Azərbaycan Gürcüstan: qədim qonşular, çağdaş arxadaşlar

 

Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz artıq beynəlxalq əhəmiyyətə malikdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqilliyidir. Biz belə hesab edirik ki, qarşımızda duran məsələlərin, bütün problemlərin həllinə nail olmuşuq və gözəçarpan nəticələr əldə etmişik.

 

Mixeil SAAKAŞVİLİ,

Gürcüstan Respublikasının Prezidenti

 

 

(əvvəli qəzetimizin 30 may tarixli nömrəsində)

 

Gürcüstan - Azərbaycan qonşuluq münasibətləri, dost ölkədə yaşayan soydaşlarımızın taleyi, güzəranı, onların irili-xırdalı problemləri dövlət siyasətimizin prioriteti, ictimai rəyin daimi mövzusu kimi medianın da gündəmindədir. Gürcüstana bir həftəlik yaradıcılıq ezamiyyətimizin də hədəfi günümüzün bu marağını cavablandırmaq idi. Beləliklə, səfərimiz qədim qonşumuz, çağdaş arxadaşımız olan Gürcüstanadır.

 

Birliyimiz-diriliyimiz

 

Qardabani Rayon Bələdiyyəsinin (Sakrebulu) sədr muavini Xanəhməd Qəribovla görüşümüz bizi xeyli uzaqlara apardı. Hələ Bakı Ali Partiya Məktəbində təhsil aldığı vaxtlardan yaxşı tanıdığımız bu "köhnə komsomol"un yaşı üstə yaş gəlsə də əvvəlki işgüzarlığı bir zərrə belə itməmişdi. Əksinə, vəzifə məsuliyyəti bir az da artmış, onu daha işgüzar etmişdi. Qardabani rayonunun komsomol katibliyindən o vaxt BAPM-ə göndərilən X.Qəribov ali partiya təhsilindən sonra rayona qayıtmış, müxtəlif məsul vəzifələrdə çalışmışdır. Qardabani Rayon Bələdiyyəsinin sədr müavini seçilənədək bir sira rəhbər təsərrüfat işlərində çalışmış, son vaxtlar isə vergi mufəttişliyində müavin və rəis olmuşdur. Gürcüstan dövləti Xanəhməd muəllimin əmək fəaliyyətini və işgüzarlığını yuksək qiymətləndirmiş, ölkə Prezidenti Mixeil Saakaşvili onu Gürcüstanın ali mükafati - "Şərəf" ordeni ilə təltif etmişdir.

Söhbət zamanı Xanəhməd Qəribov dedi:

- Hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resursların istifadəsi taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, heç zaman əlahiddə inkişaf edə bilməz. Bu anlamda Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, hansı əqidəyə, mənəviyyata xidmət etməsindən asılı olmayaraq, bir yerdə, sülh şəraitində bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Keçmiş zamanlarda burada yaşayan bütün xalqlar yadelli işğalçılara qarşı birgə mübarizə tədbirləri görüblər.

Cənubi Qafqazın hər üç dövləti, demək olar ki, eyni vaxtda müstəqillik qazanıb və bir-biri ilə əlaqələndirilmiş siyasət yürüdüblər. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli şəkildə həyata keçirilib. Təəssüflər olsun ki, müəyyən məqamlarda biz bir-birimizə güzəştə getməmişik və ölkələrimizin inkişafına mane olan hallara da yol vermişik. Bunlar Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri, Qafqazdakı etnik separatizmdir. Bütün bunlar kənardan qızışdırılan və Cənubi Qafqaz xalqları arasında nifaq salan hallardır.

Gürcüstan-Azərbaycan munasibətlərindən danışan X.Qəribov bildirdi:

- Gürcüstan mənim ana Vətənimdir, burada dogulmuşam, böyüyüb-başa çatmışam. Bu gün də burada çalışıram, əmək fəaliyyətimi davam etdirirəm. Azərbaycan isə mənim milli Vətənimdir. Hər ikisi mənim üçün müqəddəs və əzizdir. Bu torpaqda mənim əzizlərim, ulularım uyuyur.Bu torpaq uğrunda hər şeyimdən keçməyə həmişə hazır olmuşam və bu gun də belədir. O ki, qaldı milli Vətənimə, mən xalqımızın ulu öndəri Heydər Əliyev təbirincə desək, həmişə böyük qürur və iftixar hissi ilə fəxr etmişəm ki, azərbaycanlıyam.

