyon dollardan yuxarı sərmayə qoyuldu. Bu, aviaparkı müasir təyyarələrlə təkmilləşdirməyə, uçuşların idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və 1999-cu ildə Bakı şəhərində hazırda altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən müasir beynəlxalq təyyarə vağzalının açılmasına imkan verdi. Həmin təntənəli açılış mərasimində Azərbaycanın Prezidenti Heydər Əliyev deyirdi: "Azərbaycanın mülki aviasiyasının fəaliyyəti, inkişafı, səmərəli fəaliyyət göstərməsi üçün ona şərait yaradılması əsas şərtlərdən biridir. Biz bu şərtləri nəzərə alaraq Bakı Aerovağzal Kompleksinin qısa müddətdə tikilib başa çatdırılmasına nail olduq".

Əslində, müstəqil Azərbaycanın Mülki Aviasiyası məhz bundan sonra böyük inkişaf yolu keçərək onu təmsil edən Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti - AZAL-ın simasında bu gün dünyanın qabaqcıl aviaşirkətləri sırasında öz layiqli yerini tutmağa başladı. Təbii ki, 15 ildən bir qədər artıq vaxtda bu, o qədər də asan məsələ deyildi. Bunun üçün Cahangir Əsgərovun səriştəli rəhbərliyi ilə ilk növbədə Azərbaycan Hava Yollarının inkişaf hədəfləri müəyyənləşdirildi ki, bu hədəflər də müstəqil Azərbaycanın nəqliyyat strategiyasından irəli gəlirdi. Onlara, hər şeydən əvvəl, nəqliyyat strategiyasına uyğun olaraq, balanslaşdırılmış səmərəli aviasiya infrastrukturunun inkişaf etdirilməsi, sosial standartlara uyğun olaraq, əhalinin imkanları səviyyəsində və keyfiyyətli aviasiya nəqliyyatı xidmətinin, həmçinin yük sahibləri üçün ölkə iqtisadiyyatının innovasiyanın tələbləri səviyyəsində inkişafını təmin etmək, dünyanın aviasiya nəqliyyatı müstəvisinə inteqrasiya və ölkənin tranzit potensialının reallaşdırılması, nəhayət, hava nəqliyyatının təhlükəsizlik səviyyəsini qaldırmaq kimi məsələlər daxil idi. Bütün bu istiqamətlərdə görülən işlərə diqqət yetirsək görərik ki, həyata keçirilən strateji xətt həqiqətən Azərbaycanın böyük mülki aviasiya potensialının yaradılmasna gətirib çıxarmışdır.

Bu gün Azərbaycanın aviasiya infrastrukturundan söz düşəndə, xüsusi qeyd olunmalıdır ki, bura ilk növbədə hava limanları şəbəkəsi daxildir və bu sahədə qısa zamanda görülən işlər nəinki regionda və MDB məkanında, hətta ondan kənarda da qibtə hissi doğurur.

1999-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi tikilib istismara verildikdən sonra, cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən quruldu, uçuşları idarəetmə sistemləri müasirləşdirildi, radionaviqasiya və meteo avadanlıq yeniləndi və bir sıra tədbirlər reallaşdırıldı.

2003-cü ildən başlayaraq, müstəqil Azərbaycan iqtisadiyyatının bir qolu kimi mülki aviasiya da intensiv inkişaf yoluna qədəm qoydu. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı, 2006-2008-ci illərdə isə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verildi. Daha sonra respublikamızın mülki aviasiyasının kompleks inkişafı çərçivəsində Qəbələ beynəlxalq hava limanının tikintisinə başlandı və 2011-ci ilin payızında onun açılışı oldu. 2011-ci il martın 17-də isə daha bir əlamətdar hadisə, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimi keçirildi. Layihənin həyata keçirilməsində əsas məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni aerovağzal kompleksi ildə 5,5 milyon sərnişinə xidmət göstərəcəkdir. Ən müasir standartlara cavab verəcək aerovağzalın sahəsi 58 min kvadratmetr təşkil edəcəkdir. Dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək, mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcəkdir.

