Azərbaycanın milli təhsili istiqlal məfkurəsindən qaynaqlanır

 

1991-ci ildə öz müstəqilliyini bərpa etmiş ölkəmiz sələfi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı 1918-ci ilin 28 May gününü hər il təntənə ilə qeyd edir. Şərqdə ilk demokratik dövlətin beşiyi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil quruculuğu sahəsində də mühüm addımlar atılmışdır. Milli təhsil sistemini bərqərar etmək üçün qısa müddətdə zəruri tədbirlər görülmüşdür. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis edilmiş, yaxın xaricdən mütəxəssislər dəvət edilmişdir. Milli təhsil sisteminin təməl daşları o vaxtdan qoyulmuşdur. AXC dövründə Azərbaycan dilinin dövlət dili elan olunması sonrakı illərdə milli təhsilin ana dilində qurulmasına yol açmışdır. O vaxt xaricdə oxumağa göndərilmiş gənclər geri dönəndən sonra idarəetmədə, elmdə və təhsildə aparıcı simalara çevrilmişlər.

 

XX əsrin sonlarında suverenliyini bərpa edən dövlətimiz haqlı olaraq özünü AXC-nin varisi elan etmişdir. Ötən il xalqımız dövlət müstəqilliyinin bərpasının 20 illiyini təntənə ilə qeyd etdi. Ölkəmiz bu əlamətdar günü hər il böyük nailiyyətlərlə qarşılayır. Ölkə iqtisadiyyatında son illərdə artım 300 faiz, sənaye sahəsində də yüksəliş 3 dəfə olmuşdur.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, diplomatik addımları nəticəsində dünyanın neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi"nin uğurla həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi nəticəsində əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi bu sahəni də inkişaf etdirmiş, sosial sahəyə kifayət qədər vəsait ayrılmasına şərait yaranmışdır. Düşünülmüş, məqsədyönlü tədbirlər iqtisadiyyatın neft amilindən asılılığını minimuma endirmişdir. Azərbaycan bu gün bölgənin qüdrətli lider dövlətidir. Regionda ölkəmizin razılığı olmadan heç bir iqtisadisiyasi layihə uğurla icra oluna bilməz. Azərbaycan Avrasiya məkanında mühüm beynəlxalq iqtisadi mərkəzə və tranzit qovşağına çevrilməkdədir.

Bu inkişaf təhsil sahəsində də özünü göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanan təhsil konsepsiyasından irəli gələn məsələləri günün tələbinə uyğun həyata keçirir.

Dövlət müstəqilliyinin 21-ci ildönümünü qeyd edən xalqımız bu illər ərzində elm və təhsil sahəsində də möhtəşəm nailiyyətlərə imza atmış və çox böyük inkişaf yolu keçmişdir. Müstəqil Azərbaycanın memarı olan ulu öndər bütün sahələrlə yanaşı, elmin, təhsilin inkişafına da həmişə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Milli təhsilimizi Qərb standartları səviyyəsinə çatdırmaq, gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişdirmək Heydər Əliyev siyasətinin başlıca istiqamətlərindən idi. Bu kursu bu gün dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.

Azərbaycanın təhsil sisteminin normativ hüquqi bazasının yaradılması, müasir, müstəqil ölkəmizin tələbinə uyğun yeniləşdirilməsi və təkmilləşdirilməsi, sahənin idarə olunmasında demokratik prinsiplərin tətbiqi, beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı ötən illərdə mühüm işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün təhsilin keyfiyyəti inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır, ölkəmiz beynəlxalq proqram və layihələrdə müvəffəqiyyətlə iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "İnkişaf etmiş ölkələrin fəaliyyətinə nəzər salsaq, görərik ki, orada ən mühüm amil elmdir, təhsildir, savaddır. Bu gün dünya bu istiqamətdə inkişaf edir. Azərbaycanın da bu sahədə böyük potensialı, imkanları var".