Azərbaycan özünü dərk edən hər bir azərbaycanlının qibləgahıdır. Bunun üçün də biz, ilk növbədə, bu yerdə, bu torpaqda möhkəm olmalıyıq! Yeri gəlmişkən, yadıma bir əhvalat düşdü. 1980-ci il idi, ümummilli liderimiz Heydər Əliyev Gürcüstanda səfərdə idi. Komsomol məktəbinin həyətində əkəcəyi ağacı tutmaq mənə və başqa bir azərbaycanlı həmkarıma tapşırılmışdı. O qədər həyacanlı idim ki, heç onun bizə nə vaxt yaxınlaşdığını belə hiss etməmişdim. İlk sualı indi də qulaqlarımdadır: Azərbaycanlısınızmı? - Bəli, - cavabımızdan sonra daha iki kəlmə də soylədi:- Möhkəm olun, gurcu dilini də möhkəm öyrənin!" İndi o tarixdən 30 ildən də şox vaxt keçir, amma ümummilli liderimizin hələ o vaxtlar dediyi o sözlər bu gün də oz dəyərini itirməyib. Biz bu tövsiyyəyə rəğmən möhkəm olduq, hələ Qarabağ savaşı başlayanda Gürcüstan azərbaycanlıları səfərbər ola bildilər. Qarabağ uğrunda döyüşə də hazir idik, doğma torpaqlarından didərgin olanları qarşılamağa da! Biz bunları layiqinçə edə bildik. Ulu öndərin "gürcü dilini də möhkəm öyrənin!"- tövsiyyəsi bizi Gürcüstan dövləti ilə daha da yaxınlaşdırdı. İndi azərbaycanlılar məhz gürcü dilini möhkəm bildiklərinə görə hakimiyyətdə layiqli vəzifələr tutmaqdadırlar.

Bu gün Gürcüstan iqtisadiyyatının xeyli dərəcədə Azərbaycandan asılı olması heç kimə sirr deyildir,- deyə Xanəhməd Qəribov davam etdi: - Azərbaycan - Türkiyə müttəfiqliyi və regionda reallaşan layihələrin Gürcüstana böyük fayda verməsi də faktdır. Azərbaycansız Gürcüstanın və digər Qafqaz ölkələrinin, hətta Ermənistanın müstəqiliyini qoruyub saxlamaq çox çətindir, əslində, mümkünsüzdür. Belə olmasaydı, bu gün çarəsiz qalan Ermənistan Rusiyanın forpostu olmazdı. Biz qüvvələrimizi birləşdirməliyik və mübarizə aparmalıyıq. Azərbaycan və gürcü xalqı hər zaman birdir və bundan sonra da bir olacaq. Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Şübhəsiz ki, bu inkişafın təməlində iqtisadi və siyasi islahatlar- Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır. Bu siyasət əsası xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan və İlham Əliyevin uğurla davam etdirdiyi siyasətdir. Bu baxımdan Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, xüsusən də fövqəladə və səlahiyyətli səfirimiz cənab Azər Hüseynin gördüyü işlər qənaətbəxş və təqdirə layiqdir. Biz onun timsalında Azərbaycan Respublikasının böyük Vətən olduğunu dərk etmişik. Təəssüf ki, bu yerlərin coğrafiyası barədə anlayışı belə olmayan, muxtəlif təşkilatlar yaradan həmvətənlərimiz bölgədəki problemlərin həll olunması yolunda quruca bəyanatlardan başqa, əməli addımlar atmayıblar.

Qardabani Borçalının yeganə rayonudur ki, 1989-cu ildən etibarən əhalisi nəinki azalmamış, hətta 1,3% artmışdır. 2006-cı ilin əvvəlinə olan məlumata əsasən, Qardabani rayonunun əhalisinin sayı 116,4 min nəfər olmuşdur. 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə görə rayon əhalisinin 53,2%-i gürcülər, 43,7%-i azərbaycanlılar, 9%-i ermənilər, 9%-i ruslar, 2%-i isə yunanlardır. Bunun 13,6%-i şəhər, 86,3%-i isə kənd əhalisidir.Qardabani Gürcüstanın aqrar-sənaye rayonudur. Energetika sənayesi, xüsusilə istilik energetikası kifayət qədər yüksək inkişaf etmişdir.