Yeni terminalın binasında beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək və müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır. İnşa olunacaq beşmərtəbəli Uçuşları İdarəetmə Mərkəzinin binasında ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaqdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr olacaqdır.Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzalın da tam müasirləşdirilməsi nəzərdə tutulur.

Nəzərə almaq lazımdır ki, bütün dünyada son vaxtlar ölkədaxili istiqamətlərdə mülki aviasiya baha olduğundan vətəndaşlar onlardan daha az istifadə edirlər. Analitiklər bunun bir səbəbini də son illər dünya bazarında kerosinin qiymətinin iki dəfə qalxması ilə əlaqələndirirlər. Lakin digər mühüm səbəblər, məsələn, Rusiya kimi nəhəng ölkədə, yerli hava limanlarının bərbad vəziyyətdə olması, müasir təyyarələrin çatışmaması, bir sözlə, aviasiya infrastrukturunun bərbad vəziyyətə düşməsi ilə bağlıdır. Azərbaycan isə, aparılan işlərdən də göründüyü kimi, bu məsələdə əhaliyə yüksək aviasiya xidməti göstərməkdə maraqlıdır. Regionlarda yeni və müasir hava limanlarının istismara verilməsi, daxili reyslər üçün nəzərdə tutulan müasir təyyarələrin alınması da buna aydın sübutdur.

Müasir şəraitdə mülki aviasiyanın inkişafına ciddi təsir göstərən amillər sırasında texnoloji amillər xüsusi yer tutur. Bu amillərdən ən önəmlisi, şübhəsiz ki, aviasiya parkında qənaətcil, sürətli və daha geniş hava laynerlərinin olmasıdır. Bu mühüm istiqamət Azərbaycan Hava Yolları QSC öz inkişaf strategiyasında prioritetlərdən biri kimi qəbul etmişdir.

Xatırlayırsınızsa, bu istiqamətdə ilk təməl daşı da məhz ulu öndər Heydər Əliyev tərəfindən qoylmuş və 9 oktyabr 2000-ci ildə Azərbaycan Hava Yollarının parkına ilk "Boeing-757" hava gəmisi gətirilmişdi. Bütövlükdə 1991-2003-cü illərdə 4 təyyarə alındığı halda 2003-2011-ci illərdə Azərbaycan mülki aviasiyası üçün 47 təyyarə və helikopter alınmışdır. Hazırda mülki aviasiyamızın parkında 4 "Boeing-757", 5 "İl-76", 4 aerobus "A-319", 3 "Qolfstrim", 6 ATR, 7 aerobus "A-320", 1 "Boeing-767", 1 "Boeing-747", 3 "Cessna", 5 "Evrokopter", 2 "SİKORSKİ" və 6 "Mİ-8" təyyarə və helikopter istismar olunur.

Azərbaycan Hava Yolları QSC uğurla əməkdaşlıq etdiyi və dünyanın ən etibarlı təyyarələrini istehsal edən ABŞ-ın "Boeing" korporasiyasından 2012-ci ildə üç "Boeing-767" təyyarəsinin, 2014-cü ildə isə daha iki "Boeing-787 Dreamliner" tipli ən müsir təyyarənin alınması barədə razılıq əldə edib. Məlumat üçün qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycanın sifariş verdiyi "Boeing-787 Dreamliner" tipli təyyarələr başqa üslubda hazırlanıb və 212 nəfərlik oturacaq yeri olacaq. Onların çəkisi 20 faiz, buna müvafiq olaraq yanacaq sərfi və havaya zərərli tullantıları 20 faiz azaldılıb, istismar xərcləri 10 faiz endirilib. Təyyarənin maksimal uçuş məsafəsi enmədən 15700 kilometrdir. "Boeing-787 Dreamliner" sərnişin təyyarəsinin dünya turnesi çərçivəsində ilk təqdimatının da Azərbaycandan başlaması mülki aviasiyamızda çox əlamətdar hadisə olacaq.

