Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində nailiyyətləri təqdirəlayiqdir

 

Azərbaycanda son illər ekoloji problemlərin həllinə diqqət artmaqdadır. 2010-cu ilin ölkəmizdə "ekologiya ili" elan edilməsi bu sahədə vəziyyəti daha da yaxşılaşdırdı. Axır zamanlar ekologiya ilə bağli bir neçə Dövlət Proqramı qəbul olunmuş, onların icrası uğurla həyata keçirilmişdir. Xüsusilə ətraf mühitin sağlamlaşdırilmasi ilə bağlı problemlərin həlli sahəsində nailiyyətlər daha cox sevindiricidir.

 

Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə 132 ölkə arasında dünyada 2-ci yeri tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, bu qiymətləndirmə ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində (Environmental Performance İndex) öz əksini tapıb.

Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilib. Sənədə əsasən, Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində 1-ci yerə çıxıb. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkli suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Sənədə əsasən, Azərbaycan meşələrlə bağlı aparılan qiymətləndirmədə 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında 1-ci yeri tutub. Bu qiymətləndirmədə yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizdən 11,8 faizədək artırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınıb.

Sənəddə qeyd olunub ki, iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yerə çıxıb. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına son illər həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enib.

Uşaq ölümü indikatoru əsasında qiymətləndirilən ətraf mühitlə bağlı xəstəliklər üzrə Azərbaycan 86-cı yerdə olmasına baxmayaraq, bu göstərici üzrə son illərdəki fəaliyyətə görə Azərbaycan maksimum nəticə göstərərək birinci yeri tutub. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb.

Bundan başqa, ölkəmizdə alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilib, ildə 30 meqavat gücündə Günəş panellərinin istehsalı zavodu istifadəyə verilib, hibrid enerji layihəsi və s. işlər həyata keçirilib.

Ekoloji mühitin sağlamlaşdırilmasi son illər xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər - xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 2003-cü ildəki 478 min hektardan 882 min hektaradək artırılması, 2003-cü ildən etibarən 8 Milli Parkın yaradılması, nadir bioloji növlərin artırılması ilə bağlıdır.

Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə iri miqyaslı layihələr həyata keçirilir. 2007-2011-ci illər ərzində 188 kənddə 340 min nəfər əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunub və hazırda 44 min əhalisi olan 33 kənddə işlər davam etdirilir.

Atmosfer havasının insan sağlamlığına təsiri baxımından Azərbaycan 76-cı, bu sahədəki inkişaf göstəricilərinə görə isə 116-cı yeri tutub. Bunun da əsas səbəbi son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı ilə bağlı atmosferə atılan zərərli maddələrin miqdarının çoxalmasıdır.

Qeyd edək ki, Azərbaycanla yanaşı, ətraf mühitin mühafizəsi sahəsində irəliləyişə nail olmuş ölkələr arasında Latviya, Rumıniya, Albaniya, Slovakiya, İrlandiya, Belçika da var. Bu sahədə ən pis göstəricilərə malik olan ölkələr kimi isə Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı, Bosniya-Herseqovina, Estoniya, Qazaxıstan, Cənubi Afrika və Türkmənistan göstərilib.

Son illər ölkədə mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə böyük layihələr icra olunur. Həmçinin, su hövzələrinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğulardan ibarət Xəzəryanı ölkələr arasında ilk dəfə "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb.

Ümumilikdə, 2003-2011-ci illər ərzində 91176 hektardan artıq sahədə meşəbərpa tədbirləri aparılıb, bunun 33157 hektarında yeni meşələr salınıb. Meşəsalma ilə bağlı idarəetmə sisteminin effektivliyinin artırılması məqsədilə Abşeron, Quba, Kür və Giləzi regional meşə tingliyi müəssisələri yaradılıb. Həmçinin səhralaşma prosesinə məruz qalmış çətin meşəbitmə şəraitinə malik ərazilərdə meşəsalma müəssisələri tərəfindən yeni yaşıllıq massivləri salınıb. Yaşıllıq ərazilərinin artırılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının kənarında 6 milyon ədəd ağac və kol bitkiləri əkilib.

Son illər ölkədə ətraf mühit sahəsində aparılan islahatlar və fəaliyyətin qiymətləndirilməsinin təhlili ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlərin effektiv olduğunu və fəaliyyət istiqamətinin düzgün seçildiyini göstərir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 12 iyun.- S. 7.