1993-cü ilin iyun hadisələri

 

Azərbaycan xalqını milli qurtuluşa aparan yol

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra milli dövlətçiliyimizi sınağa çəkilən anlar, xalqımızın məşəqqətli, məhrumiyyətlər içərisində yaşadığı günlər çox olub. Bütün bunlar 1993-cü ilin iyun ayının əvvəllərində öz kuliminasiya nöqtəsinə çatdı. Xalqımız dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Müstəqilliyini yenicə qazanmış respublikamız parçalanmanın bir addımlığında idi. Həmin hadisələrdən 19 il keçməsinə baxmayaraq xalq o günləri hələ unutmayıb.

 

Ermənistan Respublikasının açıq hərbi təcavüzünün güclənməsi, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi bir il ərzində yol verdiyi ciddi nöqsanlar, səriştəsiz siyasi və hərbi rəhbərliyi, dövlət idarəçiliyindəki naşılığı, cəbhə bölgələrində uğursuzluqlara, çoxlu insan tələfatına, ölkə ərazisinin xeyli hissəsinin itirilməsinə səbəb olmuşdu. Yüz minlərlə vətəndaş öz torpağında köçkünə çevrilmiş, respublikanın həyatının bütün sahələrində ağır böhran daha da dərinləşmiş, cəmiyyətin və ordunun parçalanmasına, qanunsuz silahlı dəstələrə arxalanan ayrı- ayrı separatçı hərəkatların baş qaldırmasına gətirib çıxarmış və son anda xalqı olmazın müsibətlərə düçar etmişdi.

Düşünülmüş iqtisadi və sosial siyasətin olmaması, Azərbaycanın təbii sərvətlərinin və ehtiyatlarının talan edilməsi, kadr siyasətindəki kobud səhvlər ölkənin iqtisadi potensialının dağılmasına, respublikada iqtisadiyyatın bütün sahələrinin tənəzzülünə gətirib çıxarmışdı.

Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkəmiz düçar olduğu ağır böhrandan hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbiçilərin hakimiyyətə itaətsizliyi ölkədə xaos yaratmışdı. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Surət Hüseynovu tərksilah etmək üçün Gəncəyə göndərilən hökumət qüvvələri isə güclü müqavimətlə qarşılaşdı. S.Hüseynova sadiq qüvvələr ölkə rəhbərlyinin, baş prokuror da daxil olmaqla bütöv bir qrupu həbs etdilər. Həmin vaxt Prezidentin həbsinə baş prokurorun verdiyi sanksiya isə dünyada nadir hadisələrdən biri idi. Gəncədən baş qaldıran qüvvələr getdikcə daha da azğınlaşırdılar. Prezidentin, Milli Məclisin sədri və Baş nazirin istefa vermədiyini görən silahlı qüvvələr tələblərini özləri həyata keçirmək qərarına gəldilər və Bakıya yürüşə başladılar. Artıq ölkədə vətəndaş müharibəsi başlanmışdı. Polkovnik S.Hüseynova sadiq qüvvələr Bakının yaxınlığına, Nəvahi postuna qədər gəlib çıxmışdılar. Hakimiyyət çaşqınlıq içərisində idi. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün yeganə yolu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdü. Hakimiyyətin digər üzvləri də canlarını qurtarmaq üçün müdrik şəxsiyyət Heydər Əliyevin Bakıya dəvət olunmasından başqa çıxış yolu görmürdülər.

Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirMilli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət son dərəcə ağır idi. Qardaş qardaşla üz - üzə dayanmışdı. Burada hökumətə tabe olmayan bir qrup zabit "hərbi birlik" yaratmışdı. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. Ölənlər və yaralananlar var idi.

Xarici düşməni dəf etmək üçün xalqın sıx birləşməsinin tələb olunduğu bir şəraitdə hakimiyyətdə olan AXC- Müsavat cütlüyünün nümayəndələrinin boş vədləri, yalan məlumatları və milli həmrəylik çağırışları ilə xalqa zidd fəaliyyəti arasındakı uçurum mənəvi dəyərlərin itirilməsinə, milli birlik ideallarının puç olmasına, vətənin və xalqın taleyinə etinasızlıq şəraiti yaranmasına səbəb olmuşdu.

Xalqın etimadını itirmiş AXC - Müsavat iqtidarı öz hakimiyyətini qoruyub saxlamaq məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olaraq 1993-cü il iyun ayının 4-də Gəncədə vətəndaşlara qarşı silahlı zor tətbiq etdi. Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeridildi. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, Prezidentin və hökumətin istefasını tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar.

Azərbaycanın məhv olmaq və xırda xanlıqlara parçalanmaq ərəfəsində olduğunu görən xalq ulu öndər Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. İqtidarda olan Xalq Cəbhəsi üzvləri isə hakimiyyəti əldə saxlamaq üçün min oyundan çıxırdılar. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxilixarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən müdrik şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi, siyasi uzaqgörənlik nümayiş etdirdi. Tarixi şəxsiyyət Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar".

Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü ilin iyun hadisələri. Azərbycan xalqını milli qurtuluşa aparan yolun başlanğıcı oldu. Hadisələri düzgün qiymətləndirən, böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi ölkədə tədricən sabitlik, əmin-amanlıq yaratdı, həyat öz axarına düşdü. Gəncə şəhərində baş vermiş hadisələr sonradan araşdırıldı, bu hadisələrin törədilməsinə şərait yaradanların kimliyi aydınlaşdı. Xalqa bir daha bəlli oldu ki, o vaxt hakimiyyətdə olan AXC - Müsavat iqtidarının rəhbərlərinin savadsızlığı, dövlət idarəçiliyindəki naşılığı müstəqilliyimizi uçurumun bir addımlığına yaxınlaşdırmışdı. Gəncə hadisələrini araşdıran deputat - istintaq qrupunun yekun rəyi də bunu təsdiqlədi.

Gəncə şəhərində baş vermiş hadisələri təhqiq etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin yaratdığı deputat-istintaq komissiyası belə bir qənaətə gəlmişdi ki, yaranmış vəziyyətə görə məsuliyyət ölkəyə rəhbərlik edən AXC - Müsavat hakimiyyətinin üzərinə düşürdü. "1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 16 iyul tarixli qərarında bu qanlı hadisələrin AXC - Müsavat hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilmiş, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobudcasına pozulması kimi qiymətləndirilmişdir.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxilixarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz, dönməz etmişdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 8 iyun.- S. 4.