AZAL-ın son illərdəki fəaliyyəti aydın göstərir ki, bir çox aviaşirkətlərdən fərqli olaraq, Azərbaycan Hava Yolları nəqliyyatın yüksək istismar riskinə getmir. Çünki bu risk birbaşa uçuşların təhlükəsizliyi, aviatexnikanın istismar etibarlılığı, personalın peşəkarlıq səviyyəsi, nəzarət sistemi və idarəetmə keyfiyyəti ilə bağlıdır. AZAL dünyanın qabaqcıl və tanınmış aviaşirkətlərinin təcrübəsinə söykənərək aviasiya nəqliyyat sisteminin əsas xüsusiyyətlərinə - hava gəmilərinin təhlükəsiz uçuşlarının təmin olunmasına üstünlük verir. Əslində, bu gün Azərbaycan dövlətinin də mülki aviasiyamız qarşısında qoyduğu əsas tələblərdən biri uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır.

Ümumiyyətlə, mülki aviasiyanın fəaliyyətindəki problemlərin həlli, aviasiya nəqliyyat sisteminin bütün sahələrinin hərtərəfli əsasda nəzərə alınması şərti ilə, təhlükəsizliyin idarə olunmasına sistemli yanaşmadan keçir. Bu yanaşmada mülki aviasiya kadrlarının hazırlanmasının çox mühüm yer tutması fikri ilə məncə razılaşmayan tapılmaz. Bizdə kadr hazırlığının mərkəzi isə Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyasıdır.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra - mülki aviasiya sahəsində milli kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə 1992-ci ildə Azərbaycan Hava Yolları QSC-nin nəzdində Milli Aviasiya Mərkəzi kimi yaradılan bu təhsil ocağı 1994-cü ildən Milli Aviasiya Akademiyası kimi fəaliyyət göstərir. Azərbaycanda mülki aviasiya sahəsində və Azərbaycan Hava Yolları QSC-nin müəyyən etdiyi digər sahələrdə ali, peşə-ixtisas və elmi-ixtisas təhsil proqramlarını həyata keçirən yeganə təhsil müəssisə olan Milli Aviasiya Akademiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının mülki aviasiya sahəsində mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin reyestrinə daxil edilmişdir.

1992-ci ildə bir fakültə, iki ixtisas, 80 tələbə ilə fəaliyyətə başlayan Milli Aviasiya Akademiyasında 1996-cı ilə qədər 6 ixtisas üzrə mütəxəssis hazırlığı aparılmışdır.

1996-cı ildə AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Paşayev Milli Aviasiya Akademiyasının rektoru təyin olunur və bununla da bu təhsil ocağının yeni inkişaf mərhələsi başlayır.

Akademik Arif Paşayev ilk gündən Milli Aviasiya Akademiyasının infrastrukturu və maddi-texniki bazasının sürətlə inkişaf etdirilməsi, yeni tədris korpuslarının, inzibati binaların, beynəlxalq standartlara cavab verən müxtəlif təyinatlı komplekslərin inşa edilməsi, mövcud tikililərin müasir səviyyədə bərpa edilməsinə başlayır. Qısa vaxtda "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" çərçivəsində MAA-da bir sıra struktur dəyişilikləri aparılır, tədris prosesi müasir tələblərə uyğun təkmilləşdirilir, yeni ixtisaslar, kafedralar və fakültələr açılır. Son 4 ildə isə akademiyada "Uçuş mühəndisliyi" ixtisası üzrə ingilis dilində tədris təşkil edilmişdir ki, bu da AZAL-ın beynəlxalq marşurutlarının genişlənməsi və uçuşların təhlükəsizliyi baxımandan çox böyük əhəmiyyət kəsb edir.

MAA-da ən müasir avadanlıqlarla, ixtisaslaşdırılmış auditoriyalarla, laboratoriyalarla, kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, elmi-tədqiqat, nəqliyyat və aviakosmik problemləri institutu, trenajor mərkəzi,təcrübə-sınaq istehsalatı, konstruktur bürosu, idman kompleksi, hesablama mərkəzi, beynəlxalq tələblərə cavab verən otel kompleksi, avaiasiya tarixi muzeyi, habelə lokal kompyuter şəbəkəsi, korporativ elektron poçt serveri, elektron kitabxana, distant təhsil və digər struktur bölmələr fəaliyyət göstərir.