 

Borçalı qayğıları

 

Səfər vaxtı görüşüb fikirlərini bildiyimiz ayrı-ayrı adamların mülahizələrinə də diqqət yetirmək yerinə düşər. Belə ki, Gürcüstan Rusiya ilə avqust müharibəsindən əvvəl də, sonra da bir sıra problemlərlə üzbəüz idi. Düzdür, Qərbdən aldıqları dəstək sayəsində mövcud problemlərin həllinə çalışan Saakaşvili hökuməti bu istiqamətdə xeyli işlər görməyi bacardı. Məsələn, torpaq islahatının aparılması, milli azlıqların üzləşdiyi problemlərin həlli, ixrac fəaliyyətinin gücləndirilməsi və s. Hazırkı vəziyyətdə hansısa problem Kvemo-Kartli bölgəsində (Borçalıda) qalıb desək, yanılarıq. Çünki analoji vəziyyət Sivaneti və Kaxetiyada da qalmaqdadır. Orada da torpaq islahatları tam aparılmayıb.

Bir il əvvəl taxılın və çörəyin qiymətinin qalxması siyasi dairələrdə belə dəyərləndirildi ki, ölkədə "çörək inqilabı" baş verəcək. Amma bu olmadı. Çünki Mixeil Saakaşvilinin başçılıq etdiyi hökumət çıxış yolunu tapmağa nail oldu. İlkin mərhələdə satıcı tapana kimi, çörəyin qiymətini 10 sent artıran hökumət, tezliklə Ukrayna və Qazaxıstanla anlaşdı. Bundan başqa, digər taxıl idxalçıları ilə də dil tapıldı, vəziyyət sabitləşdi. Ardından isə 10 sentlik artım əvvəlki səviyyəsinə qaytarıldı və problem çözüldü. Növbəti ildə isə qarşıya qoyulan hədəf o oldu ki, ölkədə taxıl istehsalı artırılmalıdır. Bunun üçün yetərli imkanların olduğunu bəyan edən ölkə fermerləri hökumətdən, sadəcə, cüzi yardımlar istədi. Elə hökumət də bunu etməyə hazır olduğunu bildirdi.

Bildiyimizə görə, Borçalının kənd təsərrüfatı ilə bağlı iki əsas problemi mövcuddur. Onlardan birincisi torpaqların ədalətli bölüşdürülməməsidir. Bunun da qarşısını alan iri sahibkarların əlindəki hektarlarla ərazilərdir. Əvvəl sahibkarlar bu əraziləri pulla aldığından indiki hökumət onlara çox da təzyiq edə bilmir. Amma çıxış yolları da axtarılır. Məsələn, rəsmi Tibilisi bildirir ki, Borçalıda yaşayan azərbaycanlıların hamısına torpaq sahələri çatması üçün həmin sahibkarlarla hökumət danışıqlar aparmaq fikrindədir. Lakin hazırkı maliyyə sıxıntısı üzündən belə qəti bir addımın atılması ləngiyir. Çünki öz büdcəsini təkbaşına doldurmaq iqtidarında olmayan Gürcüstan hələlik Qərbdən aldığı dotasiyalar hesabına ümumi vəziyyəti tarazlamaqdadır.

İkinci problem isə əkin sahələrinin suvarılması ilə bağlıdır. Borçalıda böyük və sulu çayların sayı həddindən artıq azdır. Amma Kürün ərazidən keçməsi böyük bir şans olaraq dəyərləndirilir. Yerli sakinlər deyirlər ki, əgər hökumət bu məsələdə yardımçı olarsa, problem aradan qalxacaq. Həmin təkliflər, əsasən, kiçik çayların üzərində su bəndlərinin qurulması və Kürdən əlavə qolların çəkilməsidir. Bunların kiçik layihə olmadığı bəllidir. Su anbarı və kanalların çəkilməsi böyük xərclər tələb edir və onun üçün də yetərli maliyyə yoxdur. Ancaq gələcək üçün bunun reallaşa biləcəyi mümkündür. - Bunları isə qubernator müavini Hüseyn Yusifov bildirdi.