Təhsilin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsait ilbəil artırılır. Əgər 1991-ci ildə bu sahəyə 37,1 milyon manat ayırmışdısa, 2010-cu ildə bu rəqəm 1 milyard 184,4 milyon manat olmuşdur. Müasir təhsil prosesində tədrisdə keyfiyyətə nail olmaq üçün kompyuter və İKT avadanlıqları ilə təchizat da xüsusi əhəmiyyət kəsb edir. 2010-cu il oktyabrın 1-nə olan məlumata görə, ölkənin ümumtəhsil məktəblərində 40,1 min ədəd kompyuter olub və hər 33 şagirdə orta hesabla 1 kompyuter düşüb. Kompyuter olan məktəblərin 48 faizinin internetə çıxışı olub. Hazırda məktəblərin 84 faizi kompyuter və İKT avadanlıqları ilə təmin olunmuşdur. Artıq məktəblərin 87 faizi - şəhərdə 94 faiz, kənd yerlərində isə 84 faizi kompyuterlə təmin olunmuş, əvvəlki illərə nisbətən məktəblərdə kompyuterlər 2,4 min ədəd və ya 6 faiz artaraq 42,5 minə çatmışdır. Hər 30 şagirdə orta hesabla 1 kompyuter düşmüşdür. 5 il əvvəl isə bu rəqəm 101 nəfərə biri idi: internetə çıxışın səviyyəsi isə bu vəziyyətdə olub: 79 faiz şəhər, 35 faiz kənd ümumtəhsil məktəblərinin internetə çıxışı, 23 faiz şəhər, 7 faiz kənd ümumtəhsil müəssisələrinin isə elektron poçtu olub. Ölkəmizdə təhsil sistemi milli, mənəvi və ümumbəşəri dəyərlər əsasında formalaşıb. Beynəlxalq təhsil sisteminə isə Boloniya prosesində yaxından iştirak etməklə inteqrasiya edilir.

Təhsil sistemində aparılan islahatlar və tətbiq edilən layihələr nəticəsində 15 və yuxarı yaşdan hər 1000 nəfər vətəndaşımızın 969-u ali, orta ixtisasorta təhsillidir.

2011-2012-ci tədris ilinin əvvəlinə olan məlumata görə, 4498 dövlət və 18 qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Məcburi köçkün uşaqlar üçün 632 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Burada isə 75 min nəfər şagird təhsil alır. Göründüyü kimi, dövlət əhalinin təhsillə tam əhatə olunması, müasir səviyyəli savad alması üçün bütün lazımi tədbirləri görür.

Lisey və gimnaziyaların fəaliyyəti Azərbaycanın müstəqilliyinin bərpası illərinə aiddir. Bu şəbəkə də daim inkişaf etdirilir. Cari tədris ilinin əvvəlinə ölkəmizdə 79 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir. Bu müəssisələrdə 50 mindən çox şagird olmuşdur. Azərbaycanda 59 orta ixtisas müəssisəsində 545 min nəfər tələbə təhsil almışdır. Ölkəmizdə ali məktəblər şəbəkəsi də çox genişdir. Bu gün Azərbaycanda 36 dövlət və 15 qeyri-dövlət ali məktəbi fəaliyyətdədir. Burada isə 143,1 min nəfər təhsil alır.

Təhsildə stimul yaratmaq məqsədilə dövlət tələbələr üçün təqaüd sistemini tətbiq edib. Hazırda əyani oxuyan tələbələrin 40 faizi təqaüd alır. Bu vəsait bakalavr səviyyəsi üzrə 65 manat, magistratura üzrə isə 70 manat, əlaçılığa görə müvafiq surətdə 80 və 85 manatdır.

Xarici ölkələrdən təhsil müəssisələrimizdə oxumağa gələnlərin sayının ilbəil artması da bugünkü reallıq və təhsil sisteminin nüfuzunun artmasının göstəricisidir. Bizim ali məktəblərimizdə hazırda 48 xarici ölkənin 4231 nəfər vətəndaşı təhsil alır.

Dövlət dünya təhsil sistemindən bəhrələnmək və həm də dünya təhsil sisteminə inteqrasiyanın müvəffəqiyyətli olmasını təmin etmək üçün gənclərimizin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasında da maraqlıdır. 2011-2012-ci tədris ilinin əvvəlinə olan məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə 2096 nəfər oxuyur. Bu kontingentin 66 faizi Bakı, 34 faizi isə ölkəmizin regionlarındakı məktəblərin məzunlarıdır.

Bu gün Azərbaycan regionun qüdrətli və davamlı inkişaf edən dövlətidir. Dövlət başçısı təhsilin də müasir və yüksək səviyyədə olması üçün lazımi addımlar atmaqdadır. Ölkə rəhbəri təhsilin Azərbaycanın hərtərəfli inkişafında mövqeyinə çox yüksək qiymət vermişdir: "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi-dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir və beləliklə, ölkənin intellektual potensialının aşkara çıxarılaraq dövriyyəyə cəlb edilməsi, dövlətin daha da inkişaf edərək yüksək mərhələyə çatması üçün təhsilin prioritet olduğunu bir daha təsdiq edir".

Ölkə təhsilinin müasir səviyyədə olması, gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-2010-cu illərdə 100-dən çox ən müasir standartlara cavab verən yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 2010-2011-ci tədris ili ərəfəsində 26 məktəb istismara verilib, son tədris ilində isə Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş, yeni korpuslar inşa edilmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan təhsili davamlı inkişaf yolundadır.

 

 

Məhəmməd BAYRAMOV,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

müdir müavini, respublikanın

əməkdar müəllimi

 

Xalq  qəzeti.- 2012.- 2 iyun.- S. 6.