Azərbaycanda mülki aviasiyanın inkişafı ilə əlaqədar 1997-1998-ci tədris ilindən etibarən MAA-ya tələbə qəbulunun sayı artırılmışdır. Əgər 1992-1997-ci illərdə MAA-ya qəbul olan tələbələrin sayı 50-97 nəfər təşkil edirdisə, 1998-ci ildə bu rəqəm 219 nəfərə çatdı. Sonrakı illərdə bu göstərici yüksələn templə dəyişərək, artıq 2011-2012-ci tədris ilində 507 nəfərə çatmışdır. MAA-nın məzunlarının ilk buraxılışı 1995-1996-cı tədris ilində 39 nəfər təşkil etdiyi halda, 2001-2002-ci tədris ilində buraxılış 225 nəfər, 2010-2011-ci tədris ilində isə 516 nəfər olmuşdur. 1996-2011-ci illər ərzində MAA-nı 3889 tələbə bitirmişdir ki, həmin məzunların da əksəriyyəti hazırda AZAL-da çalışır.

MAA-da aviasiya mütəxəssislərinin hazırlığının əsas istiqamətləri müasir aviasiya texnikasının uçuş və və texniki istismarı üzrə pilotların və mühəndis-texniki heyətin, havada hərəkətin idarə edilməsi üzrə dispetçerlərin, aeronaviqasiya, hidrometeorologiya, aerokosmik monitorinq, informasiya texnologiyaları və idarəetmə sistemləri, elektronika, telekommunikasiya və radiotexnika üzrə mühəndislərin, habelə ekologiya, sərnişin və yük daşımalarının idarə edilməsi, aeroportların, yük terminallarının, logistik mərkəzlərin istismarı, nəqliyyat sistemi obyektlərində texnoloji proseslərin təhlükəsizliyini təmin edən mütəxəssislərin ali peşə-ixtisas hazırlığından ibarətdir.

MAA-da aviasiya mütəxəssislərinin hazırlığı prosesinə yüksək ixtisaslı professor-müəllim və təlimatçı heyəti, həmçinin mülki aviasiya müəssisələrinin aparıcı mütəxəssisləri cəlb olunmuşdur. MAA-nın tədris prosesində 350-dən artıq elmi-pedaqoji işçi çalışır ki, onlardan üçü AMEA-nın akademiki, üçü müxbir üzvü, 30-a yaxını elmlər doktoru, 100-ə yaxını isə elmlər namizədidir.

Təhsil ocağının həyatında əlamətdar hadisələrdən biri də ötən ilin oktyabrında Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyası və "Boeing" şirkəti arasında "Boeing-757", "Boeing-767", "Airbus-319", "Airbus-320", "ATR-42-500" və "ATR-72-500" tipli uçuş trenajorlarının birgə istismar edilməsi ilə əlaqədar sənədin imzalanması olmuşdur. Beynəlxalq standartlara cavab verən bu trenajor mərkəzi MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda quraşdırılmışdır.

Hazırda pilotlarımız müasir mülki aviasiyanın ən son nailiyyətləri əsasında hazırlanan bu trenajorlar vasitəsilə keyfiyyətli təlim məşqləri ilə təmin olunur. "Boeing" Korporasiyasının region ölkələri üzrə birinci vitse-prezidenti Marti Bentrott imzalanma mərasimi zamanı demişdir ki, biz Azərbaycan Hava Yolları QSC, Milli Aviasiya Akademiyası ilə əməkdaşlıqda maraqlıyıq. Regionda hava yolları şirkətləri üçün ən yüksək səviyyədə aviasiya təlimlərini təşkil etmək məqsədilə Milli Aviasiya Akademiyası ilə tərəfdaşlıq edirik. "Boeing" şirkəti Azərbaycanda keçirilən təlimlərə yardım etmək məqsədilə digər hava şirkətlərinin də bu ölkəyə cəlb olunmasını təmin edəcəkdir. Biz bunu "Boeing"lə Azərbaycan Hava Yolları QSC arasında regionda və dünyada aviasiya təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində davam edən əməkdaşlığımızda kiçik bir addım kimi qəbul edirik və bununla qürur duyuruq".