Borçalıda əhalinin başqa problemləri də mövcuddur. Orta məktəblərin bir çoxu yaxşı vəziyyətdə olmasa da, hökumət hissə-hissə onları yeniləri ilə əvəz etməkdədir. İndiyə qədər bəzi işlər də görülüb. Azərbaycan hökumətinin, o cumlədən Heydər Əliyev Fondunun bu məsələyə mudaxiləsi isə öz layiqli töhfələrini verməkdədir. Borçalıların problemləri azaldıqca sabaha ümidləri də artır.

 

Vətəndən Vətənə...

 

Bir həftəlik Gürcüstan-Tibilisi və Borçalı təəssüratlarından sonra yenidən "Sınıq körpü"dəyik. Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və sərhəd qapısı funksiyasını yerinə yetirən, müasir standartlara cavab verən yeni gömrük-keçid məntəqəsinin inşası 2010-cu ilin oktyabrında başa çatdırılmışdır. Yenidənqurma işləri zamanı burada geniş abadlıq-quruculuq işləri də görülmüş, yaşıllıqlar salınmışdır. Ətrafdakı səliqə-səhman, vəzifə başındakı səlahiyyətli şəxslərin nizam-intizamı, vətəndaşların sərhəddən gediş-gəlişi üçün asanlaşdırılmış qaydalar, avtomobil parkındakı sistemli yerləşdirilmə və sair təqdirəlayiq məqamlarla yanaşı, bir-birilə əlaqəli fəaliyyət göstərən bölmələrin müasir texnoloji avadanlıqlarla təmin olunması, mərkəzi idarəetmə sisteminin üstünlükləri diqqəti çəkirdi. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı, üçmərtəbəli inzibati bina da tikilmişdir. Sərhəd Gömrük Məntəqəsindən gün ərzində yüzlərlə avtomobil və minlərlə insan keçir.

Gömrük postunun rəisi Ceyhun İbrahimov dedi ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sistemində də davamlı inkişaf gedir. Gömrük xidməti daha da müasirləşir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Əsaslı şəkildə yenidən qurulmuş "Sınıq körpü" Sərhəd Gömrük Məntəqəsi də bu qəbildən olan işlərin davamıdır. Gələcəkdə ərazidə yeni yük terminalının tikintisinə də başlanacaqdır. Regionda ən böyük keçidlərdən olacaq terminalda məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün otel, habelə ofis də tikiləcəkdir.

Gömrük məntəqəsinin inzibati binası, yardımçı tikililər və yeni avadanlıqlar MDB məkanında yenidir, analoqsuzdur. Burada əməkdaşların nəzəri biliklərinin artırılması üçün sinif otaqları da vardır. Əməliyyat otağı ən zəruri və müasir texniki avadanlıqla təchiz olunmuşdur. Gömrük məntəqəsinin ərazisində quraşdırılmış xüsusi rentgen aparatından dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Həmin aparat vasitəsilə nəqliyyat vasitələrindəki bütün yükləri aydın görmək mümkündür. Bu isə qaçaqmalçılıq yolu ilə daşınan malların dərhal aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinin öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır.

Hazırda məntəqədə 4 gömrük nəzarəti xətti vardır. Onların ikisi ixrac, ikisi isə idxal nəzarətini həyata keçirir. Məntəqədə vahid pəncərə sistemi yaradılmışdır, burada yük, maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları çalışırlar. Sanitar karantin, fitosanitar baytar nəzarəti xidməti burada yerləşir.

"Sınıq körpü"dən xoş xatirələrlə ayrılırıq. Gördüyümüz bir həqiqət isə bizi xeyli qürurlandırır: Cənubi Qafqaz regionunda bu cür müasir sərhəd gömrük məntəqələri yalnız Azərbaycandadır. Biz bunu Astarada Naxçıvanda - Culfada, Şahtaxtıda görmuşduk. İndi "Sınıq körpü"də belə post fəaliyyətdədir. Bu, Azərbaycan dövlətinin güc qüdrətinin təntənəsidir. Gürcüstana səfərdən sonra Azərbaycanın sürətli hərtərəfli inkişafına bir daha əmin olduq.

 

 

Namiq QƏDİMOĞLU,

 

Tahir AYDINOĞLU,

Tbilisi – Bakı

 

Xalq qəzeti.- 2012.- 12 iyun.- S. 6.