Azərbaycan Hava Yolları QSC zəruri hava gəmisi tipinə aid normativ tələblərə əsasən trenajorlar üçün Böyük Britaniya Mülki Aviasiya İdarəsinin müvafiq sertifikatlarını da almışdır. Əgər indiyədək Azərbaycanın milli aviatorları ABŞ, İngiltərə, Fransa, Belçika və digər ölkələrdə təlim keçirdilərsə, bu mərkəz imkan verəcək ki, ölkəmizdə bu sahədə yüksək ixtisaslı kadr heyəti formalaşdırılsın.

Beynəlxalq standartlara və tələb olunan bütün texniki xarakteristikalara uyğun olan trenajorlarda təlim keçmək üçün mərkəzə hətta xarici ölkələrdən də müraciətlər ediləcəkdir. Bu qurğularda təyyarədə imkan olmayan bütün xüsusi şəraitləri yaratmaq mümkündür. Trenajorlar vasitəsilə istənilən təhlükəli hallarda pilotların necə hərəkət edəcəkləri də onlara öyrədiləcəkdir.

Mülki aviasiya bazarının iqtisadi potensial mövqeyindən təhlili göstərir ki, onun bir çox iştirakçılarının böyük imkanları olmasına baxmayaraq, öz mövqeylərini daha da genişləndirmək planlarından qalmırlar. Bu planlar isə hər şeydən əvvəl nəqliyyat infrastrukturunun bu sahəsinin iqtisadi cəhətdən daha çox gəlirli olması ilə bağlıdır. Azərbaycan Hava Yolları QSC-nin də məhz belə bir inkişaf strategiysı ilə fəaliyyət göstərdiyi gizli deyil. AZAL-ın sərnişindaşıma və yükdaşıma üzrə son 20 illik fəaliyyətini təhlil etdikdə bu daha aydın görünür. Sərnişin daşınması 1991-ci ildə 21,7 min nəfərdən 2010-cu ildə 765,7 min nəfərə çatmışdır ki, bu da 35,3 dəfə artım deməkdir. Bütövlükdə isə sərnişin daşınması bu illər ərzində 33,1 dəfə artmışdır. Bu sürətli artım tempi yükdaşımada da müşahidə edilir. 2010-cu ildə 1991-ci ilə nisbətən 3587,1 ton çox yük daşınmışdır ki, bu da 20 ildə daşınmanın 57 dəfə artdığını göstərir.

Ölkə Prezidenti cənab İlham Əliyev 2010- cu ildə Azərbaycan Mülki Aviasiyasında görülən işləri yüksək qiymətləndirərək, bu sahədki xidmətlərinə görə Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovu "Şöhrət" ordeni ilə təltif etdi. Bu, yüksək dövlət mükafatı yeni hədəflərin dəf olunması üçün qarşıya daha böyük vəzifələr qoyurdu...

Azərbaycan Hava Yolları QSC rəhbərliyinin həyata keçirdiyi tədbirlər Azərbaycan aviasiyasının beynəlxalq bazarda mövqeylərini möhkəmləndirir və onun rəqabətqabiliyyətliliyini daha da artırır. İndi Azərbaycan beynəlxalq yükdaşımalarda Qərb aviaşirkətlərinin regionda ən etibarlı portnyoruna çevrilib. Nahaq deyil ki, hələ ötən ilin yanvarında Azərbaycan Hava Yolları Avropa Xidmət Standartının ən yüksək "EuSS Qızıl" dərəcəsinə layiq görülmüşdür. Standartın "EuSS Mavi", "EuSS Gümüş" və "EuSS Qızıl" dərəcələri var. Azərbaycan Hava Yollarının layiq görüldüyü ən yüksək "EuSS Qızıl" dərəcəsi Avropa İTS Palatası tərəfindən "qiymətləndirilən müəssisənin, müasir xidmət göstərməyə yönəldilmiş nümunəvi müəssisənin irəli sürülən tələblərə cavab verən və öz üstün xidmətlərini bütün sahələrdə nümayiş etdirə bilən" seçmə müəssisələrə təqdim olunur. Azərbaycan Hava Yolları QSC ölkəmizdə bu standartla təltif olunan ilk və yeganə şirkətdir. Şirkət Avropa Xidmət Standartı nişanını möhür kimi üz sənədlərində istifadə etmək hüququa da malikdir.

Hazırda "Azərbaycan Hava Yollarının təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 27 şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.

Elə bu günlərdə Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə olaraq Bakı-Vaşinqton-Bakı marşrutu üzrə birbaşa kommersiya reysi həyata keçirilmişdir. Sifarişçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olan bu kommersiya reysini Azərbaycan Hava Yolları QSC-yə məxsus "Boeing 767-300 ER" tipli təyyarə həyata keçirmişdir. Uçuş coğrafiyasını və aviaparkını daim genişləndirən Azərbaycan Hava Yolları QSC bu təyyarəni Bakıya ötən il iyunun 2-də gətirmişdi. "Boeing 767-300 ER" 13 min metr yüksəklikdə uçuş qabiliyyətinə malikdir və 14-15 min kilometr məsafəni birbaşa qət edir.

Amma Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvü olan Azərbaycan Hava Yolları QSC bununla kifayətlənmir. O öz uçuş coğrafiyasını genişləndirərək marşurutlarının sayını artırmaqda maraqlıdır. Təkcə 2012-ci ildə "AZAL"ın hava gəmiləri bir neçə yeni hava limanının daimi qonağına çevriliblər. Bunlara İstanbulun Sabiha Gökçen hava limanını, Romanın Leonardo da Vinçi Beynəlxalq hava limanını göstərmək olar.

Yay mövsümündə əhaliyə yüksək aviasiya xidmətinin təşkili məqsədilə də Azərbaycan Hava Yollarının bir çox planları vardır. Bunlar əsasən Ukraynanın Lvov və Xorvatiyanın 1700 yaşlı kurort şəhəri olan Splitə hava reyslərinin açılması ilə bağlıdır. Amma 2012-ci il üçün bu da son deyil.Yaxın vaxtlarda Azərbaycana məxsus hava laynerlərinin qonşu İran İslam Respublikasının Təbriz, Rusiya Federasiyasının Novosibirsk şəhərlərinə birbaşa müntəzəm uçuşları da təşkil olunacaq.

Bu gün Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer tutan və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqeyi qazanmış Azərbaycan Hava Yolları 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan "Boeing-787 Dreamliner" təyyarələri aldıqdan sonra Şimali Amerika, Cənubi-Şərqi Asiya və Avropanın bir çox ölkələrinə daimi marşrutların açılmasını planlaşdırır.

Biz bu məqalədə Azərbaycan Hava Yolları QSC-nin fəaliyyətinin ən mühüm məqamlarını oxucularımızın diqqətinə çatdırmağa çalışdıq. Amma güman edirik ki, çəkilən böyük zəhmətin sayəsində görülən nəhəng işlərin heç də hamısını əhatə edə bilmədik. Sadəcə bütün görülən işlərdən və inkişaf prespektivlərindən, götürülən bu strateji xəttdən bir daha əmin olduq ki, Azərbaycanın mülki aviasiya işçiləri əldə etdikləri uğurlara arxayınlaşmırlar. Onlar yaxşı bilirlər ki, hazırda sərt rəqabətin getdiyi dünyanın mülki aviasiya bazarında öz yerini qoruyub saxlamaq, irəli getmək üçün yalnız səylə işləmək, ən müasir texnika və texnologiyanı gecikmədən mənimsəmək və tətbiq etmək lazımdır. Bütün uğurların açarı bundadır.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 2 iyun.- S. 3.